canveten.az xəbər verir ki, məlum olduğu kimi, Bakıda 2019-cu ilin 2-3 may tarixində 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun – 10 iyul tarixində isə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcəkdir. Hər iki dünya əhəmiyyətli tədbirlə bağlı hazırlıq məsələlərini müzakirə etmək məqsədilə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri, sözügedən tədbirlərin əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə YUNESKO Katibliyinin rəsmiləri ilə görüşlər keçirib. 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilmiş görüşdə YUNESKO-nun Sosial və humanitar elmlər departamentinin rəhbəri Magnus Magnusson YUNESKO-nun Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə böyük önəm verildiyini bildirdi. V.Eyvazzadə Forumun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 il bundan öncə irəli sürdüyü “Bakı prosesi” təşəbbüsünün tərkib hissəsi kimi BMT tərəfindən çox vacib qlobal platforma elan edildiyini, həmçinin YUNESKO ilə yanaşı BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun da tərəfdaşı olduğu yeganə beynəlxalq hərəkat olduğunu vurğuladı. Bu baxımdan 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu xüsusiyyətləri özündə saxlamaqla mədəni müxtəliflik, dialoq və əməkdaşlıq, insan təhlükəsizliyi, gənclərin liderliyi, miqrasiya, münaqişələrin qarşısının alınması və s. mövzuları əhatə edəcəkdir. Artıq YUNESKO-nun da iştirakı ilə beynəlxalq ekspertlərlə birgə Forumun konseptual müzakirə sənədi və proqram layihəsi hazırlanmışdır. Görüş zamanı, həmçinin Forumun təşkilati məsələləri ilə bağlı müzakirələr aparıldı. Daha sonra YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktor müavini Petya Totçarovanın rəhbərlik etdiyi katibliyin nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdə Azərbaycan Respublikasının sədrliyi ilə keçiriləcək Komitə iclası ilə bağlı cari ilin iyul ayına kimi təşkil ediləcək görüşlər, Komitənin 43-cü sessiyası və onun çərçivəsində baş tutacaq Gənclər Forumu və Abidə menecerlərinin Forumuna hazırlıq məsələləri ilə bağlı müzakirələr aparıldı. V.Eyvazzadə bildirdi ki, Komitə iclasının Bakıda keçirilməsi ilə bağlı cənab Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradılmışdır. Görüş zamanı, həmçinin YUNESKO Katibliyinin missiyasının cari ilin mart ayında Bakıya səfəri ilə bağlı razılıq əldə olundu. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024