Təqvim
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib
12 may 2024 - 13:51

Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib

 

Mayın 12-də, Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, şəhid mayor, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Anar Novruzovun (12.05.1976-14.07.2020) ad günü qeyd olunub. 
A.Novruzovun anadan olmasının 48-ci ildönümü mərasimi şəhidin məzarı önündə keçirilib. 
Tədbirdə şəhidin doğmaları ilə yanaşı digər şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid zabitin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, ailəsinə başsağlığı verilib.
Çıxışlarda İyul  döyüşlərinin əhəmiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərdən, şəhid Anar Novruzovun keçdiyi döyüş yolundan söz açılıb, “Akula” ləqəbli kəşfiyyatçımızın şərəfli həyat yolunun gənclərə, gələcək nəsillərə örnək olduğu bildirilib.
Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Şəhidin qardaşı Sucəddin Novruzov onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, rayon rəhbərliyinə,  Anar Novruzovun anadan olmasının 48-ci ildönümü ilə əlaqədar keçirilən idman tədbirlərinə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəhbərlik və kollektivinə minnətdarlığını bildirib.
                                                                                                              ***
Məlumat üçün bildirək ki, Anar Gülverdi oğlu Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Ailənin sonbeşiyi olan Anar C.Cabbarlı adına kənd orta məktəbini (Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi) əla qiymətlərlə qurtarıb. 1993-cü ildə Bakı Neft Texnikumuna (indiki Neft-Energetika Kolleci) daxil olsa da 6 aydan sonra işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti ilə Orduya yazılıb. Sonra təhsilini davam etdirib. 1999-cu ildə  Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıtda Vətənə xidməti borcunu ödəyib. 2016-cı ilin Aprel döyüşlərində şücaətlə iştirak edərək qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub. Türkiyədə mükəmməl peşəkar təlim keçib. 25 ildən artıq hərb sahəsində çalışıb. Siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinə kimi yüksəlib. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayperdən atdığı dəqiq atəşlə onlarla düşmən əsgər və zabitini məhv edib. Ona nahaq yerə AQS-17 silahının “atası” adı verilməyib. “Akula” ləqəbli kəşfiyyatçı düşmənlərin kabusuna çevrilib – ermənilərə od qoyub, lap əfsanəvi “Mixaylo” kimi... Hətta onu öldürənə pul mükafatı da ayırıbmışlar.
Döyüş dostlarının dediyinə görə tabeliyində olanda əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit Anar Novruzov çətin məqamlarda yüz ölçüb-bir biçməyi üstün tutarmış. Xidməti ərzində heç kimdən təmənna ummayıb...
A.Novruzov müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, istimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Anar Novruzov (ölümündən sonra) 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsədilə qəsəbədəki küçələrdən birinə şəhidin adı verilib, vaxtilə yaşadığı evin qarşısında büstü qoyulub. 
Ailəli idi, iki övladı yadigar qalıb.

 

Akif AĞAYEV

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, HUQUQ
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə