Təqvim
Gülağa Tənha Sevgi şeirlərindən seçmələr...
27 iyun 2020 - 15:00

Keçən yayımda söz verdiyimiz kimi Canveten.az - saytı xeyriyyəçi - şair Gülağa Tənhanın "Seçilmiş əsərlər" i adlanan 10 cildlik şeirlər kitabının I cildində yer alan, (redaksiya tərəfindən seçilən) xüsusən sevgi mövzusunu əks etdirən növbəti şeirlərini təqdim edir. Video link bölməsində Gülağa Tənha yaradıcılığına müraciət etmiş sənətçi Həlimət Sultan, Şairin şeirlərinin ovqatını çatdırcaq şəkildə səsləndirmişdir...

 

 


ÖMRÜM

Dünya imtahandı, sınaqdan keçdim,
Ömür nəğməsini təkcə oxudum.
Əlimdən, qolumdan tutan olmadı,
Həyat xalçasını özüm toxudum.
Şikayət etməyin mənası varmı?
Mənim də taleyim belə gətirdi.
Güvəndim alnımın axan tərinə,
Ruzimi Tanrının özü yetirdi.
Dərsimi almışam neçə alimdən,
Amma müəllimim həyat olubdu.
Təklik güc gələndə qərib ömrümə,
Zəhmətim qoluma qanad olubdu.
Bəzən yorulsam da, heydən düşsəm də,
Ümid həyatımın dayağı olub.
Qəfil, gözlənilməz zərbə yesəm də,
O mənim qəlbimin mayağı olub.
Ömrün xoş günündə, qəmli günündə,
Məni də yaşadan sevən ürəkdi.
Bir gün də sevgisiz yaşaya bilməz,
Duyğusuz bir ürək kimə gərəkdi?
İspaniya, 2000

 


QURBAN

Sənə ürək verdim, dedin «Nə azdı!»
Gül dərdim, deyindin:
– Onsuz da yazdı!
Bilmədim baxışın tənədi,
nazdı,
Məni məndən alan gözünə qurban.
Yetim bənövşətək boynunu burma,
Görəni öldürür, ədalı durma.
Sözünü açıq de, ədalı durnam,
Nə desən qəbuldu,
sözünə qurban.
Telini tumarçın əlim də yanır,
Sevirəm deməyə dilim də yanır,
Halımı görəndə elim də yanır,
Qədərim özünsən,
özünə qurban.
İspaniya, 2003

 


MƏNİM MƏHƏBBƏTİM – MƏNİM VARIMDI

Dünyaya boylanan üzüm olubdu,
Dilimi isidən sözüm olubdu,
Ocağım olubdu, közüm olubdu,
Mənim məhəbbətim –
mənim varımdı.
Dünyanın sərvəti gəldi-gedərdi,
Sevgisiz bir həyat puçdu, hədərdi,
Qiyməti ürəyim,
ömrüm qədərdi,
Mənim məhəbbətim –
mənim varımdı.
Qəm nədi,
dərd nədi, qəti bilmərəm,
Onsuz sevinmərəm,
onsuz gülmərəm,
Könlümdə yaşarsa heç vaxt ölmərəm,
Mənim məhəbbətim –
mənim varımdı.
İspaniya, sentyabr, 1998

 


SƏNƏ OXŞAYIR

Bahar fəsli ləçəklənən
Çiçəklər sənə oxşayır.
Yarpaqlara sığal çəkən
Küləklər sənə oxşayır.
Həsədini çəkən gül də,
Xiffət nəğməli bülbül də,
Yanan-yandıran könüldə
Diləklər sənə oxşayır.
Günəş kimi işıq saçan,
Saf eşqinə nəğmə qoşan,
Çaylar kimi aşıb-daşan
Ürəklər sənə oxşayır.
İspaniya, 1999

 

 

AYLA DƏNİZ

Gecənin yarısı pəncərəsindən
Bir gözəl dənizə,
Aya baxırdı.
Nurlu Ay dənizə işıq saçırdı,
Dəniz xumarlanır, dəniz axırdı…
Baxdıqca Tanrının möcüzəsinə,
Könlümdə duyğular aşıb-daşırdı.
O gecə gözünü yummadı afət,
Bu sehrə həsədlə tamaşa edən
Ulduzlar xəfifcə pıçıldaşırdı.
Ay dənizə, dəniz Aya,
hər ikisi bu gecəyə,
bu dünyaya
yaman yaraşırdı.
İspaniya, sentyabr, 1999

 


HARA BAXIRAMSA SƏNİ GÖRÜRƏM

Mən səni tanıdım…
Mən tanıyantək
Tanıya bilmədi bu cahan səni.
Mən özüm özümü unutdum, ancaq
unuda bilmədim bircə an səni;
Hara baxıramsa səni görürəm.
Qıyğacı baxışın, can alan nazın,
Çəməndə güllərin ləçəyindədi.
Gülüşün, qəh-qəhən, şirin avazın,
Baharda quşların cəh-cəhindədi;
Hara baxıramsa səni görürəm.
Birgə seyr edərdik Ayı, ulduzu,
Bir zaman bu səma, yer bizimiydi.
Tikanlar bitirən o yer, gözəlim,
Bizim gözdən uzaq yerimiziydi;
Hara baxıramsa səni görürəm.
Hər ömür sevdalı röya olsa da,
Can alan, can udan dərya olsa da,
Bu dünya həminki dünya olsa da,
Hara baxıramsa səni görürəm.
Sənli günlərimin xatirələri,
Ruhumu titrədir illərdən bəri.
Dünya dəyişməyib…
Ay gözəl pəri,
Hara baxıramsa səni görürəm.
İspaniya, 1999

 


GECƏLƏR ULDUZLU SƏMAYA BOYLAN


Burada yolumuz ayrılır demək,
Elə əhdimiz də bura qədərmiş.
Ağrıya-acıya dözəcək ürək,
Sevgimizin sonu qəmmiş, kədərmiş.
Qəfil qonaq kimi,
ilk bahar kimi,
Gəldi sevda dəmi, məhəbbət çağı.
Kökləndi qəlbimdə kamanın simi,
Əridi,
qalmadı gözümün yağı.
Əlvida deyirəm bu ağır anda,
Məni xatırlasan nə alış,
nə yan.
Gözlərin yuxuya həsrət qalanda,
Gözəlim,
ulduzlu səmaya boylan.
İspaniya, sentyabr, 1998

 


İLK SEVGİ

Səni unutmadım qürbət ellərdə,
Gözümdə yaşayır qəmli gözlərin.
Gecə də, gündüz də xatirələrdə,
Yenə görüşünə gəlirəm sənin.
Sənli günlərimi yaddaşdan alıb,
Səhifə-səhifə varaqlayıram.
İllər acizləşir…
Xəyala dalıb
Qara saçlarını daraqlayıram.
Bəzən unudaraq dərdi-sərimi,
Özümü qayğısız cavan sanıram.
Yadıma salaraq xoş günlərimi,
Yenə için-için alovlanıram.
Nazlı bir baxışdan, şirin bir sözdən,
Sevinib quş kimi qanad açardıq.
Qaçıb gizlənərdik nəzərdən, gözdən,
Elə şirin-şirin pıçıldaşardıq.
Tale sevincidi, tale kədəri,
Yandıran, yanandı ilk sevgi, nədən?
Bəndənə sən verdin belə qədəri,
Niyə can alandı ilk sevgi görən?
İspaniya, 1998

 


TƏSƏLLİ

Getmisən, gözəlim, o vaxtdan bəri,
Könlümə dağ çəkir qara həsrətin.
Dünyanın arşını əyilməmişdi,
Şirin təranəydi sözün-söhbətin.
Şirin bir yuxusan, əlçatmaz dilək,
Əbədi qalmısan sevincdə, qəmdə.
Hicranın ağırdı, dözməyir ürək,
Göylərə çəkilib nəğmələrin də.
Həsrətin odunda tab eləməyə
Sevdam dözümümə müəllim oldu.
Ömrü sevgi ilə başa vurmağa,
Xatirən ən şirin təsəllim oldu.
Moskva, 1999

 


İNCİTMƏ MƏNİ

Hər gün, hər axşam
Gözlərəm səni.
Tənha qalmışam
İncitmə məni.
Ey nazlı canan,
Gözləri ceyran,
Mən sənə heyran,
İncitmə məni.
Vuruldum sənə,
Yandım eşqinə,
Zülm etmə mənə,
İncitmə məni.
Sənsən həyatım,
Eşqim-büsatım,
Ən xoş saatım,
İncitmə məni.
Qollarını aç,
Ömrümə nur saç,
Başıma ol tac,
İncitmə məni.
Gülağa vurğun,
Kədərli, yorğun.
Çöhrəsi solğun,
İncitmə məni.
Sumqayıt, 04.10.2003

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #alim

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə