Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Azərbaycanın qələbəsi ilə bağlı bayram tədbiri keçirib.
Bayram tədbirində Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Daşkənddə yaşayan soydaşlarımız, azərbaycanlı tələbələr, jurnalistlər iştirak edib.
Əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər iştirakçılar Ulu Öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin binası qarşısındakı abidəsi önünə çiçək dəstələri düzüb.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra Hüseyn Quliyev qələbə münasibəti ilə bayrama toplaşanları təbrik edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən ədalətli və şərəfli müharibədən danışıb, işğal altında olan şəhərlərimizin azad olunması istiqamətində əsgərlərimizin şücaəti haqqında söhbət açıb.
Səfir deyib ki, ümumiyyətlə 300-dən artıq yaşayış məntəqəsi düşmən tapdağından azad olunub. Qədim Şuşa şəhərinin azad olunması isə bir ayrı qəhrəmanlıq salnaməsidir.
Hüseyn Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanatı haqqında da məlumat verib.
Azərbaycan və özbək sənətçilərin ifasında musiqisinin sədaları altında bayram tədbiri bir neçə saat davam edib.
Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri qədim rəqslərimizi, İlham Abdullayev sazda el havalarını ifa edib.
Azərbaycan ordusunun möhtəşəm zəfəri, Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın birliyinin uğurlu nəticəsi olaraq iştirakçılar Vətən torpaqlarının azad olunması münasibəti ilə bir-birilərini təbrik ediblər.
Bütün hüquqlar qorunur © 2024