"Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə çox çətin bir şəraitdə bunu bacardıq və biz bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik. Nəinki yerləşdik, eyni zamanda, orada xidmət aparmaq üçün biz müasir infrastruktur qurduq". Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. "Çünki orada hava çox soyuqdur və xidmət aparmaq çox çətindir. Qarın qalınlığı bəlkə də 3-4 metrdir. İndi isə həm təchizat, həm ərzaq, həm də yollar, elektrik xətləri çəkilib və orada biz indi normal xidmət aparırıq, amma erməni postlarına baxdıqda görürük ki, bunlar nə dərəcədə acınacaqlı vəziyyətdədir. Yəni, çadırlarda məskunlaşıblar və üşüyə-üşüyə, dona-dona orada güc-bəlaynan qalırlar. Ona görə yollar və elektrik xətləri həm də bu məqsəd üçün lazımdır. Çünki biz bu sərhədlərə çıxmalıydıq, bu sərhədi qorumalıydıq və bu gün buna nail olmuşuq - sərhədboyu Arazdan Murov dağına qədər. Eyni zamanda, elektrik təsərrüfatının yaradılması prosesinə start verildi və biz bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa etdik və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşduq. Heç biri indi avtonom qaydada işləmir. Yəni orada, misal üçün, indi alınan güclər və su elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə bu, bizə imkan verir ki, böhranlı vəziyyət yaranmasın. Bu da çox böyük və çətin bir iş idi. Təsəvvür edin, bir ildə 7 yarımstansiya, özü də o yerlərdə ki, yaşayış yoxdur, minalardır, heç bir infrastruktur yoxdur. Bu, böyük fədakarlıqdır. Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və bizim potensialımızı göstərir. Yəni, onu göstərir ki, biz təkcə maliyyə baxımından müstəqil deyilik, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından müstəqilik. Heç kimdən yardım almamışıq, hər şeyi özümüz etmişik", - dövlət başçısı vurğulayıb.
Bütün hüquqlar qorunur © 2024