Masallı Dövlət Regional Kolleci və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı ilə birgə “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Azərbaycanın əbədi parlaq günəşi” mövzusunda növbəti seminarı keçirilib. İlk öncə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev məruzəsində qeyd edib ki, Azərbaycanın qədim tarixində ölkəmizə rəhbərlik etmiş dövlət başçıları, hökmdarlar müxtəlif adlar və titullar daşımışlar: şah, padşah, atabəy, əmir, sultan və s.: “Lakin həmin çoxsaylı dövlət başçılarının heç birinə daha yüksək titul sayılan və ümumxalq qiymətinin ifadəsi olan ümummilli lider adına layiq görülmək şərəfi nəsib olmayıb. XX əsrin görkəmli siyasətçiləri sırasında xüsusi yeri və layiqli nüfuzu olan Heydər Əliyev bu yüksək ada sovet imperiyası daxilində Azərbaycanı suverenlik epoxasına hazırlaması, dövlət müstəqilliyinin ilk addımında gerçəkləşdirdiyi nadir xilaskarlıq missiyası və qazanılmış bu tarixi nailiyyəti möhkəmləndirib dönməz prosesə çevirməsi ilə layiq görülüb. Müstəqil Azərbaycan dövləti, haqlı olaraq, həm də Ulu Öndər deyə xüsusi məhəbbətlə anılan Heydər Əliyevin şah əsəri və indiki nəsillərə ən böyük yadigarı sayılır. Çağdaş dünya müstəqil dövlətimizi Heydər Əliyevin Azərbaycanı kimi qəbul edib dəyərləndirir. Ulu öndərin ideya və əməlləri daim bizimlədir və Azərbaycanı yeni-yeni uğurlara qovuşdurur. Bütün bunlar qədirbilən xalqımızın qəlbində bu misilsiz tarixi şəxsiyyətin xatirəsinə sonsuz əbədi sevgi və davamlı ehtiram duyğuları doğurur. Unudulmaz rəhbərin ölməz xatirəsi nəinki hər il doğum və anım günlərində, eləcə də hər gün hər uğurumuza nəzər salanda qədərincə yad edilir...” Seyfəddin Əliyev nitqinə davam edərək bildirib ki, Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun anadan olmasının 100 illiyinin Ulu Öndərin nəhəng şəxsiyyətinə, titanik fəaliyyətinə, milli tariximizdə tutduğu misilsiz mövqeyə layiq qeyd edilməsi üçün Prezident İlham Əliyevin xüsusi sərəncamla 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi xalqımızın öz ümummilli liderinə məhəbbətini yüksək səviyyədə təcəssüm etdirir. Sərəncamda göstərildiyi kimi: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömrü boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir”. Seminarda Masallı Dövlət Regional Kollecinin müəllimi, partiya fəalı Şükufə Məmmədli, Anar Əsədov, Elçin Ağayev və başqaları Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar. Akif AĞAYEV.
Bütün hüquqlar qorunur © 2023