“Sizi qonaqpərvər Azərbaycan torpağında salamlamağıma şadam. Azərbaycanda dostluq və xalqlarımızın ümumi irsi yüksək dəyərləndirilir. İlk növbədə, Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının 77-ci iclasının Azərbaycanda keçirilməsi barədə qəbul olunmuş qərara görə təşəkkürümü bildirmək istərdim”. Bu sözləri Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclasındakı çıxışında bildirib. Nazir deyib: “Bu iclasın Bakıda keçirilməsi bizim üçün böyük şərəfdir. Ümid edirəm ki, bugünkü iclas çox səmərəli, dolğun keçəcək və münasibətlərimizin gələcək inkişafına xidmət edəcək. Biz ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək, habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək. Fürsətdən istifadə edərək, bu iclasın təşkilində göstərdikləri səylərə və dəyərli yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyindən olan həmkarlarımıza minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, hamınız Azərbaycanda olmağınızdan məmnun qalacaq və Bakı ilə daha yaxşı tanış olmaq və bu gün ölkəmizdə baş verən müsbət dəyişiklikləri yaxından müşahidə etmək imkanını əldə edəcəksiniz. Hər kəsə ölkələriniz naminə qarşınızda duran məsuliyyətli və mühüm məsələlərin həllində uğurlar və səmərəli iş arzu edirəm”.
Bütün hüquqlar qorunur © 2024