Əbədi birlik təntənəsi Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərlə bağlı imzalanan müqavilənin üzərindən 32 il ötsə də bu ikitərəfli əməkdaşlıq tarixi köklərə əsaslanır. Keçən müddət ərzində iki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq nümunəsidir. Əlifağa YAQUBOV,
Etiraf edək ki, qardaş ölkələr arasındakı münasibətlərin geniş vüsəti isə müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir.
İkitərəfli uğurlu əlaqələr siyasi-iqtisadi, enerji təhlükəsizliyi, investisiya, nəqliyyat-kommunikasiya, təhsil, mədəniyyət və digər strateji tərəfdaşlığı əhatə edir.
Təkcə onu demək kifayətdir ki, istər Azərbaycanda 44 günlük Vətən müharibəsi dövründə, istərsə də Türkiyədəki dəhşətli zəlzələ zamanı hər iki dövlət və xalq birlik təntənəsi nümayiş etdirdi...
Zəfər paradında Azərbaycan və Türkiyə prezidentlərinin tarixi çıxışları iki qardaş dövlətin və xalqın sarsılmazlığını bütün dünyaya qətiyyətli mesaj kimi çatdırdı.
Hər iki dövlətin birgə reallaşdırdığı nəhəng layihələr – o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələr ölkələrimizlə yanaşı regionun da inkişafına mühüm töhfələr verir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının, digər işğaldan azad olunan ərazilərimizdəki obyektlərin açılışlarında birgə iştirakı yuxarıda sadalanan fikirlərin bariz göstəricisidir.
Şuşada imzalanan Bəyannamə (“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”) iki ölkə arasında yeni tarixi səhifə açdı.
Zəngəzur dəhlizinin açılması, onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası hər iki dövlətin regional və qlobal cəhətdən gücünü daha da artıracaq, dünyada söz sahibi kimi nüfuzunu yüksəldəcək.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qardaş ölkədə verdiyi bəyanatda vurğuladığı kimi: “Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”.
Ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsinin bundan sonrakı faydalı tərəfdaşlığa yeni töhfələr verəcəyinə əminik. Ən əsası isə, hər iki dövlət rəhbəri arasındakı şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrarası əlaqələrin inkişafını şərtləndirir.
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru
Bütün hüquqlar qorunur © 2024