“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində – “Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda YAP Masallı rayon təşkilatı tərəfindən 01.05.2024 – 25.05.2024 tarixlərində keçirilən müsabiqənin qalibləri müəyyən olub.
İyunun 24-də, YAP rayon təşkilatı aparatında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib: “Bu təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. Eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.”
Dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdıran S. Əliyev qeyd edib ki, bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır.
Müsabiqədə iştirak edənlərdən Akif Ağayev, Rauf Cəbiyev, Əlihüseyn Şükürov və başqaları çıxış edərək qeyd ediblər ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı məlumatlılığın artırılması istiqamətində müxtəlif mövzularda ekoloji maarifləndirmə tədbirlərinin aparılması vacib məsələlərdən sayılır.
Tədbirin sonunda müsabiqənin qaliblərinə YAP Masallı rayon təşkilatının qiymətli hədiyyələri və “Təşəkkürnamə”ləri təqdim olunub.
Qeyd edək ki, “Canvətən.az” saytının xüsusi müxbiri, jurnalist-publisist Akif Ağayev müsabiqənin qalibləri sırasında yer alıb.
Bütün hüquqlar qorunur © 2024