Təqvim
Murovdağın zirvəsində əbədiyyətə qovuşan şəhid kapitanın xatirəsi ehtiramla anılıb +FOTO=6
13 avqust 2021 - 21:15

Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında rəşadətli Azərbaycan Ordusunun müstəsna xidmətləri vardır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu xidmətləri həmişə yüksək qiymətləndirir, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin daim diqqətdə saxlanılması, müharibədə sağlamlığını itirən qazilərimizin müalicəsi, onların sosial problemlərinin həlli, eləcə də azad edilən tarixi torpaqlarımızda Vətənin müdafiəsi naminə xidməti vəzifələrini şərəflə davam etdirən, Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətlərində bu gün də davam edən düşmən təxribatlarının, onların hücum cəhdlərinin qarşısını qətiyyətlə alan hərbi qulluqçularımızın xidmət şəraitinin daha da yaxşılaşdırılması üçün mühüm tədbirlərin həyata keçirilməsini zəruri hesab edərək bu fəaliyyəti şəxsən nəzarətdə saxlayır.

 

Müzəffər Ali Baş Komandan Şuşa azad edildikdən üç gün sonra, 2020-ci il noyabrın 11-də Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilə birlikdə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı böyük iftixar hissi ilə demişdir: “Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır...Hər kəs bilsin, 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb... Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib”.
Həmin zabitlərdən biri də ordumuzun igid döyüşçülərindən olan şəhid zabitimiz kapitan Həmidağa Hüseynzadədir.

 

Müdafiə Nazirliyinin və Yasamal rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri, o cümlədən Vətən müharibəsi iştirakçıları və qaziləri “Qarabağ” ordenli şəhidimizə bir daha ehtiramlarını bildirmək üçün bu gün İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin Azərbaycanın şanlı döyüş salnaməsində mühüm əhəmiyyətindən danışıb, şəhidin valideynlərinə Vətənə Həmidağa kimi qəhrəman oğul yetişdirdiklərinə görə minnətdarlıq edib və ailəyə şəhidin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda” medalını təqdim edib.

 

Millət vəkili Səbinə Xasayeva şəhidlərin xatirəsinin bütün ölkəmizdə olduğu kimi Yasamal rayonunda da əziz tutulduğunu, onların ailə üzvlərinin həmişə diqqətdə saxlanıldığını vurğulayıb.

 

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov yasamallı gənclərin bu gün də Silahlı Qüvvələrdə Vətənə sədaqətlə xidmət etdiklərini, hərbi peşələrə böyük həvəs göstərdiklərini fərəh hissi ilə diqqətə çatdırıb.

 

Şuşaya qədər çətin və şərəfli döyüş yolu keçmiş hərbiçilər adından çıxış edən mayor Cavid Orucov bu gün kapitan  Hüseynzadənin Şəhidlər xiyabanında keçirilən ad günü mərasiminə qalib bir ölkənin vətəndaşı, qalib ordunun hərbi qulluqçusu kimi gəldiklərindən qürur hissi keçirdiklərini deyib və qəhrəman zabitlə bağlı xatirələrini bölüşüb.
Şəhidin məzarı önünə çələng və güllər düzülüb, ruhuna dualar oxunub və kapitan H.Hüseynzadənin doğum günü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə xatirə mərasimi keçirilib.

 

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

 

Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbani ziyarətçilərin gözləri önündə döyüş mənzərəsinin bədii təsvirini yaradıb: “Sentyabr ayının sonları olmasına baxmayaraq Murovdağın zirvələrində qış havası duyulurdu. Hər yandan əl-ayaq yığılmış, duman-çəndən göz açmaq olmurdu. Soyuq küləklər əsirdi. Bir azdan ilk qar yağacaq, hər tərəf bəmbəyaz rəngə boyanacaq, Murovun şaxtalı-çovğunlu sərt günləri başlayacaqdı.

 

Belə bir gündə düşmən kabusuna çevrilən, onlara bir an da olsun dinclik verməyən, yuxularına zəhər qatan Həmidağa Hüseynzadənin də tərkibində olduğu xüsusi əməliyyat qrupu qorxunc qaranlıq dərələri, keçilməz sıldırım qayalıqları geridə buraxaraq zirvədəki əlverişli yerlərdən birində mövqelənərək düşmənin dərinliklərinə sızaraq müşahidə-kəşfiyyat fəaliyyətlərini uğurla davam etdirirdilər.

 

Erməni quldurlarının illərlə oturub möhkəmləndirdikləri, betonlayıb bərkitdikləri döyüş mövqeylərindən də daha əlverişli zirvələri zəbt etmək, aşağıdakı yaşayış məntəqələrimizi, eləcə də Gəncə və Göygöl şəhərlərini nəzarətdə saxlamaq üçün yeni təxribatlara əl atması, hücum etmək planları xüsusi əməliyyat qrupunun hər bir üzvünə məlum idi. Düşmən isə heç xəyalına belə gətirməzdi ki, Aprel döyüşləri zamanı olduğu kimi onlar hücum cəhdlərinin ilk dəqiqələrində yenə də qarşılarında “qarapaltarlıları”, Azərbaycan Ordusunun qorxmaz, igid döyüşçülərini görəcək və onların əlindən heç vəchlə salamat qurtarmayacaqlar. “Qarapaltarlılar” son nəfəsə, son gülləyədək vuruşacaq, canlarından, qanlarından keçərək sinələrini Vətənimizə tuşlanan güllələrə sipər edəcək, bir addım da olsun geri çəkilməyəcəklər.
Xüsusi əməliyyat qrupunun düşündüyü kimi də oldu. Sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Vətən müharibəsinin ilk “Dəmir Yumruq” əməliyyatı başlananda artıq xüsusi təyinatlılarımız cəbhə boyu bütün istiqamətlərdə “iş başında” idilər.

 

Murovda da qanlı döyüşlər gedirdi. Savaşımız haqq savaşı, müqəddəs savaş idi. Tarixi ədaləti bərpa etməli, düşməni minillik dədə-baba yurdlarımızdan qovub çıxarmalı, 30 ilin həsrətinə son qoymalı, alın ləkəmizi qanımızla silərək düşməni məğlub etməli və xalqımıza böyük Zəfərin sevincini yaşatmalıydıq. Zaman yetişmiş, zəmin yaranmışdı.
Güllələr dolu kimi yağır, pulemyotlar, minaatanlar, artilleriya qurğuları işə düşmüşdü. Ölüm saçan atəş səslərindən qulaq tutulurdu. Həmidağagilin xüsusi əməliyyat qrupu da məhşur rus tarixçisi Platan Zubovun Azərbaycan alayları haqqında dediyi kimi, “qəzəblənmiş Allahın birdən-birə düşmənlər üzərinə yağdırdığı oda-atəşə bənzəyirdi”.
Dağ-atıcı həmlə taboru da köməyə gəlmişdi. Onlar çiyin-çiyinə verərək tarixi torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inam hissi, qələbə əzmi ilə vuruşurdular. Döyüşlər daha da şiddətlənmişdi. Düşmən canlı qüvvə sarıdan xeyli itkilər vermiş, atəş nöqtələri darmadağın edilmişdi. Bizim tərəfdən də itkilər var idi. Lakin igid oğullarımız düşmən üzərinə qartal kimi şığıyır, Xocalıda, Qaradağlıda... qanları tökülən günahsız insanların, qocaların, qadınların, körpələrin intiqamını artıqlaması ilə alırdılar. Onlar yaralanır, lakin geri çəkilmir, döyüşü davam etdirir, yaraları qan sıza-sıza irəliyə can atırdılar.

 

Sentyabrın 28-də xüsusi əməliyyat qrupu komandirinin müavini kapitan Həmidağa Bağı oğlu Hüseynzadənin qəhrəmancasına şəhid olması döyüşçüləri daha da qəzəbləndirmiş, hiddətləndirmişdi. Onlar intiqam hissi ilə coşaraq düşmən üzərinə sarsıdıcı zərbələr endirməkdə davam edirdilər.
Hər yandan barıt, qan qoxusu gəlirdi. Göylərdən şəhid zabitimiz Həmidağanın və digər şəhidlərimizin ruhları Azərbaycan əsgərinin qalibiyyət yürüşünü izləyir və onları tezliklə mədəniyyətimizin paytaxtı Şuşaya Zəfər bayrağımızı sancmağa çağırırdı”.

 

Nəzərə çatdırılıb ki, H.Hüseynzadə 13 avqust 1990-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vuraraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb. Taqım komandiri vəzifəsindən xüsusi təyinatlı taborda xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifəsinə, “kapitan” hərbi rütbəsinədək yüksəlib.

 

Xidmət etdiyi müddət ərzində qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, komandanlığın etimadını doğruldub, hərbi kollektivin hörmət və rəğbətini qazanıb.
Qeyd edilib ki, kapitan Hüseynzadənin xidmətləri həmişə yüksək qiymətləndirilib və o, “Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunub.

 

Ölümündən sonra isə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifələrini yerinə yetirərkən igidlik və mərdlik nümunələri göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Şəhidin atası Bağı Hüseynzadə deyib: “Mənim oğlum da haqq savaşımızda şəhid olub. Təsəllimiz odur ki,  Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşmən üzərində Qələbə çalmışıq, daha doğrusu, düşməni sındırmışıq, onu rüsvayçı, utancverici məğlubiyyətlə barışmağa məcbur etmişik. Tarixi ədaləti bərpa etmişik, şəhidlərimizin intiqamını döyüş meydanında vuruşaraq almışıq. Lakin deyəsən, bu da onlara dərs olmayıb. İki gün öncə Müdafiə Nazirliyinin mətbuata açıqlamasında oxudum ki, Ermənistan tərəfi yenə də məkrli və hiyləgər niyyətlərindən əl çəkmir. Məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün təxribatlara əl atır. Doğrudur, Azərbaycan Ordusu tərəfindən görülən cavab tədbirləri ilə bu kimi halların qarşısı qətiyyətlə alınır. Ancaq ermənilər, onları uçuruma aparan başsız başçıları və havadarları nə qədər gec deyil bu iyrənc oyunlarından əl çəksələr yaxşıdır. Onlar birdəfəlik bilməlidirlər ki, döyüş meydanlarında yenə də təklənəcək, məğlubiyyətə düçar olacaqlar. Bu dəfə onlar rəşadətli Azərbaycan Ordusunun sıralarında həm də bizi, intiqam hissi ilə coşan, qan-qan deyən şəhid atalarını, qardaşlarını, onların yaxınlarını görəcəklər. Unutmasınlar kı, Azərbaycanın Zəfər Bayrağı etibarlı əllərdə, dəmir yumruq isə yerindədir!”.

 

Şəhid zabitin doğum günü münasibətilə keçirilən xatirə tədbiri hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında başa çatıb.
 Mərasimdən sonra ziyarətçilər üçün ehsan süfrəsi açılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə