Təqvim
Ağalar İDRİSOĞLU: İstedad Allah vergisidi - FƏRİDƏ MƏMMƏDOVA
14 aprel 2020 - 22:40

İstedad Allah vergisidi

Keçən ilin sentyabr-dekabr aylarında Mingəçevir Dövlət Dram teatrında iki tamaşaya- Qənbər Şəmşiroğlunun ( Roman əsasında səhnələşdirənlər- Nəriman Ocaqlaı, Ağalar İdrisoğlu) “Caninin etirafı” ( iki hissəli faciə-məhəbbət odası ) tamaşasına və Nobel mükafatı laureatı Redyard Kiplinqin “Mauqlu” əsəri əsasında, Nicat Kazımovla birlikdə səhnələşdirdiyimiz, “Mauqlinin yeni il arzuları” tamaşasına çox böyük uğurla quruluş verdim. Bu tamaşaları hazırladıqca teatrın kollektivinin çox peşəkar, işlək, öz işini bilən və işləməyə böyük həvəsi olan kollektiv kimi gördüm. Mənim quruluş verdiyim hər iki tamaşada cavan aktrisa Fəridə Məmmədova yüksək ustalıqla, “Caninin etirafında” baş rollardan biri-Gülcanı və “Mauqlinin yeni il arzuları” tamaşasında Qar qız rolunu yüksək peşəkarlıqla oynadı. Teatr sahəsində ali təhsili olmayan bu xanım, teatrda işlədiyi 12 ildə həmişə demək olar ki, baş rolları oynayıb və həmişə də özünün yüksək peşəkarlığı ilə oynadığı rolları obrazlar səviyyəsinə qaldırmaqla, həm teatr mütəxəssislərinin, həm tamaşaları hazırlayan rejissorların və həm də tamaşaçıların dərin məhəbbətini, hörmətini, inamını qazanıb. O, bu gün ali təhsilli aktyorlardan özünün fiti istedadı ilə heç də geri qalmır. Özünün daxili duyumu, səhnədə oynadığı hər bir hadisəyə dərindən inanması, məlahətli səsi və tərəf müqabilini çox yaxından duyması ona baxan tamaşaçıda aktrisanın oyununa inamı daha çox artırır. Onun, “Caninin etirafı” tamaşasındakı oyununu izlədikcə, baxmayaraq ki, bu tamaşanın quruluşçu rejissoru və müəlliflərindən biri olsam da, bir tamaşaçıya çevrilirdim və onun oyunundan, daxili duyumundan və bu daxili duyumu boyalarla hərəkətlərə çevirməsindən təsirlənirdim…
Fəridə xanımla söhbət etdikdə onun həm də şeirlər yazdığını öyrəndim. Bu, ömrünün 50 ilini bədii yaradıcılığa həsr eləyən insan kimi məndə maraq yaratdı. Xahiş elədim ki, şeirlərini gətirsin oxuyum. Onun şeirlərini oxuyandan sonra gördüm ki, Fəridə Məmmədova poeziya sahəsində də yaxşı duyuma malikdir. Yadıma dahi insanlardan birini bu sözləri düşdü: “Böyük Yaradan istədiyi bəndələrə istedad verəndə, bu sahələri şaxəli verir. Ona görə də istedadlı insanlar bir neçə sahədə istedadlı olurlar”.
Əziz oxucular indi mən sizə Fəridə Məmmədovanın bir neçə şeirini təqdim eləyirəm. İnanıram ki, bu şeirlər, sizin də xoşunuza gələcək.


Ağalar İDRİSOĞLİ,
Yazıçı, rejissor, dramaturq, publisit, jurnalist,
Əməkdar incəsənət xadimi

FƏRİDƏ MƏMMƏDOVA

ATAMI İSTƏYİRƏM

Atamın gülüşünü, səsini istəyirəm,
Hərdən sert baxışını, sözünü istəyirəm.
Atam evə gələndə tez baxardıq üzünə,
Yorğun görünməsəydi oturardıq dizinə.
Gah keçən əhvalatdan, gah nağıl söyləyərdi,
Hərdən xəyala dalıb nə isə düşünərdi.
Onun baxışlarından, fikrini oxuyardiq,
Tez açıb çantamızı biz kitab oxuyardıq.
Nəvaziş göstərərdi bizə sığal çəkərdi,
Sanki o an boyumuz bir buğda böyüyərdi.
Haram tikə yemədik, haram paltar geymədik,
Atamın sayəsində korluq nədi bilmədik.
Gah kəndlərdə işlədi, gahdaki şəhərlərdə,
Gah binalar tikərdi, gahdaki yol çəkərdi.
Biləyi yorğun atam, əli qabarlı atam.
Daglı aranlıydıq, qonaqlı-qaralıydıq,
Arxa dayaqlıydıq, atalıydıq bir zaman.
İndi haqq dünyasında, Allah dərgahındasan,
Bilirəm ki, ay ata cənnət diyarındasan.
Qınamayın siz məni, ağlamaq istəyirəm,
Anlamaz cocuk kimi, atamı istəyirəm.
Başıma tumar çəkən əlini istəyirəm,
Atamın nəfəsini , səsini istəyirəm.
Atamı istəyirəm… Atamı istəyirəm…

MƏNİ MÖHTAC QOYMA ALLAHIM

Düzə əyri baxanlara,
Söz alıb söz satanlara,
İki üzlü insanlara,
Məni möhtac qoyma Allahım.
Eşqi ucuz tutanlara,
Mələk cildli şeytanlara,
Əğyarlara, nadanlara,
Məni möhtac qoyma Allahım.
Əcdadını dananlara,
Vicdanını satanlara,
Arxadan daş atanlara,
Məni möhtac qoyma Allahım.
Qardaşı arxadan vuran qardaşa,
Yalan gülüşlərə, xain baxışa,
Saxta təriflərə, saxta alqışa,
Məni möhyac qoyma Allahım.
Haqqa nahaq deyənlərə,
Qul haqqını yeyənlərə,
Məzluma zülm edənlərə,
Məni möhtac qoyma Allahım.
Fəridəyəm hər sözümdə var məna,
İnanıram qismətimə, alın yazıma,
Əl açıb şükür edirəm Ulu Tanrıma
Məni mənə möhtac qoy Allahım.
Məni sənə möhtac qoy Allahım.

SEVMİŞDİM SƏNİ

Həyatın axarına buraxdın məni,
Nə soraqlaşmadın, nə soruşmadın.
İlk çətin anımda sən atdın məni,
Nə anlamadım, nə də anmadım.
Özümdə dağ boyda olan məhəbbət,
Bir anda kiçilib çınqıla döndü.
Bilməzdim axırı belə olacaq,
Güvəndiyim dağlara qarlar yağacaq.
Sənə dürüst oldum hər sözdə hər əməldə
Sənə yoldaş oldum hər işdə, hər səfərdə,
Sənə qurban verdim günlərimi, ilimi…,
Sənsə öz əməlinlə boğdun mənim sevgimi.
Bu sevgiyə çox güvəndim, həyatımın eşqi bildim.
Ancaq, çox üprəndim, çox yanıldım,
Bu sevgi yolunda mən tənha qaldım.
Dediyin şirin sözlər hələ qulağımdadı,
Hədiyyə üzüyün də, hələ barmağımdadı,
Səni deyə bilmərəm, mənim üçün çox çətindi,
Əlinin hərarəti hələ də əlimdədi.
Başıma gələnlər saflığımdandır,
Səni sevdiyimdən, inamımdandır,
Nə qədər ehtibarsız olsanda mənə,
Get, haqqımı halal edirəm sənə.
Halal edirəm sənə.

NİFRƏT EDİRƏM

Bir neçə kafesi, mağazası var,
Yenə də göz dikir fəhlə puluna.
Fərqli şəhərlərdə ev -eşiyi var,
Göz dikir kasıbın bir daxmasına,
Ac göz insanlara nifrət edirəm.
Ferması var, malı var, qarası var.
Toyuğu, cücəsi, hinduşqası var,
Köpək sürüsü, at ilğısı var,
Gözü qalıb qonşusunun kor yabısında.
Ac göz insanlara nifrət edirəm
Alma bağları, fındıq bağları,
Üzüm tarlaları gözü oxşayır.
Bağbana bir gilə qıymayan ac göz,
Qonşu bağlarında salxım oğrayır.
Ac göz insanlara nifrət edirəm.
Xarici maşınlar durub yan-yana,
Biri oğlunundu, biri qızının,
Bu tamahkarın nəfsi doymayır,
Gözü qonşusunun, “Niva”sındadı.
Ac göz insanlara nifrət edirəm.
Qohumu qardaşı heç vaxt aramaz,
Xeyirdə görünməz, şərə yaramaz,
Kasıba, məzluma hec vaxt əl tutmaz.
Ancaq öz xeyrini güdər yaramaz,
Ac göz insanlara nifrət edirəm.
Qəfildən xəbər gəldi atan öldü dedilər,
Gözləri yaşardı xəyala daldı.
Görəsən heç sızladımı vicdanı?
On ilə yaxındı görməyirdi atasını.
Nankor övladlara nifrət edirəm!

ULlU ÖNDƏR

Ulu öndər sən daima bizimləsən,
Qarşımızda kitabın dilimizdə şüarın,
Gəl yerini bilməyəni qaldır yerindən,
Haqsiz danışanı sözünü kəs,
Xalqıma düşmən olanın kökünü kəs.
Vətənimə uzanan əlləri kəs,
Ulu öndər sən daima bizimləsəm.
Uşaqlarla uşaq oldun qocalarla qocaldın,
Kimsəsizə dayaq oldun, gənclərə dəstək oldun.
Ulu öndər müqəddəssən ulusan,
Tanrının bəxş etdiyi sən müqəddəs ocağsan.
Gəlin dostlar sıx birləşək, büdrəməyək,
Yağı düşmən aramıza girməsin.
Çaylarımız axar olsun, ocağımız sönməsin,
Xalqımızın üzü gülsün, qəm küdurət bilməsin.
Üç rəngli bayrağımız yüksəklikdən enməsin,
Azərbaycan adlı mirası var bu millətin.
İlham adlı sərkərdəsi var bu millətin.
Əziz xalqım bu haqq yoldan çəkinməyək,
Ulu Heydər duhasıyla irəliləyək-irəliləyək,
Uğurlu gələcəyə inamla gedək, İlhamla gedək.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə