Təqvim
Yəhya MUSAYEV: Azərbaycanda güclü hərbi sənaye formalaşıb
22 dekabr 2018 - 11:03

Respublikamız Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir

 

Son illər Azərbaycanda demokratik təsisatların möhkəmlənməsi, siyasi plüralizmin təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib. Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən illər ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub.

 

Dünyanın ən güclü 50 ordusundan biri

 

Dövlət başçısı İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanıb. Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bütün səy və bacarığını respublikamızın davamlı inkişafına, iqtisadi və hərbi qüdrətinin artmasına, mədəni və elmi cəhətdən tərəqqisinə sərf etməkdədir.

Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınıb, onun beynəlxalq nüfuzu getdikcə yüksəlib. Etiraf etmək lazımdır ki, bu gün dünya miqyasında heç də hər bir dövlət müstəqil xarici siyasət yürütmək iqtidarında deyil. Ancaq Azərbaycan müstəqil xarici siyasət yürüdən ölkə olaraq özünü dünya dövlətləri arasında tanıdıb. Dövlət başçısı tərəfindən yürüdülən çevik və prinsipial siyasət vasitəsilə xaricdən olan təzyiqlərin qarşısı alınıb, ölkəmiz ətrafında xoşməramlı əməkdaşlıq mühiti və daxili inkişaf üçün münbit zəmin yaradılıb.

Bu gün Azərbaycan dünya dövlətləri arasında irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Belə ki, respublikamızda son illər aparılan uzaqgörən siyasət nəticəsində həyata keçirilən beynəlxalq əhəmiyyət kəsb edən irimiqyaslı layihələr - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq "Cənub qaz dəhlizi” və onun tərkib hissəsi olan TANAP layihəsi, eləcə də TAP layihəsi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və digər bu qəbildən olan işlər bunun bariz nümunəsidir. Vurğulamaq yerinə düşərdi ki, bütün bu sadalanan misilsiz uğurlar ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir.

Dövlət başçısı respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.

Ötən 15 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda digər sahələrlə yanaşı, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. Məhz görülmüş işlər sayəsində, bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyanın ən güclü 50 ordusu sırasında yer tutur. Bakıda keçirilən və birbaşa yayımla nümayiş etdirilən hərbi paradlar bu həqiqəti bir daha təsdiqlədi.

 

Azərbaycanın hərbi sənaye kompleksi davamlı təkmilləşir

 

Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini hələ iki il öncə - 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə şanlı səhifələrdən biri kimi daxil olmuş Aprel döyüşlərində qüdrətli ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin edilməsi oldu.

2018-ci ilin mayında isə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi.

Son iki döyüşdə ordumuz əlverişsiz mövqelərdən çıxaraq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Qeyd etmək yerinə düşərdi ki, həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı.

Ərazisinin böyük bir qismi düşmən tapdağında olan və müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə respublika Prezidentinin müvafiq sərəncamı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində silah-sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Aparılan məqsədyönlü işlərin nəticəsi olaraq demək olar ki, Azərbaycanın hərbi sənaye kompleksi artıq formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar, müxtəlif növ döyüş sursatları istehsal olunur. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məhsullarla Azərbaycan öz ordusunu əhəmiyyətli dərəcədə təchiz edə bilir.

Ölkənin sənaye infrastrukturunun inkişafı ilə bağlı təsdiq olunmuş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda və "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində Müdafiə Sənayesi Nazirliyi tərəfindən müvafiq ardıcıl tədbirlər həyata keçirilir.

 

Müdafiə təyinatlı məmulatların həcmi 33 dəfə artıb

 

Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı gündən ilkin mərhələdə qarşıya qoyulmuş hədəflərə, əsasən, nail olmuşdur. Ötən dövrdə nazirliyin müəssisələrində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılmışdır. Yeni yaradılan müəssisə və istehsal sahələrində ümumi sahəsi 284 min kvadratmetrlik tikinti və yenidənqurma, 530 min kvadratmetr sahədə abadlaşdırma işləri aparılmışdır. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılmışdır. Eləcə də 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınıb istismara verilmişdir.

2018-ci ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6,8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 33 dəfə artmışdır. İstehsal olunan ümumi məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır. Son illərdə isə bu nisbət 90 faizi keçmişdir. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü keçmişdir.

Nazirlik fəaliyyətə başladığı gündən ümumilikdə 251 mövzu üzrə müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılmışdır. Onlardan Müdafiə Nazirliyi və digər güc strukturlarının tələbatına uyğun 138 mövzu üzrə 370 adda müdafiə təyinatlı məmulatların yaradılma işləri başa çatdırılmış və silahlanmaya tövsiyə olunmuşdur. Məmulatların yaradılması zamanı 344 müxtəlif növ sınaqlar keçirilmişdir. Hazırda müəssisələrdə 113 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilir.

Ötən illərdə olduğu kimi, bu il də yeni nəsil silah növlərinin yaradılması və istehsalı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilmişdir. Belə ki, nazirliyin müəssisələrində yaradılan və sınaqları keçirilərək silahlanmaya tövsiyə olunan 7,62x51 millimetrlik xüsusi təyinatlı "Yalquzaq” snayper tüfənginin, 7,62x54 millimetrlik xüsusi təyinatlı əl pulemyotunun, 30 millimetrlik avtomatik qumbaraatan kompleksinin, 40x46 millimetrlik əl qumbaraatanı və onun 4 növ atəş yığımlarının, F-1 tipli təlim əl qumbarasının, M-6, M-12 tipli mina partladıcıların və sair məmulatların cari ildə seriyalı istehsalı aparılmışdır. Eləcə də ixrac istiqamətində istehsal həcminin artması ilə əlaqədar yeni texnologiya əsasında istehsal xətti qurulmuş və pulemyotlar üçün 100 və 200 yerlik patron lent və qutularının kütləvi istehsalı təmin edilmişdir.

 

Onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir

 

Müdafiə Nazirliyi və digər güc qurumlarının dəvəti ilə respublikamızda səfərdə olan xarici nümayəndə heyətlərinin mütəmadi olaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə ziyarətləri təşkil edilir. Bu ziyarətlər zamanı nümayəndə heyətlərinə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlarla tanış olmaq və istehsal prosesini yaxından izləmək fürsəti yaradılır. Nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar nümayəndə heyətləri tərəfindən hər zaman böyük maraqla qarşılanır.

Ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılmışdır. Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olmuşlar. Bu da öz növbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edən əsas şərtlərdəndir. Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanmış və icrasına başlanılmışdır. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınının və digər məmulatların ixracı həyata keçirilir. Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir. 2017-ci illə müqayisədə bu il ixrac edilmiş məmulatların həcmində 9,2 faiz artım olmuşdur.

Böyük qürur hissi ilə deyə bilərik ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən yaradılan və istehsal onunan hərbi təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Vurğulamaq lazımdır ki, istehsal olunan rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına əsas zəmin yaradan amillər nazirliyin müəssisələrinin beynəlxalq standartlara cavab verə biləcək məhsul istehsal etmək potensialına malik olması və yüksəkixtisaslı kadrlarla təmin edilməsidir.

 

"ADEX-2018”də 29 ölkədən 224 şirkət iştirak etdi

 

Dövlət başçısının tapşırığına əsasən Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildən beynəlxalq müdafiə sərgilərinə qatılır. ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələrin qabaqcıl firma və şirkətlərinin təmsil olunduqları beynəlxalq sərgilərdə Azərbaycan brendi olaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. Bugünədək 35-dən çox beynəlxalq sərgidə təmsil olunan nazirliyin qatıldığı hər bir sərgidə nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanmışdır.

2005-ci ildə yaradılan və qısa zamanda fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyi beynəlxalq müdafiə sərgilərinə qatılmaqla yanaşı, bu qəbildən olan sərgilərin təşkilatçısına da çevrilib. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2014-cü ildə Azərbacanda "ADEX” adı altında ilk dəfə Beynəlxalq müdafiə sərgisi keçirildi. Artıq ənənə halını alan "ADEX” sərgisi hər iki ildən bir keçirilir. Cari ilin sentyabrında keçirilən "ADEX-2018” sərgisi də bu qəbildən olan sərgilərdən idi.

"ADEX-2018” 3-cü Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətini artıran mühüm məqamlardan biri də sərginin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir dövlətimizin 100 illik yubileyinin qeyd olunduğu tarixlərdə keçirilməsi idi. Sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinə sərgi ilə yanaşı, bir əsrlik müstəqillik tarixi olan respublikamızla bağlı ətraflı məlumatlar da verildi. Xüsusi vurğulamaq istərdim ki, bunun nə qədər qürurverici bir hiss olduğunu sözlə ifadə etmək mümkün deyil.

"ADEX-2018” sərgisində Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və s. dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edirdi.

Tədbirin təşkilatçısı olmaqla yanaşı, iştirakçısı kimi də çıxış edən Müdafiə Sənayesi Nazirliyi bir neçə adda yeni məmulatı ilk dəfə olaraq nümayiş etdirdi. Nümayiş etdirilən hər bir məmulat böyük maraqla qarşılandı. Xüsusi diqqət çəkən məmulatları sadalasaq, AZ-50 tipli avtomatı, HP-7,62 tipli hücum pulemyotunu, 81 millimetrlik minaatanı (NATO standartlarına uyğun), müxtəlif snayper tüfənglərini, zirehli texnikaları, pilotsuz uçuş sistemlərini, NSVT-12,7 tipli pulemyotlu məsafədən idarə olunan döyüş modulunu və sairi göstərmək olar.

"ADEX-2018” 3-cü Beynəlxalq müdafiə sərgisi dünyanın sürətlə inkişaf edən bazarlarında strateji əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində əlverişli platforma rolunu oynadı. Beynəlxalq istehsalçılar, alıcılar və sənaye sahəsi üzrə ekspertlərin iştirak etdiyi bu sərgi əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş fürsətlər təqdim etdi.

Sərgi çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin rəsmilərinin Türkiyə, Rusiya, Belarus, Ukrayna, İran, Özbəkistan, Serbiya, Sudan və digər ölkələrin nümayəndə heyətləri, şirkət rəhbərləri ilə görüşləri təşkil olundu. İkitərəfli görüşlərdə mövcud əmakdaşlıqların davam etdirilməsi və yeni əməkdaşlıqların qurulmasına dair geniş müzakirələr aparıldı. Görüşlərdə xarici nümayəndə heyətləri tədbirin yüksək səviyyədə təşkilini, sərgidə iqtisadiyyatın hərbi və müdafiə sahələrini təmsil edən dünyanın bir sıra tanınmış brendlərinin geniş tərkibdə təqdim olunduğunu xüsusi vurğuladılar.

Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin "ADEX-2018” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiqlədi.

Sərgi yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbçilər, dövlət strukturlarının və şirkətlərin nümayəndələri, eləcə də sıravi vətəndaşlar tərəfindən izlənildi. Tədbirin keçirildiyi üç gün ərzində nümayiş etdirilən məmulatlara izləyicilər tərəfindən göstərilən böyük maraq sərginin əhəmiyyətini əks etdirdi.

Sərgi çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin "ASELSAN” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında Silahlı Qüvvələrin rabitə vasitələrinin təchizatına dair Anlaşma Memorandumu imzalandı.

 

İstehsal prosesi elm və təhsillə yanaşı addımlayır

 

Sahənin inkişafı ilə bağlı Müdafiə Sənayesi Nazirliyi ilə respublikanın digər aidiyyəti qurumlarının rəhbərləri arasında mütəmadi olaraq görüşlər keçirilir. Görüşlərdə müdafiə sənayesi üzrə İstehsal Proqramının formalaşdırılması, birgə əməkdaşlıq prosesində qarşıya çıxan problemlərin operativ həlli və digər istiqamətlər üzrə işgüzar müzakirələrin aparılması müsbət nəticələr verir.

Sahənin yüksəkixtisaslı kadrlara olan tələbatının təmin edilməsi məqsədilə Müdafiə Sənayesi Nazirliyinin sifarişi ilə Azərbaycan Texniki Universitetində yaradılmış Xüsusi texnika və texnologiya fakültəsində 5 müdafiə təyinatlı ixtisas üzrə bakalavr və magistr pillələrində 2012-2013-cü tədris ilindən kadr hazırlığı həyata keçirilir. Təhsil alan tələbələrin seçdikləri peşəni dərindən mənimsəmələri üçün nazirliyin müəssisələrində əyani vasitələrlə təmin olunmuş auditoriyalar yaradılıb. Fakültədən məzun olan onlarla gənc artıq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müvafiq işlə təmin olunub, ixtisaslı kadrlar kimi fəaliyyətlərinin davam etdirilməsi və təhsil illərində əldə etdikləri biliklərin tətbiqi üçün lazımi şərait yaradılıb.

Bu gün hərtərəfli inkişaf edən respublikamızda müdafiə sənayesinin yeni inkişaf hədəflərinin müəyyən edilməsi və bu istiqamətdə konkret işlərin həyata keçirilməsi üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən müvafiq işlər aparılır. Belə ki, müxtəlif istiqamətlər üzrə müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, idxalı əvəz edəcək məhsulların yerli istehsalının təşkili, ixrac potensialının artırılması, eləcə də hazırda fəaliyyət göstərən istiqamətlərin təkmilləşdirilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

İstehsal müəssisələrinin fəaliyyətinin tənzimlənməsi üçün özünütəminetmə səvviyəsinin yüksəldilməsi də qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə görüləcək ən mühüm işlərdən biri müdafiə təyinatlı məmulatlarla yanaşı, mövcud istehsal bazasından istifadə etməklə mülki məmulatların da istehsalını genişləndirməkdir.

Xüsusi qeyd etmək lazımdır ki, müdafiə sənayesinin inkişafı bilavasitə yeni hərbi məhsulların yaradılması üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılmasından asılıdır. Sahə üzrə davamlı inkişaf naminə bu istiqamətdə də müvafiq işlər görülür.

Müdafiə Sənayesi Nazirliyi ilə Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti və respublikanın digər elm ocaqlarının birgə əməkdaşlığı əsasında bir sıra tədqiqat işləri aparılır.

Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında, eləcə də respublikamızın digər qurumlarında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı işləri aparılır. Alimlərimizin bu sahəyə belə maraq göstərməsini çox müsbət hal kimi qiymətləndiririk. Nəzərə almaq lazımdır ki, nazirliyin əsasnaməsində əsas fəaliyyət istiqamətləri müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək, eləcə də müdafiə sənayesinin inkişafına nail olmaqdır. Bu sahədə aparılan işlərin tənzimlənməsi Müdafiə Sənayesi Nazirliyinin iştirakı ilə aparılmalıdır. Onu da qeyd edək ki, nazirliyin müəssisələrində dövlət başçısının tapşırığı əsasında müdafiə təyinatlı məmulatların istehsalını həyata keçirən ixtisaslaşmış sahələr yaradılmış və dövlət vəsaiti hesabına investisiyalar qoyulmuşdur. Hazırda həmin ixtisaslaşmış istehsal sahələrinin uğurlu fəaliyyəti nəticəsində respublikamızın güc strukturlarının müdafiə təyinatlı məhsullara olan tələbatının ödənilməsi ilə yanaşı, məhsullarımız xaricə də ixrac edilir. Bu sahədə məsələlərin effektiv həlli üçün alimlərimizlə birgə əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparılır.

 

20-dən çox hərbi zavodda 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur

 

Son dövrlər müdafiə təyinatlı məhsulların yaradılması istiqamətində görülmüş işlər bir neçə adda yeni məmulatın yaxın gələcəkdə seriyalı istehsalına başlanılacağının təminatını verir. Belə ki, nazirliyin müəssisələrində yaradılmış AZ 7,62 və EM-14 avtomatlarının istehsalat hazırlığı artıq başa çatdırılmış və 2019-cu ildən seriyalı istehsalına başlanılacaqdır. Eləcə də növbəti illərdə RPQ 7V-2 tipli qumbaraatan üçün müxtəlif növ atəş yığımlarının, müxtəlif çaplı izburaxan patronların, pulemyot və toplar üçün lülələrin, 2A-42 (AT-30) tipli avtomatik topun və s. məmulatların seriyalı istehsalı nəzərdə tutulur.

Bütün bu görülmüş işlər onu deməyə əsas verir ki, Azərbaycanın artıq güclü hərbi sənayesi formalaşıb və respublikamızın Silahl Qüvvələrini müasir silah və texnikalarla təmin etmək iqtidarındadır.

Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə ən yüksək qiymət hər zaman ölkəmizin rəhbəri tərəfindən verilmişdir. Bu ilin iyununda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin söylədiyi "Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq” sözləri Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən nazirliyin fəaliyyətinə verilən ən yüksək dəyər kimi qiymətləndirildi.

Azərbaycan Silahlı Qüvvələrinin gücünün göstəricisi olan hərbi paradda nümayiş etdirilən müasir silah və texnikalar, eyni zamanda ordumuzun hazırlıq səviyyəsi düşmən tapdağındakı doğma torpaqlarımızın azad ediləcəyi günün heç də uzaqda olmadığını bir daha təsdiqlədi. Xalqımız artıq əmindir ki, qəhrəman oğul və qızlarının qanı hesabına azadlıq əldə etmiş doğma vətəninin müstəqilliyini qoruyacaq və ərazi bütövlüyünü təmin edəcək ən müasir silahlarla təmin olunmuş güclü ordusu var.

Yəhya MUSAYEV,

müdafiə sənayesi nazirinin müavini

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə