Təqvim
Ermənilərin mənşəyi haqqında
10 iyul 2020 - 13:50

Ermənilərin mənşəyi haqqında danışarkən “er­məni”, “Ermənistan”, “hay”, “Hayastan” etno-topo­nimlərinə aydınlıq gətirmək zərurəti meydana çıxır. Məlumdur ki, ermənilər özlərini “hay” etnonimi, yaşadıqları ölkəni isə “Hayastan” toponimi ilə iden­tifikasiya edirlər. Ermənistandan kənarda bu xalq “erməni”, “armyanin”, “virmen” və s., ölkə isə “Er­mənistan”, “Armeniya”, “Virmeniya” və s. adlar ilə tanınır.
“Ermənistan”ın coğrafi termin olması elmə çox­dan məlum olan bir faktdır. “Tarixin atası” Herodot Ermənistanı Fərat çayının başlanğıcında (Геродот. История, М., 2001, с. 79.), Assuriya­nın yuxarılarında lokallaşdırır (Yenə orada, s. 85.).
F.Maklerə görə Ermənistan ən qədim zamanlar­dan coğrafi məkan kimi tanınmış və bu ərazi heç də həmişə ermənilər tərəfindən məskunlaşmamışdı. Burada yaşayan əhali bizim klassik erməni dili və ya qrabar kimi tanıdığımız dildə danışmamışdır ( Frédéric Macler, La Nation arménienne, son passé, ses malheurs, Paris, 1924, p. 18.)
Erməni müəlliflərindən K. Patkanyanın əldə etdi­yi nəticəyə görə “Ermənistan dövlət kimi bəşər ta­rixində xüsusi vacib rol oynamamışdır və ölkənin adı yalnız coğrafi termin idi…”( К.П. Указ. соч., с. 149).
Erməni müəllif L. Nalbandyan qeyd edir ki, e.ə. IX əsrdə Ermənistan adlı torpaq Urartu tərəfindən işğal edilmiş və bu ərazilərin əhalisi ari olmamış­dı. E.ə. VIII və VII əsrlərdə Urartuya yeni xalqların müdaxilə etdiyini diqqətə çatdıran müəllif, bu yeni xalqları friqiyalılar və ermənilərlə eyniləşdirir (Nalbandian L., The Armenian Revolutionary Movement, Los Angeles, 1963, p. 3-4. ). Gö­ründüyü kimi, L. Nalbandyan da e.ə. IX əsrdə Ermə­nistanı ermənilərin yaşamadığı bir coğrafiya kimi göstərir.
Ararat vilayəti və Vanda ən qədim zamanlardan gürcülərin yaşadığını iddia edən F.Lenormana görə, onlar e.ə. VII-VI əsrlərdə özlərinə yeni vətən əldə et­miş Friqiya erməniləri tərəfindən sıxışdırılmışdılar. “Assuriya kitabələrində Ermənistan sakinləri urartu­lular adlanır, belə ki, bu zaman Ermənistanda həqiqi ermənilər yox idi, aydındır ki, urartulular – ararat­lılar və ya aloridilər ermənilərin hücumlarına qədər Ermənistanı məskunlaşdıran tayfalar olmuşlar, yəni gürcü idilər” (Патканов К.П. Ванские надписи и значение их для истории Передней Азии // Журнал Министерства Народного Просвещения. Январь 1874, часть CLXXI, c. 111.). Regionun ən qədim zamanlardan gürcülərə məxsus olması tezisinin ayrıca tədqiqat obyekti olduğunu nəzərə alaraq, qeyd edək ki, F.Le­norman da Ermənistan ərazisinin ermənilərin ilkin vətəni olmadığı fikrini müdafiə edir.
2003-cü ildə V. İ. Kuzişinin redaktəsi altında rus dilində nəşr olunmuş “Qədim şərq tarixi” kitabı­nın müəllifləri də “Ermənistan”ın coğrafi ad olma­sı faktına diqqət yetirmişlər: “Armina, Ermənistan: görünür bu ad, hərfi mənası “Arame ölkəsi” olan Arme adından əmələ gəlmişdir”. Armina, e.ə. VII əsrin sonlarında meydana gəlmiş sonrakı Het çarlı­ğı Melid-Kammanunun cənub-şərq vilayəti olmuş, sonradan Midiya və Persiya dövlətlərinin nəzarətinə keçmiş, e.ə. VI əsrdə burada müstəqil erməni çarlığı meydana gəlmiş və keçmiş Urartunun digər vilayət­ləri ilə birlikdə Persiyanın tərkibinə daxil olmuşdu. Zərdüştilik Ermənistana əhəmiyyətli təsir göstərirdi (История Древнего Востока. Под. ред. В.И. Кузищина. М., 2003, с. 214.).
E.ə. I minilliyin ortalarına qədər Ermənistan ad­lanan coğrafiyada qeyri hind-avropa dil ailələrinə, əsasən də sami (semit) dil ailəsinə mənsub olan müxtəlif tayfalar yaşamışlar. “Erməni” və ya “ar­men” adı, yaşadıqları ərazinin adına uyğun olaraq, ümumilikdə bu tayfalara verilən adlardır. Başqa sözlə, e.ə. I minilliyin ortalarına qədər Ermənistan adlı ərazidə yaşamış “erməni” və ya “armen” tay­falarının müasir ermənilərin əcdadları olan haylarla heç bir əlaqəsi yoxdur. Haylar sonradan bu əraziyə gəlmiş və Urartunun süqutu nəticəsində zəif düşən yerli əhali ilə toqquşaraq onlara üstün gəlmiş və bu­rada məskunlaşmışlar.
Bəzi erməni müəlliflər tarixi gerçəkliyin əksinə gedərək, ermənilər və hayları eyniləşdirməyə çalışır və bu zaman bir-birinə zidd olan fikirlər irəli sür­məkdən özlərini sığortalaya bilmirlər. Rus yazıçısı M.Qorkinin sözləri ilə desək, “faktlar yaman tərs şeydir”. Məsələn, erməni xalqının formalaşması pro­sesinin e.ə. XII əsrdə başlandığını iddi edən K. Pat­kanyan armen və hay tayfalarının hər ikisini erməni tayfası kimi qəbul edir: “Erməni dövlətinin nüvəsi Araz ətrafında, erməni tayfalarının məskunlaşdığı Ermənistanın özündə formalaşmışdır. Ermənilər Arazı keçərək və öz sərhədlərini genişləndirərək cənubi Ermənistanda hay tayfaları ilə toqquşdular. Güman olunur ki, ermənilər haylar tərəfindən məğ­lub edilmiş, onların xalq adı birdən hər iki tayfa üçün ümumi olmuşdu.”( Патканов К.П. Ванские надписи и значение их для истории Передней Азии // Журнал Министерства Народного Просвещения. Июнь 1875, часть CLXXIX, c. 311.) Göründüyü kimi, K.Patkanyan armen və hay tayfalarının bir-birinə düşmən müna­sibət göstərdiklərini söyləsə də, əcdadları kimi qəbul etdiyi bu iki tayfanın hansı səbəbdən bir-birinə düş­mən kəsildiyini izah edə bilmir.
Beləliklə, haylar Van gölü sahillərinə gələrək, za­man keçdikcə yerli əhalinin mədəniyyətinə yiyələn­miş və yeni məskunlaşdıqları ərazinin adına uyğun olaraq, başqaları tərəfindən “erməni” və ya “armen” adlandırılmağa başlamışlar. Başqa sözlə, özlərini hay adlandıranlar başqaları üçün erməni oldu.
Haylara gəldikdə isə, onların Van gölü ətrafı ra­yonlara miqrasiya prosesləri nəticəsində, friqiyalılar­la birlikdə gəlmələri faktı öz təsdiqini tapır. Bunun əksini sübut etməyə çalışanların əsaslandıqları dəlil­lər isə heç bir tənqidə tab gətirmir.
Herodota görə “…şərqdə lidiyalılarla sərhəddə friqiyalılar… friqiyalılardan sonra kappadokiyalılar gəlir… Onların qonşuları – torpaqları Aralıq dənizinə qədər uzanan kilikiyalılar… burada kilikiyalılar ermə­nilərlə, ermənilər matienlərlə sərhəddirlər”(Геродот. Указ. соч., с. 320.). “Tarixin atası” bunun ardınca qeyd edir ki, “Friqiya torpaq­larından köçən ermənilər Friqiya silahlarına malik idilər”( Yenə orada, s. 427-428.).
Herodotun verdiyi məlumatları əhəmiyyətli mənbə hesab edən rumın tədqiqatçı Vlad Benetsya­nu da erməniləri friqiya mənşəli hesab edir. “Hətta e.ə. ikinci minillikdə Fessaliyanın şimalında ermənilə­rin və friqiyalıların yaşadıqları dövrə aid məlumatların yoxluğunu diqqətə alaraq, biz onların qohumluğunun təsdiq olunmasını tamamilə mümkün hesab edirik. Qədim tarixin öyrənilməsi əhəmiyyətli dərəcədə Mi­letli Hekatey və ya Heredot kimi ciddi tarixçilərin verdikləri məlumatlara əsaslanır, erməniləri friqiya­lılara qohum xalq kimi təqdim edərkən, onların ya­lan məlumat vermələri bizə inanılmaz görünür. Son tədqiqatlar Herodotdan alınan məlumatların düzlü­yünü dəfələrlə təsdiq etmişdir”(Бэнэцяну В. Некоторые вопросы этногенеза армян. // Историко- филологический журнал, 1961, № 2, с. 101-102. ).
Rusiya İmperator Arxeoloji Cəmiyyətinin həqiqi üzvü, S.Peterburq və Brüssel universitet­lərinin professoru, Bizans və erməni tarixi üzrə tədqiqatların müəllifi N.Q.Adonts e.ə. VIII əsrdə skiflər və saklar tərəfindən sıxışdırılan kimmer­lərin şərqdən qərbə doğru hərəkət etdiklərini və Dunay sahillərinə üz tutduqlarını, oradan isə Fra­kiyaya keçdiklərini, friqlər və ermənilərin də daxil olduqları Frakiya tayfalarını özləri ilə götürərək, Kiçik Asiya istiqamətində irəlilədikləri haqqında məlumat verir. “…alimlər hesab edirlər ki, ermə­nilər, ilkin olaraq Frakiyada yaşamış friqiya tayfa­larına aid olmuşlar. Hesab olunur ki, onlar kim­merlərin hərəkət dalğasının əhatəsinə düşərək, oradan Kiçik Asiyaya köç etmiş və sonra özlərinin friqiyalı soydaşlarından ayrılaraq, irəli getmiş və Fəratın sağ qolu olan Alisa çayının yuxarılarında məskunlaşmışlar” (Мусульманский М. Указ. соч., с. 42-43.).
Rus qafqazşünası İ.İ.Şopenə görə “ermənilər mahiyyətcə gəlmədirlər. Bu – Anadolunun şimal vadilərinə keçmiş friqiyalıların və ioniyalıların nəs­lindəndir” (Yenə orada, s. 42.).
İ.Q.Çavçavadze e.ə. IX əsrin sonu VIII əsrin əv­vəllərinə aid edilən Van mixi kitabələrində xatırla­nan etnosların arasında erməniləri tapmır. “…e.ə. VIII yüzilliyin sonlarına qədər və ya… e.ə. VI əsrin əvvəllərinə qədər Van ətrafında ermənilər haqqın­da heç bir işarə yox idi… necə ki, bu, hal-hazırda elm adamları tərəfindən etiraf olunur, necə ki, bu, hətta erməni professoru Patkanov tərəfindən yazılı şəkildə təsdiq olunur” (Чавчавадзе И.Г Указ. соч., с. 100-101.).
XIX əsrin 60-cı illərinin əvvəllərində Mesrop adlı keşiş Eçmiədzinin şimali-qərbində bir neçə mixi ki­tabə aşkar etmiş və onlar ermənilərin tarixi abidələri kimi qiymətləndirilmişdi, lakin sonradan müəyyən olunmuşdu ki, “mixi kitabələr erməni dili ilə heç bir əlaqəsi olmayan dildə yazılmışdır” (Yenə orada, s. 110.), lakin bunun erməni müəlliflər üçün heç bir əhəmiyyəti yox idi. Tarixi həqiqətlərə irrasional yanaşma nüma­yiş etdirən “erməni alimlərin ayrılmaz keyfiyyəti – inadkarlıq yolu ilə öz məqsədlərinə nail olmaq­dır… onlar öz hesablamalarına daxil olmayan hər şey barədə susmağa çalışırlar, hətta bu, danılmaz həqiqət olsa belə” (Yenə orada, s. 111.). Onlar bu inadkarlığı Urartuya aid olan Van kitabələrinə münasibətdə də nüma­yiş etdirmişlər. Erməni mif yaradıcıları e.ə. IX-VIII əsrlərin məhsulu olan kitabələri saxtakarlıq yolu ilə mənimsəməyə çalışmış, bunun üçün bu kita­bələrin yaşını süni surətdə azaldaraq, onları e.ə. VI əsrə aid etmişlər. Məqsəd aydın idi. “Van kitabələ­ri əhəmənilərdən əvvəlki dövrə aiddir, ermənilər isə Ermənistanda məhz əhəmənilər zamanında üzə çıxmışlar, buna qədər onlar orada olmamışlar, – buna görə də, erməni alimləri sübut etməyə ça­lışırlar ki, yazılar Assuriya dövrünə deyil, əhəmə­nilər dövrünə aiddir” (Yenə orada, s. 112.).
Erməniləri hind-avropa dil ailəsinə aid edən Pasdermacyan, onların e.ə. VII və ya VI əsrlərdə kimmerlər və friqiyalılarla birlikdə qərbdən Bal­kanlara və Kiçik Asiyaya, oradan isə şərqə, Qafqa­za doğru irəlilədiklərini etiraf edir (Pasdermadjian H., Histoire de l’Arménie, p. 23, Paris, 1949, p. 23.).
Erməni filoloqu, akademik M.X.Abeqyan da er­mənilərin köç nəticəsində Kiçik Asiyaya gəlmələri haqda söylənilən fikirlərə şərik çıxır: “Ermənilə­rin əcdadları bizim eradan çox əvvəl Avropada, yunan və frakiyalıların əcdadlarının yaxınlığında yaşayırdılar. Onlar oradan Kiçik Asiyaya keçmiş, güman olunur ki, bir müddət friqiyalılarla qonşu­luqda yaşamışlar, belə ki, yunan yazıçısı Heredot erməniləri friqiyalılardan törəmiş koloniya hesab edir”(Мусульманский М. Указ. соч., с. 43.).
Bütün bu fikirlər ermənilərin mənşəyi məsələ­sinə işıq salır, onların hal-hazırda yaşadıqları əra­zilərə gəlmə olduqlarını sübut edir.
Aqil Şahmuradov
1905.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə