Təqvim
Ayrılıq var - sonu yoxmuş
13 sentyabr 2020 - 17:13

Zaman elə sürətlə dəyişir, illər elə qaçaraq keçir ki, yaşanan hər anın hökmü ilə barışsaq belə  bəzən itirdiklərimizin yoxluğundan sonra içimizdə şırım açan  boşluğu, sızıltını, ağrını heç cür ovuda bilmirik. Bu göynərtinin, bu acının qaynağında öləziyən  işığın, titrək işıltının  qaranlıq bir girdabda çırpına-çırpına tədricən yoxa çıxması bizi  bu həyat və ömür dediyimiz nəsnə barədə daha dərindən düşünməyə vadar edir. Elə onda da anlayırsan ki, nisbətən uzaq saydıqlarının varlığı  sənin üçün nə qədər önəmli, necə vacib imiş.


Düz 40 gündür ki, mən də özümə doğma, əziz bildiyim bir insanın, ömrümün ən gözəl illərində bərabər işlədiyimiz, hansısa həlli vacib məsələdə məsləhətindən, qayğısından barındığım müdrik bir insanın yoxluğu ilə barışa bilmirəm. 40 gün əvvəl gözəlliyindən zövq aldığı və gözəlləşdirməyə çalışdığı bu dünya ilə vidalaşıb, Haqqa qovuşan Fəttah Heydərovla bağlı illərdən bəri yaddaşımdakı xatirələr birər-birər gözümün önündə canlanır. Naxçıvanda, Bakıda, Moskvada... müxtəllif görüşlərdə, xarici səfərlərdə etdiyimiz söhbətlər yavaş-yavaş çözələnir xəyalımda. Səsi, gülüşü, səmimiyyəti, qayğısı, təmkini, səbri ilə çoxlarına örnək olan ağsaqqalın tez-tez yada düşən sözləri yaddaşımın xatirə lentində çözələnir.


Görüşmək üçün vədələşmişdik, aylar öncə. Dəqiq yer, saat deməsək də hər dəfə zəngləşəndə deyirdi ki, bir vaxt tapaq görüşək! Gündəlik qayğılar, sonra da dünyanı silkələyən “COVİD-19”  bu görüşümüzü beləcə bir neçə dəfə əngəllədi. Sonra isə... Sonra Fəttah müəllim heç gözləmədiyimiz halda haqqın dərgahına qovuşdu, ömrünün davamını yaddaşlarda, xatirələrdə, yaxşılıq elədiyi, dar gündə qolundan tutduğu insanların duasında, şükranlığında yaşamağa tələsdi. Bəli, biz ondan beləcə ayrıldıq. Sən demə, ayrılıq var – sonu yoxmuş...


Həyatımın Naxçıvan dövrünə təsadüf edən illərdə (1983-1990) Fəttah müəllimlə tez-tez görüşürdük. Naxçıvan teatrında tamaşaya hazırladığım  əsərlərin məşqindən tutmuş ta ilk tamaşa gününədək  hər  hansı problemlə bağlı müraciətlərimizə həmişə qayğı ilə yanaşardı, ondan asılı olan bütün məsələləri anındaca həll etməyə çalışardı. Özü də bu qayğı təkcə sənətdə ilk addımlarını atan mənim kimi gənclərə deyil, o illərdə Azərbaycan mədəniyyətinin ən güclü qollarından biri sayılan teatrın inkişafı naminə çalışan bütün sənət adamlarına aid idi. Fəttah müəllimin uzun illər ləyaqətlə və şərəflə rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin qapısını bütün yaradıcı insanlar ərklə açırdılar, qayğı və narahatlıqlarını dilə gətirirdilər və onların hamısı əmin idi ki,  nazir mütləq o problemin çözülməsinə yardım edəcək. Biz, o vaxtın gənc rejissorları, aktyorları, üzləşdiyimiz  hər hansı bir çətinliyin tez-tələsik aradan qaldırılmasını tələb edəndə Fəttah müəllim sadəcə gülümsəyər və deyərdi:


-    Bu yerdə bilirsinizmi, dünya görmüş bilim adamları nə deyib?


Sonra da maraqla və inamla gözlərimizin içinə baxıb bir azca  pauza verərərək deyərdi:
 - Deyib ki: “Əsl insan idarə edər, aciz şikayət, bəsit adam iftira söylər, dürüst insansa səbri ilə çətinliyə qalib gələr!” Siz də bu qədər kəmhövsələ olmayın, Paris bir günə tikilməyib ki....
Ancaq özü çox vaxt bu Parisi bir günə “tikirdi”!  Gücü  çatdığı, səlahiyyəti imkan verdiyi problemi yerindəcə həll edirdi, heç kəsin  günlərlə, aylarla nazirləyə ayaq döyməsinə könlü razı olmurdu: “Məsələ varsa, problem yaranıbsa, demək onun həlli yolları da var, o yolu təxirə salmadan, heç nə güdmədən həll etmək hər bir məsul işçinin, səlahiyyətli şəxsin vəzifə borcudur”.


Onun qənaəti belə idi: “Əgər problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox, əgər problemi həll etmək qeyri-mümkündürsə, onda narahatlıq keçirməyin də mənası yoxdur. Sən indi yalandan vəd versən,  süründürməçilik etsən, insanların dərdini dinləməsən, ona bir çarə eləməsən, sənin o kabinetdə, o kresloda oturmağının nə mənası var?! İnsanlar güvəndikləri adamın yanına, inandıqları adamın qəbuluna gəlir. Sən onların probleminə “dırnaqarası” baxsan, ya da söz verib problemini çözməyə yardım etməsən, onlar səni sevməyəcək, sənə güvənməyəcək! Gərək onda da kabinet yiyəsi papağını götürüb üzüsulu çıxıb getsin. Çünki, inam, etibar, sevgi olmayan yerdə işləmək cətindir!”


Bəlkə elə özünə, xasiyyətinə, insanlığına yaraşan şəxsi keyfiyyətlərinin məcmusundan bir ”həyat düsturu” formalaşdırmağı bacardığına görə bir çox məsələlərə fərdi yanaşma vərdişi  ilə çoxlarımıza örnək idi Fəttah müəllim. Bəlkə elə buna görə onu tanıyan hər kəs Fəttah müəllimin bu qəfil gedişi ilə barışmaq istəmir. Ayrılıq var – sonu yoxmuş...


 Fəttah müəllimin ailə üzvləri, yaxınları, nə vaxtsa qolundan tutduğu, pasiban olduğu, yaxşılıq etdiyi, ən azından, öz məsləhətləri ilə hansısa müşkül işini aşırdığı çoxsaylı insanlar kimi mən də onunla bağlı xatirələrimin işığında 40 gündür ki, yol gedirəm... Bu əziz və unudulmaz insanla bağlı o qədər maraqlı xatirələr, yaddaqalan məqamlar var ki... Naxçıvanda onunla görüşlərimdə aldığım həyat dərslərini hələ də unutmamışam. Onun tövsiyyələri, öyüd və nəsihətləri, iş üslubu, insanlara və problemlərə yanaşma fərdiliyi bu gün də köməyimə çatır.


Bərabər Moskvaya ezamiyyəyə getdiyimiz günlərdə Fəttah müəllimi bilavasitə mənim çalışdığım sahənin rəsmi şəxsi kimi deyil, bir insan kimi, təcrübəli və hörmətli ağsaqqal, gözəl yol yoldaşı, milli maraqlarımızı hər şeydən üstün tutan bir vətəndaş kimi daha yaxından tanıdım. Fəttah müəllim hər yerdə, hər məqamda öz mövqeyini, şəxsi fikrini sərgiləməyi, sözünü deməyi bacarırdı. O Moskva səfəri zamanı da mən dəfələrlə Fəttah müəllimin yüksək şəxsi keyfiyyətlərinin həlli vacib məsələlərdə necə böyük rol oynadığının şahidi oldum. Rəsmi görüşlərdən sonrakı söhbətlərimizdə sanki aramızdakı yaş, vəzifə fərqini unudurdu,  mənimlə yaxın dostu, doğması, övladı kimi davranırdı Fəttah müəllim. Onun söhbətləri, rastlaşdığı insanlarla bağlı xatirələri o qədər maraqlı, o qədər  səmimi idi ki... Bir maraqlı məqamı da deyim ki, Fəttah müəllim Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirsə də, əmək fəaliyyətinə Babək rayonunun Güznüt kəndində klub müdiri kimi başlamışdı. Yalnız üç ildən sonra doğulub boya-başa çatdığı Çeşməbasar kəndində müəllim işləyib və sonra partiya işinə keçib. Mən də əmək fəaliyyətimə klub müdiri kimi başladığımdan, nədənsə, məndə belə bir əminlik var ki, ötən əsrin 70-ci illərində Naxçıvan MR Əhaliyə Məişət Xidməti naziri olanda da, sonralar Ordubad və Culfa rayonlarında Partiya komitəsinin birinci katibi  işləyəndə də Fəttah müəllim ürəyini o balaca  kənd  klubunda, orada rastlaşdığı o  saf, təmiz, “sənət havalı” insanların yanında qoyub gəlmişdi. Bəlkə də, elə buna görədir ki, 1983-cü ildə Naxçıvanın Mədəniyyət naziri təyin olunanda daha çox bu sahənin xiridarları və sıra nəfərləri sevinirdi. Çünki, Fəttah müəllim məhz bu sadə, qəlbi sənət eşqi ilə döyünən insanların adamı idi!


Fəttah müəllim 1995-ci ildən bəri Milli Məclisin deputatı idi, son illər həm də Respublika Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərirdi. O, ömrünün sonuna kimi çox sevdiyi Azərbaycana, hər an yanında olduğu xalqına canı-könüldən xidmət etməyə çalışdı. Şərəfli və mənalı  bir ömür yaşadı Fəttah müəllim. Vətən üçün layiqli övladlar böyütdü, nəvələr yetişdirdi bu azman kişi. O həmişə özünə qarşı tələbkar, hərəkətlərinə, sözlərinə diqqət yetirən, qarşısındakına hörmətlə yanaşan bir şəxsiyyət kimi onu tanıyanların yaddaşında qaldı. Və  bu 40 günün ayrılığından sonra o Əbədi aləmə apardığı ən böyük “var- dövlət” - sağlığında qazandığı savab əməllər, xeyirxahlıq, mərhəmət və səmimiyyətdir. Məkanın cənnət, Ruhun şad olsun, Fəttah müəllim!
                                                                                                        
                                                                                                            
 

Əliqismət  Lalayev,
Əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Akademik
Musiqili Teatrının direktoru

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə