Canveten.az xəbər verir ki, Ağdaş rayonunun Yenicə kəndinə mavi yanacağın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə SOCAR prezidenti cənab Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru cənab Əkbər Hacıyev, Ağdaş rayonunun icra hakimiyyətinin başçısı cənab Tofiq İbrahimov, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Açılış mərasimində çıxış edən SOCAR prezidenti cənab R.Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti, bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Ağdaş rayonunun Yenicə kəndində 328 evə mavi yanacaq verilib. Ümumilikdə 328 yeni sayğac quraşdırılıb. Qaz çəkilişi zamanı 3615 m polietilen daşıyıcı borulardan, 22 218,5 m yerüstü paylayıcı polad borulardan, məhəllədaxili qaz çəkilişi üçün 13 058 m polad borulardan istifadə edilib.
Bütün hüquqlar qorunur © 2024