AZpress.AZ xəbər verir ki, bu gün Ağstafa Regional Mədəniyyət İdarəsi Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 26-ci ilinə həsr olunmuş “Yurd yerlərimiz yolumuzu gözləyir” başlıqlı anım tədbiri keçirdi. Tədbir iştirakçıları ilk öncə Ağstafa rayon Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını ziyarət etdilər, qəhrəmanlarımızın məzarları üstünə gül dəstələri qoydular. Tədbir iştirakçıları Ağstafa şəhərindəki Miniatür Azərbaycan Parkına gələrək "Cəbrayıl, Füzuli və Qubadlı rayonları"nın qarşısında qan yaddaşımızın tarixini əks etdirən kitab sərgisinə baxdılar. "Xudafərin körpüsü"nün (miniatür) ətrafına toplaşan tədbir iştirakçıları MKS-nin əməkdaşlarının hazırladıqları ədəbi kompozisiyaya tamaşa etdilər. Sonra mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirildi. Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə öncə Virtual Qarabağ İKT Mərkəzinin istehsal etdiyi "Qarabağ-əcdadlarımızın mirası" filmi nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov Ermənistanın Azərbaycana silahlı təcavüzünün, beynəlxalq hüquq normalarına məhəl qoymadan işğal etdiyi ərazilərdə hələ də vandalizm hərəkətlərini həyata keçirməsinin davam etdiyini, Azərbaycanın qədim və əzəli torpaqlarında qeyri qanuni məskunlaşma siyasətini həyata keçirdiklərini bildirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın öz sələflərindən geri qalmadığını, işğalçı siyasətin davam etdirildiyini, çıxışlarında Dağlıq Qarabağ və ətraf rayonların “Ermənistan ərazisi” olmasını bəyan etməklə işğalçı olduqlarını açıq şəkildə bəyan etməklə beynəlxalq hüquqa meydan oxuduğunu bildirdi. V.Qədirov çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu, vətənpərvər siyasətdən söz açaraq qeyd etdi ki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu gündən-günə inkişaf etməkdədir. Bu gün Cəbrayıl rayonunun işğalının 26-cı ildönümünü qeyd etsək də, 2016-cı ildə Lələtəpədə gedən döyüşlər, Cocuqmərcanlı kəndinin azad olunması və insanların öz dədə-baba torpaqlarına köçürülməsinin təmin olunması əhalidə böyük bir ruh yüksəkliyindən xəbər verir və bizim o torpaqlara qayıdış inamımızı daha da artırır. Ermənistanın Azərbaycana təcavüzünün dünya ictimaiyyətinə çatdırılmasında sosial şəbəkələrin də xüsusi yeri olduğunu bildirən idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı Xəyal Nağıyev, bu istiqamətində işlərin gücləndirilməsinin vacibliyini vurğuladı. idarənin digər əməkdaşları: Fidan Rüstəmova, Alagöz Novruzova və başqaları çıxış edərək bu məsələyə xüsusi diqqət ayırmağın vacibliyini və bu işdə gənclərin xüsusi rolunu qeyd etdilər. Ağstafa Regional Mədəniyyət İdarəsinin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı Xəyal Nağıyev
Bütün hüquqlar qorunur © 2024