Çapa göndər
Gülağa Tənha: HARDA QALDI KƏPƏNƏYİM?..

20 sentyabr 2022 - 21:17

 HARDA QALDI KƏPƏNƏYİM?..

…Dəcəlliyim əllərimdən

yapışardı,

Qoxlayardım

çəmənlərin çiçəyini.

Anamın ağ saçı bilib

Oxşayardım

çiçəklərin ləçəyini…

Hər yaz çağı,

Ömürümün bəyaz çağı

Könülümün gözü ilə

Boylanardım yerə, göyə.

Sevincimdən uçunardım

Baxışlarım sataşanda

Bir bəzəkli kəpənəyə…

Nədən küsüb, niyə küsüb,

Niyə qaçır, görən niyə?

Allah, Allah necə çatım

Çiçəkləri ləçək-ləçək

Qılıqlayan kəpənəyə?!

Qanadından yapışardım

Olsam Tanrı gücündə mən…

İstəyərdim yaxınlaşam

Ayağımın ucunda mən.

Uçurdu o, qaçırdı o,

Yorammırdım inadını.

Çata bilsəm

Kirpiyimlə oxşayardım

Alabəzək qanadını…

Səksənəndə pırıl-pırıl

Güldən-gülə qonardı o.

İnadımı yora-yora,

Gülə-gülə qonardı o.

Güldən-gülə

sorağıydı kəpənəyim,

Gül-çiçəyin

Əl dəyməmiş ləçəyinə

Darağıydı kəpənəyim.

İstəyirdi istəyimi

Çəmən boyu yorub uça.

İstəyirdim bezikəndə

Acıqlanıb qanadını

Əllərimə vurub uça.

Çöl-çəməni dolaşardıq

Ağ kəpənəklə yanaşı.

O uçardı, mən qaçardım,

Dizlərimlə qanadardım

Boyun bükən dağı-daşı.

Ayaqlarım titrədərdi,

Mürgü vuran gölməçəni.

Bu titrəyiş təntidərdi,

Yol aşanı, yol keçəni…

İkimizə qılıqcıydı

Yaz yelinin zümzüməsi…

O uçsaydı, qoyulardı

Həyatımın son nöqtəsi…

…İllərimdə o güc hanı

Can evimdən ala bilə

Ovunmayan bu göynəyi…

İllər yorub gözləyirəm

O zamandan indiyəcən

O qayğısız kəpənəyi…