Ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da şəhidlərimizin xatirəsi daim əziz tutulur. Növbəti anım tədbirləri Xoşçobanlı və Birinci Yeddioymaq kəndlərində olub. 44 günlük Vətən müharibəsinin şəhidləri – Musa Əlövsət oğlu Mustafayevin və baş leytenant Əlimərdan Fəttah oğlu Quluzadənin anım mərasimləri keçirilib. Anım mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının, YAP Masallı Rayon Təşkilatının fəalları, I və II Qarabağ müharibəsi iştirakçıları, ziyalı və ağsaqqallar, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Tədbirlər zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Sonra Xoşçobanlı kəndində şəhid Musa Mustafayevin adına inşa edilmiş abidə kompleksinin açılışı olub, abidə önünə gül dəstələri düzülüb. Daha sonra şəhid ailələrini ziyarət edən rayon rəhbəri və qonaqlar, onların qayğıları ilə maraqlanıb, hər zaman yanlarında olduqlarını qeyd ediblər. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkəmizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıq bildiriblər. Akif AĞAYEV.
Bütün hüquqlar qorunur © 2023