Təqvim
“Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” adlı monoqrafiyanın təqdimatı keçirilib -FOTO=2
29 avqust 2020 - 18:29

AMEA-nın Naxçıvan Bölməsində “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” adlı monoqrafiyanın təqdimatı keçirilib.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək Orta əsrlər Naxçıvan mühitinin yetirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Nemətullah Naxçıvani ilə bağlı ciddi elmi araşdırmaların aparılması, alimin irsinin öyrənilib tədqiq edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə başlanıldığını deyib. Bildirilib ki, sərəncamla təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Bölməsində Nemətullah Naxçıvani irsinin araşdırılması məqsədilə 7 nəfərdən ibarət tədqiqat qrupu yaradılıb. 2019-cu il 21-25 may tarixlərində Türkiyə Respublikasının Səlcuq Universitetinin Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” mövzusunda konfrans keçirilib, alimin həyat və yaradıcılığı ilə bağlı çıxışlar edilib, tədbirdə “Nemətullah vətəni Naxçıvan” filmi nümayiş olunub. Tədbir çərçivəsində nümayəndə heyəti Nemətullah Naxçıvaninin məzarını ziyarət edib, Ağşəhərdə Nemətullah Naxçıvani adına İmam Hatib dini orta məktəbində olublar. Türkiyədə çap edilən Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” adlı 5 cildlik təfsir də olmaqla ümumilikdə Nemətullah Naxçıvani ilə bağlı 21 adda kitab muxtar respublikaya gətirilib.
Vurğulanıb ki, Naxçıvanda 2019-cu il iyulun 8-də “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə həmin konfransın materialları, Naxçıvan Bölməsində hazırlanan “Nemətullah Naxçıvani: taleyi və sənəti” adlı kitab, eyni zamanda N.Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (Quranm kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) adlı 3 cildlik təfsiri nəşr olunub.
Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Təfsir alimi Nemətullah Naxçıvani” sənədli filmi hazırlanıb, Naxçıvanşünaslıq Mərkəzində “Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı” mövzusunda açıq dərslər keçirilib, qəzet materialları hazırlanıb, keçirilən tədbirlər işıqlandırılıb. Türkiyənin Naxçıvandakı Baş konsulu tərəfindən Nemətullah Naxçıvaninin Türkiyə kitabxanalarında saxlanılan 12 əlyazmasının nüsxəsinin elektron variantı Naxçıvan Bölməsinə təqdim edilib.
Məlumat verilib ki, Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurtun 300-dən artıq elmi ədəbiyyatdan bəhrələnərək qələmə alınan “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” adlı monoqrafiyada Nemətulla Naxçıvaninin yaşadığı dövrdə təfsir, hədis, fiqh, kəlam, tibb, tarix, ədəbiyyat kimi elmlər, dini təriqətlər və onların cəmiyyət həyatında rolu təhlil edilib. Müəllif tədqiqat əsərində Nemətulla Naxçıvaninin bütün əsərlərindən bəhs edib, onlar haqqında ümumi məlumat verməklə, əlyazma nüsxələrini oxuculara təqdim edib. Qeyd olunub ki, aparılan tədqiqatlar bu nəticəyə gəlməyə əsas verir ki, Şərqin böyük filosofu və din aliminin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil edir. Görkəmli mütəfəkkir məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi bütün dünyada tanınır və böyük ehtiramla anılır. Qeyd olunub ki, monoqrafiya Nemətullah Naxçıvani irsinin tədqiqatçıları, tarixçilər, dinşünas alimlər və ali təhsil müəssisələrinin tələbələri, ümumilikdə Naxçıvanşünaslıq üçün qiymətli mənbə rolunu oynayacaq, gələcəkdə Nemətullah Naxçıvaninin elmi irsinə yeni baxışların və tədqiqatların yaranması ilə nəticələnəcəkdir.
Surə Seyid kitabın müəllifi, professor Yaşar Kurda təşəkkürlərini bildirib və elmi fəaliyyətində ona uğurlar arzu edib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev isə çıxışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvanın görkəmli şəxsiyyətləri ilə bağlı bir sıra tarixi sərəncamlar verdiyini xatırladaraq bildirib ki, Nemətullah Naxçıvanin həyat və fəaliyyəti Ali Məclis Sədrinin sərəncamından sonra geniş şəkildə tədqiq olunub. O, ictimaiyyətə təqdim olunan kitabı Naxçıvaniyə həsr olunmuş sistemli tədqiqat əsəri olduğunu deyərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə professor Yaşar Qurtun müəllifi olduğu sözügedən kitabı Türkiyə türkcəsindən bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov tərcümə edib.
İsmayıl Hacıyev görkəmli şəxsiyyətlərlə bağlı tarixi sərəncamlarına görə ziyalılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli son 25 ildə muxtar respublikada görülən mühüm işlərdən biri də kitab çapına göstərilən yüksək qayğı olduğunu deyib. O, Bilik Fondu tərəfindən ötən il çap oluna kitabları xatırladıb. Sözügedən kitabın da tərcümə edilərək çap olunmasını yüksək qiymətləndirib.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev isə çıxışında nəşrin dəyərindən bəhs edib.
Tədbirdə kitabın müəllifi Yaşar Kurt çıxış edərək əsərin ərsəyə gəlməsindən söz açıb. Kitabın tərcüməçisi Elxan Məmmədov isə “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” nəşrinin elmimiz üçün əhəmiyyətindən danışıb.
Sonda iştirakçılar nəşr olunan kitabların sərgisi ilə tanış olublar.
Türkanə Bəylərli,
Naxçıvan Bölməsinin Mətbuat xidməti üzrə mütəxəssisi 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə