Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibə verib. Müxbir: Cənab Prezident, öncə suallarımızı cavablandırdığınız üçün minnətdarlığımızı bildiririk. Cənab Prezident, dəfələrlə Gəncə şəhərində olmusunuz, şəhərdə xeyli işlər görülüb. Bu işlər barədə fikirlərinizi bilmək istərdik. Prezident İlham Əliyev: Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. On səkkiz ildir ki, mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam. Son illərdə biz Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıq və bu layihələrin böyük əksəriyyəti öz həllini tapdı. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Eyni zamanda, şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı da nəzərə alınacaqdır. Qazlaşdırma layihəsi tam icra edilibdir. İçməli su layihəsi hələ ki, icra edilir. Əfsuslar olsun ki, bu layihə bir qədər uzandı. Düzdür, çox genişmiqyaslı layihədir, həm də maliyyətutumlu layihədir, təqribən 800 milyon manat dəyərində olan bir layihədir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Mənə verilən son məlumata görə, hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir. Əlbəttə, əlavə tapşırıqlar veriləcək ki, bu layihənin icrası sürətləndirilsin, Gəncə şəhərinin bu problemi də öz həllini tapsın. Avtomobil yollarının çəkilişi ilə bağlı deyə bilərəm ki, indi bütün ölkədə olduğu kimi, Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. İndi biz bu yolu iki zolaqdan dörd zolağa genişləndiririk. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır. Bildiyiniz kimi, Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. İndi xəttə sürətli qatarlar da buraxılıb. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Bu, əlbəttə ki, insanların rahatlığı üçün də çox önəmli bir məsələdir. Həm avtomobil yolu ilə rahat gəlmək olur, həm də hava məkanı qonaqlar üçün, Azərbaycan vətəndaşları üçün indi tam müasir səviyyəyə uyğundur. Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl mənim təşəbbüsümlə yenidən qurulmuşdur. Yəni, bunlar əsas infrastruktur layihələridir. Bunlar həll olunmadan şəhərin inkişafından söhbət gedə bilməzdi. Bununla paralel olaraq, əlbəttə ki, həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib. Baxın, indi Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Təhsillə bağlı. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Mən hər ikisinin açılışında iştirak etmişəm və tədris korpusu yenidən qurulub. Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi, əlbəttə, çox böyük əhəmiyyətə malik idi. Eyni zamanda, Gəncənin mədəni həyatı çox zəngindir. Həm Dövlət Filarmoniyasının yeni binası tikilib, həm də Dram Teatrının. Yəni, Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir. Bir də ki, İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir. Çünki hazırda bizim Kəlbəcərə yeganə, yəni, rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Rahat deyəndə, biz ancaq yaz-yay mövsümlərində o yoldan rahat istifadə edə bilərik. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Biz qısa müddət ərzində o cığırı genişləndirdik və mən özüm də keçən il o yolla Kəlbəcərə getmişdim, Murov aşırımından keçərək. Hazırda Murov dağının altından böyük - uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımıza, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır. Əlbəttə ki, şəhərin əhalisi artır. Əhalinin bu artımına və müasir tələblərə uyğunlaşmaq üçün biz, əlbəttə ki, əlavə addımlar atırıq və atacağıq. Eyni zamanda, hazırda Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Çünki orada həm qızıl yataqları, həm də dəmir filizi yataqları mövcuddur. Bu işlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verilib. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıdır. Əlbəttə ki, Gəncənin də burada xüsusi rolu olacaqdır. Bir sözlə, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası nəticəsində Gəncə şəhəri həmişə xüsusi yerə malik olubdur. Bu gün də belədir, sabah da belə olacaq. - Cənab Prezident, bu gün də bir neçə mühüm obyektin açılışını etdiniz. Bu açılışlar nəyi göstərir? Bu açılışlar barədə nələri deyə bilərsiniz? - Əslində, bu açılışlar onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Həm də, onu göstərir ki, baxmayaraq, bizim əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzuradır, eyni zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur. Əgər mənim təkcə bugünkü proqramıma nəzər salsaq, görərik ki, bir çox önəmli obyektin açılışı oldu, təməlqoyma mərasimi oldu. Onların içində, əlbəttə ki, “ASAN xidmət” Mərkəzinin açılışını xüsusilə qeyd etmək istəyirəm. Bir neçə il bundan əvvəl Gəncədə “ASAN xidmət” Mərkəzi açılmışdır. Ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı. Əlbəttə ki, “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Ona görə biz xidmətin adını “ASAN” qoymuşuq. Əgər növbə yaranırsa və insanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı. Ona görə mənim göstərişimlə ikinci “ASAN xidmət” Mərkəzi yaradıldı, birincidən daha böyük. Bu xidmət artıq bu gün rəsmən açıldı və bir neçə gündən sonra öz qapılarını vətəndaşların üzünə açacaq. Beləliklə, növbələr artıq aradan götürüləcək. Eyni zamanda, bu gün Gəncə Dram Teatrının açılışı oldu. Təəssüf edirəm ki, pandemiyaya görə teatrın truppası ilə görüşə bilmədim. Ancaq yadımdadır ki, mən bir neçə il bundan əvvəl Gəncədə olarkən teatrın truppasının nümayəndələri şəhərdə dram teatrının tikilməsi ilə bağlı mənə müraciət etmişdilər. Mən də onlara söz vermişdim ki, bu müraciəti nəzərə alacağam. Həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl, möhtəşəm Dram Teatrı açıldı. Yenə də deyirəm, ölkə qarşısında bir çox problemlər var və bu problemlər təxirəsalınmaz həllini gözləyir. Amma buna baxmayaraq, mədəniyyətə, şəhərin, Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dəstəklənməlidir. Neçə ki, bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Baxın, bu Filarmoniyanın açılması Gəncə şəhərinin mədəni həyatına nə qədər töhfə veribdir, eyni zamanda, şəhərin ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxımından çox gözəl bir binadır. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb. Bu gün, eyni zamanda, Gəncə İdman Sarayının tikintisi ilə tanış oldum. Bu sarayı da mənim təşəbbüsümlə inşa etməyə başlamışıq. Bu, çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhərində bir çox idman sarayları var, - ancaq bütün əsas idman növlərinin bir yerdə cəmləşməsi Bakıda yoxdur. Burada isə həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel. Yəni, bir daha demək istəyirəm ki, bu, ölkəmizin ən böyük idman sarayıdır. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir. Onu da bildirməliyəm ki, hələ mən Prezident olmadığım dövrdə, Milli Olimpiya Komitəsinin prezidenti kimi Gəncədə Olimpiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüslə çıxış etmişdim və o idman qurğusu o vaxt inşa olunub. Ancaq illər keçdikcə, əlbəttə ki, bu idman obyekti həm fiziki, həm mənəvi cəhətdən köhnəlib və orada normal məşq etmək üçün şərait o qədər də uyğun deyildi. Amma bu idman sarayı əminəm ki, gələn ilin sonuna qədər istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacaq. Çünki mən hesab edirəm və haqlıyam ki, hər bir insan idmanla məşğul olmalıdır. Yəni, bu obyektlərin açılması və təməlinin qoyulması, əlbəttə ki, şəhərə olan qayğının təzahürüdür. Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Buna da çox böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Bakıda bu yaxınlarda lokomotiv deposu açılmışdır, ikinci depo isə Gəncədə açıldı. Görün, bugünkü proqramın nə qədər böyük əhatə dairəsi var. Bütün bu açılışlar və təməlqoyma mərasimləri göstərir ki, ölkəmizin hər bir yerində inkişaf getməlidir, davam etməlidir, biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik, yalnız irəliyə getməliyik və bütün gücümüzü səfərbər edib insanlar üçün daha yaxşı həyat şəraiti yaratmalıyıq. - Cənab Prezident, bu gün Siz, eyni zamanda, Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoydunuz. Bununla bağlı fikirlərinizi bilmək istərdik. - Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir. Ermənistan isə döyüş meydanında məğlub olaraq, 10 min fərari verərək, tamamilə biabır olaraq, görün, hansı çirkin əməllərə əl atıb bizi dayandırmaq istəyirdi. Amma Azərbaycan xalqı, hətta bu dağıntılar altından çıxan insanlar, qanın içində olan insanlar, öz yaxınlarını itirmiş insanlar da deyirdilər ki, biz ancaq qabağa getməliyik. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Biz bu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Ermənistanı diz çökdürdük, məğlub etdik. Erməni faşizmini məğlub etdik və ədaləti bərpa etdik. Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək. Bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın. - Cənab Prezident, bildiyimiz kimi, bu günlərdə Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımı dayandırıldı, aradan qaldırıldı. Bu məsələni Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsi kimi dəyərləndirmək olarmı? Bu barədə də fikirlərinizi bilmək istərdik? - Mən hesab edirəm ki, ilk növbədə, Rusiya ictimaiyyəti bundan xəbərdar oldu və Rusiya ictimaiyyətinin təkidi nəticəsində bu biabırçı aksiya baş tutmadı. Ancaq o da həqiqətdir ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Əgər bu, təkcə əvvəlki faşist hakimiyyətlə bağlı olsaydı, dərd yarı idi. Ancaq əfsuslar olsun ki, indiki Ermənistan hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir. Moskvada ermənilərin diaspor təşkilatının xətti ilə bu dözülməz aksiyanın keçirilməsi heç bir çərçivəyə sığmır. Çünki Rusiya özü faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralardadır, Azərbaycan kimi. Bu məsələ ilə bağlı Rusiya tərəfi ilə dəfələrlə fikir mübadiləsi olub. Prezidentlər səviyyəsində, digər vəzifəli şəxslər səviyyəsində, ictimai təşkilatlar səviyyəsində biz həmfikirik. Faşizmin baş qaldırmasına yol vermək olmaz. İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinə son qoyulmalıdır. Bu siyasət dünyanı uçuruma aparacaq. Faşizmi qəhrəmanlaşdırmaq olmaz. Amma bir tərəfdən Ermənistan rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır. Bu günə qədər Ermənistanda, İrəvanda faşist Njdenin adını daşıyan küçələr, meydanlar, metro stansiyası var, ona böyük - altımetrlik abidə qoyulub. Bu abidə bu günə qədər sökülməyib. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, erməni faşizmi yaşayır. Bəli, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar. Rusiyanın paytaxtında erməni diaspor təşkilatının xətti ilə belə biabırçı aksiyanın təşkili dediyim sözlərin sübutudur. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir. - Cənab Prezident, AZƏRTAC-ın suallarını ətraflı cavablandırdığınız üçün Sizə təşəkkür edirik, minnətdarıq. - Sağ olun.
Bütün hüquqlar qorunur © 2024