Təqvim
Mərkəzi Gömrük Hospitalının pediatrı Dr.Nigar Mirzəyeva: “Lazımsız antibiotik istifadəsi uşaqlarda antibiotiklərə qarşı davamlılıq yaradır”
24 noyabr 2020 - 14:32

Qış aylarında artış göstərən xəstəliklərlə yanaşı, həkim tövsiyyəsi olmadan lazımsız antibiotik istifadəsi bütün dünyada olduğu kimi ölkəmizdə də geniş hal almaqdadır. Bu isə ciddi sağlamlıq problemlərini bərabərində gətirir. Xüsusilə uşaq orqanizmində antibiotiklərin həkim nəzarəti olmadan qəbulu nəticəsində yarana biləcək fəsadlar barədə suallarımızı Mərkəzi Gömrük Hospitalının pediatrı Dr.Nigar Mirzəyeva cavablandırıb.


Dr.Nigar Mirzəyeva 2016-cı ildən Mərkəzi Gömrük Hospitalında pediatr kimi çalışır. O, daim müxtlif yerli və beynəlxalq tədbirlərdə məruzəçi və dinləyici kimi iştirak edərək öz tibbi bilik və bacarıqlarını təkmilləşdirib.


Dr.Nigar Mirzəyeva 2017-ci ildə Türkiyənin Antalya şəhərində Milli Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Uşaqlarda qidalanma” kursunda və 61-ci Pediatriya konqresində, 2019-cu ildə Bakı şəhərində keçirilən Neonatologiya üzrə Azərbaycan-Türkiyə 3-cü Beynəlxalq Təlim kursunda və Azərbaycan Tibb Assosiasiyasının Pediatriya Dərnəyinin IX simpoziumunda uğurla iştirak edib. Eyni zamanda Yeditepe Üniversitetinin Xəstaxanasında pediatriya sahəsi üzrə təkmilləşdirmə kursu keçib.


Hər zaman öz üzərində çalışaraq pediatriya üzrə özünü təkmilləşdirən Dr.Nigar Mirzəyeva öz balaca pasiyentlərinin və onların valideynlərinin dərin sevgi və hörmətini qazanmış, yüksəkixtisaslı mütəxəssisdir.


Nigar xanım, bildiyiniz kimi hər il qış aylarında, havaların getdikcə soyuması, xüsusilə bağça və məktəb yaş dövrü uşaqların tez-tez xəstələnməsinə səbəb olur. Nəticədə bu zaman uşaqlar müxtəlif dərmanların, o cümlədən antibiotiklərin istifadəsinə məruz qalırlar. Məhz bu səbəbdən uşaqlarda antibiotiklərdən istifadə zamanı diqqət edilməli vacib məqamlarla bağlı suallarımızı cavablandırdığınız üçün öncədən Sizə təşəkkürümü bildirmək istərdim. Çünki bu müsahibə eyni zamanda bütün dünyada qlobal səviyyədə qeyd edilən 18-24 noyabr “Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsi”nə də birbaşa aiddir.


Doktor antibiotiklərdən istifadə ilə bağlı aparılmış tədqiqatlar bizə hansı məlumatları verir?


- Ümumdünya Səhiyyə Təşkilatının antibiotiklərdən istifadə ilə bağlı apardığı tədqiqatlar göstərib ki, antibiotiklər tənəffüs yolu infeksiyalarında 61.9% hallarda, tonzillit zamanı 29.85% hallarda və otit (orta qulağın iltihabı) 16.4% hallarda istifadə olunmuşdur. Ən çox istifadə olunan antibiotiklər isə amoksillin-klavukolant (64.17%), daha sonra ampisillin/sulbaktam (22.3%) və sefuroksim aksetil(13%) olmuşdur. Nəticədə müəyyən olmuşdur ki, antibiotiklər istifadə olunan xəstəliklər daha çox viral patogenlərlə bağlıdır və antibiotiklərin 50% hallarda istifadəsi lazımsızdır.


Bəs doktor viral infeksiyalarda antibiotik istifadəsinə səbəb nədir?


Viral infeksiyalar yəni viruslar vasitəsilə törədilən infeksiyalar zamanı uşaqlarda yüksək temperatur, boğaz ağrısı, öskürək, burun axıntısı müşahidə olunur. Simptomların bəzən ağır gedişi, qızdırmanın yüksək olması (39-40 dərəcə) və ikinci gündə davam etməsi valideynləri narahat edir. Nəticədə valideynlər bu zaman həkim məsləhəti olmadan antibiotiklərdən istifadə edirlər. Unutmamaq lazımdır ki, virusa bağlı şikayətlərdə simptomların davam etmə müddəti 5-7 gün bəzən isə 3 həftəyə qədər davam edə bilər. Əlamətlərin şiddətli olması antibiotik istifadəsi üçün səbəb deyil. Viral infeksiyalarda daha çox simptomatik müalicədən istifadə olunur. Yəni qızdırmasalıcı və ağrı kəsici dərmanlar, burun təmizləmə məhlulları, ağciyərlərin müayinəsində patoloji xırıtı yoxdursa öskürək əlehinə dərmanlar təyin olunur və bol mayedən istifadə tövsiyə edilir.


Doktor qeyd etdiniz ki, bəzən valideynlər həkim məsləhəti olmadan antibiotiklərdən istifadə edirlər. Oxucularımıza uşaqlarda lazımsız antibiotik istifadəsinin zərərləri barədə məlumat verə bilərsiniz?


- İlk növbədə lazımsız antibiotik istifadəsi uşaqlarda antibiotiklərə qarşı davamlılıq yaradır. Bu isə xəstəliklərin müalicəsində həkimə çətinlik yaradır. Nəticədə ehtiyac olduğu təqdirdə həkim tərəfindən təyin olunan antibiotikə qarşı orqanizmdə davamlılıq yarandığı üçün müalicə prosesi gecikir. Bundan əlavə antibiotiklər qaraciyər və böyrəklər vasitəsilə orqanizmdən xaric olunduğu üçün uzun müddətli və lazımsız istifadə bu orqanların funksiyalarını pozaraq daha ağır hallara böyrək-qaraciyər çatışmazlığına səbəb olur. Həmçinin, orqanizmdə lazım olan faydalı bakteriyaların məhvinə gətirib çıxarır.


Nigar xanım faydalı məlumatlara görə çox sağ olun. Doktor Sizin də qeyd etdiyiniz kimi antibiotiklərin həkim təyinatı olmadan istifadəsi ciddi fəsadlara səbəb ola bilər. Bəs hansı hallarda antibiotiklərin istifadəsi zəruridir?


Bakterial infksiyalarda yəni bakterialar vasitəsilə törədilən infeksiyalarda - pnevmoniya, allergik olmayan bronxiolit, otit, sidik yolu infeksiyaları və bəzi bakteriyaların səbəb olduğu bağırsaq yolu infeksiyaları buna misal olar bilər. Bu hallarda antibiotiklərdən istifadə olunması zəruridir. Təbii ki, düzgün dozalanma və təyin olunmuş müddət əsasında həkim göstərişinə uyğun olaraq antibiotiklərdən istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Mən xüsusilə antibiotiklərin istifadə müddətinə diqqətinizi cəlb etmək istərdim. Çünki bu çox vacib məqamdır. Bəzi antibiotiklər 3 gün, bəziləri isə 10-14 gün müddətində təyin olunur. Dövrümüzdə ən böyük yanlışlardan biri də klinik simptomlar antibiotik istifadəsinin ilk günlərində aradan qalxdığı üçün antibiotikin vaxtı tam tamamlanmadan dayandırılmasıdır. Bu xəstəliklərin təkrarlanmasına və daha da ağır gedişinə səbəb ola bilər. Buna görə də həkim tərəfindən təyin olunmuş dozalanmaya və müddətə mütləq valideynlər nəzarət etməlidirlər.


Nigar xanım ümumiyyətlə antibiotiklərdən istifadə zamanı hər hansı əks təsir müşahidə oluna bilər? Ev şəraitində antibiotiklərdən inyeksiya şəklində istifadə edilməsi nə dərəcədə doğrudur?
 

- Antibiotik istifadəsi zamanı - anafilaktik şok yarana bilər. Bu hal daha çox pensillin qrupu antibiotiklərdə müşahidə olunur və bəzən xəstənin ölümünə belə səbəb ola bilir. Ona görə ev şəraitində əzələ daxili və vena daxili antibiotiklərin vurulması xüsusilə təhlükəli və qadağandır!
 

Doktor, bəzən valideynlər profilaktik məqsədlə antibiotiklərdən istifadə edirlər. Profilaktik məqsədlə antibiotiklərin qəbulu nə dərəcə doğrudur və qoruyucu antibiotik istifadəsi hansı hallarda olur?
 

- Bəzən təkrarlayan sidik yolu infeksiyalarında, boğazda betta-streptokokkların törətdiyi angina nəticəsində ürəkdə yaranan miokardit və ya oynaq revmatizmlərində, aşağı imuniteti olan uşaqlarda az dozada profilaktik uzunmüddətli antibiotik müalicəsi aparılır. Amma əsla sağlam uşaqlarda xəstələnməsin deyə və ya xəstələyin gedişi daha da ağırlaşmasın deyə antibiotik istifadə etmək olmaz! Qısaca onu qeyd etmək istəyirəm ki, əgər valideynlər gələcək üçün sağlam övlad böyütmək istəyirlərsə lazımsız antibiotik istifadə etməməli və uşaqları ilə bağlı hər hansı şikayətləri olduqda mütləq şəkildə zamanında həkimə müraciət etməlidirlər.


Nigar xanım maraqlı müsahibəyə görə bir daha Sizə təşəkkürümü bildirirəm. Çoxsağolun.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə