Təqvim
Əhməd Cəfəroğlunun 120 illik yubileyi: Üç günlük elmi-praktik konfrans başladı (+FOTOLAR)
10 dekabr 2019 - 11:25

Açılışı Bakıda gerçəkləşən tədbir dekabrın 10 və 11-də Gəncədə davam etdiriləcək


Məşhur türkoloq-alim, dilçi, ədəbiyyatşünas, türkologiyanın müxtəlif sahələri üzrə 360-dan çox elmi əsərin müəllifi professor Əhməd Cəfəroğlunun 120 illik yubileyi ilə bağlı üç günlük elmi-praktik konfrans öz işinə başlayıb. Konfrans İstanbul Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Türk İş Adamları Birliyi (ATİB), İstanbul və Azərbaycanın "Türk ocağı"nın birgə təşkilatçılığı ilə baş tutub. Dünən Bakıda konfransın açılış mərasimi olub.

 

Tədbir dekabrın 10 və 11-də Gəncə Dövlət Universitetində davam etdiriləcək. Konfransda, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, İstanbul Türk Ocaqlarının sədri Cezmi Bayram, Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Camal Yanğın, tarixçi-alim Firdovsiyyə Əhmədova, Türkiyə Səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi və Əhməd Cəfəroğlunun yadigarı Nazan Cəfəroğlu Ölçər iştirak ediblər.

Açılış mərasimində çıxış edən “Şərq” qəzetinin baş redaktoru, Azərbaycan “Türk ocağı”nın sədri Akif Aşırlı bildirib ki, tədbir türk dünyasının böyük oğlu, mütəfəkkir, müəllim, yazar, istiqlal savaşçısı kimi tarixə adını yazdıran Əhməd Cəfəroğlunun 120 illiyi münasibəti ilə təşkil edilib.

 

Baş redaktor vurğulayıb ki, Əhməd Cəfəroğlu 1899-cu ildə Gəncədə doğulub: “Gəncə Azərbaycan tarixində hər zaman öz intellektual yetirmələri, istiqlal fədailəri ilə seçilib. Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti paytaxtı olub. Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, “Gəncə milli-mədəni mərkəzimizdir”. Çox təəssüf ki, AXC-nin qurucuları arasında, ideya müəllifləri içində Əhməd Cəfəroğlunun adını çox az çəkirik. Türkiyədə xeyli kitablar yazılsa da, Azərbaycanda Əhməd Cəfəroğlu haqqında az işlər görülüb. Əhməd Cəfəroğlu 18 yaşında Qafqaz İslam Ordusu tərkibində topçu zabiti kimi döyüşüb. Gəncədən başlayan azadlıq savaşında fəal rol oynayıb. Eyni zamanda Bakının işğaldan azad edilməsində də iştirak edib. Təhsil almaq onun ən uca amalı idi. 1919-cu ildə yaradılmış BDU-nun ilk tələbələrindən biri məhz Əhməd Cəfəroğlu idi. 1920-ci ilin aprel işğalından sonra Azərbaycanı tərk edərək Türkiyəyə gedib. İstanbul Universitetində ədəbiyyat fakültəsini bitirib. Sonra Almaniyaya gedib və dünyanın məşhur türkoloqlarından dərs alıb. 1929-cu ildə İstanbula dönən bu böyük alim dünyanın bir çox akademiyalarının fəxri üzvü seçilib, Türkiyədə ilk dəfə iki cilddə "Türk dil tarixi" əsərini yazıb. Ə.Cəfəroğlu M.K.Atatürkün dil islahatlarında fəal iştirak edib, Türk Dil Qurumunun əsas yaradıcıları sırasına qatılıb. Onun ən böyük amalı türk dünyasına xidmət etmək idi”.

 

A.Aşırlı vurğulayıb ki, Əhməd Cəfəroğlu həm də ömrünün sonunadək Azərbaycanın istiqlal savaşını aparan böyük mücahiddir:

 

“Ə.Cəfəroğlu M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biri olub, Azərbaycan mühacirət mətbuatının formalaşmasında yaxından iştirak edib. Müxtəlif vaxtlarda “Azərbaycan Yurd bilgisi”, “Türk amacı” dərgilərini buraxıb, mühacirət dərgilərində onlarla məqalə yazıb. “Azərbaycan Yurd bilgisi” dərgisi bu gün də dilçi-alimlərimizin ensiklopediya hesab etdikləri mühüm bir kitabdır. Fuad Köprülüdən sonra türk dünyasının dil tarixinin və türk qövmlərinin tarixinin yazılmasında mühüm rol oynayan şəxs məhz Əhməd Cəfəroğludur. Əhməd Cəfəroğlunun türklərin tarixi ilə bağlı qələmə aldığı elmi-praktiki əsərləri hələ də öz aktuallığını qoruyur”.
 

Daha sonra söz Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala verilib. Səfir türk tarixi üçün böyük əhəmiyyət kəsb edən bir şəxsiyyətin anma mərasimində iştirak etməkdən məmnunluq duyduğunu söyləyib:

 

“Keçmişdə türklüyə və türklərin umumi tarixinə önəmli töhfələr vermiş şəxslərin öyrənilməsi çox mühümdür. Əhməd Cəfəroğlu da məhz bu cür şəxsiyyətlərdəndir. Onun Gəncədən başlayan ömür yolu Turan ideyası ətrafında daha da zənginləşib. Ömrünün sonuna qədər türk millətinə xidmət göstərib. Belə konfranslar Ə.Cəfəroğlunun əziz xatirəsini yaşadacaq. Xüsusən, bizdən sonra gələcək nəsillər üçün önəmli tədbir olacaq. O səbəbdən konfransın ərsəyə gəlməsində zəhməti olan hər kəsi ürəkdən təbrik edirəm. Ata-baba torpaqlarına gələn Nazan Cəfəroğlu Ölçər xanımı da salamlayıram”.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Camal Yanğın bildirib ki, alimlər məclisində söz söyləmək onun üçün asan deyil. C.Yanğının sözlərinə görə, Türkiyədə əsərləri ilə tanış olsa da, Əhməd Cəfəroğlunun Azərbaycan torpağında dünyaya göz açdığından xəbərsiz olub:

 

“İş adamı olsaq da, türk dünyasının tarixini, mədəniyyətini öyrənməyə çalışırıq. Ancaq mən Azərbaycana gələnə qədər Əhməd Cəfəroğlunun Gəncədən Türkiyəyə getdiyini bilmirdim. Bu faktı biləndən sonra Ə.Cəfəroğlu haqqında kiçik araşdırma apardım. Bunu digər iş adamlarına da tövsiyə edirəm. Onu da vurğulayım ki, biz Türkiyə türkləri olaraq hər zaman Azərbaycanı ata Vətənimiz kimi görmüşük. Ata Vətənimizə sıx-sıx gəlməyə bundan sonra da davam edəcəyik”.

İstanbul Türk Ocaqlarının başqanı, professor Cezmi Bayram isə çıxışında bəyan edib ki, onlar sadəcə Türkiyə türklərini deyil, digər türk məmləkətlərindən gələrək türk dünyasına xidmət göstərmiş, elmə və dövlətin inkişafına töhfələr vermiş önəmli şəxsiyyətləri də daim diqqət mərkəzində saxlayırlar:

 

“Ancaq qərara aldıq ki, həmin şəxsləri anma mərasimləri Azərbaycanda da keçirilsə, yaxşı olar. Bugünədək Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqa şəxslərlə bağlı Bakıda tədbirlər keçirmişik. Əhməd Cəfəroğlu da bizim gündəmimizdə idi. Əfsuslar olsun ki, cəmiyyətimizdə vəfa duyğusu çox azdır. Əgər biz keçmişdə türk dünyasının inkişafı üçün fəaliyyət göstərmiş insanları yad etməzsək, o zaman gələcək nəsillər də önəmli iş görməz. Gənc nəslə kimlərisə örnək göstərmək lazımdır ki, gənclər də ata-babaları kimi olmağa çalışsınlar. Onlar üçün çalışanlara minnət duysunlar. Əhməd Cəfəroğlu həyat və fəaliyyəti dərindən araşdırılması zəruri olan görkəmli ziyalılardan biridir”.

Tarixçi-alim Firdovsiyyə Əhmədova vurğulayıb ki, görkəmli alim Əhməd Cəfəroğlu hərtərəfli fəaliyyət göstərmiş bir şəxs olub:

 

“İstanbul Türk Ocaqları başqanı Cezmi Bayramın çıxışından anladım ki, İstanbul Universitetində dərc olunan bir kitab bu cür tədbirlər silsiləsinin başlanmasına vəsilə olub. Hörmətli səfirimiz də İstanbul Universitetinin xidmətlərini yüksək dəyərləndirdi. Göründüyü kimi, Türkiyədə Əhməd Cəfəroğlu ilə bağlı xeyli araşdırmalar aparılıb, işlər görülüb. Ancaq bu, o demək deyil ki, Ə.Cəfəroğlu ilə bağlı Azərbaycanda tədqiqat aparılmayıb. 2008-ci ildə hörmətli alimimiz Kamal Abdullanın redaktəsi ilə Əhməd Cəfəroğlunun “Seçilmiş əsərləri” adlı əsər çap olunub. Sözün açığı, Əhməd Cəfəroğlu ilə bağlı mənə müraciət ediləndə, düşündüm ki, bu işlər dilçilər məşğul olmalıdır. Amma K.Abdullanın həmin kitabını oxuyanda gördüm ki, Ə.Cəfəroğlunun Azərbaycan tarixi, siyasi publisistika, istiqlal mübarizəsi və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı çoxsaylı məqalələri var. Onun özəlliyi ondan ibarətdir ki, Əhməd Cəfəroğlu Azərbaycanı elm, təhsil və mədəniyyət müstəvisində tanıtmağa çalışıb. Eyni zamanda siyasi istiqlalçılıq mübarizəsi də onun fəaliyyətində aparıcı yer tutub”.

Tarixçi-alim Solmaz Tohidi isə Əhməd Cəfəroğlunun 120 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmamasından təəssüfləndiyini deyib:

 

“Ədəbiyyatçılar, elm adamları Ə.Cəfəroğlunu layiqli şəkildə dövlətə, cəmiyyətə təqdim etməlidirlər ki, hamı onu tanısın, gördüyü işləri bilsin. Hesab edirəm ki, bu cür tədbirləri silsilə formada həyata keçirmək lazımdır. Əhməd Cəfəroğlunun irsinə baxanda adam təəccüb edir ki, bir insan bu qədər geniş fəaliyyət göstərə bilərmi? O həm siyasətlə, dövlət işləri ilə məşğul olub, həm də elm və ədəbiyyatla, tarixlə bağlı dəyərli irs qoyublar. Ona görə də çalışmalıyıq ki, onların yazılı irsi qalsın və mütəmadi təbliğ olunsun”.

Tarix elmləri doktoru Nəsiman Yaqublu da vurğulayıb ki, ilk dəfə 1988-90-cı illərdə Türkiyədə olarkən Əhməd Cəfəroğlu haqqında eşidib:

 

“Türkiyədə Məhəmməd Əmin Rəsulzadə ilə bağlı araşdırmalar apararkən bir şeirə rast gəldim. Türkiyənin böyük şairi Fazil Hüsnü Dağlıca yazırdı:

 

Öldü bu gecə Əhməd Cəfəroğlu, duymadınızmı?,
Öldü bu gecə Gəncəli Əhməd Cəfəroğlu, duymadınızmı?

 

Bu misralar məni çox təsirləndirdi. Bir qədər maraqlanandan sonra gördüm ki, Əhməd Cəfəroğlu çox böyük bir şəxsiyyətdir. Mənim Əhməd Cəfəroğlu irsinə, izinə düşməyimin səbəbi həmin şeir oldu. İndi BDU-da hər il Ə.Cəfəroğlu barədə mühazirələr oxuyuram. 25 ilə yaxındır ki, Əhməd Cəfəroğlunu təbliğ edirəm, həm də ondan öyrənirəm. Öyrəndikcə onun nə qədər maraqlı olduğunun şahidi oluram”.

Əhməd Cəfəroğlunun yadigarı Nazan Cəfəroğlu Ölçər də çıxış edərək öncə belə bir konfransın təşkili üçün alimlərə, tarixçilərə öz təşəkkürünü bildirib:

 

“Atam ömrü boyu Azərbaycanla yaşadı. Uzaqda olsa da, öz Vətəninə gələ bilməsə də, hər zaman ürəyi Azərbaycanla döyünürdü. Yatağının yanında həmişə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını saxlayırdı. Əgər bir müddət daha yaşasaydı, Azərbaycanın müstəqilliyini də görə bilərdi. Atam Azərbaycanla bağlı bildiyi, eşitdiyi hər məsələni mütləq kağıza köçürürdü”.

 

Sosial şəbəkələrdə paylaş:
Bakı Slavyan Universitetində “Son iclas” filmi onlayn formada nümayiş etdirilib 19:19, 29 may 2020
Milli musiqi alətlərimiz mövzusunda növbəti mühazirəni size teqdim edirik: Qolça Qopuz aləti19:15, 29 may 2020
Nüşabə acınacaqlı vəziyyətə düşən Nurlanı qınadı: “Toy müğənnilərini bəyənmir, bizdən yardım istəyir” - VIDEO19:10, 29 may 2020
Adi çay qaşığı ilə sağlamlığı necə yoxlamalı?– Evdə 2 dəqiqəlik TEST19:07, 29 may 2020
“Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda respublika virtual elmi konfransı keçiriləcəkdir 19:00, 29 may 2020
“Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcəkdir 18:48, 29 may 2020
Dünya azərbaycanlıları birlik və bərabərlik himnimizi ifa ediblər 18:35, 29 may 2020
13-cü "Tələbə baharı" onlayn keçirildi 18:25, 29 may 2020
Oynaqlardan,boyundan duzu çıxaran, ostexondroza qarşı - SİBİR RESEPTİ16:40, 29 may 2020
İ.İbrahimova: “Ağac kəsənlər ictimaiyyət tərəfindən ən ciddi formada qınanmalıdır ki, cəmiyyət qarşısında utansınlar" 16:38, 29 may 2020
Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub 16:34, 29 may 2020
Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı 16:24, 29 may 2020
Gülağa Tənha Hər zaman maliyə dəstəyi ayırmağa hazıram...13:43, 29 may 2020
28 May – Respublika Günü münasibətilə onlayn simpozium keçirilib 19:00, 28 may 2020
Astarada əkin sahəsində top mərmisi tapılıb 18:56, 28 may 2020
Ağdaşda 1 tondan çox narkotik bitki yandırılıb 18:18, 28 may 2020
Göygöl rayonunun Quşçu kəndi ərazisində top mərmisi aşkarlanıb 18:08, 28 may 2020
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib 17:51, 28 may 2020
Quruluş Məhəmməd Əmin.. 17:46, 28 may 2020
Azərbaycan Texniki Universitetinin televiziya studiyası onlayn imtahanlarla bağlı videoçarx hazırlayıb17:33, 28 may 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə