Təqvim
HƏSƏN BƏY ZƏRDABİNİN TƏVƏLLÜD TARİXİ HAQQINDA Asif Rustemli FOTO=2
05 iyul 2020 - 17:03

On il bundan əvvəl, noyabr ayının ortaları idi. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev məni kabinetinə dəvət edərək Moskva şəhərinə ezamiyyətə göndərmək istədiyini bildirdi. Səbəbini soruşanda o dedi: “Həsən bəy Zərdabinin doğum tarixi Azərbaycan Sovet Ensiklopediyasında, tədqiqatlarda, monoqrafiyalarda fərqli göstərilib. H.B.Zərdabi XIX əsrin 60-cı illərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. Onun sənədlərini arxivdən əldə edib təvəllüd tarixini dəqiqləşdirmək lazımdır. AMEA rəhbərliyinin tapşırığıdır.”
Doğrusu ezamiyyət xəbəri məni çox sevindirdi. Çünki, Moskva arxivlərində işləmək üçün öncədən xəyali planlar qurmuşdum... Lakin oradan əliboş qayıtmaq ehtimalının məni təhdid etdiyini gizlətmədim. Bəkir müəllimə bildirdim ki, Həsən bəy Zərdabinin təvəllüd tarixi ilə bağlı Moskvada yox, Bakıdakı arxivlərdə araşdırmalar aparsaq daha mötəbər sənədlər, dəqiq, dürüst məlumatlar əldə etmək mümkündür. Akademik B.Ə.Nəbiyev təkliflə razılaşdı və Azərbaycan Milli Arxiv İdarəsinə məktub göndərmək üçün köməkçisinə göstəriş verdi.
Axtarışlara bir aydan çox vaxt sərf etdim. Əldə olunan faktları və qənaətlərimi ümumiləşdirərək institutun direktoruna yığcam arayış hazırladım. Arayışda yazılırdı:
“Hörmətli Bəkir müəllim!
Sizin tapşırığınıza əsasən Azərbaycan Milli Dövlət Tarix Arxivində, eləcə də, çoxsaylı elmi qaynaqlar əsasında apardığım araşdırmalar nəticəsində məlum oldu ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin təvəllüd tarixi müxtəlif mənbələrdə fərqli şəkildə yazılmışdır. XIX yüzilliyin 50-80-ci illərinə aid nəzərdən keçirdiyim çoxsaylı arxiv məxəzləri, sənəd və materialların heç birində Həsən bəy Məlikovun təvəllüd tarixi konkret, dəqiq və aydın olaraq öz əksini tapmamışdır.
Həsən bəyin Şamaxı Ali 4 sinifli məktəbinin 4-cü sinfində 5 mart 1857-ci ildən 8 may 1858-ci ilədək oxuduğu barədə 313 saylı fondda saxlanılan sənədlərdə bütün fənlərdən “Əla” (5) qiymətlər aldığı yazılsa da, doğum tarixi haqqında qeydə təsadüf olunmur. Həsən bəyin qardaşı Mehralı bəy Məlikovun 21 noyabr 1857-ci ildə Şamaxı ali 4 sinifli məktəbinin müfəttişi Dimitri İliç Kavalenskiyə ünvanladığı məktubda da (fond-313, siyhı-2, s.v.115) Zərdabinin təvəllüd tarixinə toxunulmamışdır.
Bakı Real məktəbinin təbiət tarixi müəllimi Həsən bəy Məlikovun pedaqoji xidməti haqqında 1874-cü ilin sentyabr ayında hazırlanan formulyar siyahıda (fond-309, siyhı-1, s.v.637) Zərdabinin yaşı 34 göstərilmişdir ki, bu da onun 1840-cı ildə dünyaya gəldiyinə işarədir. Yaxud, 1 yanvar 1874-cü ildə Həsən bəyə verilən attestatda (fond-315, siyhı-1, s.v.97) 36 yaşında olduğu qeyd edilmişdir ki, bu rəqəm də onun 1837-ci ildə doğulduğunu bildirir. 4 oktyabr 1873-cü ildə hazırlanmış digər formulyar siyahıda (fond-309, siyhı-1, s.v.403) isə əvvəlki sənədlərdən fərqli olaraq Zərdabinin 37 yaşda olduğu, yəni – 1836-cı ildə dünyaya göz açdığı vurğulanmışdır.
Şamaxı qəzasının Zərdab kəndi üzrə Kameral siyahıyaalmanın 1830-1850-ci illərinə aid sənədlərə arxiv materialları arasında rast gəlmədik. 1863-cü ildə qeydiyyata alınan «Zərdab kənd cəmaətinin əyal dəftəri»ndə (fond-10, siyhı-1, s.v.145) Həsən bəy Məlikovun adı yazılmamışdır. Bu da təbiidir, çünki həmin vaxt Zərdabi Moskva Universitetində təhsil alırdı. Lakin, 1886-cı ildə Zərdab kəndinin ailələr üzrə Kameral siyahıyaalınmasında (fond-43, siyhı-2, iş-7380, vərəq-915) «nadvornıy sovetnik» (Mülki müşavir) Həsən bəy Məlikovun «zahirdə və sifətindən görünən yaşı» - 47, yəni, təvəllüd tarixi 1839-cu il göstərilmişdir. Maraqlıdır ki, məhz bu sənəddə Həsən bəy Məlikovun 8 yaşında Məcid adlı bir oğlu da olduğu qeyd edilmişdir.
Zərdabinin tədqiqatçılarından Ziyəddin Göyüşovun, İzzət Rüstəmovun, Vəli Məmmədovun əsərərində, eləcə də Azərbaycan Sovet Ensiklopediyasında (IV cild, Bakı, 1980, səh. 323) Həsən bəy Məlikovun Göyçay qəzasının Zərdab kəndində 1842-ci ildə doğulduğu göstərilmişdir.
Tədqiqatçı-alimlərdən fərqli olaraq Həsən bəyin həyat yoldaşı Hənifə xanım Məlikova-Abayeva, kürəkəni, görkəmli ictimai-siyasi xadim Əli Mərdan bəy Topçubaşov və b. çap etdirdikləri xatirə-məqalələrində Zərdabinin 1837-ci ilin noyabrın 12-də anadan olduğunu qeyd etmişlər.
Görkəmli pedaqoq Fərhad Ağazadə «Əkinçi»nin 50 illiyi münasibətilə qələmə aldığı «Həsən bəy Məlik Zərdabinin bioqrafiyası» adlı məqaləsində isə yazırdı: «1852-ci ildə Səlim bəy oğlunu aparıb Şamaxıda şəhər uşkolasına qoyur. Bu vaxt Həsən bəyin 15 yaşı var idi». F.Ağazadənin bu xatırlatması Zərdabinin 1837-ci ildə doğulduğunu bir daha təsdiqləyir.
İstinad edilən qaynaqlara əsasən, Həsən bəy Səlim bəy oğlu Məlikovun doğulduğu gün, ay və ili birmənalı şəkildə özündə əks etdirən rəsmi sənəd mövcud deyildir. Zərdabinin doğumundan 30-35 il keçdikdən sonra onun müxtəlif məxəzlərdə «zahirdə və sifətindən görünən yaşı»nın təxmini yazıldığına rast gəlinir. Bununla belə, ona 1 yanvar 1874-cü ildə verilən attestata, həyat yoldaşı Hənifə xanım Məlikova-Abayevanın, kürəkəni Əli Mərdan bəy Topçubaşovun, Fərhad Ağazadənin məqalələrinə əsasən Həsən bəy Zərdabi 1837-ci ildə anadan olmuşdur. Asif Rüstəmli, 22.12.2010.”
Milli mətbuatımızın atası Həsən bəy Zərdabinin təvəllüd tarixini 28 iyun 1842-ci il hesab edənlər bu yaxınlarda sosial şəbəkələrdə paylaşımlar yayımlamışdılar. Aradan 10 ilə yaxın vaxt keçsə də bu araşdırmamın gərəkliyini hiss edərək ilk dəfə geniş auditoruyanın diqqətinə çatdırmağa ehtiyac duydum.
Asif Rüstəmli. Bakı, 04.07.2020
Şəkildə: Həsən Bəy Məlikovun Şamaxı Ali 4 sinifli məktəbinin 4-cü sinfində oxuduğunu və imtahanlardan "Əla" aldığını təsdiqləyən Cədvəl. Şamaxı. 8 may 1858-ci il. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə