Təəssüf ki sadəcə KİV-lər, jurnalistlər, sosial şəbəkələr deyil, bəzi siyasətçilər də bir sıra ölkələrlə bağlı dezinformasiyaların, yanlış məlumatların yayılmasında fəal rol oynayırlar. Azərbaycana qarşı bu cür addımların burada dəfələrlə şahidi olmuşuq. Biz hansı ölkəyə yönəlməsinə baxmayaraq, dezinformasiyalara qarşı sərt mübarizə aparmalıyıq. Burada ikili standartlara yol vermək olmaz. AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyasında "Kütləvi informasiya vasitələri dezinformasiya və təbliğat kontekstində” və "Media azadlığı demokratik seçkilərin şərti kimi” mövzuları ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva söyləyib. Deputat bildirib ki, bu gün mətbuat, söz azadlığı adı altında saxta informasiyalar yayan KİV-lər və jurnalistlərin sayı artır. Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror da adlandırmaq olar. Saxta informasiyalara qarşı birgə mübarizə aparılmalıdır, bu istiqamətdə mübarizə tədbirlərini dəstəkləyirik. Azərbaycan bu məsələlərə ciddi önəm verir, dezinformasiyalara qarşı mübarizə aparır və bununla bağlı beynəlxalq təşəbbüsləri daim dəstəkləyir. Çünki Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Avropanın bir sıra KİV-lərində dəqiq olmayan, yanlış məlumatlar əsasında Azərbaycan saxta informasiya təcavüzünə məruz qalır. Bu dezinformasiyaların əksəriyyəti məqsədli olaraq yayılır. Bir sıra siyasi güclərin, diaspor və lobbilərin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir. Belə saxta informasiyalar ölkəmizdə olmayan, onu yaxşı tanımayanlarda yanlış fikirlərin formalaşmasına səbəb olur. Bu, bizi ciddi narahat edir. Saxta informasiyalarla fəal mübarizə aparmaq istəyiriksə, onda əvvəlcə təmsil olunduğumuz bu təşkilatdan başlamalıyıq. Q.Paşayeva deyib ki, terror təşkilatlarının, terroru dəstəkləyən qrupların, radikallığı, nifrəti, islamofobiyanı və antisemitizmi gücləndirən qrupların sosial şəbəkələrdə artan fəallığı da hamımızı ciddi narahat etməlidir. Dezinformasiyalarla mübarizədə bəzi məsələlərdə olduğu kimi, ikili standartlara yol verilərsə, mübarizə səmərəli olmayacaq. Yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükələrindən ciddi narahat olmalıyıq. Azərbaycanda VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda önəmli tədbir keçirildi. Bütün üzv ölkələrdə jurnalistlər, siyasətçilər və gənclərin iştirakı ilə bu mövzuda çoxlu sayda tədbirlərin, müzakirələrin keçirilməsi, cəmiyyətlərin bu mövzularda geniş maarifləndirilməsi kimi tədbirlərin artmasına ciddi ehtiyac var. "Müasir dünyada yanlış xəbərlərin dövlətlər və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrilməsi hamımızı ciddi narahat etməlidir. Yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vurur və fəaliyyətlərinə təhlükə yaradır. Xüsusilə də belə xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə olunur. İnsanlar "dezinformasiya hücumu”na məruz qalırlar. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb həyata keçirilməlidir. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik. Yanlış xəbərlərin yayılmasının qarşısının alınması, onlara qarşı mübarizədə ənənəvi KİV-lərin, informasiya agentliklərinin üzərinə mühüm vəzifələr düşür. Hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır. İnformasiyanın dəqiqliyini yoxlamaq jurnalistin borcudur. Saxta xəbərlərlə mübarizədə, onların yayılmasının aradan qaldırılmasında dünyanın aparıcı KİV-ləri daha sıx əməkdaşlıq etməlidir. Sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə dezinformasiyalara qarşı mübarizə aparmaq olduqca çətindir. Ona görə də bu istiqamətdə səylərimizin birləşdirilməsinə ciddi ehtiyac var”, - deyə Q.Paşayeva Avropa ölkələrində Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri, eləcə də AŞPA-da bu cür addımlar atan siyasətçiləri kəskin tənqid edib və dezinformasiyalarla mübarizədə ikili standartlara son qoyulmasına çağırıb.
Bütün hüquqlar qorunur © 2024