Türkiyənin Konya şəhərində yaşayan soydaşlarımız Azərbaycana dəstək məqsədilə aksiya keçiriblər.
Şəhərin Zəfər meydanında toplaşan həmvətənlərimizin qarşısında Azərbaycan İş Adamları Dərnəyinin idarə heyətinin üzvü Vüqar Abdullah çıxış edib. Qeyd edib ki, Konyada yaşayan azərbaycanlılar olaraq işğalçı Ermənistanın ölkəmizə qarşı təcavüzkar təxribatlarını, ermənilərin 100 ildir təkcə Azərbaycan Türklərinə deyil, bütün Türk Dünyasına münasibətdə sərgilədikləri düşmən davranışını şiddətlə qınayırıq.
Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu vurğulayan natiq qeyd edib ki, Azərbaycan ordusu hazırda beynəlxalq hüquq normalarına uyğun olaraq qədim və əzəli torpaqlarımızı işğaldan azad etmək üçün öz ərazilərimizdə Ermənistanın silahlı qüvvələrinə qarşı döyüşür. Çünki qəsbkar Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına dair BMT qətnamələrinə 30 ilə yaxındır məhəl qoymur. Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etmək və mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün haqq mübarizəsi aparır.
Bütün hüquqlar qorunur © 2024