“Pjak”ın əsas hədəfi Güney Azərbaycanın Qərb bölgələridir. Terror təşkilatı koronavirusun bölgədə yaratdığı gərginlikdən istifadə edərək, son günlərdə daha da fəallaşıb”.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, milli fəal Məhsa Mehdili belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Güney Azərbaycanda son durum necədir, İran hakimiyyətindən təzyiqlər davam edirmi?
- İran hakimiyyətindən Güneyə təzyiqlər həmin sürətlə davam edir. Bu gün həbsdə olan 4 qadın fəalın vəziyyəti yaxşı deyil, habelə digər məhbuslarımız haqda da bunları demək olar. Yenə də milli fəallar təhdid və təzyiqlərlə üz-üzədir, bu, əvvəllər də belə olub. Son günlərdə bir neçə milli fəal İran kəşfiyyatı tərəfindən həbs edilib, barələrində xəbər almaq mümkün deyil.
40-a yaxın milli fəal fəaliyyətlərinə görə İran həbsxanalarında saxlanılır. Xüsusən də İranda koronavirusun sürətlə yayıldığı bu günlərdə onlardan narahatıq. Koronavirusun özü də İran hökumətinin səhlənkarlığı ucbatından yayıldı. 50 min məhbus koronavursa görə sərbəst buraxıldı, amma İran hökumətinin bu qərarı cəmi bir neçə milli fəalımıza şamil olundu. Onları da müvəqqəti olaraq evlərinə buraxıblar. Abbas Lisani yenə də həbsdə qaldı, amma buna baxmayaraq, o, nə tibbi maska, nə də digər önləyici ləvazimatlarla təmin edilib. Ailəsinin də aparmasına icazə verilmir.
Digər milli fəallar da çox ağır şəraitdə saxlanılır, virusun sürətlə yayıldığı bir dövrdə həyatları təhlükə qarşısındadır. Saxlanıldıqları kameralar dezinfeksiya edilmir, lazım olan tibbi ləvazimatlarla təmin olunmurlar. Yəni fəallara heç bir yardım etməyən İran hökuməti onları həyati təhlükə qarşısında qoyub.
- Son aylarda PKK terror təşkilatının İran qanadı “Pjak”ın Güneydəki fəallığı nə ilə əlaqədardır?
- “Pjak”ın əsas hədəfi Güney Azərbaycanın Qərb bölgələridir. Terror təşkilatı koronavirusun bölgədə yaratdığı gərginlikdən istifadə edərək, son günlərdə daha da fəallaşıb. Əldə etdiyimiz məlumatlara görə, kürd qruplaşmasının üzvləri kəndələrə hücum edərək insanlardan zorla xərac, pul alırlar, onları təhdid edir, ölümlə hədələyirlər. İran hökuməti planlı şəkildə Güney Azərbaycanı “Pjak” terror təşkilatının meydanına çevirib, orada kürd yaraqlıları üçün poliqon açıb. İran rejimi “Pjak”dan Güney Azərbaycana qarşı silah və təzyiq vasitəsi kimi istifadə edir. Bununla da Güney Azərbaycana qarşı torpaq iddiasına şərait hazırlayır. Vaxtilə Rusiya erməniləri Azərbaycana yerləşdirib işğallara yol verdiyi kimi, İran hökuməti də Güney Azərbaycan ərazilərini kürdləşdirməyi qarşısına məqsəd qoyub.
- Son zamanlarda diqqət çəkən bir məsələ də var, İran hakimiyyəti Güney Azərbaycan və Ermənistan şəhərlərini dostlaşdırır, buna qarşı hansı addımlar atılır, burada əsas məqsəd nədir?
- İran rəhbərliyinin rəsmi nümayəndələri açıq şəkildə bəyan edirlər ki, “Ermənistan bizim qardaş və dostumuzdur”. İran prezidenti Ruhani şəxsən özü bunu deyib. Ermənistan-İran münasibətləri 1992-ci ildən bəri yüksələn xətlə inkişaf edir. İşğalçılıq siyasətinə görə özünü dünyadan təcrid vəziyyətinə salan Ermənistanın qonşu dövlətlərin hamısı ilə problemləri var, burada İran istisnadır. Təcrid vəziyyətində Ermənistana nəfəslik verən yeganə dövlət də İrandır. Bu ölkə təkcə Güney yox, Azərbaycan Respublikası üçün də təhdid mənbəyidir. Bu baxımdan da İran Ermənistanla strateji müttəfiqdir. Hər iki dövlət Azərbaycana qarşı münasibətdə eyni xətdə hərəkət edir. Ortada Güney Azərbaycan faktoru da var.
Güney Azərbaycanda müstəqillik hərəkatının genişlənməsi, bundan narahat olan İran və Ermənistanı bir-birinə daha da yaxınlaşdırıb. Digər tərəfdən isə Ermənistan İrandan dünyaya açılan qapı kimi istifadə etməyə çalışır. İran da Ermənistanda turizm, iqtisadiyyat, energetika və digər sahələrə böyük sərmayələr yatırır. Görünən budur ki, Ermənistanın ən böyük xilaskarlarından biri İrandır. Bunun qarşılığında da Ermənistandan Azərbaycana qarşı təhdid kimi istifadə edir.
- Azərbaycan dilində ali və orta məktəblərin, o cümlədən telekanalların yaradılması ilə bağlı tələblər qalırmı?
- Güney Azərbaycan Milli Hərəkatı heç vaxt ana dilində təhsil almaq tələblərindən imtina etməyib. Bu tələblər həmişə İran hökuməti qarşısında qoyulur və bunun uğrunda mübarizə aparılır. Ana dilində təhsil almaq, ana dilində telekanalın açılmasına nail olmaq təkcə hərəkatın yox, bütün Güney Azərbaycan əhalisinin istəyidir. Bu yöndə gedən proses daha da genişlənir, İran hökuməti bizim israrımızı görür.
- “Traktor-Azərbaycan”ın oyunlarının İran telekanallarında canlı yayımlanmaması da bu təzyiq siyasətinin tərkib hissəsidir?
- Şübhəsiz! İran hökuməti də “Traktor”un belə bir güclü komandaya çevriləcəyini gözləmirdi. Artıq bu komanda Güney Azərbaycan gəncliyinin səsinə çevrilib. Bu gün həmin gənclər “Traktor”un oyunlarının keçirildiyi stadionun tribunalarını Güney Azərbaycan Milli Hərəkatının tribunasına çevirib. Ən müqəddəs şüarlarımız və milli haqlarımız da bu tribunadan dilə gətirilir. Güney Azərbaycanın gələcək müqəddəratını təyin etmək yönündə otələbləri də bu meydanda qaldırılır. Bu tribuna dünyanın diqqət mərkəzindədir və orada baş verənlər dünyanın ən nüfuzlu media orqanlarının gündəmində yer ala bilir. Çünki ora İran hökumətinin belə nəzarət edə bilmədiyi bir tribunaya çevrilib. Həmin meydanda İran bayrağının yandırılması fars və İran dövlətçiliyinə qarşı etiraz deyildi, bu, İran rejiminin Güney Azərbaycanı inkar etməsini simvolizə edirdi.
“Azərbaycan İran deyil” həqiqəti “Traktor”un oyunlarında dilə gətirilir. İran telekanallarının özləri də səhvən də olsa, dünya mediasının gündəmində yer ayırdığı bu görüntüləri efirə verdi.
- Ümumiyyətlə, İrandan “Traktor”un dağıdılması üçün bir sıra cəhdlərin edildiyi bildirilir, bu iddia nə dərəcədə doğrudur?
- Əlbəttə, İran hökuməti məsələyə bir qədər həssas yanaşır. Çünki “Traktor” sadəcə, bir futbol komandası deyil, bu, böyük bir millətin duruşunu əks etdirən bir anlayışdır. Təsadüfi deyil ki, az qala bu komandanın bütün oyunlarında Azərbaycan bayağı qaldırılır, Qarabağla bağlı şüarlar səsləndirilir, PKK terror təşkilatına qarşı Türkiyə dəstəklənir. Ora bizim ən azad tribunamızdır. Amma bu şüarları səsləndirənlər, pankartlar ı qaldıranlar ağır cəzaya məhkum edilirr. Buna baxmayaraq, Güney Azərbaycan gəncliyi ləyaqətli bir şəkildə öz cəsarətini nümayiş etdirə, qorxmazlığını İran rejiminə göstərə bilir. Bu da iran hökumətinə nəzarəti daha da çətinləşdirir. Bu səbəbdən də “Traktor”un oyunlarının telekanallarda yayımlanmasına qadağalar tətbiq olunur.
Mənsur Rəğbətoğlu
Bütün hüquqlar qorunur © 2024