HARDA QALDI KƏPƏNƏYİM?.. …Dəcəlliyim əllərimdən yapışardı, Qoxlayardım çəmənlərin çiçəyini. Anamın ağ saçı bilib Oxşayardım çiçəklərin ləçəyini… Hər yaz çağı, Ömürümün bəyaz çağı Könülümün gözü ilə Boylanardım yerə, göyə. Sevincimdən uçunardım Baxışlarım sataşanda Bir bəzəkli kəpənəyə… Nədən küsüb, niyə küsüb, Niyə qaçır, görən niyə? Allah, Allah necə çatım Çiçəkləri ləçək-ləçək Qılıqlayan kəpənəyə?! Qanadından yapışardım Olsam Tanrı gücündə mən… İstəyərdim yaxınlaşam Ayağımın ucunda mən. Uçurdu o, qaçırdı o, Yorammırdım inadını. Çata bilsəm Kirpiyimlə oxşayardım Alabəzək qanadını… Səksənəndə pırıl-pırıl Güldən-gülə qonardı o. İnadımı yora-yora, Gülə-gülə qonardı o. Güldən-gülə sorağıydı kəpənəyim, Gül-çiçəyin Əl dəyməmiş ləçəyinə Darağıydı kəpənəyim. İstəyirdi istəyimi Çəmən boyu yorub uça. İstəyirdim bezikəndə Acıqlanıb qanadını Əllərimə vurub uça. Çöl-çəməni dolaşardıq Ağ kəpənəklə yanaşı. O uçardı, mən qaçardım, Dizlərimlə qanadardım Boyun bükən dağı-daşı. Ayaqlarım titrədərdi, Mürgü vuran gölməçəni. Bu titrəyiş təntidərdi, Yol aşanı, yol keçəni… İkimizə qılıqcıydı Yaz yelinin zümzüməsi… O uçsaydı, qoyulardı Həyatımın son nöqtəsi… …İllərimdə o güc hanı Can evimdən ala bilə Ovunmayan bu göynəyi… İllər yorub gözləyirəm O zamandan indiyəcən O qayğısız kəpənəyi…
Bütün hüquqlar qorunur © 2024