Ermənistan tərəfində xarici ölkələrdən gətirilən muzdlu döyüşçülərin olması ilə bağlı Azərbaycanda kifayət qədər faktlar var. Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, əldə olunan faktlar, dəlillər bizim beynəlxalq miqyasda olan tərəfdaşlarımıza təqdim edilib: “Ermənistan Silahlı Qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Bu təkcə bu gün deyil, həmişə Ermənistan tərəfdən muzdlulardan, terrorçulardan ölkəmizə qarşı istifadə olunub. Hətta son dövrlərdə bir sıra ölkələrdə, Avropa ölkələrində olan erməni əsilli şəxslərin muzdlular kimi Azətbaycana qarşı gəlib döyüşlərdə iştirak etməsi barədə faktlar var. Biz də kanallardan istifadə edərək aidiyyəti ölkələrə müraciət edirik ki, öz vətəndaşlarına sahib çıxsınlar. Onları bu kimi qeyri-qanuni hərəkətlərdən çəkindirsinlər. Xüsusilə də Yunanıstandan və başqa ölkələrdən belə məlumatlar daxil olur. Onların da bir məqamı diqqətlərinə çatdırırıq ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal altında olan ərazilərinə gəlib Azərbaycanın mülki əhalisinə, hərbçisinə qarşı silahdan istifadə edərlərsə, onlar beynəlxalq humanitar hüquqa əsasən məsuliyyət daşıyırlar. Bu şəxslər legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərədindən də onların zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq".
Bütün hüquqlar qorunur © 2024