Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. Müsahibə bu gün jurnalın saytında işıqlandırılıb. Müsahibəni təqdim edirik: -Cənab Prezident, çox böyük geosiyasi nəticələr doğurmuş məlum hadisələrin baş verdiyi gündən demək olar ki, bir il keçir. Bu, Azərbaycanın hərbi və siyasi qələbəsi, regionda və bütövlükdə dünyada bütün vəziyyətin kökündən dəyişməsi idi. Bununla belə, gəlin, həmin günə - 2020-ci il sentyabrın 27-nə qayıdaq. Həmin gün necə başlandı? Sizə necə məruzə etdilər ki, Ermənistan döyüş əməliyyatlarına başlayıb, ümumiyyətlə, həmin gün hadisələr necə inkişaf edirdi? -Bəli, gün həmin məlumatla başlandı. Müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və beləliklə, biz müharibəyə qoşulduq. Məlum oldu ki, bu, labüd idi. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik. -“Dəmir yumruq” adı almış əks-hücum əməliyyatının planı necə hazırlanırdı? Nə üçün məhz bu ad qəbul edildi? Sizin rəhbərliyinizlə əks-hücum əməliyyatı planının hazırlanmasında kimlər iştirak edirdi? -Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir. Mən onu da bilirəm ki, Ermənistan tərəfinin müharibə ilə bağlı fəaliyyət planı vardı. Əslində, sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar. Beləliklə, müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik. Bu, ilk növbədə, onunla bağlı idi ki, uzun illər ərzində informasiyanın azacıq da olsa sızmasından yaxa qurtarmaq mümkün deyildi. Biz güman edirdik ki, düşmən bizim nəzərdə tutduğumuz əməliyyatlar barədə ümumən məlumatlıdır. Döyüş əməliyyatları zonası yetərincə məhduddur və təbii ki, əsas əməliyyatların harada keçiriləcəyini hər bir hərbi mütəxəssis müəyyən edə bilər. Buna görə də biz döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edirdik. Mən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə hər gün müşavirələr keçirirdim. Biz həmin müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də, belə deyək, çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda, - hərbi əməliyyatların gedişi indi artıq məlumdur, - bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu. Əməliyyatın adına gəldikdə isə, təbii ki, hərbi əməliyyatların başlanğıcında bizim əməliyyatın heç bir adı yox idi. Mən Azərbaycan xalqına müraciətlərim zamanı azad edilmiş şəhərlər və kəndlər barədə məlumat verərkən bir neçə dəfə “dəmir yumruq” ifadəsindən istifadə etmişəm. Mən bu termindən bir neçə dəfə istifadə edir və deyirdim ki, əgər düşmən işğal edilmiş bütün ərazilərdən xoşluqla çıxıb getməsə, bizim “dəmir yumruq” onun başını əzəcək. Bu termin Azərbaycan cəmiyyəti tərəfindən qəbul edildi və sonra mən qərara aldım ki, həmin termin, necə deyərlər, formallaşdırılsın və əməliyyatın adı olsun. Lakin bir daha deyirəm, bu, hərbi əməliyyatların gedişində olub. -Müharibə həmişə bütün dövlət sisteminin, dövlət idarəçiliyinin, xalqın iradəsinin möhkəmliyi üçün sınaqdır. Sirr deyil ki, ərazisinin bir hissəsi uzun onilliklər boyu işğal altında olduğu şəraitdə Azərbaycan bu müharibəyə hazırlaşırdı. Siz Azərbaycanda həyata keçirilmiş, yekunda qələbə qazanmağa kömək etmiş həmin hərbi potensiala malik olmağa imkan vermiş siyasi, iqtisadi və digər dəyişikliklərin gedişini xarakterizə edə bilərsinizmi? -Bəli, siz tamamilə haqlısınız. Təbii ki, biz qısa müddətdə, hətta əməliyyatların gedişində resurslarımızın – həm insan resurslarının, həm də texniki ehtiyatların səfərbər edilməsi üçün çox fəal iş aparmalı idik. Deməliyəm ki, həmin 44 gün ərzində biz daha bir ordu korpusu formalaşdırdıq. Qısa müddətdə - cəmi iki gün ərzində həmin korpusun şəxsi heyəti səfərbər edildi. Onlar, həmçinin bütün zəruri silahlar və texniki vasitələrlə təmin edildi. Bizim səfərbər etdiyimiz texniki imkanlar əks-hücum fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməyimizə kömək etdi. Təmas zonasının yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə böyük iş aparıldı. Həmin rayonlarda yaşayan yüz minlərlə əhalimiz hər gün erməni artilleriyasının atəşi altında olurdu. Buna görə də əhali qismən təxliyə edilmişdi. Hərçənd, deməliyəm ki, həmin kəndlərin və şəhərlərin sakinlərinin əsas hissəsi evlərində qalır və deyirdilər ki, onlar öz yurdlarından heç yerə getməyəcəklər. Lakin təbii ki, biz uzun müddət öz potensialımızın möhkəmləndirilməsi, ilk növbədə, iqtisadi müstəqilliyin təmin edilməsi üzərində işləyirdik. Ona görə ki, bunsuz biz hansısa maliyyə qoyuluşlarından, yaxud kredit resurslarından asılı olardıq və təbii ki, silahlı qüvvələri modernləşdirməyi özümüzə rəva görə bilməzdik. Buna görə də praktiki olaraq mənim Prezident vəzifəsində olduğum birinci gündən etibarən iqtisadi müstəqilliyin təmin edilməsi üzrə iş başlanıb. Hesab edirəm ki, təxminən altı-yeddi il ərzində biz buna nail olduq. 2010-cu ildə Azərbaycan artıq tam müstəqil iqtisadi siyasət yürütməyə, islahatlar həyata keçirməyə və infrastruktura böyük investisiyalar yatırmağa qabil idi. Əlbəttə, müasir nümunəli hərbi texnika alınması baxımından silahlı qüvvələrin modernləşdirilməsi böyük sürətlə gedirdi. Bu məlumatlar həmişə açıq mətbuatda dərc edilirdi və bizim kimdən, nə qədər və nə aldığımızı hamı bilirdi. Əlbəttə, silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üzrə gündəlik böyük iş aparılırdı. Yaxşı məlumdur ki, döyüş qabiliyyətli silahlı qüvvələri olmayan ölkə necə texniki vasitələrə malik olsa belə, onun döyüşdə, xüsusən müharibədə, özü də belə əlverişsiz coğrafi şəraitdə qalib gəlməsi mümkün olmazdı. Əslində, bu tədbirlər kompleksi onunla nəticələndi ki, biz çox güclü hərbi tərkib hissə yaratdıq və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Biz, həmçinin 2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarımızı çox məhdud şəkildə nümayiş etdirdik. O vaxt işğal altındakı ərazilərin bir hissəsi azad edildi və biz erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verdik. Təəssüf ki, o vaxt biz dayananda erməni tərəf bizim bu hərəkətimizi düzgün başa düşmədi və bu onlara baha başa gəldi. Biz, həmçinin 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində, necə deyərlər, qan tökülmədən əməliyyat aparmaq imkanlarımızı nümayiş etdirdik. Buna görə biz öz potensialımızı, nəyə qabil olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq, düşmənin imkanlarını sayıq qiymətləndirir və Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq. Mənim Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi barədə beynəlxalq qurumlara bütün çağırışlarımın məqsədi bu olub. Çünki əgər belə olsaydı, Ermənistan işğal etdiyi əraziləri tərk etməyə məcbur olar və müharibə baş verməzdi. Lakin təəssüf ki, belə olmadı. Son dövrdə Ermənistan rəhbərliyi açıq təxribatlara əl atdı. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatları, əslində, danışıqlar prosesindən çıxmaq demək idi. Ermənistan müdafiə nazirinin Amerikada Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması barədə bəyanatı isə açıq-aşkar hədə və elementar sağlam düşüncə normalarına və beynəlxalq hüquqa hörmətsizlik nümayişi idi. Buna görə hər şey bu istiqamətdə gedirdi. Hərbi əməliyyatların başlanmasından əvvəlki hadisələrin xronologiyasına nəzər salsaq, iyul ayında dövlət sərhədində təxribat törədildi, bizim dinc sakinlər və hərbi qulluqçular həlak oldular, avqust ayında ermənilər tərəfindən göndərilmiş təxribat qrupu Goranboy rayonunda zərərsizləşdirildi, sentyabr ayında nələrin olması isə artıq hamıya məlumdur. -Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü. Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız və təmkinliyiniz nəyə əsaslanırdı? Bu müharibənin tarixən ədalətli olmasını başa düşməyinizə? Sizin Ali Baş Komandan kimi regionda ən yaxşı ordulardan birinə malik olmağınızı başa düşməyinizə? Qarşı tərəfin, yəni, erməni tərəfin “əl-qol atması” fonunda Sizin bu cür müstəsna dərəcədə ləyaqətli, sakit, inamlı davranmağınızın əsası bu idimi? -Bu suala dərhal cavab vermək mənim üçün çətindir. Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır. Hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam. Hərbi əməliyyatlar aparılan dövrdə biz bir dəfə də, provokasiyalara uymadıq. Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər və bir də, əlbəttə, özümün haqlı olmağıma inamımdır. Bundan əlavə, bilirsiniz ki, hərbi komandanlıq Prezidentin sakit, təmkinli, özünə inamlı, qələbəyə inamlı olduğunu görəndə, - bu da cəmiyyət üçün və hərbi komandanlıq üçün çox vacibdir, - bu, onları ruhlandırır və onlar da bunu öz tabeliyində olanlara çatdırırlar, bu, sanki hərbi komandanlıqdan başlamış sıravilərə qədər bütün piramidanı əhatə edən elektrik yükü olur. Eyni əhval-ruhiyyə cəmiyyətə də keçir. Üstəlik, hərbi əməliyyatların elə ilk günlərindən biz uzun müddət gözlədiyimiz qələbə sevincini daddıq. Artıq dediyim kimi, elə ilk gün yaşayış məntəqələri azad edildi. Cəmiyyət praktiki olaraq hər gün mənim “Twitter” səhifəmdə yeni məlumatlar, yaxud xalqa müraciətlərimi gözləyirdi. Bir neçə gün bunlar olmayanda fikirləşirdilər ki, görəsən, nə olub? Artıq hamı adət etmişdi ki, biz irəliyə gedirik. Hərçənd, əlbəttə, çoxları başa düşürdü ki, müharibə - gedişi qabaqcadan bilinməyən məsələdir. Ərazinin relyefi, möhkəmləndirilmiş rayonlar, çoxsaylı müdafiə xətləri nəzərə alınmaqla bizim etdiyimiz kimi sürətlə irəliləmək çox çətin idi. Üstəlik, biz bütün əməliyyatları elə planlaşdırırdıq ki, onları minimal itki ilə həyata keçirək. Ona görə, bu da təəccüb doğurur ki, əks-hücum əməliyyatları aparan ölkə daim özlərinin dediyi kimi taktiki geri çəkilməkdə olan ölkə ilə müqayisədə qat-qat az itkiyə məruz qalır. Düşünürəm ki, bu amillərin belə palitrası mənə də, orduya da, xalqa da inam verirdi. -Hər bir müharibənin müəyyən xronologiyası var. Siz sentyabrın 27-dən başlayaraq qələbə ilə - Azərbaycan üçün xüsusi məna kəsb edən, strateji əhəmiyyətli və müstəsna dərəcədə rəmzi məna daşıyan Şuşa şəhərinin götürülməsi ilə başa çatmış əməliyyatın əsas mərhələlərini, əsas gedişini necə səciyyələndirərdiniz? -Fikrimcə, mühüm mərhələlərdən biri, əlbəttə, düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. İndi artıq işğaldan azad edilmiş ərazilərə gedənlər bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır, bütün əraziyə yüz minlərlə mina basdırılıb və onlar hələ oradadır. Ona görə bu da vacib idi, çünki əgər biz elə ilk gündə düşmənin müdafiə xəttini yara bilməsəydik, işimiz daha çətin olardı. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı. Fikrimcə, İkinci Qarabağ müharibəsi uğurla nəticələnmiş amillər baxımından çoxları üçün olduqca əlamətdardır. Hadrutdan qabaq – oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Mən Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd etmək istərdim. Nə üçün? Ona görə ki, orada çox güclü möhkəmləndirilmiş rayon vardı. Biz düşmənin müqavimətini qırmaq üçün bir neçə gün çox fəal hərbi əməliyyatlar aparmalı olduq. Düşmən bəzi istiqamətlərdə silahını ataraq qaçırdı, - ermənilər özləri etiraf edirdilər ki, onlarda 10 min fərari var. Amma bəzi yaşayış məntəqələrində onlar sona qədər dayandılar. Biz bunu qeyd etməliyik. Fikrimcə, heç kəs şübhə etməməlidir ki, bəzi əməliyyatlarda erməni tərəfi dözümlülük göstərdi və heç bir halda düşməni lazımınca qiymətləndirməmək, onun ləyaqətini alçaltmaq və ya azaltmaq olmaz. Buna görə də Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik, hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər. Əlbəttə, sonrakı əməliyyatı – Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək istərdim. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu. -Müasir dövrdə hər bir müharibə hibrid xarakter daşıyır və bu müharibənin informasiya tərkib hissəsi hərbi tərkib hissədən heç də az əhəmiyyət kəsb etmir. Biz erməni təbliğat maşınının necə işlədiyini, Azərbaycanın necə cavab verdiyini görürdük. “Rossiya” telekanalının “60 dəqiqə” proqramının efirə çıxdığı gün rusiyalı televiziya tamaşaçılarının çoxunun yadındadır. Axşam vaxtı, ən münasib saatlarda on milyonlarla rusiyalı həmin verilişə baxırdı. Orada Siz də çıxış etdiniz, cənab Paşinyan da. Mən, necə deyərlər, cənab Paşinyanın bostanına daş atmaq istəmirəm, lakin Sizin çıxışınız siyasi zəfər, informasiya savaşında zəfər idi, - bunu çoxları gördü. Siz öz mövqeyinizi son dərəcə sərrast, sakit, polad məntiqlə şərh etdiniz. Opponentinizin, yumşaq desək, inandırıcı təsir bağışlamaması da göz qabağında idi. Bax, bu informasiya tərkib hissəsi insanların zəkaları uğrunda, beynəlxalq birliyin münasibəti uğrunda mübarizə idi. Şübhəsiz, burada həm Azərbaycan, həm də, cənab Prezident, şəxsən Siz müasir diplomatiya nümunələri, bəlkə də müasir diplomatiya tarixinə düşəcək nümunələr göstərdiniz. Siz bu informasiya cəbhəsində müqavimət göstərməyə, irəli getməyə necə nail oldunuz? -Deyərdim ki, bu da bir növ bədahətən oldu. Çünki döyüş əməliyyatlarının ilk günlərindən dünya mediasında – həm Rusiya, həm Qərb mediasında, həm də qonşu ölkələrdə bu münaqişəyə maraq yüksək idi. Mən bütün müraciətlərə cavab verməyə razılaşırdım, çünki vəziyyət barədə həqiqəti – nələr baş verdiyini, münaqişənin səbəblərinin nədən ibarət olduğunu, kimin işğalçı və kimin işğal qurbanı olduğu barədə həqiqəti mümkün qədər çox ölkənin ictimaiyyətinin diqqətini çatdırmağı vacib hesab edirdim. Ona görə ki, bir sıra ölkələrdə yetərincə effektiv olan erməni təbliğatı və erməni diaspor təşkilatları onilliklər ərzində bu münaqişə barədə yalan təsəvvür yaradırdılar. Hətta hərbi əməliyyatların başlanğıcına və bəzi ölkələr tərəfindən qəbul edilmiş qərarlara nəzər salsaq, onlar, sadəcə, heç bir məntiqə uyğun gəlmir. Azərbaycan işğala məruz qalanda ABŞ Konqresi Azadlığa Dəstək Aktına bədnam 907 nömrəli düzəliş qəbul etdi. Bu düzəliş Azərbaycanı ABŞ-ın birbaşa hərbi yardımından məhrum etdi, özü də təkcə hərbi yardımından yox. Zərərçəkmiş ölkə olan biz, əslində, ayrı-seçkiliyə məruz qaldıq. Yeri gəlmişkən, bu düzəlişin qəbul edilməsində ABŞ-ın sonrakı rəhbərləri, administrasiyada çox yüksək vəzifələr tutmuş və indi də tutan rəhbərlər çox böyük rol oynayıblar. Bu düzəlişi belə əsaslandırırdılar ki, guya Azərbaycan Ermənistanı mühasirəyə alıb. Təsəvvür edin, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları işğal edilib və bunu Ermənistanın mühasirəyə alınması adlandırırlar. Bunu ona görə deyirəm ki, erməni diaspor təşkilatları və erməni lobbisinin nəzarətində olan kütləvi informasiya vasitələri münaqişənin mahiyyətini təhrif edirdilər. Yəni, Ermənistanın etnik təmizləmələr aparmış, Xocalıda soyqırımı törətmiş, bütün tarixi və mədəni binaları dağıtmış təcavüzkar, işğalçı olması – bütün bunlar gizlədilirdi. Azərbaycan isə, hansısa bir monstr, totalitar, avtoritar ölkə kimi təqdim edilirdi. İstər “Washington Post”, istər “New York Post”, istər “Figaro”, istərsə də ABŞ-ın, Fransanın, Almaniyanın və bir sıra digər ölkələrin başqa kütləvi informasiya vasitələri ölkəmizi “Əliyevin diktator rejimi” adlandırırdılar. Beləliklə, erməni diasporunun hakimiyyəti – o isə Ermənistan Respublikasının hakimiyyətindən qat-qat güclüdür, - elə fon yaradır və şayiə yayırdı ki, belə diktator ölkədə erməni əhali özünü təhlükəsiz hiss edə bilməz və bu səbəbdən Dağlıq Qarabağ ayrılmalıdır və Dağlıq Qarabağ müstəqil statusa malik olmalıdır, halbuki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada hamı sülh və həmrəylik şəraitində yaşayır. Bütün bunlar belə bir fabula ətrafında formalaşırdı və bu şəraitdə bizim həqiqəti deməyimiz, əlbəttə, çox çətin idi, çünki bizim media resurslarımız ermənilərin müvafiq resursları ilə müqayisə edilə bilməzdi. Münaqişə medianın diqqətini cəlb etdi və mən nələr baş verməsi barədə həqiqəti çatdırmaq üçün bu imkandan istifadə etdim. Mənim dediklərimin hamısını sənədlərlə təsdiq etmək olar. Mən tarixi həqiqətə və ya döyüş meydanında hər gün baş verənlərə uyğun olmayan bircə kəlmə də deməmişəm. Erməni tərəfi müharibə dövründə nələr baş verməsi və daha əvvəl nələr olması barədə öz xalqına yalan deyir, dünya birliyini aldadırdı. Buna görə də əlbəttə, düşünürəm ki, ilk növbədə, onların tezisləri inandırıcı deyildi, əslində, onlar özlərini hörmətdən saldılar və biz baş verənlər barədə həqiqəti çatdıra bildik. Yeri gəlmişkən, “Rossiya” telekanalına təşəkkür edirəm ki, bu efiri təşkil etdi, bizim öz mövqeyimizi birbaşa efirdə ifadə etməyimizə imkan yaratdı. İstər döyüş meydanında, istərsə də informasiya məkanında belə dürüst mübarizə gedəndə, əlbəttə, erməni tərəfin şansı ola bilməzdi. -44 günlük müharibə bu gün dünyanın aparıcı ölkələrinin baş qərargahlarında öyrənilir. Dünya səviyyəli hərbi ekspertlərin çoxu onu, ilk növbədə, dronlar müharibəsi adlandırırlar. Əlbəttə, İkinci Qarabağ müharibəsinin, necə deyərlər, vizit vərəqi olan bu amil Azərbaycanın pilotsuz uçuş aparatlarının bütün siniflərindən nə dərəcədə genişmiqyaslı və səmərəli istifadə etdiyini göstərir. Bu, XXI əsrin müharibəsi idi, eyni zamanda, çox böyük sayda uçuş aparatları kəşfiyyat, aşkar olunmuş hədəflərin məhv edilməsi funksiyalarını yerinə yetirirdi. Siz Ali Baş Komandan kimi bu qurğuların döyüşdə tətbiqinin fenomenal uğurlu təcrübəsi barədə danışa bilərsinizmi? Ona görə ki, bu münaqişəyə qədər istər Amerika Birləşmiş Ştatlarının, istərsə də hətta İsrailin bu cür yüksək texnoloji, uğurlu, səmərəli müharibə təcrübəsi yox idi. Siz buna necə, nəyin sayəsində nail oldunuz? -Siz tamamilə haqlısınız. İkinci Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda, bu cür səmərəli şəkildə istifadə edilməyib. Biz pilotsuz uçuş aparatları almağa yetərincə çoxdan, hafizəm məni aldatmırsa 10 ildən çox bundan əvvəl başlamışdıq. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Bu, erməni tərəfi üçün gözlənilməz oldu. Lakin dediyim məsələyə qayıdaraq əlavə edirəm ki, biz həmin münaqişəni gərginləşdirmədik, çünki bizim genişmiqyaslı hərbi əməliyyatlar aparmaq niyyətimiz yox idi. Buna görə bu əməliyyat tez başa çatdı. Sonradan biz başqa aparatlar da almağa başladıq, yəni 2016-cı ilin aprelinə biz “Naqor” PUA-larından istifadə edirdik. Sonra biz İsraildə istehsal edilmiş digər pilotsuz vasitələr, konkret desək, “Sky Striker” almağa başladıq. İndi bu, heç kəs üçün sirr deyil, ona görə ki, bunu gizlətməyin mənası yoxdur. Siz dediyiniz kimi, həm kəşfiyyat, həm də döyüş təyinatlı “Orbiter” PUA-ları da aldıq. O vaxt Türkiyənin hərbi-sənaye kompleksi hələ PUA-lar istehsalına başlamamışdı. Onlar bu istehsala başlayan kimi mənim fikrimcə, biz “Bayraktar TB2”lərin ilk xarici alıcısı olduq. Bu PUA-lar da həm kəşfiyyat, həm də dəqiq zərbələr vurulması baxımından çox səmərəli olduğunu göstərdi. Lakin əlbəttə, belə demək olarsa, pilotsuz uçuş aparatları arasında vəzifələrin bu cür əlaqələndirilməsi və bölgüsü aparılmalı idi. “Bayraktar”lara gəldikdə, döyüş əməliyyatları zamanı onlardan bir neçəsi daim havada olurdu. Əlbəttə, bəzən hava şəraiti buna əngəl törədirdi, lakin əksər günlərdə hava aydın olduğu üçün onlar, ola bilsin kiçik fasilələrlə, praktiki olaraq hər gün işləyirdi. İsrail və Türkiyə istehsalı olan PUA-ları əlaqələndirmək və uyğunlaşdırmaq, əlbəttə, böyük ustalıq tələb edirdi. Onların hədəflərinin siyahısı da fərqli idi, çünki kəşfiyyat xarakterli döyüş sursatının məhvedici qüvvəsi “Roketsan” raketinin qüvvəsindən yüksəkdir. Buna görə də strateji, iri hədəflər “Naqor” ilə, zirehli texnika və digər hədəflər isə əsasən “Bayraktar TB2”lərlə məhv edilirdi. Lakin bildiyiniz kimi, “Naqor” birdəfəlik istifadə silahıdır, ona görə də biz “Naqor” ilə zərbə endirəcəyimiz hədəfləri çox diqqətlə seçirdik. -Üstəlik, Siz müsahibənin əvvəlində dediniz ki, əks-hücum əməliyyatının aparılması zamanı Sizin qarşıya qoyduğunuz vəzifələrdən biri dinc əhali arasında itkiləri minimallaşdırmaq, istisna etmək idi. Yüksək dəqiqliyə malik pilotsuz uçuş aparatları həqiqətən məhz hərbi hədəflərin, üstəgəl bir neçə nəzarət sisteminin nöqtəvi şəkildə məhv olunmasını təmin edir. Bu baxımdan bu uğurlu təcrübə Sizin əvvəl dediyiniz belə bir tezisi təsdiq edir ki, müharibəni beynəlxalq hüquq, müvafiq konvensiyalar və əlbəttə, məhz hərbi hədəflərin məhv edilməsi əsasında aparmaq vəzifəsi qarşıya qoyulmuşdu. -Bəli, siz tamamilə haqlısınız və məhz bu səbəbdən erməni tərəfinin dinc əhali arasında itkisi çox az, bizim məlumata görə təqribən 30 nəfər olub. Fikrimcə, onlar da bu məlumatlar barədə mübahisə etmirlər. Onların əksəriyyəti artilleriya toplarının yaxınlığında olmuş, döyüş sursatları daşıyan və özləri həmin toplardan atəş açan mülki şəxslər idi. Siz tamamilə haqlısınız ki, “Bayraktar”lardan istifadə edilməsi döyüş əməliyyatlarının aparılmasında, bizim silahlı qüvvələrin irəliləməsi və yeni mövqelər tutması üçün yolların təmizlənməsində, habelə itkilərin minimallaşdırılmasında bizə çox kömək etdi. Müharibə dövründə biz 366 tankı, böyük miqdarda zirehli texnikanı və artilleriya toplarını məhv etdik və qənimət kimi götürdük. “Bayraktar”lar artıq düşməni dəhşətə gətirirdi və qənimət kimi götürdüyümüz tankların çoxunu biz döyüşdə götürməmişik. Yəni erməni tanklarının heyəti müəyyən mövqeyə çıxır, sonra həmin tanklardan tullanıb hərə bir tərəfə qaçırdı, çünki tankın üstünə “Bayraktar”lar düşəcəyindən qorxurdular. Biz bunu praktiki olaraq hər gün internetdə göstərirdik və təbii ki, bu, düşmənin hərbi qulluqçularını dəhşətə gətirirdi. Buna görə, artıq qeyd etdiyim kimi, onlar tankların çoxunu, sadəcə, atıb getmişdilər. -İkinci Qarabağ müharibəsinin bütün dünyada aparıcı hərbi tədqiqat mərkəzlərinin xüsusi diqqətini cəlb etmiş daha bir səhifəsi Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin fəaliyyəti idi. Biz bunu xüsusən Şuşa şəhərinin azad edilməsi əməliyyatında əyani gördük. Məlumdur ki, bu qüvvələr təkcə Azərbaycan Müdafiə Nazirliyinin deyil, həm də digər strukturların, xüsusi xidmətlərin xüsusi təyinatlıları idi. Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin məhz bu döyüş əməliyyatlarını necə xarakterizə edərdiniz? -Bəli, siz tamamilə haqlısınız, Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar. Onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək, peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər. Sizin düzgün olaraq qeyd etdiyiniz kimi, biz müxtəlif strukturların tərkibində bir neçə xüsusi təyinatlı bölmə yaratdıq. Sərhəd qoşunlarının xüsusi təyinatlıları hərbi əməliyyatlarda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak ediblər. Mən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək istərdim, çünki onlar da hərbi əməliyyatların gedişinə fəal qoşulublar. Biz onları hazırlayır və təchiz edirdik, lakin əvvəlcə onların istifadəsini nəzərdə tutmamışdıq. Sərhəd Xidmətini də, Daxili Qoşunları da döyüş texnikası ilə təchiz etmişdik, ola bilsin ki, bu, onların birbaşa fəaliyyət növü üçün o qədər də səciyyəvi deyildi. Demək istəyirəm, mən bu cür bacarıqlı mobil hərbi qruplar yaradırdım ki, onlar özlərinin birbaşa vəzifələrindən əlavə, ərazilərin azad edilməsi üzrə funksiyaları da yerinə yetirə bilsinlər. Hərbi əməliyyatların müəyyən mərhələsində biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarını da cəlb etdik. Onlar Naxçıvandan ezam olunmuşdu və döyüş əməliyyatlarında xüsusi təyinatlı qüvvələrin digər nümayəndələri ilə bərabər iştirak edirdilər. Dəniz piyadaları da, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi əməliyyat qüvvələri də özlərini çox fəal və səmərəli göstərdilər. Beləliklə, bizdə 7 xüsusi təyinatlı qüvvə vardı, lakin əlbəttə, əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi. Onların fəaliyyətinin əlaqələndirilməsi də çox böyük əhəmiyyət kəsb edirdi, çünki onlar bir çox əməliyyatı birlikdə həyata keçirirdilər. Onların fəaliyyətinin əlaqələndirilməsi hərbi əməliyyatın uğurunda çox mühüm rol oynayırdı. Əvvəlki illərdə biz bəzən Müdafiə Nazirliyinin, Sərhəd Xidmətinin, Daxili Qoşunların xüsusi təyinatlılarının birgə hərbi təlimlərini keçirir, onların fəaliyyətinin əlaqələndirilməsini bir növ test edirdik. Lakin bir var bunu hərbi təlim zamanı etmək, bir də var müharibə dövründə. Beləliklə, onlar hamısı qəhrəmanlıq göstərib, yüksək ordenlərlə, medallarla təltif edilib və biz onlarla fəxr edə bilərik. -İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan Azərbaycanın şəhərlərinə dəfələrlə, əsasən gecə vaxtı operativ-taktiki raket komplekslərindən istifadə etməklə zərbələr endirib. Biz bu dəhşətli gecə kadrlarını xatırlayırıq və Sizin müraciətiniz hamının yadındadır. O vaxt Siz dediniz ki, Azərbaycan vicdanla döyüşəcək, “Biz Ermənistanın hücumlarına bu cür raket zərbələri ilə cavab verməyəcəyik”. Bununla əlaqədar, Azərbaycan insanlıq əleyhinə bu cür cinayətlərə beynəlxalq-hüquqi qiymət verilməsi üçün müəyyən orqan, ola bilsin beynəlxalq hərbi tribunal və ya hər hansı başqa struktur yaradılması təşəbbüsü irəli sürməyi planlaşdırırmı? Ona görə ki, həmin raket zərbələrinə istər hərbi, istərsə də siyasi baxımdan bəraət qazandırmaq olmaz. Çünki mülki əhali hücumlara məruz qalırdı. Yadımızdadır ki, Tonoyanın məlum doktrinasında məhz bu cür hərəkətlər nəzərdə tutulurdu. -Siz tamamilə haqlısınız. Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq? Onlar illər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər. Yəqin ki, bu, dünyada analoqu olmayan həyasızlıqdır. Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin və deyərdim ki, mənliyinin göstəricisi budur. Lakin Tərtər şəhəri, əlbəttə, daha çox zərər çəkib. Çünki cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşirdi, hər gün artilleriya atəşinə tutulurdu. Bu kiçik şəhərə 16 mindən çox mərmi atılıb. Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qısas almağa çalışırdılar. Bu, birincisi. İkincisi, onlar düşünürdülər ki, bizi dayandıracaqlar. Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdı. Onlar ordunun döyüş qabiliyyəti və Azərbaycan xalqının mənəvi ruhu baxımından bizi lazımınca qiymətləndirmirdilər. Yaxınlarını itirmiş, özləri uçqunların altından güclə çıxmış insanlar deyirdilər ki, yalnız irəli gedin. Mən çoxlu sayda müraciətlər, məktublar alırdım, yazırdılar ki, biz ölməyə hazırıq, lakin öz torpaqlarımızı qaytarmalıyıq. Ermənilərin bu niyyəti də baş tutmadı.. Deməliyəm ki, bəzi Qərb dairələri də bu niyyətdə idi, çünki bəzi müsahibələrim zamanı və ya müsahibədən sonrakı söhbətlərdə bəzi qərbli müxbirlər mənə təəccüblə deyirdilər ki, biz ermənilərin atəşlərindən həlak olmuş insanların dəfnində iştirak etmişik və orada heç bir narazılıq görməmişik, əksinə, hamı Sizin haqqınızda danışır, hamı Sizə təşəkkür edir, hamı istəyir ki, Siz bu işi sona çatdırasınız. Vəziyyət belə idi. İşğal illərində vurulmuş ziyanın qiymətləndirilməsi üzrə də iş aparılır, bu iş başa çatmaq üzrədir. Biz beynəlxalq hüquq şirkətlərini cəlb etmişik, onlar qiymətləndirmə aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə hüquqi iddialar qaldırılmasında bizə kömək edəcəklər. Çünki Ermənistan törətdiyi cinayətlərə - bizim əmlakımızın talan edilməsinə, tarixi abidələrin, vətəndaşların əmlakının məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal altında olan ərazilərimizdə faydalı qazıntılardan qanunsuz istifadə edilməsinə görə cavab verməlidir, bütün bunlar hesablanır. Yəni, biz bu işi məqsədyönlü şəkildə aparırıq. Faydalı qazıntıları qanunsuz hasil edən xarici şirkətlər barəsində hüquqi prosedurlar hazırlanıb. İndi bu proses artıq reallaşma mərhələsindədir. Beləliklə, biz təbii ki, cinayətkarların məsuliyyətə cəlb olunması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. -Üçtərəfli Bəyanat bu müharibəyə nöqtə qoydu. Çıxılmaz vəziyyətə düşmüş Ermənistan kapitulyasiya etdi. Azərbaycanın zəfərinin rəmzi olan məlum kadrlar hamımızın yadındadır. Bu qərar necə qəbul edildi, nələr kadr arxasında qaldı? Bəlkə elə təfsilat var ki, bu “siyasi mətbəx” barədə bu gün danışmaq olar. Çünki hamı çox yaxşı başa düşürdü, çoxları üçün bu zəfər gözlənilməz oldu. Hamı anlayırdı ki, Ermənistan uduzur. Birdən-birə cənab Paşinyan qeyd-şərtsiz kapitulyasiya barədə akt imzalayır, hərçənd, Sizdən və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putindən fərqli olaraq, bunu birbaşa efirdə etməkdən imtina edir. Bu mexanizm necə idi? -Bilirsiniz, praktiki olaraq hərbi əməliyyatların ilk günlərindən etibarən mən jurnalistlərə müsahibələrimdə də, öz çıxışlarımda da, Azərbaycan xalqına müraciətlərimdə də dəfələrlə deyirdim ki, Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi biz müharibəni dayandırmağa hazırıq. Mən bunu hərbi əməliyyatlar dövründə mənə zəng vuran, dayanmağımı tələb və ya xahiş edən Qərb liderlərinin çoxuna, Qərb ölkələrinin liderlərinə də demişəm. Mən deyirdim: Mən hazıram, söz verirəm və həmişə sözümün üstündə dururam, lakin mənə tarixi deyin. Siz istəyirsiniz, müharibə dayansın, mən də istəyirəm, tarix deyin, Ermənistan rəhbərliyi ilə danışın, mənə ərazilərin nə vaxt azad ediləcəyi tarix lazımdır. Bizə müharibə lazım deyil və mən bunu hərbi əməliyyatlar dövründə dəfələrlə açıq demişəm. Bundan əlavə, hərbi əməliyyatların müxtəlif mərhələlərində biz Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə təbii ki, müntəzəm əlaqə saxlayırdıq. Hərbi əməliyyatlar başlanandan sonra bizim ilk telefon söhbətimiz oktyabrın 7-də, onun doğum günündə olub. Ənənəvi olaraq mən onu doğum günü münasibətilə təbrik edirəm. Hərbi əməliyyatlar başlayan andan artıq on gün keçmişdi və bu, bizim ilk telefon söhbətimiz idi. Biz müharibənin dayandırılması üçün nə etmək lazım olması məsələlərini də müzakirə etdik. Mənim təkliflərim vardı. Vladimir Vladimiroviç öz müsahibələrinin birində bu təklifləri qismən işıqlandırıb, buna görə də çox təfərrüata varmaq istəmirəm. Lakin artıq məlumdur ki, Rusiya tərəfi də bu təklifləri dəstəklədi, amma erməni tərəfi imtina etdi və mənim fikrimcə, faciəvi, məşum səhvə yol verdi. Ona görə ki, əgər o vaxt onlar mənim təklif etdiyim, Rusiya tərəfindən dəstəklənmiş planı qəbul etsəydilər, məğlubiyyət onlar üçün bu dərəcədə alçaldıcı olmazdı, həm bizim tərəfdən, həm də ermənilər tərəfdən minlərlə hərbi qulluqçu sağ qalardı. Yəni, bu insanların ölümündə məhz hərbi əməliyyatlar dövründə azı iki dəfə bu tarixi şansı əldən vermiş Ermənistan rəhbərliyi təqsirkardır. Onlar güman edirdilər ki, qərbli dostları onlara kömək edəcəklər. Onlar Rusiyadan açıq-aşkar narazılıqlarını bildirirdilər ki, nə üçün Rusiya onların tərəfindən döyüşmür. Hərçənd, Rusiyanın mövqeyi beynəlxalq hüquqa tam müvafiq idi, çünki hərbi əməliyyatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyətində olan zonada deyil, Azərbaycan ərazisində aparılırdı, ermənilər özləri bunu çox gözəl bilməli idilər. Bundan əlavə, Paşinyanın və onun əlaltılarının baş katibini həbs etdirməklə bacardıqları qədər hörmətdən saldıqları həmin KTMT-yə narazılıq bildirməsi bir qədər təəccüb doğurur. Ümumiyyətlə, bu, hiddətləndirici faktdır, mənim fikrimcə dünya praktikasında belə hadisə olmayıb, - ermənilər KTMT-nin indiki baş katibinin təyin olunmasına bir il ərzində imkan verməyib, əslində, özlərini meydanoxuyucu tərzdə aparıb və bu davranış Ermənistanın dünya xəritəsində yerinə, roluna və əhəmiyyətinə əsla uyğun gəlmir. Buna görə dediyim mövzuya bir daha qayıdıram, mən dəfələrlə bu cür bəyanatlar etmişəm və bu mövqe Vladimir Vladimiroviç Putinə məlum idi. Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır. O soruşdu: “Siz öz mövqeyiniz üzərində dayanırsınızmı?” Mən dedim: “Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq”. Bu, noyabrın 8-də axşam olmuşdu. Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik, çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı. Bu, noyabrın 9-da səhər tezdən gecədən xeyli keçənə qədər davam etdi. Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Təsəvvür edin, düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir. Həmin bu razılaşdırma gecədən xeyli keçənə qədər davam etdi. Bakı vaxtı ilə artıq noyabrın 10-u idi, buna görə biz həmin sənədi 10 noyabr tarixli Bəyanat adlandırırıq, Moskva vaxtı ilə ayın 9-u idi. Nəhayət, mətn razılaşdırıldı, təbii ki, onun imzalanması nəzərdə tutulurdu, lakin Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın da həmin sənədi bizim yanımızda imzalamasını israr etməyim. Rusiya Prezidenti çox nəzakətli, çox həssas insandır, hamıya çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, qarşı tərəfin alçaldılması ilə bağlı hər hansı əlavə elementlər mənə lazım deyil, çünki bu, insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik. Buna görə mən razılaşdım ki, biz həmin sənədi ikilikdə imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu haradasa imzalayacağına zəmanət olsun. Onun həmin sənədi harada imzalaması indiyə qədər məlum deyil. Mən dəfələrlə bu barədə açıq soruşmuşam, cavab almamışam, ola bilsin bir il keçəndən sonra biz bunu da biləcəyik, sadəcə, tarix üçün. Həmin gün barədə hələlik təqribən bu qədər deyə bilərəm. -Hamının yadındadır ki, bu Qələbə qazanılandan sonra, - bu kadrlar hamının yadındadır, - Siz və birinci xanım atanız Heydər Əliyevin məzarını ziyarət etdiniz. Onu Rusiyada, o cümlədən həm Sovet İttifaqının görkəmli dövlət xadimi kimi, həm də Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etmiş insan kimi xatırlayırlar. Əslində, o, hakimiyyətə gələndən sonra Azərbaycan irəliyə doğru hərəkət etmək üçün güclü pozitiv dinamika aldı. Bu kadrlar yadımızdadır - Siz, birinci xanım, Sizin gözləriniz, Sizin çöhrəniz. Həmin anda Siz nə haqda düşünürdünüz, nəyi xatırlayırdınız, hansı hissləri keçirirdiniz? -Bunlar çox qarışıq hisslər idi, çünki necə deyərlər, bunu dərk etmək üçün kifayət qədər vaxt keçməmişdi. Əslində, artıq noyabrın 7-də biz əmin idik ki, Şuşa azad ediləcək. Hələ bəzi yerlərdə hərbi əməliyyatlar gedirdi, lakin artıq noyabrın 8-nə keçən gecə biz elan etdik ki, Şuşa azad olunub və səhər mən bu müraciəti etdim. Çünki hər şey hələ çox təzə idi və hisslər qamması aşıb-daşırdı. Əlbəttə, Şəhidlər xiyabanını, atamın məzarını ziyarət edəndə, ilk növbədə, qürur duyurdum, - mən ona əsgəri salam verdim və tarixi missiyamı yerinə yetirməyim, onun vəsiyyətinə əməl etməyim barədə məruzə etdim, qürur hissi keçirirdim, həm də təəssüflənirdim ki, atam bunu görmədi. Lakin məndə bir daxili əminlik vardı ki, yəqin onun ruhu bizimlədir və qəlbən sevinir. Lakin o vaxt hələ tam qələbə yox idi. Mən fikirləşirdim ki, biz hələ çox iş görməliyik, çünki o vaxt güman edə bilməzdim ki, ertəsi gün müharibə qurtaracaq. O vaxt biz erməni tərəfdən siqnal almamışdıq, əksinə, onlar Şuşanı artıq azad etmiş hərbi qarnizonumuzu bombalamaq üçün bəzi silahlardan istifadə edirdilər. Bu, ayın 8-i səhər idi. Buna görə mən həm də düşünürdüm ki, biz hələ vuruşmalı olacağıq, fikirləşirdim ki, sevinmək vaxtı deyil, indi qalan əraziləri də azad etmək üçün əlimizdən gələni etməliyik. Mən bu barədə düşünürdüm və ayın 8-də axşam biz Silahlı Qüvvələrin noyabrın 9-da nə edəcəyini planlaşdırmışdıq. Noyabrın 9-da biz daha bir neçə çox uğurlu əməliyyat keçirdik. Əslində, Şuşanın azad edilməsi Ermənistan ordusunun, necə deyərlər, belini qırdı, o mənəviyyatca tamamilə sarsılmışdı. Aydın idi ki, biz Şuşanı götürəndən sonra Laçın dəhlizində olduğumuz şəraitdə işğal altında qalan digər ərazilərin taleyi, əslində, həll edilib, bu, sadəcə, zaman tələb edir və necə deyərlər, insanların həyatı nahaq yerə yarımçıq qalır. Lakin görünür Ermənistan tərəfi bunu başa düşmüşdü və gec də olsa belə qərar qəbul etdi. Mən atamın məzarını ziyarət edəndə bu cür hisslər keçirirdim – həm onun, həm tarixin, həm də xalqın qarşısında yerinə yetirilmiş borc hissi. -Müharibəyə final nöqtəsi qoyan Zəfər paradı oldu. Ümumiyyətlə, bu niyyət necə gerçəkləşdi? Ssenari necə idi? Hər halda, bunlar rəmzi məsələ, tarixi məsələ idi, götür-qoy etmək lazım idi. Bu barədə danışardınız. -Bəli, mən bu qərarı demək olar ki, Ermənistan kapitulyasiya aktı imzalayandan dərhal sonra qəbul etdim. Elə dərhal müdafiə nazirinə sərəncam verdim ki, parada hazırlaşsın, hazırlıq təqribən 1 ay çəkdi. Ona görə ki, necə deyərlər, hələ hamının başı döyüş əməliyyatlarına qarışmışdı, biz buna yaxşı hazırlaşmalı idik, başa düşürdük ki, bu, qeyri-adi paraddır. Biz əvvəllər də hərbi paradlar keçirmişdik, lakin sizin düzgün olaraq dediyiniz kimi bu, Zəfər paradı idi. Buna görə o, Azərbaycan vətəndaşlarının bütün gələcək nəsilləri üçün rəmzi məna və tarixi əhəmiyyətə malik idi. Yadımdadır, 2018-ci ildə biz Azərbaycan Ordusunun yaradılmasının 100 illiyini qeyd edərkən mən paradda çıxış edərək demişdim ki, indi parada 2016-cı il döyüşləri zamanı işğaldan azad edilmiş Lələtəpə ərazisində ucaldılmış bayrağı gətirəcəklər. O vaxt demişdim ki, gün gələcək, biz azad edilmiş ərazilərdə ucaldılmış bayrağı Zəfər paradına gətirəcəyik. Həmin gün gəldi. Təbii ki, orada hərbi texnikanı nümayiş etdirdik, müharibə iştirakçıları paraddan keçdilər. Biz Ermənistan ordusundan qənimət götürülmüş hərbi yük maşınlarının və hərbi maşınların nömrələrindən ibarət divar nümayiş etdirdik. Biz bunu nə üçün etdik? Ona görə ki, Birinci Qarabağ müharibəsində insanlar öz əmlakını, o cümlədən şəxsi avtomobillərini atıb qaçanda ermənilər bizə bizim onların getməsinə verdiyimiz vaxtı vermədilər, onlar Azərbaycan xalqını alçaltmaq üçün həmin şəxsi avtomobillərin nömrələrindən bir divar düzəltmişdilər, hərçənd, əslində, bu divar onların hərbi cinayətlərinə dəlalət edirdi. Ona görə ki, dinc əhaliyə qarşı vuruşmaq, xüsusən qarət edilənləri belə nümayişkaranə şəkildə göstərmək, hərbi cinayətdir. Lakin onlar bunu etdilər və bunu turistlərə, işğal dövründə qanunsuz olaraq bu regiona gələn müxtəlif siyasətçilərə nümayiş etdirirdilər. Buna görə biz onlara cavab verməli idik, lakin bizim cavabımız da layiqli oldu. Biz bu pannonu düzəltdik, hazırda o, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o, bütünlüklə atılmış və qənimət götürülmüş yük maşınlarının nömrələrindən ibarətdir. -Bəli, hərbi, tamamilə doğrudur. Onların üzərində “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri yazılıb. Mənim fikrimcə, bu, həmin paradın kulminasiyası idi. -Siz Hərbi Qənimətlər Parkının adını çəkdiniz. Bu da müəyyən mənada rəmzdir. Ona görə ki, orada təqdim edilən texnika kifayət qədər ciddi texnikadır və müharibə nə qədər asan görünsə belə, ağır müharibə idi. Bu, potensiallar müharibəsi, mən deyərdim, ideologiyalar müharibəsi idi. Bu, bir tərəfdən ədalətli müharibə, ölkənin azadlıq müharibəsi, digər tərəfdən özgəyə mənsub olan, özününkü olmayan uğrunda müharibə idi. Beləliklə, Hərbi Qənimətlər Parkı nəyin rəmzidir və o, nə üçün yaradılıb? -Bu, ilk növbədə, bizim Zəfərimizin nümayişidir. Bu, məhz ağır döyüşlərdə qazanılmış Zəfərimizin nümayişidir. Ona görə ki, bir daha deyirəm, biz düşməni əsla zəif hesab etməməli idik və heç vaxt belə etməmişik, onlar çox yaxşı silahlanmışdı. Təbii ki, həmin parkda məhv edilənlərin və ələ keçirilənlərin az bir hissəsi nümayiş etdirilir. Bütün qənimətlərin və məhv edilmiş hərbi texnikanın tam siyahısı isə mətbuatda var, mən bunu demişəm. Buna görə də, ilk növbədə, bu, qələbənin nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin, artıq qalib xalqın nümayəndələri kimi yaşayacaq insanların nəsillərinin tərbiyəsi üçündür. Bu, tamam başqa emosional duyğular, tamam başqa əhval-ruhiyyədir. İşğalın bütün çətinliklərini hiss etməmiş, fiziki və mənəvi əzablara məruz qalmamış, daim ədalətsizlik, təhqir hissini keçirməmiş insanların öz torpaqlarından qovulmuş xalqdan 44 gün ərzində qalib xalqa çevrilmiş Azərbaycan xalqının keçirdiyi hissləri anlaması bəlkə də çətindir. Bu, çox ciddi hisslərdir. Həmin parkın rəmzi mənalarından biri də ondan ibarətdir ki, biz bu müharibəni heç vaxt unutmayaq. Mən dəfələrlə demişəm, bəli, müharibə başa çatıb, biz bu səhifəni çevirməyə hazırıq, biz hətta Ermənistan ilə sülh müqaviləsi üzərində işə başlamağa hazırıq, lakin biz heç vaxt işğal dövrünü unutmamalı, Xocalının günahsız qurbanlarını, həlak olmuş mülki və hərbi vətəndaşlarımızı unutmamalıyıq. Bu xatirəni daimi yaşatmaq üçün bu park lazımdır. Orada həm də erməni komandirlərin öz hərbi qulluqçularına qeyri-insani münasibəti azacıq da olsa nümayiş etdirilir. Biz tərk edilmiş səngərlərdə oraya zəncirlə bağlanmış insanları tapırdıq. Məhv edilmiş hərbi yük maşınlarında onların sürücülərini tapırdıq. Bu adamlar qaçmamaları üçün zəncirlə sükana bağlanmışdı. Bu, sadəcə, barbarlıqdır və bunu hamı bilməlidir – onların himayədarları da, necə deyərlər, bütün işğal illəri ərzində onları təbliğ edənlər də, bizim vətəndaşlar da. Yəni bu, böyük rəmzi məna daşıyır və biz bəlkə də şəhərdə ən yaxşı yeri seçmişik. Bu yer çoxdan boş idi, əvvəllər orada hansısa təsərrüfat tikililəri, hansısa müəssisələr yerləşirdi. Bu yer əvvəl bulvar deyildi. Biz həmin istiqamətdə bulvar tikəndə o yeri təmizlədik və sadəcə, boş saxladıq, düşünürdük ki, lazım gələr. Həqiqətən lazım gəldi. Elə orada - yaxınlıqda tikiləcək Müharibə Muzeyinin, Zəfər Muzeyinin layihəsi artıq təsdiq edilib, yəqin ki, yaxın vaxtlarda biz Zəfər Muzeyinin tikintisinə başlayacağıq. -Azərbaycan müharibənin yaralarını sağaldır və bu işin sürəti heyrət doğurur. Mən Füzulidə, Ağdamda olmuşam, sanki nüvə bombardmanından sonrakı yerlərdir. Binaların bünövrələri də dağıdılıb, salamat qalmış bircə bina da yoxdur. Yalnız Ağdamdakı məscid qalıb, lakin erməni hərbçiləri bu məscidin minarələrindən artilleriya atəşini dəqiqləşdirmək üçün istifadə edirdilər. Qalan hər şey məhv edilib. Füzuli şəhəri, digər şəhərlər, minlərlə kənd dağıdılıb. Bax, bu fonda Füzulidə yeni beynəlxalq aeroport tikilir. Füzuliyə, Şuşaya yeni, çox gözəl yollar çəkilir. Bu işlərin sürəti, açıq deyək, heyrət doğurur. Onlar ilk nümunələrdir. Siz təxminən hansı müddətə bərpa etməyi, oraya həyat qaytarmağı, qaçqınları, məcburi köçkünləri qaytarmağı planlaşdırırsınız. Bir milyondan çox insan faktiki olaraq öz evindən məhrum olub. Bununla yanaşı, Siz Cənubi Qafqaz regionunda sülhün, sabitliyin perspektivlərini necə və hansı prinsiplər əsasında təsəvvür edirsiniz? -Bəli, siz tamamilə haqlısınız. Biz çox böyük sürət götürmüşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır. Biz bir il ərzində və ya il yarım ərzində bunu, sadəcə, fiziki olaraq edə bilmərik, ona görə ki, siz özünüz də görmüsünüz, orada heç nə yoxdur, özü də hər yerdə. Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb. Dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır. Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir. Təsəvvür edin, dünyada heç də ən kiçik olmayan bir ölkənin Livanın ərazisinə bərabər ərazini tikmək, abadlaşdırmaq lazım gələcək. Bunu, sadəcə, təsəvvür etmək üçün dedim. Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə. Hamısı dağıdılıb və bunlar Birinci Qarabağ müharibəsi dövründə deyil, işğal dövründə dağıdılıb. Onlar orada daşı-daş üstündə qoymayıblar. Məqsədləri bir olub – biz heç vaxt oraya qayıtmayaq. Onların digər məqsədi isə həmin daşlardan istifadə etmək, bu daşları satmaq olub. Onlar hətta qəbirüstü daşları da satıblar. Vəfat etmiş azərbaycanlılara aid yazıları pozub, daşları Ermənistanda satıblar. Bu məzarüstü daşlardan özlərinin vəfat edənləri üçün istifadə ediblər. Belə bir vandalizmin miqyası təsvirə gəlmir. Onlar məzarları dağıdır, ölülərin ağızlarındakı qızıl dişləri çıxarır, əridir və satırdılar. Təsəvvür edin bu, kimin ağlına gələr. Bax, biz belələrinə qalib gəlmişik. Mən demişəm, biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etməmişik, biz çox böyük bir şər qüvvəyə qalib gəlmişik. Ümidvaram ki, bu şər qüvvə daha heç vaxt başını qaldırmayacaq. Hər halda biz imkan verməyəcəyik ki, onlar başlarını qaldırsınlar. İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Bu yaxınlarda orada olmuşam, yoxlama aparılıb. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il biz təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayırmışıq. Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara - tender, planlaşdırma, layihələndirmə prosedurlarına riayət edirik. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam. Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik. Lakin daha böyük problem minalanmış sahələr problemidir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir. Minalanmış sahələrin xəritələrinin çox hissəsini isə bizə vermirlər. Ona görə bu çox çətin işdir, onu sürətlə icra etmək mümkün deyil. Nə qədər vəsaitin olsa belə, bunun üçün vaxt lazımdır. Bir də, əlbəttə, Zəngilan rayonundakı “smart village” – “ağıllı kənd” kimi nöqtəvi layihələr var. İndi digər rayonların hərəsində bir pilot layihə həyata keçirəcəyik ki, insanları qaytara bilək. Mən vaxt müəyyən etmək istəmirəm, lakin düşünürəm ki, - düşünürəm yox, lap dəqiq deyirəm, - Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Başqa kəndlərə də bir il müddətində köçmək olar. İri şəhərlərin bərpası isə yəqin ki, vaxt tələb edəcək, lakin biz bunu mərhələli şəkildə planlaşdıracağıq. Tikinti, məskunlaşma mərhələli şəkildə aparılacaq. Amma bu da çox mürəkkəb işdir, təkcə tikinti baxımından deyil, logistika, insanların iş ilə, dolanışıq vasitələri, torpaq sahələri, texnika ilə təmin edilməsi - bunlar, çox böyük həcmli işlərdir, onu öz vəsaitimiz hesabına yerinə yetiririk, biz hər hansı kreditlər üçün müraciət etməmişik, əgər kimsə kömək etmək istəsə, əlbəttə, şad olarıq, istəməsələr, bu işləri özümüz görməliyik. -Cənubi Qafqazda perspektivlər, vəziyyət barədə nə deyərdiniz? -Perspektivlər əsasən erməni tərəfin mövqeyindən asılıdır. Biz öz mövqeyimizi bildirmişik. Biz dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırıq. Biz Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Çünki bu müqavilə lazımdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır. Bildiyiniz kimi, hazırda Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu işləyir. Yəni, regionun gələcəyi ilə bağlı işlər, çətinliklə də olsa, aparılır. Erməni tərəfi ay yarım, hətta iki ay yarım taym-aut götürüb. İşçi qrupunun fəaliyyəti yalnız avqustun 17-də bərpa olunub. Biz münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyə hazırıq, lakin hələ erməni tərəfdən müsbət siqnal yoxdur. Təəssüf ki, hələ də “Dağlıq Qarabağ”ın statusu barədə məsələlər qaldırılır, bu isə tamamilə perspektivsiz və mənim fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində onun üçün zərərli və təhlükəlidir. Çünki onlar İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdırlar. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından, bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır. Biz ki, belə iddialar təqdim etmirik. Məğlub olmuş, kapitulyasiya haqqında akt imzalamış Ermənistan nəyə görə hesab edir ki, onun Dağlıq Qarabağ üçün hansısa status - mövcud olmayan şey üçün status barədə danışmağa haqqı var? Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz. Buna görə düşünürəm ki, status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı, biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmalarını təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürlər. Eyni vəziyyət bu dəfə də yarana bilər. Mənim fikrimcə, hazırda region ölkələrində müzakirə olunan təşəbbüslər də müsbət istiqamətə - əməkdaşlığa yönəlib. Bilirsiniz, 3+3 təşəbbüsü var. Bu təşəbbüs Rusiya, İran, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənib. Gürcüstanın etirazı var, Ermənistan isə öz mövqeyini bildirməyib. Nə hə deyib, nə yox. Yenə mövqe yoxdur. Əgər bu müsbət mövqe olsa, bu istiqamətdə işə başlamaq olar. Bu isə öz növbəsində həm regionda sabitləşməyə və təhlükəsizlik risklərini minimallaşdırmağa kömək edəcək, həm də şərait yaradacaq ki, region ölkələrinin qarşılıqlı fəaliyyətini onlar özləri müəyyən etsinlər, necə yaşayacaqlarını özləri həll etsinlər. Region hansısa kənar təsirdən xilas olacaq. Bizim mövqeyimiz belədir. Biz onu nümayiş etdiririk və təkcə nümayiş etdirmirik, biz bu istiqamətdə iş aparırıq. Ermənistan istisna olmaqla bütün qonşularımızla yaxşı, demək olar ki, yaxın dostluq münasibətlərimiz var, biz bu münasibətləri qiymətləndiririk. Buna görə, əgər Ermənistan bu formata qoşulsa, hamının xeyrinə olacaq. Biz bu əzmdəyik. Lakin ola bilsin, onlara vaxt lazımdır. Ola bilsin, onların keçirdiyi psixoloji şok hələlik onların mühüm addımlar atmasına imkan vermir. Çünki onların bütün ideologiyası ekspansionizm, işğalçılıq, saxta tarix əsasında qurulub. Onlar özlərini inandırıblar ki, haqlıdırlar. Onların faciəsi budur. İndi onlar yeni tərzdə yaşamalıdırlar. Tamamilə başqa reallıqlarda yaşamalı və başa düşməlidirlər ki, olub keçənlər daha heç vaxt olmayacaq. Onlar qüvvələr nisbətini, geosiyasi şəraiti, qüvvələr nisbətinin perspektivini sayıq qiymətləndirməlidirlər. Yenə illüziyalara, hansısa mifoloji təmsillərə uymamalı, vəziyyəti sayıq qiymətləndirməlidirlər. Lakin hələlik bunu görmürük. Görmürük. Yəqin ki, hələ vaxt yetişməyib. Necə deyərlər, sonuncu ölən ümid olur. Gəlin, ümid edək. -Mən fikir vermişəm, Heydər Əliyev Fondu dünya memarlıq şedevrlərini, Azərbaycanın tarixi irsini, mədəni mühiti necə qayğı ilə və necə yüksək keyfiyyətlə bərpa edir! Bu, çox vacibdir və şübhəsiz, bu qayğı çox böyük hörmətə layiqdir. Ona görə ki, həqiqətən, məhv edilmiş mədəniyyət şedevrləri, memarlıq inciləri bərpa olunur. Bu yüksək keyfiyyət, xüsusən Şuşa şəhərindəki mədəni irs, mən hətta deyərdim ki, ümumdünya mədəni tarixi irs obyektlərinin birinci xanımın rəhbərliyi ilə bərpası da irəliyə doğru hərəkətin çox mühüm humanitar və mənəvi tərkib hissəsidir. -Bəli, siz tamamilə haqlısınız. Heydər Əliyev Fondu artıq neçə ildir bu istiqamətdə və başqa istiqamətlərdə - səhiyyə, təhsil, Azərbaycan mədəniyyətinin qorunub saxlanması, muğam və aşıq sənəti kimi ənənəvi incəsənət növlərinin qorunub saxlanması üzrə iş aparır. Azərbaycan xalqı bunlarsız yaşaya bilməz, biz bütün bunları gənc nəslə çatdırmalıyıq, gənc nəsil ənənəvi dəyərlər ruhunda, yaşlılara hörmət ənənələri ruhunda böyüməli, Azərbaycan xalqının çoxəsrlik tarixi boyu qoruyub saxladığı bütün yaxşı dəyərlər itirilməməlidir. Müasir qloballaşma meyilləri və ya əxlaqın deqradasiyası ilə bağlı müasir meyillər nəzərə alınmalıdır. Təkcə Azərbaycan xalqına deyil, dünya əhalisinin əksəriyyətinə yabançı olan belə meyillərin fəal şəkildə təbliğ edildiyini görürük. Burada əsas təməl isə, əlbəttə, ailə tərbiyəsi, incəsənət, ədəbiyyat, mədəniyyətdir. Biz bunları qoruyub saxlamaq istəyirik və qoruyub saxlayırıq. Şuşada “Xarıbülbül” festivalı keçirməyimiz, festivalın ilk günündə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin çıxış etməsi mənim ideyam idi. Mən bunu Fonda təklif etdim və onlar bunu çox parlaq şəkildə təşkil etdilər, göstərdilər ki, bu, bizim ümumi qələbəmizdir. Bu qələbə uğrunda Azərbaycanda məskunlaşan bütün xalqlar canlarından keçiblər. Yaxın günlərdə biz Şuşada Vaqif poeziya günlərini bərpa etdik, Vaqifin dağıdılmış məqbərəsini bərpa etdik. İndi tarixi abidələr bərpa olunur. Azad edilmiş bütün ərazilərdə bu işlər davam etdiriləcək, təhsil layihələri, mədəniyyət layihələri artıq razılaşdırılıb. Şuşada tarixi abidələrin çox hissəsi sponsorların vəsaiti hesabına və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa olunacaq və ya artıq bərpa olunmaqdadır. Bir də, əlbəttə, biz bu işləri dövlət sərmayə qoyuluşları hesabına aparacağıq. Həmçinin Qarabağ Dirçəliş Fondu yaradılıb, bu Fonda hər kəs ianə verə bilər. Odur ki, bu, çox genişmiqyaslı quruculuq işi olacaq, cəmiyyət bunu çox müsbət qəbul edir. İnsanların azad edilmiş torpaqlarda müəyyən dəyişikliklər baş verdiyini, həyatın dirçəldiyini görəndə necə sevindiklərini bilirəm. -Müsahibəmizin sonunda Siz Rusiya auditoriyasına hansı sözlərlə müraciət etmək istərdiniz? Xüsusən ona görə ki, Rusiya Prezidenti Vladimir Putin ilə Sizi çox hörmətli, xeyirxah, səmimi münasibətlər bağlayır, bu isə dövlətlərarası münasibətlərdə çox vacibdir. Azərbaycandakı böyük rus icması özünü, bəlkə də hər hansı başqa postsovet məkanında heç yerdə olmadığı kimi rahat hiss edir. Siz məşhur siyasi xadimsiniz və Rusiyada hamı Sizin parlaq çıxışlarınızı xatırlayır, Sizə çox böyük hörmət bəsləyir. Siz Rusiya auditoriyasına hansı sözləri ünvanlamaq istərdiniz? -Sağ olun, xoş sözlərə görə sağ olun. Siz tamamilə haqlısınız, münasibətlərimizin inkişafına bu cür ton və istiqamət verən Prezident Putin ilə bizik. Son illərdə çox dinamik inkişaf etmiş və yenə inkişaf etməkdə olan bu münasibətlər keyfiyyətcə tamamilə yeni səviyyəyə çatıb. İndi biz bu səviyyəni daha da yüksəltmək üzərində işləyirik. Doğrudur, biz yüksək səviyyəyə çatmışıq, lakin bununla belə, bu gün münasibətlərimizi həm keyfiyyətinə, həm formasına, həm də müxtəlifliyinə görə daha yüksək səviyyəyə çatdırmaq üçün fəal iş gedir. Rusiya Prezidenti ilə bizi çox böyük etimada əsaslanan münasibətlər bağlayır. Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür. Fürsətdən istifadə edib, rusiyalı oxuculara müraciət etmək istərdim ki, onlar Azərbaycan haqqında daha çox bilsinlər, bu ölkənin reallıqlarını, bizim dövlətlərarası münasibətlərin mahiyyətini və xarakterini daha düzgün başa düşsünlər. Bu münasibətlər dostluğa, mehriban qonşuluğa, qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır və mən həm müharibə dövründə, həm də müharibədən sonra Rusiyadan çoxlu sayda məktub və teleqram alırdım və indiyə qədər alıram. Bunlar dəstək məktubları, təbriklərdir, müəyyən səbəblər üzündən Rusiyaya köçüb getmiş bəzi keçmiş bakılılar da yazır, burada heç vaxt olmayanlar da. Onlar müharibə dövründə bizim ölkəmizə daha müsbət münasibət bəsləməyə başlayıblar. İkitərəfli münasibətlərin bundan sonrakı inkişafı məsələsinə gəldikdə isə, bizdə hər şey müəyyəndir, hazırda artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə aid altı yol xəritəsi üzrə işləyirik. İndi biz gənclərin mübadiləsi ilə bağlı məsələlər üzərində fəal işləyirik, estafeti vermək üçün yox, bu hələ tezdir, amma hər halda siqnal vermək üçün Rusiya-Azərbaycan Gənclər Forumu keçirməyi planlaşdırırdıq, pandemiya buna bir qədər mane oldu. Ona görə ki, bilirsiniz, vaxt sürətlə keçir, yeni nəsil yetişib, onlar bir-birini bizim bir-birimizi tanıdığımız dərəcədə tanımırlar. Buna görə Azərbaycan və Rusiya vətəndaşlarının gənc nəslinin dostluq və həmrəylik ruhunda böyüməsi vacibdir. Çünki bu, həm bizim üçün, həm də Rusiya üçün böyük dəyərdir, ona görə ki, biz qonşu dövlətlərik. Qonşular arasında münasibətlər heç də həmişə bizim aramızdakı münasibətlər kimi olmur. Əlbəttə, təvazökarlıqdan uzaq görünsə də deməliyəm ki, bu, ilk növbədə, iki ölkənin prezidentlərinin, onların komandalarının bütün başqa üzvlərinin və ictimaiyyətin xidmətidir. Bir nümunə göstərim: pandemiyadan əvvəlki son ildə Azərbaycana təqribən 1 milyon rusiyalı gəlib. Qısa müddətdə praktiki olaraq iki dəfə artmış bu göstərici komfortluq göstəricisidir. Ona görə ki, insanlar özlərini komfort, öz evindəki kimi hiss etdikləri yerlərə gedirlər. Bir də ki, Azərbaycanda Rusiyaya münasibət həmişə müsbət olub və belə də qalmaqda davam edir. Siz də qeyd etdiniz ki, burada böyük rus icması var. Onlar ölkəmizin layiqli vətəndaşlarıdır, onlar ikitərəfli əlaqələrin möhkəmlənməsi işində çox böyük rol oynayırlar. Bizdə təhsilin rus dilində olduğu 340-dan çox məktəb, dövlətə məxsus ali təhsil müəssisələrində tədrisin rus dilində olduğu fakültələr var, on minlərlə tələbə və məktəbli rus dilində təhsil alır. Mən bunu da bizim dövlətlərarası münasibətlərin mühüm amili hesab edirəm. Sizin auditoriyanın imkanlarından istifadə edərək rusiyalıları Azərbaycana, Qarabağa, bu gözəl mənzərəli yerlərə gəlməyə, - bizdə pandemiya artıq azalıb, - Azərbaycanı daha yaxşı tanımağa və dostluğumuzu möhkəmləndirməyə dəvət etmək istərdim. Bir də, əlbəttə, rusiyalılara bütün işlərində uğurlar diləyirəm. -Sağ olun. Sizə səmimi təşəkkürümü bildirmək istərdim ki, bu cür gərgin iş qrafikinizdə belə müfəssəl, məxsusi, böyük, mən deyərdim, sistemli müsahibə üçün vaxt tapdınız. Yəqin ki, bu müsahibədə çox sözlər ilk dəfə səslənəcək və tamamilə yenidir. Mən də öz tərəfimdən - həm öz adımdan, həm də bizim jurnalın redaksiyası və zənnimcə, Rusiyanın on milyonlarla vətəndaşı adından Azərbaycana tərəqqi və inkişaf arzularımı bildirmək istərdim. Şəxsən Sizə isə... Bilirsiniz, müasir dünyamız belə qurulub ki, bu hərbi Qələbə obyektiv olaraq bu gün Azərbaycanı çoxlarının baxdığı ölkələr sırasına çıxarıb. Bilirsiniz, hərbi Qələbə amili, xüsusən bunun nə ilə başa çatacağının çoxları üçün aşkar olmadığı vəziyyətdə Sizin üçün aydın və aşkar idi. Amma çoxları üçün bu, aşkar deyildi. Azərbaycan bu gün başqalarının baxdığı, izlədiyi dünya ölkələri sırasına çıxıb. Əlbəttə, mən deyərdim ki, bu gün Siz Azərbaycanın rəhbəri kimi siyasət səmasında ən parlaq ulduz sayılan siyasi xadimsiniz. Sizə, Sizin ailənizə cansağlığı arzu etmək istəyirəm. Qoy, Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəmlənsin, inkişaf etsin. Biz həm də belə bir mühüm amilə ümid edirik ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq davam etdiriləcək. Biz bilirik ki, Rusiyadan 5 milyard dollarlıqdan çox müasir silah alınıb və bu da hərbi potensialın əsasını möhkəmləndirib. Ümidvarıq ki, bu istiqamət də davam etdiriləcək. Çox sağ olun. -Sağ olun. Xoş sözlərə görə çox sağ olun. Mən də münasibətlərimizin bu cür dostluq xarakteri daşıması barədə fikrinizə bir daha şərik olmaq istərdim. Bizdə bütün istiqamətlər üzrə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində işlər yaxşı gedir. Təbii ki, indi biz yeni araşdırmalara nəzər salırıq, texniki qruplar indi artıq yeni imkanları öyrənirlər, biz bəzi sifarişlər vermişik, ona görə də bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək. Bir daha demək istəyirəm, biz əminik ki, ölkələrimiz arasında əməkdaşlıq gələcəkdə yüksələn xətt üzrə davam edəcək. Sağ olun.
Mən Hadrut əməliyyatının əhəmiyyətini də qeyd edərdim. Çünki bizi orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Biz Hadrutu götürəndən bir neçə gün sonra da erməni tərəfi deyirdi ki, Hadrut onların nəzarətindədir. Hərçənd, Hadrutda artıq bütün yüksəkliklərdə bizimkilər qərarlaşmışdı və şəhərin alınıb-alınmamasını başa düşmək Ermənistan rəhbərliyi üçün bir qədər diletantlıq idi. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Yalnız bizim hərbi qulluqçu Hadrut administrasiyasının binası üzərinə Azərbaycan bayrağını sancaraq Hadrutun götürülməsi barədə mənə raport verəndə Ermənistan tərəfin daha yalanlar uydurması üçün əsası qalmadı.
Bundan əlavə, siz də düzgün olaraq qeyd etdiyiniz kimi, “Bayraktar TB2”lər həm də kəşfiyyat xarakteri daşıyır və buna görə onların təsirini bizim artilleriya atəş sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək vacib idi və bu, əlbəttə, çox böyük peşəkarlıq, vərdiş tələb edirdi, çünki bu, çox mürəkkəb məsələdir. Çox mürəkkəb. Deməliyəm ki, döyüş əməliyyatları aparılan dövrdə bu sahədə bizim səhvlərimiz olmayıb. Müəyyən nöqsanlar olub, biz onları bilirik, müharibənin gedişində onları düzəldirdik. Mən hər bir addımımızı ideallaşdırmaq fikrindən uzağam. Biz öz xalqımıza da, o cümlədən ordunun rəhbərliyinə də həqiqəti deməyə borcluyuq. Mən nöqsanlara görə dəfələrlə məzəmmət etmişəm, lakin həmin nöqsanlar fundamental xarakter daşımırdı. Pilotsuz uçuş aparatlarının tətbiqi məsələsinə gəldikdə isə, burada bizim səhvlərimiz olmayıb.
Mən xüsusi təyinatlı qüvvələrə həmişə ayrıca diqqət yetirmişəm. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub. Mən dəfələrlə onlarla görüşmüşəm və görmüşəm ki, biz həqiqətən çox yüksək döyüş qabiliyyətli, çox mürəkkəb məsələləri həll edə biləcək hərbi vahid yaratmışıq. Döyüş əməliyyatlarının gedişinə qayıtmalı olsaq, deməliyəm ki, bu ərazinin relyefi bizim üçün çox əlverişsiz idi. Biz, əslində, dağlara dırmaşırdıq. Erməni tərəfi yüksəkliklərdəki bütün əsas mövqeləri, bir neçə müdafiə xəttini tutmuşdu və relyef də müdafiə xəttidir, o da istehkamdır. Buna görə biz peşəkarlıq və əzmkarlıq möcüzələri, güc və Vətənə sevgi nümayiş etdirməli olduq. Odur ki, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm.
Tribunal məsələsinə gəldikdə isə, bilirsiniz, yaxşı məlumdur ki, hərbi cinayətlər üzrə beynəlxalq tribunal kifayət qədər siyasiləşdirilmiş, ikili standartlara, fərqli yanaşmalara əsaslanan təsisatdır və son illərin hadisələri bunu dəfələrlə sübut edib. Ermənistanın Qərbdə mövcud olan bu cür lobbist potensialı, Ermənistanın bir sıra Qərb ölkələri ilə xüsusi münasibətləri nəzərə alınmaqla, tam səmimi deyirəm, bizim buna nail olacağımıza ümid etmək çətindir. Hətta buna nail olsaq belə, onun Azərbaycana qara yaxmaq üçün növbəti vasitəyə çevrilməyəcəyinə, ədalətli məhkəmə olacağına zəmanət yoxdur. Lakin bununla bərabər, əlbəttə, müharibə dövründə törədilmiş hərbi cinayətlərlə bağlı bütün faktlar sənədləşdirilib və təbii ki, biz hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün ciddi hüquqi tədbirlər görəcəyik.
-Hərbi?
İndi bizdə, deyərdim ki, yeni mərhələdir, Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub. Təbii ki, bu mövzu da daim gündəmdədir və deməliyəm ki, təqribən bir il tamamilə adi ştat rejimində, asayişin pozulması halları olmadan, əksinə, tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət şəraitində keçib. Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk. Bu, sabitlik üçün mühüm amildir. Əlbəttə, ümid edirik ki, ermənilərlə azərbaycanlılar arasında bir növ barışıq prosesi də gedəcək. Biz də qonşularıq və bir-birimizin yanından heç yerə getməyəcəyik. Ona görə bu reallıqları düzgün qəbul etmək lazımdır. Əlbəttə, burada da Rusiyanın rolu çox vacibdir və biz görürük ki, bu rol çox müsbətdir.
Bütün hüquqlar qorunur © 2024