“Dostu olmayan kəsin ehtiyat azuqəsi olmaz.” İmam Əli (ə) Dostluq barədə yazıma ötən əsrin otuzuncu illərində bizim cənub bölgəsində olmuş bir əhvalatı nəql etməklə başlamaq istəyirəm. Arxiv sənədlərinə istinadən göstərilir ki, müdhiş repressiya illərində əhalinin hər min nəfərinə düşən qurbanların sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində “öncül” olub. Odlar Yurdunda 100 minə yaxın günahsız insan - ziyalı, hərbçi, mədəniyyət - incəsənət xadimi, alim, şair və yazıçı ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ siyasətinin qurbanı olub. Onların arasında Şərqin böyük elm mərkəzi Nəcəfül-Əşrəfdə ali ruhani təhsili almış görkəmli din xadimləri də vardı. NKVD əməkdaşlarının “xalq düşməni” kimi həbs etdiyi ruhanilərin çoxu Qazaxıstana, Orta Asiyaya, şaxtalı-çovğunlu soyuq Sibirə və digər yerlərə sürgün edilirdi. Bəzilərinin mülkiyyəti şura hökümətinin yerli orqanları tərəfindən müsadirə olunur, “qərara” etiraz edənlər, hakimiyyət nümayəndələrinə müqavimət göstərənlər yerindəcə güllələnirdilər. Belə günlərin birində qara meşin pencəkli “enkevedeçilər” islam elmlərinin tədrisi ilə məşğul olan Şeyx Bəşir adlı tanınmış axundun əvəzinə onun həmkəndlisi molla Mirbəşiri həbsə alıb günlərlə ac-susuz saxlayıb sorğu-sual edirlər. Ondan sovet hökümətinin əleyhinə təbliğat aparan ruhani həmkarlarının və Ərkivan məscidində dini təhsil verdiyi tələbələrin adlarını soruşurlar. Amma mərd və qorxmaz molla Mirbəşir ağa nə qədər əzab-əziyyət çəkib, sürgünlə, ölümlə hədələnsə də demir ki, mən Şeyx Bəşir axund deyiləm... Çox çəkmir ki, “xalq düşməni” elan olunan din xadimi ağır xəstələnir. Bir neçə aydan sonra onu azadlığa buraxırlar. Lakin həbsxanada ağır xəstələnən Molla Mirbəşir 1938-ci ildə 58 yaşlı dünyasını dəyişir. Onun xilas etməyə çalışdığı Lənkarani və Ərkivani təxəllüsləri ilə nəinki Azərbaycanda, Qfqazda tanınan Şeyx Bəşir axunddan da repressiya tufanı yan ötmür. Beş il azadlıqdan məhrum edilməklə yanaşı, şeyxin bütün əmlakını müsadirə edirlər. Azadlığa çıxandan sonra isə ona uzun müddət vətəndaşlıq hüququ verilmir, yalnız 1953-cü ildə Şeyx Bəşir axund din xadimi kimi fəaliyyətini bərpa etməyə nail olur. Şeyx Bəşir axund hələ XIX əsrin 70-80 –cı illərindən başlayaraq Quranın qiraəti ilə yanaşı “Gülüstan”, “Bustan” kimi kitabları çox yaxşı mütaliə etmişdi, kəlam və təfsirin gözəl bilicisi və öz dövrünün nüfuzlu din xadimlərindən bir idi. Əvvəlcə Ərdəbildə və Zəncanda mükəmməl ruhani təhsili almışdı. Sonra Nəcəfül-Əşrəfdə dini və dünyəvi elmlərə yiyələnmişdi. Azərbaycanlı ruhanilər arasında Ayətullah rütbəsinəcən yüksələn Şeyx Bəşir axund Vətənə qayıdandan sonra 200-dən çox tələbəyə orta ruhani təhsili vermişdi. 1966-cı ildə - 105 yaşında haqqın rəhmətinə qovuşan şeyxin adı bu gün də dini mərasimlərdə ehtiramla çəkilir. Bəs görəsən aylarla dəmir məngənəli həbsxanada ac-susuz qalıb sürgünü, ölümü göz altına alan və ağır xəstəlik tapan Molla Mirbəşir axundu Şeyx Bəşiri xilas etməyə hansı hisslər vadar etmişdi? Bəlkə, aldığı ailə tərbiyəsi, yiyələndiyi dini biliklər? Bəlkə ali elmi-mənəvi məqamlara sahib olan ağsaqqal ruhani həmkarını qorumaq onun Allaha sevgisindən və dostluğa sədaqətindən irəli gəlirdi? Axı aralarında böyük yaş fərqinə baxmayaraq onlar həm də dost idilər. Dünyagörmüş müdriklər təbirincə desək, hər yaşda dost qazanmaq olar. Dostluğun yaşı olmur. Bu əhvalatı “Seyid Sadıq” sənədli filmini çəkərkən Axund Hacı Mirqiyas Hüseynlidən eşidəndə dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu misralarını xatırladım: Elə sadiq dost ara, səni darda qoymasın, Çəkib tordan çıxarsın, səni torda qoymasın. Dost insanın zinətidir. Dostluğa ən gözəl insani hisslərin və münasibətlərin məcmusu deyirlər; Əsl dostluğun təməli sədaqət, fədakarlıq, səmimilik, inam, düzgünlük və bu kimi keyfiyyətlərin üzərində qurulur. Və əsl dost təkcə xoş günlərin dostu olmur, həm də ağır günlərin dostu olur! Azərbaycanda çox yaxşı atalar sözü var: “Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın!” Xalq şairi Rəsul Rzanın təbirincə desək, “Dostluq var ki, tufanlar, fırtınalar onu yıxa bilmir” Əlbəttə, çətin sınaqlardan keçən belə dostluq çox ibrətamizdir. Çətinliklərdə bərkiyən, sınaqdan keçən dostluq uzunömürlü olur... Qarşılıqlı maraqların ədalətli, səmimi olması cəmiyyətdəki mövqeyindən, peşəsindən, vəzifəsindən asılı olamyaraq insanlar arasındakı ünsüyyəti daha da möhkəmləndirir və sarsılmaz dostluğa çevirir. Dost sədəqəti və ya sədaqətli dostlar haqqında elimizdə - obamızda belə nümunələr az deyil. Bəli, düz deyiblər ki: “Yaxşı dost böyük xəzinədir”. Dostluqda sədaqət isə bu xəzinənin tükənməz sərvətidir, güc qaynağıdır. ... Dünyanın ən qədim çağlarından - antik dövürlərdən başlayaraq ta bu günümüzə qədər dostluq barədə söylənilən hikmətli kəlamlar, fəlsəfi fikir yarpaqları öz təravəti ilə ruhumuzu cilalayır. Sirr deyil ki, hikmətli fikirlərin insan həyatında və intellektual yaradıcılıqda rolu danılmazdır. “Dost nədir?" sualını qədim yunan filosofu Aristotel belə cavabladırıdı: "İki bədəndə yaşayan bir ruh". İslamda müdriklik, dürüstlük, igidlik, hörmət rəmzi sayılan, Raşidi xilafətinin dördüncü xəlifəsi İmam Əli (ə) dostluq barədə bir kəlamı da eynən bu fikirlə səsləşir: “Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar.” *** Müasir gənclərdən fərqli olaraq bizim dövrün gəncləri “Kəlilə və Dimnə”, “Qabusnamə”, “Əxlaqi –Nasiri” kimi tərbiyə mövsuzunda kitabları oxuyub, mütaliə edərdilər. Bu kitabların çoxu şərq xalqları ilə yanaşı avropalıların da ruhunu fəth etmişdir. Belə əsərləri həm də Qərb və Şərq mədəniyyətlərini birləşdirən düşüncə körpüləri adlandırmaq olar! Məsələn, özünün məzmun rəngarəngliyinə görə Şərq və Qərb aləmində "Qabusnamə" kimi şöhrət tapmış əsər bütün dillərə tərcümə edilmişdir. Məhz həmin kitabda dostluq barədə belə deyilir: “Ey oğul, özünə dost seçərkən ehtiyatlı ol. Dostlarının çoxluğuna bel bağlama, əsl dost özünü hesab et. İrəliyə və geriyə diqqətlə bax. Dostlarının etibarlılığına ümid edib arxayınlaşma. Dostu xoş və bəd gündə yoxla: xoş gündə hörmətinə, bəd gündə köməyinə görə. Düşmənini düşmən hesab etməyəni dost bilmə, elə adam tanış sayılar, dost sayılmaz...” Çinlilərin də belə atalar sözü var: “Dünyada çox tanışınız ola bilər, amma həqiqi dostlar çox azdır”. Azərbaycan mədəniyyətində qədimdən dostluq anlayışı çox böyük məna kəsb edir. Ruhən yaxınlıq, vəfalı dostluq hər şey deməkdir! Aşıq demişkən: Dost vəfalı olsa onun yolunda, Keçib şirin candan ölə bilərəm. Halalca malımı böl deyən anda Ata malı kimi bölə bilərəm... ...Söz yox ki, dünyada elə şeylər var ki, yaş üstünə yaş gəldikcə onun mənasının dərinliyinə varırsan, həyat təcrübəsindən öyrəndiklərini miras kimi gənc nəsilə ötürmək istəyirsən! Bəs görəsən müasir texnologiyalar, internet əsrində yaşayan gənclər böyüklərdən bu estafeti qəbul etməyə nə dərəcədə hazırdırlar? Axı biz dosluqda, mərdlikdə, sədaqətdə sayılıb - seçilən şəxsiyyətlərimizin adına dastanlar qoşa-qoşa, əməllərini nəsildən-nəsilə yetirən xalq olmuşuq. Fəqət, burası da var ki, müasir zaman prizmasından baxanda məhəbbətin də, dostluğun da xarakteri dəyişir. Canlı ünsüyyət formalarının yerini virtual görüşlər, dostluqlar əvəz edir. Mənim fikrimcə, heç bir virtual münasibət canlı münasibətlər qədər qəlbəyatımlı, könül və ruhoxşayan ola bilməz! Dost insana arxadır, köməkdir, dayaqdır. Dost - üzləşdiyin problemləri daha asanlıqla dəf etməyə dəstək verən güc verən qüvvədir, qüdrətdir. Yazımın bu yerində elə dostdan eşidiyim bir əhvalatı diqqətinizə çatdırmaq istəyirəm. *** Belə nəql edirlər ki, qədim zamanlarda çox müdrik bir qoca varmış. Onun yeddi qoçaq oğlu, vur-tut yeganə bir gözəl qızı imiş. Ailənin sonbeşiyi olan bu gözəl on beş yaşını yenicə doldurmuşdu. Günlərin bir günü qışın qarlı səhərlərin birində bu kişi yuxudan oyanıb görür ki, həyətdə üç ləpir var. Bu ləpir izləri ailənin başçısını xeyli düşünələrə qərq edir. Yeniyetmə qız olan evin həndəvərində gecənin bir aləmi üç nəfərin xəbərsiz-ətərsiz gəzib-dolaşması müdrik qocanın səbrini daşırır. O, dərhal oğlanlarını yuxudan oyadır, özü başda olmaqla qar üstündə görünən ləpirlərin izinə düşüb gedirlər. Birinci ləpir onları dağın başında görünən bir daxmaya gətirir. Qapını açan şəxsdən soruşurlar ki, “kimsən, niyə gecənin bir aləmi bizim həyətə gəlmişdin?” O, gülümsünərək deyir ki, “mən var-dövlətəm, gəlmişdim sizinlə bir olam”. Qardaşlar yerbəyerdən dərhal dillənirlər ki, “Bax, bizə elə bu lazımdır. Axı bizim var-dövlətə ehtiyacımız var!”Ataları başını bulayıb etiraz edir. Deyir ki, “övladlarım, gəlin gedək, bu bizə lazım deyil”. Qayıdıb ikinci ləpirin izinə düşürlər və görürlər ki, iz onları yenə dağın qoynunda başqa bir səmtə aparır. Burada da qapını üzlərinə açan şəxsdən soruşurlar ki, “sən kimsən, niyə bizə gəlmişdin?”. O da cavab verir ki, “mən güc-qüvvətəm, gəlmişdim sizinlə olam”. Qardaşlar yenə səs-səsə verib deyirlər, ki, “gəlin bunu aparaq, gücümüz-qüvvətimiz artsın!” Ataları yenə razı olmur. Nəhayət üçüncü ləpirin izi ilə gedirlər. Dağın zirvəsində nəhəng bir qayanın yaxınlığında izin sahibinə rəst gəlirlər. Ondan da məsələni soruşanda nurani simali şəxs deyir: “Mən dostluğam, evinizə səmimiyyət, dostluq gətirmişdim, istədim sizinlə dost olum...”. Ata oğlanlarına deyir ki, “Baxın, bizə elə bu lazımdır”. Qardaşlar bir-birinin üzünə baxıb susurlar. Ataları DOSTLUĞUN əlindən tutub həyətinə gətirir. Qapıdan girən kimi “dostluğun” ardınca həyətə “var-dövlət”, “güc-qüvvət də daxil olur. Ata üzünü yeddi oğluna tutub deyir: “Baxın, övladlarım, dostluq olan yerdə var-dövlət də olur, güc-qüvvət də... *** Bəli, dədə-babalarımızın min illərin təcrübəsindən süzülüb gəlmiş hikmət xəzinəsində belə bir məsəl var: “Dost gəlişi bayram olar!” Əsl dost Allahın insana mərhəmətidir. Dahi şairimiz Nizamı Gəncəvi özünün "Leyli və Məcnun” poemasında Məcnunun atasının dili ilə deyir: ” Dostun güzgüsü ən yaxşı dostdur. Güzgü öz həqiqi varlığı ilə eyibləri göstərir ki, sən onları yuyasan.” Nizamidən səkkiz əsr sonra onun mənəvi varisi Əli Kərim isə deyirdi: “Adam üzünü görmək üçün güzgüyə, qəlbini görmək üçün dostuna baxır.” Zaman-zaman vəzifəsi böyüdükcə, mənəviyyatça kiçilə-kiçilə yoxa çıxan dostlar da olur. Dostu qazanmaq asandır, qorumaq çətin.Rəsul Həmzətovun bir şeirində bu etiraf belə səslənir: Neçə dost itirmişəm öz günahım ucundan, Neçə dost da nahaqdan məni itirib artıq.. Böyük rus yazıçısı Lev Tolstoyun fikridir: “Qorxaq dost düşməndən dəhşətlidir, çünki düşməndən qorunursan,dosta isə ümid bəsləyirsən” Təbii ki, nöqsansız dost axtaran dostsuz qalmağa məhkumdur. Dost olmayanlar tənhalıq məngənəsində sıxılan bir vücuddur. Elə dostlar var ki, dünyasını dəyişələr belə bu gün də bizim sıramızdadır. İştirakçısı olduğumuz məclislərdə xatırlanır, yad olunurlar. Onların əziz xatirəsi - yoxluqlarında varlıqları dostluğa sədaqətilə ölçülür... Azərbaycan dilində “dar günün”, “qara günün” və ya “yaman günün dostu” ifadələri var. Bu deyimləri öz qanıyla, canıyla, mərdliyi isbatlayan oğullarımız az olmayıb. Onlardan biri də Fransanın Milli Qəhrəmanı adına layiq görülən və Fransanın Fəxri Legion Ordeni ilə təltif olunan həmyerlimiz - Armed Mişel ləqəbli Əhmədiyyə Cəbrayılov olub. Bizim çoxumuz onu “Xarqo” sənədli povestindən Xarqo ləqəbi ilə tanımışıq.Bu ləqəbin Əhmədiyyə Cəbrayılova Fransa Kommunist Partiyasınanın baş katibi Moris Torez tərəfindən verildiyi bidirilir.İkinci Dünya Müharibəsi zamanı faşist əsrliyindın qurtulan Əhmədiyyə fransız partizanlarına qoşulub. Alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmiş general Şarl de Qollun silahdaşı öz xatirələrində deyirdi: “...Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək... Həmişə başıma fransız kepkası qoyardım ki, sadə fransızlardan seçilməyim.Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa getdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar bütün Fransa partizanları, müqavimət hərakatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur”. De Qoll Əhmədiyyənin bu sədaqətindən, cəsarətindən vəcdə gəlir və onların birgə əməliyyatı həmin gün uğurla başa çatır. Beləliklə, gələcək Fransa prezidenti ilə Əhmədiyyə Cəbrayılovun arasında əsl dostluqlarının təməli qoyulur. 1946-cı il 25 noyabrda Şarl De Qolun köməyi ilə o, SSRİ-yə qayıdır, burada ona vətən xaini kimi baxırlar və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır. 1966-cı ildə Fransa Prezidenti vəzifəsinə seçilmiş Şarl de Qollun SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılov Moskvaya dəvət olunur. Az sonra "vətən xaini” adı üstündən götürülür və bəraət qazanır. Belə ki, Şarl de Qoll Sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırır.Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxtı Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənəsinə uyğun qanlarını birləşdirib qan qardaşı olublar.Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birini unutmayacaqlar. Fransa prezidenti son cümləsində, sovet rəhbərlərinin diqqətin xüsusilə cəlb edəcək bir söz də deyir: "Mən bu Azərbaycan oğluna görə, SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim". Onu da qeyd edim ki, general Şarl de Qollun adı tarixdə dünyanın 100 ən çox görkəmli şəxsiyyətlər siyahısına daxil edilib. O həm də bizm Bakının məşhur qonaqlarından biri olub!... *** Dünya Dostluq Günü. Dünyanın elə bir güşəsi yoxdur ki, orada dostsuz-tanışsız, yoldaşsız yaşamaq, ömür sürmək mümkün olsun! Bəlkə elə buna görədir ki, 24 aprel 2011-ci ildə Paraqvay Respublikasının təşəbbüsü ilə BMT-nin Baş Məclisi iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etmişdir. Baş Məclis dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun böyük əhəmiyyətin i vurğulamışdır və qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi tövsiyə etmişdir. Xalqlar, ölkələr, mədəniyyətlər və ayrı-ayrı şəxslər arasında dostluğun sülhün təmin olunması uğrunda səylər göstərməyə ruhlandıra biləcəyini nəzərə alan Birləşmiş Millətlət Təşkilatı hər bir ölkədə Beynəlxalq Dostluq Gününü öz adət-ənənələrinə uyğun, o cümlədən maarifləndirmə və ictimaiyyətin məlumatlılığını artırmaq üzrə tədbirlər vasitəsilə lazımi qaydada qeyd etməyi məsləhət görmüşdür. Söz yox ki, dostluğun da öz səddi- sərhədləri var... Hər şey çərçivə daxilində olmalıdır. Dostluqdan sui-istifadə etmək, hansısa fürsəti gözləmək olmaz. Mənbələrdə bildirilir borc içində yaşayan Fyodor Mixayloviç Dostoyevskinin həyatı çox ağır keçirmiş. Belə bir vaxtlarında naşirlərdən biri yazıçıya əsərlərinin üç cilidliyini buraxmaq istədiyini və buna görə ona üç min rubl pul verəcəyini təklif edir. Bu təklif Dostoyevski üçün göydəndüşmə olur, amma müqavilənin şərtinə görə yazıçı qısa müddətdə daha bir roman yazmalıymış. Dostları bunu biləndə yazıçıya məsləhət görürlər ki, yeni yazacağı əsərin planını tutsun, onların da hərəsi bir hissəsini yazsınlar. Dostoyevski etiraz edir. O, birgə yazılacaq əsərə öz imzasını qoymağı vicdanına sığışdırmır. Bu hərəkəti onun dostlarının gözündə daha da böyüdür. Belə olan təqdirdə dostları ona yaxşı stenoqrafçı tapırlar.Beləliklə, o, yeni əsərini müqavilədə göstərilən vaxtda təhvil verir. Heç kimə sirr deyil ki, istər sovetlər zamanında, istərsə indiki çağda dost var ki, dostunun əlyazmasına yüngülvari əl gəzdirib öz imzasını da qoyur. Bununla da dost dediyi adamın zəhmətinə şərik çıxır. Dostluqda təmənnasız münasibətlər böyük önəm daşıyır. Belə xarakterlərə malik olan insanlar daha çox dost qazanırlar. Konstantin Simonov xatirələrinin birində xalq şairi Səməd Vurğun haqqında yazıdı: “Səməd gözəl şair, mərd insan və sədaqətli dost idi. O, həqiqi xalqlar dostluğunun, şairlər arasındakı dostluğun nə demək olduğunu çox gözəl bilirdi. Məhz buna görə də ölkəmizin hər yerində və onun hüdudları xaricində Səmədin çoxlu dostları vardı…” Səməd Vurğun Dağıstanın xalq şairi Rəsul Həmzətovla da dost olmuşdur. İki poeziya nəhənginin dostluğu Dağıstan və Azərbaycan xalqlarının qardaşlığının rəmzinə çevrilmişdi. Amma bu dostluğun təməli həm də Dağıstan Vilayət partiya komitəsinin birinci katibi işləyən Əziz Əliyev tərəfindən qoyulmuşdur. Rəsul Həmzətovun Moskvaya SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilməsi səbəbkarı da Əziz Əliyev olmuşdu. Sonralar Rəsul Həmzətovun güzarı Bakıya düşəndə, fəxri xiyabana gedib Səməd Vurğunun və Əziz Əliyevin məzarına təzə-tər çiçəklər düzərmiş... Rəsul Həmzətovdan söz düşmişkən, onun qələmə aldığı "Əziz Dostum" şeirini xatırladım. Tofiq Bayramın dilimizə çevirdiyi bu şeirə Qulu Əsgərov gözəl musiq bəstələmişdi. Bu mahnı xalq artisti Rubaba Muradovanın ifasında çox möhtəşəm səslənirdi: Əziz dostum məndən küsüb, incidi, Ayrılıb yad kimi çıxdı evimdən. Gəldiyi yolları ot basıb indi O gedib qalmışam həsrətində mən. ...Necə nəğmə qoşum necə dillənim, Dost gedib özümə gələ bilmirəm. Elə bil əllərim yox olub mənim, Gözümün yaşını silə bilmirəm... *** Rəmətlik atam deyərdi ki, bala, dost üç cür olur: gərək dostu, çörək dostu, ürək dostu. Və bunları məsəl çəkə-çəkə bir-bir izah edərdi.Bəzən ata-baba məsəlinə məhəl qoymuruq, başımıza yaxın bildiyimiz dostlardan bəlalar da gəlir. Mən isə sonda sizin hər birinizə ÜRƏK DOSTU arzulayıram. Axı yaxşı dostu, ÜRƏK dostunu qorumaq Vətəni qorumaq kimi şərəflidir... ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025