Təqvim
Gülağa Tənha Şeirlərdən ibarət kompazisiya
07 iyul 2020 - 15:00

Canveten.az - saytı Gülağa Tənhanın “Seçilmiş əsərləri” – nin 10 cildliyinin I cildində yer alan şeirlərin növbəti seçmələrini təqdim edir. Eyni zamanda Şairin şeirlərindən ibarət bədii kompazisiyanı da video link bölməsində izləyə bilərsiniz. Vidoeçarx hazırlanarkən , televiziya rejissoru Tariyel Vəliyevin “Pəncərədə işıq” filminin kadrlarından istifadə olunmuşdur.

 

 

XATIRLA MƏNİ

Başın üstə dəli yellər
Əsəndə xatırla məni.
Taleyin dönük illərdən
Küsəndə xatırla məni.
Ərit intizar dağını,
Çevir sevgi varağını,
Aylar, illər qərarını
Kəsəndə xatırla məni.
Dönən deyil gedən gəmi,
İlim-ilim itən gəmi.
Sevgin ömrünü daş kimi
Əzəndə xatırla məni.
Moskva, 22.09.1987

 

 

BİLƏR

– Can nədi?
– Sinəsinə
Əzrayıl çökən bilər.
Gül nədi, ətir nədi?
Dan üzü tikan bilər.
Can – torpağa sadağa,
Bük sən ağa, ay ağa!
Ruzi nədi?
– Torpağa
Bir-bir dən əkən bilər.
Üzü bozdu möhnətin,
Üzü gülməz heyrətin.
– Sevgi nədi?
– Həsrətin
Qolunu bükən bilər.
Dərddi dünyanın işi,
Qeylü-qaldı vərdişi.
Dərd tanımaz hər kişi,
– Dərd nədi?
– Çəkən bilər…
30.03.2001

 


ÇIRAĞIN OLUMMU?..

Ay pərişan saçlı qız,
darağın olum sənin.
Sabahlara səsləyən
Sorağın olum sənin.
Dərdinə üz olsa söz.
Dərdindən üzülsə söz,
Dilində köz olsa söz,
varağın olum sənin.
Dərdin ocağı sönsün,
Həsrətin üzü dönsün,
Yolun ağ yola dönsün,
Çırağın olum sənin.
Dekabr, 2001

 

 


SƏNƏ OXŞAYIR

Bahar fəsli ləçəklənən
Çiçəklər sənə oxşayır.
Yarpaqlara sığal çəkən
Küləklər sənə oxşayır.
Həsədini çəkən gül də,
Xiffət nəğməli bülbül də,
Yanan-yandıran könüldə
Diləklər sənə oxşayır.
Günəş kimi işıq saçan,
Saf eşqinə nəğmə qoşan,
Çaylar kimi aşıb-daşan
Ürəklər sənə oxşayır.
İspaniya, 1999

 

 


BİR ÇƏMƏN ÇİÇƏK

Ötəri bir duyğu bilmədim eşqi,
Gültək qorumuşam eşqi həmişə.
Sənin görüşünə çiçək almadım,
Qəlbimi götürüb gəldim görüşə.
Dünyanın gözünə kül ələyək gəl,
Qoy yenə qoynunu açsın göy meşə.
Təbiət səxavət əlini açsın,
Sənə nərgiz düşsün, mənə bənövşə.
Ləçəyi titrəsin nərgizin yenə,
Yenə bənövşənin gözləri dolsun.
Gələndə ayrılıq, gələndə hicran,
Sevgimiz ətirli gül-çiçək olsun.
Hər gələn baharda dirilib açan,
Zərif bir çiçəkdi ürəkdə sevgi.
Axşam da, səhər də çöllərdə qaçan
Dəlisov küləkdi ürəkdə sevgi.
Aydan arı olsun, sudan da duru,
Bir ömür yaşayaq saf niyyət kimi.
Həyatda çaşmayaq, azmayaq yolu,
Sevəndə də sevək təbiət kimi.
Afina, 13.08.2004

 

 

 


GÖZƏLİN GÖZLƏRİ GÖZLƏYİR MƏNİ

Yolların ağını seçib gələrəm,
Aşılmaz dağları keçib gələrəm,
Ərənlik şərbəti içib gələrəm,
Gözəlin gözləri gözləyir məni.
Sərt yarğan, gen dərə, qarşımı kəsmə,
Yolumdan qalaram, ey külək, əsmə,
Hara qaçasıyam, əcəl, tələsmə,
Gözəlin gözləri gözləyir məni.
Saçıma dən düşüb, ruhum cavandı,
Sevməsəm,
deməli, ömür gümandı,
Məhəbbət – ömürdü,
ömür – amandı,
Gözəlin gözləri gözləyir məni.
Bakı, 25.01.2004

 

 


KEÇİR, QƏLBİMDƏN KEÇİR

Məni
doğma diyardan alıb
uzaqlara aparan
yollar keçir qəlbimdən.
Yollarıma uzalı
əllər keçir qəlbimdən.
Həsrətdən boyun bükən
güllər keçir qəlbimdən.
Vətən bulaqlarından
Ovuclayıb su içmək,
Dağ aşmaq, dərə keçmək
keçir, qəlbimdən keçir.
Ana Vətən yolunda,
Əsirgəməz ər canı.
İndi güllər bitirər
Tökülən şəhid qanı.
Bu, sevgi tonqalıdı,
Yanacaq, sönməyəcək.
Üçrəngli bayrağımız
Bir daha enməyəcək.
Hücum səngəri bilər
Hər kəs Murov dağını.
Qeyrət, təpər, heysiyyət
Diz çökdürər yağını!
Bax, bu arzu, bu istək
keçir, qəlbimdən keçir!..
Bakı, 1993

 

 

 
VƏTƏNİMDƏN UZAQDA

Həyat elə həyatdı,
Arzu-kama qanaddı.
Ürəyim narahatdı
Vətənimdən uzaqda.
Qəflət içrə yatmadım,
Sevgimi mən atmadım,
Yurdumu unutmadım
Vətənimdən uzaqda.
Qərib kimi gəzərəm,
Ürəyimi üzərəm,
Həsrətimi gizlərəm
Vətənimdən uzaqda.
Fikrim-zikrim – Vətənim,
«Yurdum, yuvam, məskənim».
Gülərmi qəlbim mənim
Vətənimdən uzaqda?!
İspaniya, 1999

 

 

 

 

 

 

 #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #alim

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə