Təqvim
Birinci vitse-prezident Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb (ViDEO+FOTOLAR)
04 aprel 2019 - 11:36

Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək bildirib ki, üç il bundan əvvəl Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. Bugünkü görüşün üç il bundan əvvəlki Aprel döyüşlərinə, ordumuzun qələbə gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın görüş iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə deyilir: “Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq Qarabağ və digər yeddi rayonumuz artıq 25 ildən çoxdur Ermənistan respublikası tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. 1994-cü ildə atəşkəs razılığının əldə olunmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı dəfələrlə silahlı təxribat törətmiş, lakin xalqımızın sizin kimi igid oğullarının qəhrəmanlığı və şücaəti sayəsində Azərbaycan Ordusu bu təxribatların qarşısını alaraq düşmənə hər zaman layiqli cavab vermişdir.

Siz Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığınızı itirmisiniz. Bununla da öz ölkənizə, xalqınıza, Prezident və Ali Baş Komandanınıza sadiqlik nümayiş etdirmisiniz. Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mərd və cəsarətli oğullarının olması ilə fəxr edir. Sizin apardığınız mübarizə haqq mübarizəsidir. Azərbaycan dövləti münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələni əsirgəmir.

2016-cı ildə baş vermiş Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq. Aprel döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini, həmrəyliyini və yenilməz iradəsini bir daha nümayiş etdirdi. Məhz Aprel döyüşlərinin cəsarətli iştirakçılarının qəhrəmanlığı nəticəsində bu gün Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərddir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərərək ömürlərini Vətən yolunda qurban verdilər, şəhid oldular. Öz həyatını Vətən naminə qurban vermiş mərd oğullarımızın xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.

Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin sağlamlığınızın bərpası və normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atır və bundan sonra da atacaqdır. Mən sizin hər birinizə cansağlığı və uğurlar arzulayıram”.

Görüşdə polkovnik-leytenant Eldəniz Sadıqov çıxış edərək deyib ki, 3 il bundan əvvəl baş vermiş Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə və bütün dünyaya öz gücünü sübut etdi. 2016-cı ilin aprel ayında düşmənin kəşfiyyat və diversiya qruplarının hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən alındı. Düşmənin müdafiə xətti tez bir zamanda yarılaraq mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Bu, bir daha sübut etdi ki, bizim güclü və nizami ordumuz var. Biz öz torpaqlarımızı geri qaytaracağıq. Azərbaycanın Ali Baş Komandanı ordumuza yüksək qayğı göstərir, hərbçilərin məişət şəraitinin yaxşılaşdırılmasına, müasir hərbi hissələrin tikilməsinə, zabitlərin yeni evlərlə təmin olunmasına böyük diqqət ayırır. “Aprel döyüşlərində mən və mənim silahdaşlarım bilmirdik ki, şəhid olacağıq və ya sağ qalacağıq. Biz o haqda heç düşünmürdük. Çünki inanırdıq ki, biz şəhid olsaq da, Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq”, - deyə Eldəniz Sadıqov bildirib.

Xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirən zabitlərin, əsgərlərin özlərini cəmiyyətdən kənar hiss etmədiklərini söyləyən kapitan Amil Dadaşov bununla qürur duyduqlarını qeyd edərək deyib: “Aprel döyüşlərində yaralanan hərbçi yoldaşlarım artıq üç il ərzində dinamik həyat fəaliyyəti ilə məşğul olurlar, insanların arasındadırlar”. Amil Dadaşov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Baş leytenant Namiq Əliyev qeyd edib ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilib. “Bütün bunlar bizlərə verilən dəyər və qiymətdir. Bu gün biz ayağımızı, gözümüzü itirsək də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan alırıq”, - deyə Namiq Əliyev bildirib.

Görüşdə MEDİCOM şirkətinin direktoru Anar Rüstəmov Heydər Əliyev Fonduna minnətdarlığını bildirərək, protezlərlə təmin edilən hərbçilərimizə də layihə çərçivəsində görülən işlərdəki ruh yüksəkliyinə görə təşəkkürünü bildirib.

Sonra hərbçilərə Heydər Əliyev Fondunun təşəkkürnamələri təqdim edilib.

Daha sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb, onlarla səmimi söhbət edib.

Söhbət zamanı Mehriban Əliyeva vətənpərvər övladlarımızın qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək olacağını vurğulayıb.

Hərbçilər göstərdiyi diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Belə ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.

Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.

Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə