Ümummilli Lider tərəfindən ilk dəfə Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strateqiyası elan olundu və sonrakı illərdə uğurla həyata keçirildi. Həmin vaxtdan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü, qısa vaxtda ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi, Azərbaycanın tarixində yeni dövrün – faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Həmin tarixi gün Azərbaycan xalqının yaddaşında Milli Qurtuluş Günü kimi həkk olundu, 1997-ci ilin iyun ayında Milli Məclis tərəfindən dövlət bayramı elan edildi.GÜLAĞA TƏNHA:
“Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”
Prezident İlham Əliyev bu tarixlə bağlı deyib: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Həqiqətən də 1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri, bugünkü reallıqların bünövrəsi kimi daxil olub, 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamıdır.
Tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi yerə malikdir. 15 iyun 1993-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və davamlı inkişafın təməlini qoydu. Həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.
Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.
Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.
Keçdiyimiz 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın nəinki regionda, eyni zamanda beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirdi. İkinci Qarabağ-Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.
2020-ci ildə Azərbaycan xalqı Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin miras qoyduğu yolu müvəffəqiyyətlə davam etdirərək, Azərbaycanı öz ərazi bütövlüyünə qovuşdurdu, 2023-cü ildə isə Qarabağımızda baş verən qanunsuzluqlar birdəfəlik ləğv edildi və hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağı 15 oktyabr tarixində Xankəndidə dalğalanmağa başladı.
Beləliklə, 2024-cü ildə xalqımız Milli Qurtuluş Gününü ikiqat sevinc və qürur hissi ilə qeyd edir. Bu gün həm Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Azərbaycançılıq ideologiyası ətrafında birləşmək kimi müqəddəs hissləri özündə ehtiva edir, eyni zamanda suveren Azərbaycanın hər bir şəhər, rayon və kəndində böyük fəxarət hissi ilə qeyd olunur.
Cari ildə artıq Xankəndidə öz fəaliyyətinə başlamış Qarabağ Universiteti bir tərəfdən Azərbaycan tarixində Azərbaycana qarşı həyata keçirilmiş vandallıqları araşdıraraq xalqımızın igid, qəhrəman övladlarının şücaəti ilə bərabər tariximizin öyrənilməsini, digər bir tərəfdən isə yeni, müasir çağırışlara əsaslanan Azərbaycanın davamlı və gələcək inkişafının təminatçısına çevriləcək kadrların hazırlanmasını, ixtisaslaşmasını həyata keçirəcəkdir.
Azərbaycan tarixinin unudulmaz səhifələrindən olan 15 İyun – Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Son 30 ildə əldə etdiyimiz uğurlar əminliklə söyləməyə əsas verir ki, biz dövlət müstəqilliyimizi bir daha əldən verməyəcəyik, müstəqilliyimiz əbədi olacaq.
Bayramınız mübarək, əziz xalqımız!Gülağa Tənha
xeyriyyəçi - şair
Bütün hüquqlar qorunur © 2024