Azərbaycan və Qazaxıstanın energetika nazirlərinin müavinləri - Samir Vəliyev və Aset Maqauovun həmsədrliyi ilə “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının videokonfrans formatında ikinci iclası keçirilib.
Həmsədrlər COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq, iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən energetika sahəsində əməkdaşlığın davam etdirildiyini qeyd ediblər.
İclasda Qazaxıstan nefti, neft məhsulları və mayeləşdirilmiş qazının mövcud infrastrukturlar vasitəsilə tranzit həcmlərinin artırılması perspektivləri müzakirə olunub. Qazaxıstan mənşəli karbohidrogen məhsullarının ölkəmizin ərazisindən tranzit həcmlərinin artırılması ilə bağlı Azərbaycan və Qazaxıstan mütəxəssisləri tərəfindən qısa müddət ərzində birgə texniki və iqtisadi təhlilin aparılması razılaşdırılıb.
İclasda Azərbaycan tərəfindən Energetika, Xarici İşlər, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, Qazaxıstan tərəfindən isə Energetika, Xarici İşlər, Sənaye və İnfrastruktur İnkişafı, Maliyyə nazirlikləri, “Aktau Dəniz Ticarət Limanı” ASC, “Batumi Neft Terminalı” MMC, “Kazmunayqaz”, “Kaztransqaz”, “Kaztransoyl”, “Kazmortransflot” və “Petrotrans Limited” şirkətlərinin nümayəndələri iştirak ediblər.
Bütün hüquqlar qorunur © 2024