Təqvim
Müdafiə və ərzaq təhlükəsizliyinin təminatı davamlı inkişafın əsasıdır
24 aprel 2020 - 19:45

Əlahiddə Ümumqoşun Orduya yeni təminat avtomobilləri təqdim edilib
Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında da hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsinə və şəxsi heyətin döyüş hazırlığının artırılmasına səbəb olub. Hər il muxtar respublikada yeni xidmət və yaşayış komplekslərinin tikilməsi ilə yanaşı, həm də hərbi hissələr üçün müxtəlif təyinatlı avtomobil və texnikalar alınaraq istifadəyə verilir.
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına alınmış 10 “Qazel” markalı yük, eləcə də “Ford” və “Volkswagen” markalı 2 minik avtomobili Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobillərə baxıb.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.
Bildirilib ki, yükgötürmə qabiliyyəti və manevr imkanları yüksək olan qənaətcil avtomobillərdən hərbi hissələrin təminatında istifadə olunacaqdır. Yeni avtomobillər muxtar respublikanın relyefinə uyğun olaraq istənilən şəraitdə xidməti fəaliyyətin təhlükəsiz və çevik təşkilinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni avtomobil və texnikaların təqdim olunması münasibətilə şəxsi heyəti təbrik edərək deyib: Bu gün Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər, xüsusilə hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi ordumuzun qüdrətini daha da artırır. Ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada da ordu quruculuğuna xüsusi diqqət yetirilir, ordu, birləşmə və hissələrin silah-sursat və texnika təminatı yaxşılaşdırılır, təlimlər keçirilir, şəxsi heyətin peşəkarlığı artırılır.
Ali Məclisin Sədri deyib: Döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulan texnika və avtomobillərdən hərbi hissələrin gündəlik təminatında istifadə olunmamalıdır. Ona görə də muxtar respublikada hərbi hissələrin təminatının yaxşılaşdırılması diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaət olunan hissəsindən alınan yeni avtomobillər də hərbi hissələrdəki döyüş resurslarının qorunmasına və gündəlik təminatın həyata keçirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri yeni avtomobillərdən təyinata uyğun istifadə olunması barədə tapşırıqlar verib.
Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur
Sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunun sosial-iqtisadi inkişafı sürətləndirilib, rayonda geniş quruculuq işləri aparılıb. Rayonda təhsil və səhiyyə müəssisələri, inzibati və yaşayış binaları, sənaye müəssisələri tikilib, məşğulluq təmin edilib. Yeni içməli su və kanalizasiya sistemlərinin qurulması da bu sahədə görülən işlərin davamıdır.
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxıb.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verib ki, layihə çərçivəsində bu günə qədər dərinliyi 80 metr olan 15 subartezian quyusu qazılıb. Gələcəkdə subartezian quyularından sutəmizləyici qurğuya qədər təzyiqli boru xətti çəkiləcək, su ozonla dezinfeksiya olunaraq hər birinin tutumu 400 kubmetr olan 2 hovuza vurulacaq, daha sonra sutəmizləyici qurğuda təmizlənərək hər birinin tutumu 5 min kubmetr olan 2 təmiz su anbarına yığılacaqdır. Suyun şəbəkəyə verilməsi üçün su anbarlarının çıxışında 3 nasos quraşdırılacaqdır. Nasoslardan su 6,7 kilometrlik borularla hər birinin tutumu 5 min kubmetr olan 2 paylayıcı su anbarına vurulacaq və öz axını ilə şəbəkəyə ötürüləcəkdir.
Bildirilib ki, bu günə qədər 129 kilometr içməli su və 95,3 kilometr kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb. Gələcəkdə ərazidə çirkab su təmizləyici qurğu da inşa olunacaqdır. Layihə üzrə işlər başa çatdırıldıqdan sonra rayonun Heydərabad qəsəbəsində və kəndlərində əhali keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, Sədərəkdə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Layihəyə uyğun olaraq Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətləri çəkiləcək, 3600-dən artıq su və kanalizasiya ev birləşmələri aparılacaqdır. Ölkəmizdə həyata keçirilən dövlət proqramları çərçivəsində görülən bu işlər Sədərək rayonunu müasir yaşayış məntəqəsinə çevirəcək, əhali təmiz və dayanıqlı içməli su ilə təmin olunacaq, məskunlaşma artacaqdır.
Ali Məclisin Sədri Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemlərinin dövlət vəsaiti hesabına qurulduğunu bildirib, tikinti işlərinin keyfiyyətlə aparılması və vaxtında başa çatdırılması barədə tapşırıqlar verib.
Sədərəkdə işğaldan azad edilən ərazilər əkilir
Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “...Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir. Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var”.
Naxçıvan Muxtar Respublikasında inkişafı xarakterizə edən ən mühüm amillərdən biri də müdafiə təhlükəsizliyinin təmin olunmasıdır. Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlığının artırılması istənilən tapşırığın uğurla yerinə yetirilməsinə imkan verir. Sədərək rayonunda yeni torpaq sahələrinin ordumuzun nəzarətinə keçməsi bunu bir daha təsdiq edir. Sabitlik və təhlükəsizlik isə insanların rahat yaşayışını təmin edir, ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində də torpaqlar əkilir, təsərrüfatlar inkişaf etdirilir, məskunlaşma artır. Artıq Sədərək rayonunda işğaldan azad edilən torpaqlar minalardan təmizlənərək əkin dövriyyəsinə qatılıb.
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda işğaldan azad edilmiş ərazilərdə olub, görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, ərazidə müdafiənin dayanıqlığının təmin edilməsi üçün mühəndis maneələri sistemi yaradılıb və minalardan təmizlənib, hündürlüyü 5 metr, uzunluğu isə 7 kilometrdən artıq olan təhlükəsizlik bəndi çəkilib, ön mövqedə şəxsi heyətin xidməti şəraiti daha da yaxşılaşdırılıb. 73 hektar torpaq sahəsində meliorativ tədbirlər görülərək əkinə hazır vəziyyətə gətirilib, 1650 metr məsafədə yerləşən “Şirarxı” kanalı üzərində qurulmuş yeni nasos stansiyasından əraziyə su verilib, eləcə də mövcud 3 subartezian quyusu bərpa olunaraq 2500 metr boru xətti çəkilib. Həmçinin əraziyə yeni elektrik verilişi xətti çəkilərək subartezian nasosları və hərbi hissə üçün 2 transformator yarımstansiyası quraşdırılıb. Bu ilin yazından ərazidə əkin işlərinə başlanılıb, 38 hektar sahədə dən üçün qarğıdalı əkilib. Hazırda əkin davam etdirilir.
Ali Məclisin Sədri bu işlərdə əməyi olanlara təşəkkür edərək deyib ki, həyata keçirilən tədbirlər nəticəsində 2010-cu ildən etibarən bu ərazilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Ötən dövrdə ərazinin minalardan təmizlənməsinə başlanılmış, meliorativ tədbirlər görülmüş, nəzarətə keçən torpaqların 73 hektarı əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Hazırda ordumuz tərəfindən ərazilər tam nəzarət altında saxlanılır ki, bu da əkin işlərinin rahat şəkildə həyata keçirilməsinə imkan verir. Bundan sonra nəzarət altındakı digər ərazilərdə də işlər davam etdirilməli, minalardan təmizlənməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalı, Sədərək rayonunun əkinəyararlı torpaqlarının sahəsi genişləndirilməlidir.
Heydərabad qəsəbəsindəki əsgəri yaşayış kompleksi yenidən qurulub
Naxçıvan Muxtar Respublikasında etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Bu tədbirlərin tərkib hissəsi kimi sərhəd və dağlıq bölgələrdə yerləşən hərbi hissələrdə müasir əsgəri-məişət komplekslərinin tikilməsi xidmətin hərtərəfli təşkilinə imkan verir.
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydərabad qəsəbəsindəki əsgəri yaşayış kompleksində aparılan yenidənqurma işləri ilə maraqlanıb.
Məlumat verilib ki, ötən ildən başlayaraq əsgəri yaşayış kompleksində yenidənqurma işləri aparılıb. Ümumi sahəsi 1890 kvadratmetr olan 3 mərtəbəli binada 10 xidməti otaq, 160 yerlik əsgər yataqxanası, 16 yerlik zabit yataqxanası, 176 yerlik yeməkxana, mətbəx, kafe, idman otağı, taktiki sinif, silah otağı, əşya, ərzaq və silah anbarları, hamam-çamaşırxana və qazanxana vardır. Binanın istilik sistemi yenilənib, döşəmə, qapı və pəncərələr dəyişdirilib, qazanxana, yeməkxana və mətbəx yenidən qurulub.
Şəxsi heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu ildə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Sədərək rayonunda olmuş, döyüş mövqelərinin möhkəmləndirilməsi və ərazinin minalardan təmizlənməsi ilə bağlı tapşırıqlar vermişdir. Verilən tapşırıqların nəticəsi olaraq Sədərək rayonunda 75 hektara yaxın torpaq sahəsi minalardan təmizlənərək əkin dövriyyəsinə qatılmışdır.
Ali Məclisin Sədri bütün bunların Azərbaycan ordusunun şücaəti nəticəsində mümkün olduğunu bildirib, bu münasibətlə şəxsi heyətə təşəkkür edərək deyib: Torpaq o zaman müqəddəsləşir ki, o həm qorunur, həm də əkilir. “Kitabi-Dədə Qorqud” dastanında da yazılır ki, “Torpağı əkmirsənsə qorumağına, qorumursansa əkməyinə dəyməz”. Bu gün qürur hissi keçiririk ki, Sədərək rayonunda torpaqlar qorunur və əkilir. Bunlar ordumuzun və yerli strukturların birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Əsgəri-məişət kompleksində yaradılan şərait də xidməti fəaliyyətin lazımi səviyyədə həyata keçirilməsinə imkan verir. Ona görə də şəxsi heyət xidməti vəzifələrini uğurla yerinə yetirməli, nizamnamənin tələblərinə əməl olunmalıdır.
Ali Məclisin Sədri ərazinin bundan sonra da etibarlı müdafiə olunacağına və qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirib.
Əsgər Məmməd Vəliyev şəxsi heyət adından minnətdarlıq edərək deyib: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə əsgəri-yaşayış kompleksi əsaslı şəkildə yenidən qurularaq istifadəmizə verildi. Söz veririk ki, yaradılanları qoruyub saxlayacaq, qarşımıza qoyulan vəzifə və tapşırıqları layiqincə icra edəcəyik. Vətənimiz Azərbaycanın, qədim diyarımız Naxçıvanın müdafiəsini ayıq-sayıq şəkildə təmin edəcəyik.
Sonda şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.
Gətirilmiş ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilib.
Ərazidə içməli su anbarı və kanalizasiya çökdürmə qurğusu quraşdırılıb. Binanın həyətində abadlıq işləri aparılıb, işıqlandırma sistemi qurulub, 2 hektara yaxın yaşıllıq salınıb.
Ön mövqelərdə xidmət nümunəvi təşkil olunub
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda müdafiənin ön xəttində olub, müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti və xidmətin təşkili ilə maraqlanıb.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev məlumat verib ki, şəxsi heyət əməliyyat-taktiki səviyyədə yüksək döyüş hazırlığına malikdir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, mövqelər arasında səmtləşmənin aparılması, bölmələr arasında rabitə əlaqəsinin qurulması və müşahidənin düzgün təşkili etibarlı müdafiə sistemi yaradıb. Dayaq məntəqələri və mövqelər müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub.
Ali Məclisin Sədri müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, xidmətin təşkili, eləcə də döyüş hazırlığının və intizamın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
x x x
Ümummilli lider Heydər Əliyevin quruculuq və inkişaf xətti muxtar respublikanın davamlı inkişafını təmin edir. Ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması iqtisadiyyatın çoxşaxəli inkişafına, ən əsası isə makroiqtisadi göstəricilərin artmasına səbəb olub. İqtisadi artım dinamikası əvvəlki dövrlərlə müqayisədə dəfələrlə ölçülən Naxçıvan Muxtar Respublikasının hər bir yaşayış məntəqəsində geniş quruculuq işləri aparılır. Vaxtilə işğal təhlükəsi yaşayan Sədərəkdə bu gün məskunlaşma artır, insanların rahat yaşayışı üçün kompleks tədbirlər görülür. Yeni torpaqların əkin dövriyyəsinə qatılması, içməli su və kanalizasiya sistemlərinin qurulması, müdafiənin möhkəmləndirilməsi Sədərək rayonunun timsalında Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. mod.gov.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə