Təqvim
“Ana, mənə az ağla”
21 mart 2024 - 11:49

“Ana, mənə az ağla”

 

Müharibədən, onun od-alovundan, dəhşətli üzündən danışmaq nə qədər ağrılıdırsa, gözünü qırpmadan azadlıqları naminə ölümlə çarpışan və sonda Vətən boyda sevgilərilə ölümə qalib gələn nakam taleli gənclərin, qorxubilməz oğullarımızın ömür yoluna nəzər salmaq, gələcək nəslə örnək gətirmək qürurvericidir. Fitnəkar düşmənə qarşı son damla qanınadək rəşadətlə vuruşaraq torpaqlarımızı bütövləşdirən vüqarlı Azərbaycan övladlarının, Mikayıl kimi cəsur döyüşçülərimizin qəhrəmanlığından bəhs etmək fəxarətdir.
Həmidli Mikayıl Vüqar oğlu 28 dekabr 1998-ci ildə Masallı şəhərində anadan olub. 
Sonradan ailəsi ilə birgə Bakı şəhərinə köçüblər. 2017-ci ildə Binəqədi rayonundakı şəhid Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbi bitirib. 
Həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Goranboy rayonundakı “N” saylı hərbi hissədə xidmətə başlayıb.
2020-2022-ci illərd xidmətini Quru Qoşunları tərkibində MAXE (müddətdən artıq xidmət edən hərbi qulluqçusu), 2022-ci il fevralın 3-dən isə kiçik leytenant kimi davam etdirib. 
44 günlük Vətən müharibəsi zamanı Tərtər rayonunun Talışkənd, Suqovuşan qəsəbəsi istiqamətindəki döyüşlərdə iki dəfə ağır zədə alsa da azğın düşmənə qarşı sonacan vuruşub. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalına layiq görülüb.
Döyüş yoldaşlarının “Dəmir adam” deyə çağırdıqları cəsur komandir Mikayıl Həmidli 12-14 sentyabr 2022-ci il tarixində Kəlbəcər istiqamətindəki döyüşlərdə, Cermux əməliyyatında xüsusi fədakarlıq göstərib. Respublika Prezidenti adından Müdafiə Nazirinin müvafiq əmrinə əsasən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən lokal antiterror əməliyyatına taqım komandiri kimi qatılan Mikayıl Həmidli sentyabrın 19-da, Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Bakı şəhərindəki İkinci Fəxri xiyabanda dəfn edilib.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunub.
Evli idi, bir oğlu yadigar qalıb.

Övladının əmanəti körpə Davudu göz yaşları içində öpərək Mikayılın qoxusunu almağa çalışan şəhid anası Lalə xanım ötən günləri belə xatırlayır: “Ailədə bir qardaş, bir bacı olublar. Mikayıl böyük övladım idi. Həmişə sultanım, başımın tacı deyə mənə müraciət edərdi. Deyərdi ki, canım ana, nigaran qalma, hər şey yaxşı olacaq. 
2023-cü il mart ayının 22-də “Zirvə” şadlıq sarayında toyunu etdik. Hardan biləydik ki, altı ay sonra ən müqəddəs zirvəni fəth edəcək...
Kəlbəcər rayonunu düşmən tapdağından azad etdikdən sonra qonşumuz, kəlbəcərli Cəmilə xanıma zəng edərək onu təbrik etməyi də unutmamışdı.
Bilirdik ki, seçdiyi peşə çətindir. Elə olurdu ki, uzun müddət onunla əlaqə saxlaya bilmirdik. Bir dəfə yeddi ay nə üzünü gördük, nə də əməlli-başlı səsini eşitdik. İsmarıç yollayardı ki, vaxt yoxdur.  
Son döyüş qabağı bizi arxayın etdi ki, ana, kim nə deyirsə, yalan deyir, burda tam sakitçilikdir, narahat olmağa dəyməz. Amma atasına söyləyib ki, sənin nömrəni dostlarıma vermişəm. Sonradan anladıq ki, nə demək istəyirmiş.   
Sentyabr ayında ona yazdıq ki, gələn ay övladın dünyaya gələcək. Çalış həmin ərəfədə evdə ol. Cavabında “İnşəallah” yazaraq bizi əmin etdi. Amma vədinə xilaf çıxdı...”

 

3 dost, 3 zabit, 3 şəhid

 

Təxris olunmuş əsgər Hacıbaba Əlizadə: “44 günlük Vətən müharibəsi dövründə manqa komandirim olub. Suqovuşan istiqamətindəki əməliyyat zamanı ağır zədə alsa da bizdən ayrılmadı, döyüşlərə davam etdi. Sonradan təkrarən yanımıza düşən mərmidən zədə aldı. Lakin bütün bu çətinliklər ürəkli, qorxmaz döyüşçünü öz yolundan döndərmədi...”
Baş leytenant Ədalət Novruzov: “Antiterror əməliyyatında separatçılara qarşı birgə döyüşmüşük – o, taqım, mən isə bölük komandiri kimi. Düşmənin uzunmüddətli və səhra tipli istehkamlarını dağıdaraq mövqelərə sahibləndik. İki istiqamətdə irəliləyərək sığınacaqlarda gizlənmiş terrorçuların yarısını məhv, yarısını da qaçmağa məcbur etdik.
Əfsuslar olsun ki, bu döyüşdə üç igid zabitimizi, “Komando” mənsubları  – Mikayıl Həmidli, İsmayıl İsayev və Tapdıq Bayramovu itirdik. Onu da nəzərə çatdırım ki, hamıdan fərdi və döyüşkən cəhətləri ilə fərqlənən hər üç şəhidimiz bir-birilə qardaş kimi, Mikayılla İsmayıl eyni zamanda həmyerli idilər.
Təsəlli tapırıq ki, onların qisasını almağa müvəffəq olduq. Düşmənləri torpaqlarımızdan qovaraq ərazilərimizi işğaldan azad etdik.”
Leytenant Subhan Qurbanzadə: “Əslən Lənkəranın Girdəni kəndindən olan Mikayılla həmyerli olsam da tanışlığımız 2020-ci ildən, Təlim-Tədris Mərkəzində gizir hazırlığı kursundan başlayıb. Ayrı-ayrı hərbi hissələrdə xidmət etsək də təlimlər zamanı, məzuniyyət və digər əlamətdar günlərdə görüşərdik. Söhbətlərində Vətənə, ailəyə, ata-anaya məhəbbəti daha qabarıq idi. Məni toyuna da dəvət etmişdi. Lakin təlimdə olduğumdan iştirak edə bilmədim. Zəng edərək təbriklərimi çatdırdım.” 
Ürəyini ovutmaq üçün öpüb şəkillərini oxşayır, ətrini, qoxusunu paltarlarından alır, yuxularında balalarına qovuşur şəhid anaları... Məğrur və qürurlu şəhid anaları... Vüqarlı Azərbaycan qadını... 
Şəhid övladı haqqında danışdıqca, sanki qəlbini boşaldır, təskinlik tapırdı Lalə ana: “Onun adını mənə yuxuda deyiblər. Bildiyimiz kimi, Mikayıl Allahın dörd böyük mələyindən biridir. Elə mənim balam da mələk kimiydi. 25 illik yaşamı boyunca bircə dəfə olsun belə səhv addım atmadı. Nə kənarda, nə də bizə qarşı.   
Bir dəfə yuxuda gördüm ki, televizorda şəhidlərin şəkillərini göstərirlər. Mikayıl da əyləşib mənimlə birgə izləyir. Birdən dedi ki, ay ana, bəs məni niyə göstərmirlər..?
Mənim yox, qohumların yuxusuna tez-tez girir. Soruşur ki, anam, niyə ağlayır?”    

 

Ana, mənə az ağla!
Qışı çıxar yaz ağla!
Mənim məzar daşıma
“Bəxtsiz balam” yaz, ağla!

 

Ana, yerim cənnətdir, 
Nə tale, nə qismətdir.
Balama yaxşı baxın,
O, məndən əmanətdir.

 

Akif AĞAYEV,
mart, 2024.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə