Təqvim
DÖYÜŞÇÜ, PEDAQOQ, ŞAİR - Şərif Kərimli xatırlayır
11 may 2020 - 19:42

Dayım Osman Mustafa oğlu Mədətov Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra 48 il ömür sürsə də onun orden və medallarından heç doğma övladlarının belə xəbəri yox idi. Hər dəfə müharibədən söhbət düşəndə gözləri dolar, dərindən köks ötürər və bir vəchlə söhbəti dəyişdirərdi. Qohum-əqrəba içərisində ən çox mənimlə ünsiyyətdə olduğundan, arada az-çox həyatının müəyyən məqamlarından, o cümlədən müharibə dövründən müəyyən epizodlar danışardı. Mənim bu gün dərin təəssüf hissi keçirdiyim anlardan biri də vaxtında dayımı lazımınca danışdıra bilməməyimdir. O elə bir həyat yaşamışdı ki, özündə bir neçə epoxanı birləşdirirdi. Mən onun öz əli ilə yazdığı tərcümeyi-halını oxuyanda indi görürəm ki, bu həyatın içərisində kolxoz quruculuğu hərəkatı, repressiya dövrü, faşist Almaniyasına qarşı müharibənin gətirdiyi fəlakətlər, müharibədən sonrakı bərpa-quruculuq illəri, 50-60-cı illərin müharibə dövründən heç də az olmayan aclıq, səfalət çağları boylanır...
Bircə onunla təskinlik tapıram ki, sağlığında dayıma həsr etdiyim “8712 №li əsir” povesti və “Qaloş” adlı hekayəmlə az da olsa, onun gözlərini sıxmasına müyəssər ola bilmişəm...

“Mən, Osman Mustafa oğlu Mədətov, 1924-cü ildə Gürcüstan SSR-in Marneuli (keçmiş Borçalı) rayonunun Baydar kəndində... anadan olmuşam.
Atam Mustafa Mədət oğlu Mədətov və anam Yetər Alı qızı Mədətova inqilabdan əvvəl və sonra əkinçiliklə məşğul olmuş, 1932-ci ildə kolxoza daxil olmuşlar. Anam 1935-ci ildə, atam isə 1942-ci ildə vəfat etmişdir.”
Qeyd edim ki, Mustafa kişi rəhmətə gedənədək Baydar kolxozunun sədri vəzifəsində işləyib.

1932-1939-cu illərdə Baydar kənd 7 illik məktəbində natamam orta təhsilini başa vuranOsman 1939-1942-ci illərdə Marneuli Pedaqoji məktəbində orta ixtisas təhsili almışdır. Lakin pedaqoji fəaliyyətə yenicə başlamaq və ailənin dolanışığına yardımçı olmaq istəyən Osmanın həyatında çətin günlər yaşanmağa başlayır. Atası Mustafa kişinin rəhmətə getməsi və az sonra Osmana hərbi komissarlıqdan çağırış gəlməsi 6 baş ailənin vəziyyətini lap ağırlaşdırır.
Anası rəhmətə gedəndən sonra Mustafa kişi ikinci dəfə evlənmişdi. Bacıları Gülxanım, Nazxanım, kiçik qardaşı Fərzalı və analığı Gövhər xanımdan dünyaya gələn körpə Mübariz... Bu böyüklükdə ailəni bir qadının üzərinə atıb getmək, əlbəttə ki, çox ağır idi.
1942-ci ilin sentyabr ayında sovet ordusu sıralarına çağırılan Osman birbaşa cəbhəyə yollandı, atıcı kimi ölüm-dirim savaşlarında iştirak elədi. 1943-cü ildə ağır yaralansa da müalicəsini bitirib yenidən cəbhəyə qayıtdı və müharibənin sonunadək – 1945-ci il Qələbə Gününədək, daha dəqiq desək, oktyabr ayınadək müxtəlif hərbi birləşmələrin tərkibində iştirak etdi.

Sovet ordusu sıralarından tərxis olunduqdan sonra Osman Baydar kolxozunda 1 ilə yaxın hesabdar işləyir. Lakin onu həmişə pedaqoji fəaliyyət cəlb etdiyindən 1946-cı ildə Baydar kənd 8 illik məktəbinə dil-ədəbiyyat müəllimi vəzifəsinə işə düzəlir. Təxminən 1 ildən sonra qonşu Kürtlər kəndində yeni açılmış ibtidai məktəbə göndərilir.
Pedaqoji təhsilini artırmaq ehtiyacı Osmanı həmişə narahat edirdi. Ona görə də o, maarif şöbəsinin razılığı ilə Kirovabad (indiki Gəncə) Pedaqoji İnstitutuna daxil olur. 1952-ci ildə institutu bitirən Osman təyinatla Balakən rayonunun Qaysa 7 illik, sonra isə Meşə-Şambul kəndinin orta məktəblərində tədris-hissə müdiri vəzifələrində pedaqoji fəaliyyətlə məşğul olmağa başlayır.
Daha sonra 1957-ci ildən 1965-ci ilədək Daşkəsən rayonunun müxtəlif məktəblərində mədəni-kütləvi işlər üzrə direktor müavini, siyasi-dərs müəllimi, məktəb direktoru vəzifələrində işləyən Osman Mədətova, nəhayət, Daşkəsən rayon partiya komitəsində işləmək təklif olunur. Burada bir sıra məsul vəzifələrdə çalışan Osman Mədətov o dövr üçün ən strateji bir obyektə - Daşkəsən Dağ-Mədən Kombinatında kadrlar şöbəsinə rəis təyin olunur.
Nəhayət, övladlarının ali məktəb həyatının başlanması ilə əlaqədar Osman müəllim 60-cı illərin sonunda ailəsi ilə birlikdə Bakıya köçməli olur. Bakının müxtəlif təhsil müəssisələrində çalışan müharibə veteranı həmişə öz peşəsinə, əqidəsinə, məsləkinə, elinə-obasına sadiq olmaqla yanaşı, üç övlad böyüdüb, onlara ali təhsil verib, həyatda düz olmağı, həmişə haqqın tərəfində olmağı aşılayıb və mənə elə gəlir ki, buna nail olub.
Osman müəllimin ən böyük keyfiyyətlərindən biri o idi ki, o, qucağından pərvazlandığı Borçalını heç vaxt unutmamış, hər il yay tətili günlərində ailəsi ilə birgə (həyat yoldaşı Vəzifə xanım, oğlanları Nazim və Asim, qızı Nazilə ilə) Borçalıda, doğma kəndi Baydarda, daha konkret desək, ya ata ocağında, ya da ən çox bacısıgildə - mənim doğulub boya-başa çatdığım evdə qonaq olmuş, kənd-kəsəklə, doğma yurdu ilə, eloğluları ilə əlaqələrini itirməmişdir.
Osman müəllim həm də şair təbiətli insan idi. Onun Səməd Vurğunun poemalarının təsiri altında yazılmış bir neçə poeması vardı. Uşaqlıq yaddaşımın bir küncünə ilişmiş xatirələrimə əsasən yadımda qalan o olub ki, ümumi dəftərə yazılmış həmin poemalardan birinin boş yerlərində qeydlər vardı. Poemanın adı “Qəmxoş” idi. Bu qeydlərin kimə məxsusluğu ilə maraqlananda bir dəfə kiçik dayım Fərzalı dedi ki, bu qeydlər Səməd Vurğuna məxsusdur. Vaxtilə Osman dayım həmin poemanı böyük şairə göndərib onun fikrini öyrənmək istəyib. Düzdür, poema kitab şəklində çap olunmasa da, ancaq onun qəhrəmanı – Qəmxoş bu gün həyatda yaşayır. Bu, kiçik dayımın qızı Qəmxoşdur...

Şərif Kərimli, yazıçı-jurnalist,
“Borçalı” ictimai birliyinin sədri

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, TƏHSİL
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə