Təqvim
"Qələbə marşı" ilə başa çatan tədbirdə şəhid zabitin xatirəsi anılıb +FOTO=5
12 avqust 2021 - 21:17

Azərbaycan Ordusunun igid döyüşçülərindən biri olan kapitan Əkbər Pənahov "Dəmir Yumruq"  əməliyyatı ilə başlanan və Ermənistanın rüsvayçı məğlubiyyəti ilə başa çatan Vətən müharibəsinin ilk günündə böyük qələbəyə inam, düşmənə nifrət hissi ilə döyüş meydanına atılmış və Murovdağın strateji yüksəkliklərinin azad olunması uğrunda hərbi əməliyyatlarda fəal iştirak etmişdir.

Motoatıcı taborun qərargah bölüyünün tank əleyhinə taqımının komandiri vəzifəsindən motoatıcı tabor komandirinin müavini vəzifəsinə və "kapitan" hərbi rütbəsinə yüksələn peşəkar və təcrübəli zabitimiz gərgin keçən döyüşlərdə silahdaşları ilə birlikdə düşmənə canlı qüvvə və hərbi texnika sarıdan xeyli itki vermiş və müharibənin üçüncü günündə itkin düşmüşdür.

Dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevin tapşırığı, Müdafiə Nazirliyi və digər dövlət strukturlarının beynəlxalq təşkilatlarla apardığı danışıqlar  və axtarışların sayəsində şəhidin nəşi 9 aydan sonra Bakıya gətirilmiş, İkinci Şəhidlər xiyabanında hərbi və dini ənənələrə uyğun olaraq dəfn edilmişdir.
Pənahovlar ailəsi bu müddət ərzində həmişə təmkin, dözüm nümayiş etdirmiş və ölkə başçısının şəhid ailəsinin tezliklə intizarına son qoyacağına inanmışdır.
Müdafiə Nazirliyi və Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri, ailə üzvləri, Gürcüstan Respublikasından gələn qohumları, döyüşçü dostları və ictimaiyyət nümayəndələri igid zabitimiz Ə.Pənahovun doğum günü münasibəti ilə  İkinci Şəhidlər xiyabanına gələrək şəhidin məzarını ziyarət edib, önünə çələng və güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunduqdan sonra şam ağaclarının kölgəsində igid döyüşçünün doğum gününə həsr olunmuş xatirə mərasimi keçirilib.
Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpasında, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsində həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Polkovnik Abdulla Qurbani şəhidin otuz illik qısa, lakin şərəfli ömür və döyüş yolundan danışıb, Murovdağ döyüşləri haqqında xatirələrini söyləyib və unudulmaz Xalq şairimiz Məmməd Arazın hələ 1994-cü ildə Murovdağ qartalları ilə görüşdə dediyi fikirləri yada salıb. O vaxt Ömər aşırımında keçirilən görüşdə sevimli Xalq şairimiz demişdir: “Murov əsgərinin bir gününü yaşamağın özü də bir ömürdür. Sərt şaxtayla, çovğunla, boranla üz-üzə dayanaraq Vətən torpaqlarının keşiyini çəkən hər bir Murov döyüşçüsünün hünəri bir qəhramanlıq dastanıdır”.

Bu mənada, şəhid Ə.Pənahovun həyatı və xidməti də bir qəhrəmanlıq  dastanıdır.
Nəzərə çatdırılıb ki, Ə.Pənahov 1990-cı il avqustun 12-də Gürcüstan Respublikasının indiki Bolnisi rayonunun Musopriani (tarixi Babakişililər) kəndində doğulub və valideynləri ilə birlikdə Bakı şəhərinə köçüblər. Bakı şəhərindəki 269 saylı orta məktəbdə təhsil alıb. Sonra isə taleyini Vətənə xidmət peşəsinə, hərbi peşəyə həsr edib.
2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini  və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit İxtisas kursu”nu müvəffəqiyyətlə başa vurduqdan sonra  gənc leytenant kimi xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib, qarşısına qoyulan tapşırıqları uğurla yerinə yetirmək üçün səylərini əsirgəməyib. Komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılıb. Sağlığında Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilib.
A.Qurbani tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, kapitan Ə.Pənahovun  Vətən müharibəsində iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların  icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi mərdlik və igidlik göstərdiyinə görə döyüş orden və medalları ilə təltif olunması haqqında müvafiq təqdimatlar göndərilib və ölümündən sonra o,  bu il ilk dəfə qeyd edəcəyimiz Zəfər Günündə, layiq olduğu mükafatlarla təltif olunacaqdır.
Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov Xətai rayonunda da şəhidlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilməsindən danışıb və bu məsələlərin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daim nəzarətində olduğunu qeyd edib.
Gənclər adından çıxış edən Tural Məmmədov bu gün də Azərbaycan gənclərinin, Azərbaycan gəncliyinin Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını vurğulayıb.
Şəhidin valideynləri: atası Bəylər Pənahov və Mayqa ana övladları ilə fəxr etdiklərini bildirib, qürurla "Vətən sağ olsun!" deyərək başlarını dik tutublar.
Daxili Qoşunların baş çavuşu şəhid Vüqar Cəfərovun  anası Səmayə xanım tədbir iştirakçılarının arasından çıxaraq Əkbərin anasını qucaqlayıb və uca səslə deyib: “Biz şəhid analarına ən böyük təsəlli övladlarımızın intiqamının alınması və torpaqlarımızın işğaldan azad olunmasıdır. Müzəffər Ali Baş Komandanımıza, xalqımıza minnətdarıq ki, ağrılı, üzüntülü günlərimizdə bizi yalqız qoymadılar. Bu şəhidlərin hərəsi bir ocaqdan çıxsa da, bu gün bütöv Azərbaycanın, xalqımızın şəhidləri oldular. Biz övladlarımızla fəxr edirik. Qoy Azərbaycan Bayrağı həmişə yüksəklərdə dalğalansın!”.

Gürcüstan Respublikasından gələn Xanım nənə: “Əkbər mənim atamın adıdır, atamın adına layiq nəvə oldu qəhrəman balam. Qoy hamı bilsin, Azərbaycan dünyanın bütün guşələrində yaşayan azərbaycanlıların qibləsidir, Vətənidir. Biz, Gürcüstan azərbaycanlıları da qəlbimizin paytaxtı Azərbaycanımızın uğurlarına, zəfərinə çox sevinirik. Bizim kənddən pərvazlanan və sonralar Bakıda yaşayan, burada təhsil alan, Qarabağ döyüşlərində canlarından keçən üç şəhidimiz var. Azərbaycan ürəyimizdir, canımızdır. Arzum budur ki, Allah bu dövləti, bu millləti bədnəzərdən, qara qüvvələrdən qorusun!”,- deyib.
Tədbir "Qələbə marşı" nın sədaları altında başa çatıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə