İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib. Tənzilə Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinin nəticələrindən çox məmnun olduğunu vurğuladı, göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirdi, səfərin çox məzmunlu olduğunu qeyd etdi. Səfər zamanı razılaşdırıldığı kimi, aidiyyəti dövlət qurumlarına tapşırıqların verildiyini, əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün bu məsələlərin müntəzəm olaraq nəzarətdə saxlanılacağını dedi. Dövlətimizin başçısı səfərin ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin nə dərəcədə güclü olduğunu bir daha nümayiş etdirdiyini bildirdi. Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyini vurğuladı, hazırda Hərəkatın təsisatlanması istiqamətində Azərbaycan tərəfindən bir sıra təşəbbüslərin həyata keçirildiyini qeyd etdi. Tənzilə Narbayeva Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin Prezident Şavkat Mirziyoyevə və Özbəkistan xalqına dərin təəssürat hissi bağışladığını xüsusi olaraq vurğuladı. Bu səfərin nəticəsi olaraq Özbəkistan rəhbərliyi tərəfindən müvafiq qurumlara göstərişlərin verildiyini bildirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edən Tənzilə Narbayeva Ulu Öndərin Özbəkistan ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd etdi, Prezident İlham Əliyevin onun siyasətini uğurla davam etdirdiyini dedi. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını qeyd edən Özbəkistan Senatının sədri ölkəmizə səfəri çərçivəsində Şuşaya gedəcəklərini vurğuladı. Qonaq bu gün Azərbaycanın dünyada siyasi, iqtisadi və humanitar xarakterli tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd etdi. Tənzilə Narbayeva Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının müvəffəqiyyətlə keçirildiyini deyərək bu tədbirə dəvətə görə təşəkkürünü bildirdi. O, bu tədbirin keçirilməsi ilə bağlı təşəbbüsün müəllifinin məhz Prezident İlham Əliyev olduğunu xüsusi vurğuladı, Azərbaycanın çox səmərəli şəkildə Hərəkata sədrlik etdiyini söylədi. Söhbət zamanı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin vacibliyi qeyd olundu. Parlamentlərin dövlət başçıları tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verəcəyi xüsusi vurğulandı. Qonaq ölkəmizə hər səfərlərində Bakıda böyük inkişaf proseslərinin şahidi olduqlarını bildirdi.
Bütün hüquqlar qorunur © 2024