Təqvim
Milli Qəhrəman Topçu İskəndərin 65 illik yubileyi qeyd edilib +FOTO=11
19 avqust 2021 - 11:16

Azərbaycanın Milli Qəhrəmanı İskəndər Söhrab oğlu Aznaurovun 65 illik yubileyi vaxtilə xidmət etdiyi hərbi hissədə böyük ruh yüksəkliyi, qələbə əhval-ruhiyyəsi ilə qeyd edilib.
Hərbi orkestrin ifa etdiyi “Qələbə marşı” ilə qarşılanan Müdafiə Nazirliyinin və Gədəbəy rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Qəhrəmanın həyat yoldaşı, yaxınları, “Axısqa Türkləri” ictimai birliklərinin nümayəndələri, Birinci Qarabağ müharibəsinin veteranları, Vətən müharibəsinin qaziləri və digər qonaqlar düşmən üzərində tarixi Zəfər qazanan qalib bir ölkənin vətəndaşı, rəşadətli ordunun qalib əsgərləri kimi Milli Qəhrəman İskəndər Aznaurovun büstünü ziyarət edib, şərəfli ömür və döyüş yoluna nəzər salıb, həmçinin bu gün Azərbaycan Ordusunda yüzlərlə, minlərlə İskəndər kimi igid oğulların xidmətindən qürur duyublar.

 

Əvvəlcə şəhid Milli Qəhrəmanın büstü önünə Müdafiə Nazirliyinin adından qızılgül çələngi qoyulub, respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. Dövlət himni ifa olunub.

 

Yubiley mərasimi iştirakçılarını nazirliyin rəhbərliyi adından salamlayan polkovnik Abdulla Qurbani bildirib ki, Azərbaycan uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan hər bir əsgər və zabitin adı xalqımız üçün əzizdir, xatirəsi əbədidir.
 

 

Azərbaycan Ordusunun şəxsi heyəti də onları heç vaxt unutmur, qəhrəmanlıq ənənələrini şərəflə davam etdirirlər. Hamının “Topçu İskəndər” kimi tanıdığı qəhrəmanımızın 50, 60 illik yubileyləri Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yüksək səviyyədə qeyd edilib. Bu gün də bir qrup əməkdaşımız Bakıda Şəhidlər xiyabanında qəhrəmanın məzarını ziyarət edib, biz isə igid zabitimizi vaxtilə xidmət etdiyi hərbi hissədə 65 illiyi münasibətilə keçirilən yubiley mərasimində yad etməyə gəlmişik.

 

Polkovnik A.Qurbani qeyd edib ki, İskəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətinin Qala-Asiya kəndində bir axısqa türkünün ailəsində doğulub. Onun valideynləri də minlərlə axısqa türkü kimi 77 il öncə Gürcüstan Respublikasındakı tarixi torpaqlarından Orta Asiyaya sürgün edilib. Onlar stalinizmin dəhşətlərini yaşayıb, lakin bütün məşəqqətlərə sinə gərərək milli mənliklərini, adət-ənənələrini, hər şeydən öncə, milli qürurlarını günümüzədək qoruyub saxlayıblar.
İskəndər orta təhsilini məskunlaşdıqları kəndin məktəbində alıb. Ukrayna Respublikasında sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1983-cü ildə Daşkənd Dövlət İrriqasiya İnstitutunu müvəffəqiyyətlə bitirərək bir müddət Daşkənd vilayətinin Axanqaran rayonunda çalışıb. 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətində baş verən qanlı olaylardan sonra minlərlə axısqa türkü kimi Aznaurovlar ailəsi də oranı məcburi tərk edərək Azərbaycana pənah gətiriblər.

 

Azərbaycan isə 1953-cü ildə - Stalinin ölümündən sonrakı illərdə olduğu kimi, 1990-cı illərdə də minlərlə axısqa türkünə, eləcə də Aznaurovlar ailəsinə qucaq açıb, qanı bir, dini bir, dili bir türk qardaşlarımızı doğmaları kimi qarşılayıb.

 

Natiq xatırladıb ki, Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşan İskəndər Aznaurov bir müddət Cihazqayırma zavodunda işləsə də, təcavüzkar Ermənistanın təxribatlarına, hücumlarına biganə qalmayıb, Azərbaycana tuşlanan güllələrə sinəsini sipər etmək, xalqımızın igid oğulları ilə bir səngərdə vuruşmaq, düşmənə layiqli cavab vermək üçün ailəsini, üç körpə qızını həyat yoldaşına əmanət edərək 1992-ci ilin aprelində Milli Ordunun sıralarına daxil olub.

 

Nəzərə çatdırılıb ki, 1992-ci ilin yazında Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində də vəziyyət son dərəcə gərgin idi. Başkənd ətrafındakı strateji yüksəkliklərdə mövqelənmiş erməni quldurları Şınıx bölgəsinin kəndlərini daim nəzarətdə saxlayır, mülki əhalini atəşə tutur, mal-qara sürülərini talayıb aparır, olmazın vəhşiliklərini törədirdilər. Lakin igid gədəbəylilər düşmənin layiqli cavabını vaxtında verir, onların atəş nöqtələrini susdurur, hücumlarının qarşısını qətiyyətlə alırdılar.
Topçu İskəndərin bölgəyə gəlişi ilə düşmənə daha sarsıdıcı zərbələr vurulur, onların səngərdən başlarını qaldırmasına belə imkan verilmirdi.

 

Hazırda qəhrəmanımızın adını daşıyan “İskəndər qalası”ndan düşmən üzərinə od ələnirdi. Türk qardaşımız bir gündə ermənilərin 4 topunu susdurmuş, xeyli canlı qüvvəsini məhv etmiş, bir neçə silah-sursat anbarını, döyüş mövqeyini dağıtmışdı.

 

“Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi dağı” uğrunda hərbi əməliyyatlarda baş leytenant İ.Aznaurov əsl qəhrəmanlıq, igidlik və şəxsi şücaət nümunələri göstərmiş, düşmənin Keçəldağ zirvəsindəki mövqeyini itkisiz ələ keçirərək, qənimət götürdükləri düşmən topunu onların özlərinə tərəf tuşlamışdı.

 

Taborun artilleriya rəisi vəzifəsinədək yüksələn İ.Aznaurov 1993-cü il aprelin 18-də “Örükdaş” zirvəsində ermənilərin 13 texnikasına qarşı 3 növ hərbi texnika ilə vuruşurdu.
Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə olunmaqdan imtina edən Topçu İskəndər az sonra arxadakı mövqeyini də tərk edib, minalanmış geniş ərazidən keçərək ön xətdə - döyüşlərin qaynar hissəsində vuruşurdu. Heç kimin xəyalına da gəlməzdik ki, bu, İskəndər Söhrab oğlunun yağılarla son döyüşü olacaqdır.
Türk qardaşımızın üzərinə Azərbaycan Respublikasının Dövlət Bayrağı sərilmiş cənazəsi Bakıya gətirilərək, Birinci Şəhidlər xiyabanında böyük izdihamın iştirakı, hərbi və dini ənənələrə uyğun olaraq son mənzilə yola salınır.

 

Həmin gün Topçu İskəndərlə yanaşı bir neçə igidimiz şəhid olsa da, onların qanı yerdə qalmır, intiqamları döyüş meydanında artıqlaması ilə alınır. Başkənd quldurlardan tamamilə təmizlənir, Gədəbəy rayonu alınmaz qalaya çevrilir, düşmən bir addım da irəliləyə bilmir. Ölümündən sonra topçu İskəndərin adı dillərdə dastan olur. Şairlər onun qəhrəmanlıqlarını tərənnüm edir, Gədəbəy aşıqları ölməz döyüşçünün şəninə nəğmələr qoşurlar.

 

Gədəbəyin ağsaqqal ziyalılarından olan professor Rəşid Mahmudov  qəhrəmanla bir neçə dəfə görüşdüyünü, onun igidliyinə, vətənpərvərliyə yaxından bələd olduğunu, gədəbəylilərin böyük sevgisini qazandığını vurğulayıb: “Qorxmaz oğul idi, ölümün üstünə gedərdi. Peşəsini də ürəkdən sevirdi. Yerli əhaliyə elə qaynayıb-qarışmışdı ki, sanki burada doğulub boya-başa çatmışdı. Bir dəfə söhbət zamanı dedi ki, bu gözəlliklər uğrunda döyüşlərdə mənə şəhidlik qismət olsa özümü dünyanın xoşbəxti sayaram. Erməni nə karədir ki, biz varkən bu yerlərdə at oynatsın. Canımızdan, qanımızdan keçərik, ancaq bu torpaqlarda, bu gözəlliklərdə erməni faşistlərinin meydan sulamasına imkan vermərik. Altı da, üstü də qızıl olan bu torpaq bizə dədələrimizdən mirasdır. İnşaallah, qarşıdakı tarixi torpaqlarımızın da işğaldan azad edilməsinə nail olacağıq”.
Professor çıxışına qürur hissi ilə əlavə edib: “Mən şəxsən bugünkü qüdrətli Azərbaycan Ordusu ilə fəxr edirəm. Birinci Qarabağ müharibəsində Ordumuzun İskəndər, Məzahir, Aytəkin kimi qəhrəmanları olub. Ordumuzun Mübarizi olub, Çingizi olub. Polad Həşimov kimi generalımız var. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komadanımız, yenilməz sərkərdəmiz İlham Əliyevin rəhbərliyi altında Ordumuz elə bir möhtəşəm qələbəyə imza atıb ki, çətin düşmənlər bu qulaqburmasını unutsunlar. Ordumuz bizim fəxrimizdir, qürurumuzdur. Necə sevinməyim ki, ordumuzda böyük ruh yüksəkliyi var. Ordumuz daha da güclənir, qüvvətlənir, yeni-yeni texnikalar alınır, hərbi qulluqçularımız üçün hər cür xidməti şərait yaradılıb. Başlıcası isə, bu gün ordumuzda Topçu İskəndər kimi minlərlə, on minlərlə qəhrəman oğullar var və onlar hər bir əmrə hazırdırlar. Qoy hər kəs bilsin, Azərbaycanın Zəfər bayrağı etibarlı əllərdə, dəmir yumruq isə yerindədir!”.

 

Gədəbəy rayon İcra Hakimiyyəti başçının birinci müavini Natiq Nağıyev deyib: “Ulu öndər Heydər Əliyev həmişə arzu edərdi ki, xalqla ordunun sağlam mənəvi birliyi olsun. Xalqı qüdrətli, ordunu isə daha da güclü edən bu mənəvi birlik, həmrəylikdir. Bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, bizim bölgədə də ordu ilə xalqın bağlılığı çox yüksək səviyyədədir. Bu barədə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə rayonumuzda keçirilən “Hər kənddən bir ağsaqqal, hər səngərdən bir əsgər” adlı vətənpərvərlik tədbirində daha geniş söhbət açılıb. Biz qalib ordumuzla fəxr edir və onun sayəsində qurub-yaradırıq. Ordumuz xalqımızın, dövlətimizin təhlükəsizliyinin təminatçısıdır. Vətən müharibəsində rəşadətli ordumuz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında elə bir iş gördü, elə bir tarix yazdı ki, bu qan yaddaşımızdan heç vaxt silinməyəcəkdir. Gədəbəylilər bu torpaqdan pərvazlanan qəhrəman oğulları ilə yanaşı, Topçu İskəndəri də hər zaman öz doğmaları, əzizləri kimi xatırlayır, adını əziz tutur, qəhrəmanlığı ilə fəxr edirlər. Qoy şəhid qəhrəmanımızın həyat yoldaşı, övladları və yaxınları bir daha əmin olsunlar ki, nə qədər bu torpaq var, bu dağlar, bulaqlar və bu diyarın qədirbilən sakinləri var Topçu İskəndər daim qəlbimizdə yaşayacaqdır”.

 

Gədəbəy rayon rus icmasının sədri Nikolay Nikolayeviç Bıçkov Azərbaycan xalqına, Azərbaycan dövlətinə minnətdarlığını bu cür bildirib: “Biz malakanlar Rusiyadan məcburi çıxarılaraq Azərbaycana sürgün edilmişik. Ancaq əsil insanlığı, insansevərliyi, xeyirxahlığı, qonaqpərvərliyi də burada görmüşük. Mən burada doğulmuşam və burada da öləcəyəm. Heç vaxt düşmənlərimiz olan ermənilərin xəyanəti, vəhşiliyi ilə barışmamışam. Bu gün də onlara nifrət edirəm. Axı onlar da, bir zamanlar bizim kimi bu yerlərə köçürülüblər. Azərbaycanlılar onlara torpaq verib,  çörək verib, ev tikib, şərait yaradıb. Ancaq nankorlar bu çörəyin qədrini bilmədilər. Özgələrinin əlində həmişə maşa rolunu oynadılar. Vətən müharibəsində onlara verdiyimiz layiqli cavab da hələ ki, dərs olmayıb. Nə qədər gec deyil, inadlarından əl çəksələr yaxşıdır. Başa düşməlidirlər ki, uçurum qarşısındadırlar və onlara arxa duranlar, himayədarlıq edənlər heç öz xalqlarının da qeydinə qalmırlar. Bizə nə gün ağladılar ki?!”.
N.N.Bıçkov çıxışını bu sözlərlə tamamlayıb: “Mən hər bayramda, qəhrəmanın doğum və anım günlərində evimdə becərdiyim əlvan güllərdən dəstə bağlayıb bura gələrək Topçu İskəndərin büstünü ziyarət edirəm. Axı mən onu görmüşdüm, qəhrəmanlıqlarının şahidi idim. Vətən müharibəsində də Topçu İskəndər Azərbaycan əsgərinin yanında idi, ruhu ilə döyüşürdü. Əsgərlərimizi qələbəyə çağırırdı. O, ölməyib, yenə də bizimlədir. Mən də axısqa türkü, Azərbaycan vətəndaşı olan igid qardaşımızın müqəddəs ruhu qarşısında baş əyirəm”.

 

Vətən müharibəsi qazisi, vaxtilə bu hərbi hissədə mühəndis xidməti rəisi vəzifəsində xidmət etmiş, hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim vəzifəsində çalışan Maarif Süleymanov çıxış edərək Azərbaycanın tolerant bir ölkə, Ermənistanın isə monoetnik dövlət olduğunu qeyd edib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin ayrı-seçkilik etmədən, çiyin-çiyinə düşmənə qarşı bir yerdə böyük ruh yüksəkliyi ilə vuruşduqlarını və tarixi Zəfərə birlikdə nail olduqlarını vurğulayıb.

 

Qardaş Türkiyənin və dünyanın bir çox ölkələrinə səpələnmiş türk qardaşlarımızın hər zaman mənəvi dəstəyini hiss etdiyimizi dilə gətirən M.Süleymanov bu dostluq və qardaşlığın əbədi, sarsılmaz olduğunu bir daha qeyd edib, İsgəndər Aznaurov kimi qəhrəman zabitlərin davamçıları olacaq hərbçilərin yetişdirilməsində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

 

Polkovnik İlqar Abdulxalıqov bir az öncə “İskəndər qalası”ndan gəldiyini bildirərək tədbir iştirakçılarına ön səngərdə ayıq-sayıq dayanan qəhrəman İskəndərin davamçıları olan igid döyüşçülərimizin salamlarını yetirib.

 

Şəhidin həyat yoldaşı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin əməkdaşı Gülxanım Aznaurova göstərilən diqqət və qayğıya görə Azərbaycan xalqına, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək deyib: “İskəndər ölümündən üç il sonra Ulu öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, adı əbədiləşdirildi. Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı tam orta məktəb İskəndər Aznaurovun adını daşıyır. Ceyrançöldə salınan yeni qəsəbə onun şərəfinə “İskəndərli” adlandırılıb. Şəmkir şəhərində orta məktəblərdən birində xatirə muzeyi yaradılıb. Xidmət etdiyi hərbi hissədə büstü ucaldılıb, döyüş postuna onun adı verilib. Haqqında sənədli və bədii filmlər çəkilib, kitablar yazılıb. Bütün bunlar üçün ailəmiz adından, dünya axısqa türkləri adından hər birinizə bir daha minnətdarlığımı bildirirəm. İskəndər bu torpaq uğrunda  şəhid oldu, bu torpaq isə onun adını göylərə ucaltdı”.

 

Milli Qəhrəman İskəndər Aznaurovun büstü qarşısında keçirilən yubiley mərasimindən sonra “İskəndər qalası”nın müdafiəçiləri ilə görüş olub, “Alınmaz qalanın qəhrəmanları”, “İskəndərin sorağında” adlı sənədli-bədii filmlər nümayiş etdirilib, hərbiçilərə və qonaqlara Axısqa Türklərinin “Vətən” ictimai birliyinin dərgiləri təqdim olunub.
Qonaqlar hərbi hissədən xoş təəssüratlarla ayrılıblar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə