Təqvim
Azərbaycanda ölümdən sonra orqanları bağışlamaq mümkündürmü?
25 iyun 2019 - 10:39

Azərbaycanda orqanların canlı donorla yanaşı meyitdən köçürülməsi ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunur.

Sentyabrda qəbul ediləcəyi gözlənilən qanun layihəsi bu sahədə qəbul olunan ilk sənəd olmayacaq.

1999-cu ildə qəbul olunan "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunda da meyitdən orqan köçürülməsinə icazə verilib, lakin bu, elə kağız üzərində də qalıb.

Millət vəkili, parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyir ki, indiyədək Azərbaycanda meyitdən orqan köçürülməyib.

BBC News Azərbaycancaya danışan deputat söyləyir ki, hazırki qanun qəbul olunan zaman dünyada orqan transplantasiyası təcrübəsi geniş yayılmamışdı, ona görə də qanunun yenilənməsi vacibdir.

"Köhnə qanunda sadəcə qeyd olunurdu ki, orqan meyitdən də köçürülə bilər, amma şərtləri və normaları qeyd olunmamışdı. Yeni qanun layihəsində isə konkret şərtlər, vəsiyyətnamə forması, protokollaşma, orqan köçürülməsi ilə məşğul olan mütəxəssis və klinikalara tələblər və s qaydalar konkret göstərilir".

 

Kimlər donor ola bilər?


Donor orqan canlı insandan köçürülərsə transplantasiya nə onun, nə də orqan köçürüləcək şəxsin həyatına təhlükə törətməməlidir.

Bu zaman donor hərtərəfli tibbi müayinədən keçirilir və həkim mütəxəssislər rəy verir.

Hazırki qanunda deyilir ki, 18 yaşından aşağı adamlar ancaq sümük iliyi donoru ola bilərlər, onlardan transplantasiya məqsədilə digər orqan və toxuma götürülməsi isə qadağandır.

Yeni qanun layihəsində isə 1 yaşından yuxarı uşaqların da donor olmasına icazə verilməsi təklif olunur.

Həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədilə orqan və ya toxuma köçürülə bilməz.

Hər hansı şəxsi orqan və ya toxumalarının götürülməsinə məcbur etmək qanunla qadağandır və cinayət məsuliyyəti daşıyır.

 

Ölümündən sonra orqanlar necə bağışlana bilər?

 

Musa Quliyev deyir ki, meyitdən orqan köçürülməsi üçün bir neçə variant var.

Əgər şəxs sağlığında orqanlarının bağışlanılması haqqında vəsiyyətnamə verirsə, bu zaman onun ölümündən sonra orqanlarının köçürülməsi üçün heç kimdən əlavə icazə almağa ehtiyac olmayacaq və yaxın qohumları buna imtina edə bilməz.

Şəxs sağlığında orqanlarının bağışlanılmasına etiraz etməsi haqda da vəsiyyətnamə verə bilər. Bu zaman şəxsin ölümündən sonra heç bir halda, yaxın qohumları meyitdən orqan götürülməsini təklif etsə belə, donorluq mümkün olmayacaq.

Əgər şəxs sağlığında nə təsdiq, nə də imtina haqqında vəsiyyətnamə verməyibsə, bu zaman ölümündən sonra orqanlarından istifadə etmək üçün yaxın qohumlarının icazəsi tələb olunur. Bu icazəni yalnız birinci dərəcəli qohumlar - ata, ana, bacı, qardaş, ər və ya arvad verə bilər.

Musa Quliyev söyləyir ki, yeni qanun layihəsinə əsasən, bu qohumlardan birinin icazəsi kifayət edəcək, yəni, onlardan biri orqan köçürülməsinə icazə versə, digərinin imtina etməsi rol oynamayacaq, çünki "məsələ donor orqanı gözləyənin xeyrinə həll edilməlidir".

Kimsə ölümündən sonra orqanlarının bağışlanması haqda vəsiyyətnamə verirsə, lakin sonra fikrini dəyişirsə, vəsiyyətnaməni ləğv edə bilər.

Şəxsiyyəti bəlli olmayanların orqanları isə heç bir halda köçürülə bilməz. Əgər ölən şəxsin yaxınları cəsədin kimliyini müəyyən etmirsə, bu zaman meyitdən orqan götürülmür.

 

"Azərbaycanda mümkünsüzdür"

 

İctimai-siyasi fəal Nicat İmran deyir ki, ölümündən sonra orqanlarının bağışlanması haqda dəfələrlə düşünüb, lakin bunu Azərbaycanda reallaşdırmaq üçün yetərli şərait görmür.

"Ölümümdən sonra onkologiya və digər xəstəliklərin tədqiqatları üçün orqanlarımdan istifadəyə icazə vermək istərdim. Ancaq bunu Azərbaycan kimi üçüncü dünya ölkəsində etmək çətindir, hətta mümkünsüzdür deyərdim".

O hesab edir ki, Azərbaycanda bu sahədə kifayət qədər tədqiqatlar aparılmır, həm də "vəsiyyətnamənin icrası belə şübhə doğurur".


Hansı orqanlar köçürülə bilər?


"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunda deyilir ki, ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.

Bu qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir.

 

Donorlar necə bilinəcək?

 

Musa Quliyev söyləyir ki, donorla bağlı bütün məlumatların yerləşdirildiyi məlumat bankı yaradılmalıdır. Bu, kimin donor olduğu, kimin orqan gözlədiyi, hansı orqanın donorluğa hazır olduğu kimi məlumatları özündə birləşdirəcək.

"Məsələn, kimsə notariusda orqanlarının bağışlanması barədə vəsiyyətnamə yazırsa, onun bütün məlumatları, tibbi göstərişləri avtomatik rejimdə orqan köçürülməsi reyestrində qeyd olunmalıdır.

Mərkəzləşdirilmiş elektron şəbəkə ona görə lazımdır ki, məsələn, Qazax rayonunda bir nəfər donor orqan gözləyir, Lerik rayonunda isə bir nəfər qəzaya düşübsə, onların tibbi göstəriciləri yoxlanılır, uyğun gələndə isə soyuducu ilə təcili oraya aparılacaq və köçürüləcək", - millət vəkili deyib.


"Ailəm icazə verməz"


28 yaşlı Aynur Məmmədzadə deyir ki, ölümündən sonra orqanlarının bağışlanılmasını istəyər, amma ailəsinin buna qarşı çıxacağını düşünür.

"Məncə əgər ölmüşəmsə, o orqanlar mənə lazım olmayacaq, qoy, heç olmasa kiməsə kömək etsin. Amma məncə ailəm buna icazə verməz. Bir dəfə tam açıq deməsəm də, evdə bu barədə danışdım. Gördüm ki, anamın dini baxışları orqanın vacibliyini başa düşməsinin qarşısına keçir".

 

Harada orqan köçürülməsi aparıla bilər?


Musa Quliyev söyləyir ki, orqan köçürülməsi yalnız Səhiyyə Nazirliyinin müəyyən etdiyi klinikalarda həyata keçiriləcək və müəyyən standartlara cavab verəcək.

"Klinikaların maddi-texniki bazası və mütəxəssis heyəti olmalıdır. Mərkəzlər təkcə bir əməliyyat həkimindən yox, tam bir heyət formalaşacaq.

Hazırki qanunda orqan transplantasiyasının respublika üzrə 4 xəstəxanada - M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana, Mərkəzi Gömrük Hospitalı, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi və Mərkəzi Neftçilər Xəstəxanasında aparılır.

 

Cəmilə İbrahimova
BBC News Azərbaycanca

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə