Əlahiddə Ümumqoşun Orduda ixtisasdəyişmə və təkmilləşdirmə kurslarının başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursları uğurla bitirən zabitlər yeni vəzifələrə təyin olunublar.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mehman Gülməmmədov kurslara cəlb edilmiş zabitlərin ixtisaslarına uyğun nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da təkmilləşdirildiyini qeyd edib.
Məzunlar adından Elnur Şəkərov kurslarda qazandıqları yeni taktiki bilikləri xidmət yerlərində uğurla tətbiq edəcəklərinə və Ordumuzun peşəkarlığının daha da artırılması üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz verib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində bu gün Ordumuz dünyanın ən güclüləri sırasında yer alır. Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Orduda peşəkar hərbçilərin yetişdirilməsi ordu quruculuğu istiqamətində görülən işlərin məntiqi davamıdır. Ordumuzun uğurlarında və taktiki təlimlərində hərbi qulluqçuların kurslar zamanı qazandıqları bilik, bacarıq və peşəkarlıq öz sözünü deyir. Təbii ki, bütün bunlar da Naxçıvan Muxtar Respublikasında hərb işinə verilən yüksək qiymətdən xəbər verir.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmrlər mərasim iştirakçılarına çatdırılıb.
Əmrlər oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.
Bütün hüquqlar qorunur © 2024