Azər HƏSRƏT, Əməkdar jurnalist – @azerhasret
Afaq Bəşirqızını söyürlər. Onun atılan dırnağına da dəyməyən adamlar edir bunu. Nəyə görə söyürlər? Hər zamankı kimi: demədiyi sözlərə görə. Bu yazının sonunda əlavə edilən müsahibəyə baxandan sonra hər kəs mənimlə eyni mövqeyi paylaşacaq. Hələliksə, Afaq xanımın müsahibəsində toxunduğu bəzi məqamlar haqqında biz də fikirlərimizi diqqətə çatdırmaq istərdik.
Hər şeydən öncə qeyd edim ki, şəxsən mən də kənd uşağıyam və Bakıda işim, şəraitim olmasına baxmayaraq kəndə qayıtmağa can atıram. Elə bir var-dövlət sahibi deyiləm. Rəhmətlik atamdan, ona da ata-babasından miras qalmış 25 sot torpağımız var, içində də evimiz. Torpaqla əlləşsəm ailəmi dolandıra biləcək gücdəyəm. Lakin məşğul olduğum sahə mənim hələ də Bakıda qalmağıma səbəb olur…
Afaq xanımın özü – əsli-nəsli də kənd adamları olub. Atası, Azərbaycanın nadir sənət adamlarından olan rəhmətlik Bəşir Səfəroğlunun ayrıca təqdimata ehtiyacı yoxdur. Rayon adamı olub, Qubalıdır. Yəni Afaq xanım kəndlilər haqqında danışanda həm də özü haqqında danışır.
Nə deyir o böyük sənətkar Bəşir Səfəroğlunun özü kimi böyük sənətkar olan qızı Afaq xanım?
Afaq xanım deyir ki, təminatı olan da, olmayan da niyə Bakıya axışıb gəlməlidir? Düz demirmi? Kənddəki o gözəl təbiəti, ən son anda bizə çörək verəcək torpağı qoyub niyə Bakıda, Afaq xanımın dediyi kimi, zirzəmilərdə çürüməlidir kənd adamı? Niyə kənd adamı evini, ailəsini, yurdunu atıb gəlməli, Bakıda təkər qaraltmaqla, it damından da pis yerlərdə yatıb durmaqla özünü çürütməlidir? Yəni doğrudanmı kənddə torpaqda işləmək Bakıda hansısa boynuyoğun harının maşınının təkərlərini qaraltmaqdan aşağı işdir? Deyil əlbəttə! Şəxsən mən bütün işlərimi bir yana qoyub kənddə torpaqda işləməkdən həzz alıram və hər fürsətdə qaçıb yurduma gedirəm.
Afaq xanım bir də onu deyir ki, kənddəki o gözəllikləri buraxıb Bakıya can atan və burada qaranlıq zirzəmilərdə xəstə uşaqlar əkib-doğan, sonra da TV ekranlarına çıxıb kimlərdənsə kömək istəyənlər işin başından yanlış yol tutmuş olurlar. Yenə də düz deyir. O gözəlim kəndi qoyub gələsən, boğanaq, havasız yerdə yatıb-qalxasan, normal yaşayışın bir yana, adicə hava almağın olmaya, bunu necə izah etmək olar? Şəxsən mən yenə də anlamıram. Bir daha deyirəm, Bakıda işim, evim, təminatım olmasa günü bu gün kəndə köçər, orada torpaqla əlləşər, heyvandan, toyuq-cücədən ürətib başımı saxlaram. Üstəlik, təmiz havadan udar, səs-küydən, stresdən də uzaq olaram. Çox arzu edirəm bunu, çox.
Afaq Bəşirqızı da müsahibəsində bunu deyir. Sərt deyir, öz tərzinə uyğun deyir, amma heç kimi aşağılamır, təhqir etmir. Afaq Bəşirqızıdır, onun öz tərzi var, biz bilirik, qəbul edirik. Yeri gələndə sözünü üzə deməkdən heç vaxt çəkinmir o. Özünə məxsus cəsarət sahibidir. Atasının qızıdır Afaq xanım! Mənsub olduğu bölgənin də xarakter örnəyidir o!
Haşiyə: Bakıda tez-tez qarşılaşdığım bir mənzərə var. Maşın yuyanların bir xeylisi elə ordaca yatıb-qalxır. Afaq xanım demişkən, kənddən Bakıya qazanc dalınca gəlirlər, ad olur ki, Bakıda yaşayırlar. Lakin nəticədə xəstəlik tapırlar, qazancları da bir şey olmur. Evlənə bilmirlər, evlənəndə ailələrini saxlamağa evləri olmur. Bir qarnı ac, bir qarnı tox mövcudluqlarını davam etdirirlər. Halbuki bu adamlar öz kəndlərində qalsalar mal-heyvan saxlar, meyvə-tərəvəz əkib becərər, pis-yaxşı ev tikib özlərinə bir gün ağlayarlar. Etmirlər bunu. Bakıda yaşamaq istəyirlər. Deyən gərək, sənin nə işin var axı Bakıda?
Daha bir haşiyə: Mən Xaçmazın Dədəli kənd orta məktəbini 1986-cı ildə bitirmişəm. Öz kəndimizdən sinifdə 13 oğlan idik. İndi onlardan yalnız ikisi kənddən kənardadır. Biri mənəm, bir ayağım kənddə olmaqla. İkincisi isə İlqardır, Ukraynada yaşayır. Əfqanıstan veteranıdır. Əsgərliyi bitirəndən sonra ora yerləşmişdi, indi də Azərbaycana qayıda bilmir. Yerdə qalan 11 oğlanın hər birisi kənddə özünə şərait yaradıb, yeri gələndə bəy balası kimi dolanırlar. Heç birinin ali təhsili yoxdur. Torpaqla, bağ-bağatla əlləşirlər və heç birisi də ehtiyac içində deyil. Əksinə, lazım gələndə ehtiyacı olanlara əl tuturlar. Zəhmətdən, torpaqda işləməkdən utanmır mənum bu qəhrəman uşaqlıq dostlarım. Yeri gəlmişkən, hamısı da kişi kimi əsgərliyini çəkib. Bakıya gəlmək, burada yerləşmək ağıllarından da keçməyib, keçmir də. Çox vaxt mən onlara həsəd aparıram…
Bu koronavirus söhbəti başlayanda təklif etmişdim ki, “Kəndinə dön” kampaniyasına başlamaq lazımdır. Bakıda normal işi və yaşayış yeri olmayan, lakin qoyub gəldiyi kənddə torpağı, başını salmağa damı olanların hamısı ora qayıtmalıdır. Bu, həm də Bakının yükünü yüngülləşdirər. Bu, həm də millətin genefondunun sağlamlığına əlavə töhfə olar. Elə Afaq xanım da bunu deyir əslində.
Afaq Bəşirqızının söyülməsinə səbəb olan uydurmaya gəlincə, bu, vicdansız adamların özləri qədər vicdansız əməlidir. Onun müsahibəsindən çıxarış edib, üzərinə də bir şeylər uydurub cəmiyyətə təbliğ etmək üçün insan nə qədər vicdansız olmalıdır görəsən? Bizim kimi insanlar belə şeyi anlamaz. Çünki biz sözün dəyərini, çəkisini, qədrini bilirik. Bunlarsa bilmir. Bilə də bilməzlər əslində. Çünki elə Afaq xanımın dediyi kimi, hansısa qaranlıq zirzəmilərdə şübhəli şəraitdə əkilib-doğulanlardandır bunlar yəqin ki. Ona görə də Afaq xanımın yerə atdığı sözləri özlərinə götürüblər…
Bütün hüquqlar qorunur © 2024