Azərbaycanda yaşayan aşkenazi yəhudiləri ölkənin ərazi bütövlüyünün təmin olunması uğrunda davam edən gərgin savaşda şanlı ordumuzun mütləq qələbə qazanması üçün dua ediblər. Publika.az-a bu barədə Aşkenazi (Avopa Yəhudiləri) İcmasından məlumat verilib. Bildirilib ki, Bakıda Sinaqoqda bir araya gələn Azərbaycanda yaşayan yəhudilər tezliklə Qarabağın azad olunmasını arzulayıblar. Əsgərlərin sağ-salamat evlərinə qayıtmalarını və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını, ölkəmizdə və bütün dünyada sülhün bərqərar olmasını Tanrıdan böyük ehtiram və səmimiyyətlə dilədilər. Dua mərasimində çıxış edən Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Segal ölkəmizin yəhudi icmasının hər zaman Azərbaycan xalqına dəstək olduğunu vurğulayıb: “Biz vətənimiz Azərbaycanı çox sevirik və onu qorumaq bizim üçün böyük şərəfdir. Biz burada müxtəlif millət və dinlərin mənsubları kimi öz mədəniyyətimizi və dinimizi rahat şəkildə yaşaya, təmsil edə bilirik. Bu gün keçirdiyimiz dua mərasimi ilə vətən üçün savaşan hər bir əsgərimizə, bütövlükdə ordumuza dualar etdik, onlara Tanrıdan itkisiz, mütləq qələbələr arzuladıq. İnanırıq ki, biz növbəti mərasimi məhz Şuşada keçirəcəyik”. Qeyd edək ki, dini ayin pandemiya dövrünün bütün zəruri məhdudiyyətləri gözlənilməklə xüsusi icazə əsasında yerinə yetirilib.
Bütün hüquqlar qorunur © 2024