Aprel şəhidinin xatirəsi anılıb - Masallıda Nurlan Əsgərlinin şəhadətindən 8 il ötür 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdikləri təxribatların qarşısını alarkən şəhid olmuş, Azərbaycan Silahlı Qüvvələrin giziri Nurlan Bayram oğlu Əsgərlinin (03.12.1995-04.04.2016) xatirəsi onun doğulub boya-başa çatdığı Viləş kəndində anılıb. Akif AĞAYEV
Şəhid Sehran Hacıyev adına Viləş kənd tam orta məktəbindəki anım tədbirində rayon rəsmiləri, şəhidin doğmaları, təhsil işçiləri, ziyalı və ağsaqqallar, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon sektorunun əməkdaşı Hörmət Balakişiyev və başqaları səkkiz il öncə, dördgünlük müharibədə Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın, o cümlədən XTQ giziri Nurlan Əsgərlinin şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, 44 günlük müharibədə qazanılan qələbədə Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıblar.
İki şəhid – Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərlinin və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba xanım övladları ilə bağlı xatirələrini bölüşüb, ölkəmizdə, o cümlədən Masallı rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını bildirib.
Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda şəhid qardaşların məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Bütün hüquqlar qorunur © 2024