Təqvim
ONSUZ GƏLƏN DAHA BİR AD GÜNÜ - Rafael Hüseyn yazır.. (+FOTOLAR)
25 may 2019 - 13:12

2019-cu il mayın 24-ü unudulmaz dostumuz və ustadımız Cavad Heyətin növbəti ad günü idi.
İllər öncə onun hər yeni doğum gününü özü ilə birgə, mənzilində, ya hansısa restoranda bayram edərdik.
Bu gün dostları, sevənləri, unutmayanaları böyük Cavad Heyətin istiqlal bayramımız ərəfəsindəki növbəti təvəllüd gününü qeyd etməkçün onun bu dünyadakı son mənzilinin başına toplaşmışdı.
Ürək sözlərimizi dedik, Ustada bir daha salamlarımızı göndərdik...
Unutmuruq, unutmarıq!...
Dünən Azərbaycan Radiosunda onun haqqında 1 saatlıq verilişim səsləndi.
Bu gün isə Cavad Heyəti qəlbində yaşadanlara onun haqqındakı yazılarımdan birini təqdim edirəm.

 

CAVAD HEYƏT DƏRSİ

 

Uzun yaşamağın özü də bir hünərdir. Çünki Allahın sənə bağışladığı vücudu, bu ruh yuvasını qocalanadək yaşatmaqçün təbii şərtlərdən savayı sənin ona mütəmadi qayğın da vacibdir. Amma ikiqat hünər uzun ömür yaşayaraq yolun bitəcəyinə yaxınlaşanda olub-keçənləri, sənin gözlərinlə görülmüş dünyanı, sənin taleyindən ötmüş təcrübələri qələmə almaq, olub-bitənləri təhlil etmək, qiymətləndirmək, bütün bunları sabahın insanlarına da çatdırmağa cəhd göstərməkdir. 
Böyük azərbaycanlı Cavad Heyət uzun və sağlam bir ömür yaşadı. “Sağlam” sözünün həm “səhhət” mənasında, həm də qismətinə yazılmış ömür payı boyunca görülmüş işlərin faydalılığı, dürüstlüyü, insanlıq, millət, Vətən üçün gərəkliliyi anlamında. 
O xatirələri ki ömrünün axırıncı bir neçə ilində doktor Cavad Heyət yazıya köçürüb, əlbəttə, onun deyə, yaza, bizə çatdıra biləcəklərinin cüzi bir hissəsidir. Bütünlüyü və bütövlüyü ilə yaddaşında qalan ömür anlarının hamısını yazılaşdıra bilsəydi, həmin xatirələr sıra-sıra cildlərə sığmazdı. 
O, kitabları, axtarışı sevirdi, millətini, dilini, yurdunu sevirdi, ancaq həm də təntənəni sevirdi. Və 90 yaşının bayramını özünün də həmin mərasimlərdə iştirakı ümidi və arzusu ilə gözləyirdi. Çünki burasından da agah idi ki, o tədbirlər yalnız Cavad Heyətin yuvarlaq ildönümünün fərəhlərinin yaşandığı gün olmayacaq, həm də ədəbiyyatımızın, mədəniyyətimizin, bütövlüyümüzün, milli varlığımızın yaddaqalan bayramlarından birinə çevriləcək. 
Təəssüflər ki, Doktor 2015-ci il mayın 24-də tamamlanacaq 90 illik yubileyinə yetişmədi. 
Sərhədə çatmağa 1 ildən də az müddət bəs eləmədi. 
Cavad Heyətin güclərindən biri bu idi ki, çoxlu dil bilirdi və həyatı boyu da həm ümumiyyətlə yeni nələrisə və həm də məxsusən təzə dilləri öyrənməyə nail oldu. 
Ərəbcəni, farscanı, türk dillərinin bir çoxunu mükəmməl bilirdi. Fransızcası yaxşı idi. İngiliscəsi də vardı. Lakin ömrünün sonuna doğru getdikcə yeniyetmə çağlarında qəbul etdiyi bir tələskən qərarına heyifsilənirdi və həyatının başlıca yekunlarını əks etdirən xatiratında da həmin təəssüfünü ifadə edib ki, kaş ingiliscəni fars dili kimi biləydim. 
Uşaqkən atası onu Amerika Memorial Məktəbinə göndərmişdi. Tədris fars və ingilis dillərində imiş. Öyrəncilərin, demək olar ki, hamısı xristian uşaqlarıymış və Doktorun xatırlamasına görə, bu məktəbdə məsihilik açıq-aşkar təbliğ edilirmiş. Ona görə də Cavad keçir ingilis dili yerinə fransızcanın əsas götürüldüyü Rüşdiyyə məktəbinə. Orada da kamil tədris varmış, amma bu məktəbdəyişməyə görə onillər sonra Doktor daim özünü qınadı: “Əgər Memorial məktəbində təhsilimi davam etdirsəydim, ingilis dilini fars dili kimi bilərdim və o zaman mənim uğurlarım və şöhrətim dünya miqyaslı olardı”. 
...Ömür yolu tamamlanandan sonra lap çoxdan insana da baxışın sanki dəyişir. Onu daha dəqiq görməyə başlayırsan, əvvəlkindən daha hündürdən seyr edə bilirsən. 
Cavad Heyət bu gün, onsuz qaldığımız vaxtda mənə bir qədimi xalça kimi gəlir. Əlvan, naxış-naxış, baxdıqca yeni-yeni qatları kəşf edilən bilən yadigar xalça kimi. 
Sən demə, elə xalçaçılıq da onun ömründən keçibmiş. Uşaqlıq illərində, yay aylarında anası ilə birgə hərdən Nemətabada, Sərdarabada, Qaradağdakı Vərzəqana gedərmiş. Nemətabada kənd uşaqlarından müdam yeni nələrəsə vaqif olmaq həvəsi ilə yanan Cavad xalça toxumağı da öyrənibmiş. 
Xalçaçı olmadı, amma xalı kimi gözəl bir ömür sürdü... 
Böyük Cavad Heyətin Vətən və millət məhəbbəti ilə dolu ürəyi həyatının 90-cı ilində dayandı. 
Ömrü boyu onun işi ürəklə olmuşdu. Nə iş görmüşdüsə, ürəklə görmüşdü və təməl peşəsi olan həkimlikdə də əsas sahəsi ürək idi.
Hələ cavan yaşlarından misilsiz bir ürək cərrahı kimi dünyada məşhurlaşmışdı. Lakin tale ona daha ali bir missiyanı – millətinin ürəyinin və xalqının ruhunun müalici olmaq vəzifəsini də həvalə edibmiş.
Belə insanların isə ürəyi heç vaxt dayana bilməz.
Sənəti ürəklərə şəfa vermək olan doktor Cavad Heyət, əslində, öz ürəyinin salamatlığının da çarəsini irəlicədən həll edibmiş.
O öz könlünü tükənməz bir enerji qaynağına – bütöv millətinin və qövmünün qəlbinə bənd etmişdi: ora güc verirdi, oradan güc alırdı.
Azərbaycan, türk dünyası naminə yaratdığı dəyəri sözə sığmaz əsərləri və əməllərində Cavad Heyətin qəlbi, əlbəttə ki, hələ bundan sonrakı çox zamanlar boyu çırpınmaqda davam edəcək.
Həssas vətənpərvər Bəxtiyar Vahabzadə dostu Cavad bəyin timsalında bir məslək, əqidə qardaşını görür, Heyətin ucalığına belə heyrətlənirdi:

 

İnsana xidmətdir məramın sənin,
Sən ömrün boyunca ömr uzatmısan.
Cərrah bıçağıyla min-min xəstənin
Ağrı-acısını kəsib atmısan.

...Bu xalqın mənəvi ağrılarına
Əlacı, qardaşım, qələmdə gördün.
Gündüzlər bıçaqla kəsmək bir yana,
Gecələr əlinə qələm götürdün.

...Gecə də, gündüz də hey döyüşdəsən,
Mənəvi, cismani ağrılarla sən.
Həkim nüsxələri yazdın həmişə,
Xəstə şəfa tapıb sağaldı... fəqət,
Ədib qələmiylə yazdığın nüsxə
Bir xalqın dərdinə şəfadır, əlbət!

 

Dünya boyu səpələnmiş, sayı 50 milyonu aşan azərbaycanlılar arasında bu gün böyük şəxsiyyətlər, Azərbaycanın adını yüksəldən müstəsnalar az deyil.
Lakin müasirimiz, bizimlə eyni günlərin içərisində yaşamış canlı klassik, ömrünün axırınadək mütəfəkkir zəkasının aydınlığını, şəfqət və sərrastlığını saxlayaraq xalqı üçün faydalı işlərini yerinə yetirməkdə davam edən Cavad Heyəti heç kəslə müqayisə etmək mümkün deyil. O, birincilərin birincisi idi.
Çünki bir var hər hansı elm, ictimai-siyasi fəaliyyət sahəsində dünyada məşhur olasan və çox zaman sənin azərbaycanlılığın yalnız elə mənşəcə bu xalqa mənsub olduğunla bitsin, bir də var öz sahəndə ali səviyyəli peşəkar ola-ola həm də atəşin vətənpərvər, millətsevər kimi misilsiz əməklər sərf edəsən, bu səyləri həyatının başlıca mənasına çevirəsən.
Bu tərəzidə lap dünyadakı ən üstün soydaşımız Lütfi Zadədən tutmuş tanıdığınız ən məşhur, ən qüdrətli azərbaycanlılaradək kimi Cavad Heyətlə yanaşı qoymaq olar?
O, yalnız Vətəni Azərbaycanın, ata yurdu İranın, min bir tellərlə bağlı olduğu Türkiyənin deyil, bütün dünyanın vətəndaşı olan nadir insanlardan idi. Çünki böyük yolunun başlanğıcında həkimlik sənətini seçmişdi və bu peşə sahibinin də ali vəzifəsi insana xidmət, insan həyatını hifz etməkdən ibarətdir. Lakin ömrü uzunu beynəlmiləlçi, insançı qala-qala doktor Cavad Heyət təpədən-dırnağa qədər vətənpərvər, millətsevər olmağı da bacardı, xalqının mənəviyyatı ilə bağlı dəyərləri qorumaq, yaşatmaq amalına hər an sədaqət göstərdi və həm də bu etibarlılığını bir-birindən qiymətli əsərləri, yorulmaz fəaliyyətləri ilə sübut etdi.
Belə Vətən və millət aşiqi olan, həm də bu təhər nəhəng işlər görməyi bacaran, bu sayaq tükənməz bilik və qabiliyyətlərə sahib, bunca qüdrətli, epoxal şəxsiyyət bir də nə zaman yaranacaq?
Ümumən bundan belə ikinci belə bir şəxsiyyətin yetişəcəyi ağlasığmazdır.
Fərdi keyfiyyətlərdən savayı, içərisindən adlanmış mürəkkəbdən-mürəkkəb, dünya tarixinin ən təlatümlü, ən tərəqqili, ən enişli-yoxuşlu, nəsilləri fərqli olan bir əsrə yaxın zaman parçası da var axı!
Şəxsiyyətləri, hadisələri, mühiti, koloriti ilə həmin dövr bir daha təkrarlanmayacaq!

* * *
Əsl yurdsevərin, həqiqi millətpərvərin kimliyi Vətən və xalq taleyinin qəliz sınaqları müstəvisində, tarixi darmacallarda ortaya çıxır.
Qaldırın yaxın keçmişimizi, arayın ki, 1990-cı illərin əvvəllərində bir sıra xarici qüvvələrin dəstəyi və yönəltməsi nəticəsində Ermənistanın əli ilə Azərbaycan torpaqları qəsb olunanda, yüz minlərlə soydaşımız müsibətlərə ürcah ediləndə dünyada məşhur olan azərbaycanlılardan hansı biri Cavad Heyət kimi mərd-mərdanə köksünü irəli verdi, bizi onun kimi canıyananlıqla, milli təəssübkeşliklə müdafiə etdi, dünyanı və qardaş ölkələri qətiyyətlə Azərbaycana arxa durmağa, yardım etməyə çağırdı?!
Bu, Cavad Heyətin həmin cəhdlərindən bircəsidir. Doktor 1993-cü il noyabrın 21-də qəlbi qanaya-qanaya Türkiyə Cümhuriyyətinin Prezidenti, 50 ildən bəri tanıdığı, yaxın münasibətlərdə olduğu cümhur başqanı Süleyman Dəmirələ açıq məktubunda belə yazırdı: “Bu gün Arazın quzeyindəki dindaş və soydaşlarımız, yəni azəri qardaşlarımız tarixdə az rastlaşdığımız bir faciə və soyqırımına məruz qalmışlar, həm də böyük bir millət və ya güclü bir dövlət tərəfindən deyil, bütün tarix boyu himayəmiz altında yaşayan və ədalətimiz sayəsində bütün insani haqlardan faydalanan ermənilər tərəfindən! Təbiidir ki, onların belə azğınlıq və cinayətə təşəbbüs və cəsarət göstərmələrinə səbəb bütün müsəlmanların, ələlxüsus türklərin düşməni olan bugünkü böyük dövlətlərin dəstəkləri və yardımları olmuşdur.
Belə bir durum qarşısında müsəlman dünyasının, Türkiyə və İran İslam Cümhuriyyətinin və uluslarımızın vəzifə və məsuliyyətləri nə ola bilər?
Bu məzlum, silahsız, ordusuz və əsarətdən yenicə çıxmış qardaşlarımızı yalqızmı buraxmalıyıq?
Bu sətirləri göz yaşlarımın qabağını ala bilmədən yazıram. Və bu anda Allah-taaladan xalqımıza qurtuluş, ya da özümə ölüm diləyirəm. "Əl-mövt xeyrun min rüku billari", yəni“Ölüm zillət çəkməkdən yaxşıdır”(İmam Hüseynin Aşura günü Kərbəla meydanında şəhid olmazdan qabaq söylədiyi sözlərdir – R.H.).
Bu gün mənim əlimdəki qələm-kağız və quru nəfəsimdən başqa bir şeyim yoxdur, onları da məzlum xalqımızın yolunda sevə-sevə verməyə razıyam. Bilirəm ki, bu gün xalqımın qələmdən çox süngüyə ehtiyacı vardır.
Ciddi ölüm təhlükəsində qalan məzlum azəri qardaşlarımızın yardımına qalxın!"
Bu gün bu sözləri demək, bəlkə də, asandır. Amma o vaxt üzdəki heç bir siyasətçi, ictimai şəxs bu cür kəskin tonda danışmırdı. Bu məktub-bəyanat həm də o qəbil başqa çağırışların yaranmasına meydan açırdı, yatmışları oyadan həyəcan təbili idi.
Adətən, siyasi mövzularda həmişə ehtiyatla yazıb-danışan Cavad Heyət bu müraciətində ona dəyə biləcək istənilən zərbəyə rəğmən sinəsini irəli vermişdi.
Bunca fədakarlığı unutmaq olarmı!
Belə bir VƏTƏNDAŞla ayrılığın acısı bu gün hər bir qaçqınımızın, köçkünümüzün, yurddaşımızın evində ən içdən gələn məhəbbətlə yaşanmasa, biz nankor olardıq!

* * *
Çoxcəhətli, çoxistiqamətli biliklər yiyəsi Cavad Heyətin səriştə ilə bildiyi elm sahələrindən biri də ilahiyyat, islamşünaslıq idi və o, bu sahədə müqayisəsiz üstünlüyə malik idi. Təbii ki, bunca püxtə islamşünasdan ötrü Məkkə də, Mədinə də ən müqəddəs şəhərlər idi. Lakin dünyanı və özünü dərk etdiyi çağlardan ailəsinin ona aşıladığı və özünün dərk etdiyi başlıca meyarlardan biri bu olmuşdu ki, Təbrizlə Bakı onun Məkkəsi ilə Mədinəsidir.
1925-ci il mayın 23-də Təbrizdə doğuldu, 2014-cü il avqustun 12-də Bakıda əbədiyyətə qovuşdu.
Cavad Heyət Azərbaycan Respublikasının vətəndaşı deyildi.
Lakin o, dünyasını dəyişəndə dövlət səviyyəsində ilk vida sözləri Bakıda yayıldı və həmin ehtiram dolu mətnin altındakı əvvəlinci imza da dövlətin birinci şəxsinin adı, ölkə Prezidentinin imzası idi.
Bircə bunun özü Cavad Heyətin nə qədər fövqəladə, Azərbaycandan ötrü nə qədər mühüm şəxsiyyət olmasından deyir.

* * *
Cavad Heyət elə bir ailədə doğulmuşdu, elə nəsillərin və elə ocağın yavrusu idi ki, onun biliklə, kitabla, yüksək əxlaqi dəyərlərlə bağlı olması labüd idi.
Bir dəfə ondan soruşmuşdum ki, Siz artıq ustadlar ustadısınız, ömrünüzdən də çox müəllimlər keçib. Bu qədər dərin biliklər əldə edəndən sonra həyatınızdakı müəllimlərdən hansını göz önünə gətirərkən yenə özünüzü şagird məqamında təsəvvür edirsiniz?
Cavab vermişdi ki, sözün bütün mənalarında mənim ən birinci müəllimim atam olub. Həm əvvəlinci, həm də ən baş mənasında.
Cavad Heyətin atası, 1879-cu ildə dünyaya gəlmiş Mirzə Əli Heyət gənc yaşlarında Nəcəfə yollanaraq 7 il mükəmməl ali ilahiyyat təhsili almışdı, fiqhdən – dini hüquqdan tutmuş üsul, hikmət, kəlam, riyaziyyat, yüksək astronomiya, köhnə və yeni fəlsəfəyədək bir çox elm sahələrinə dərindən vaqif olmuşdu. Biliklərlə ləbələb, öyrənməkdən usanmayan Mirzə Əli hələ bundan sonra İstanbul və Qahirəyə gedərək oralarda da 1 il elmi araşdırmalarla məşğul olmuş, bir qədər də dərinləşmişdi.
Paklıq, düzlük və bilginliyin timsalı Mirzə Əli 1967-ci ildə dünyasını dəyişənədək İranın dövlətçilik, düşüncə və mənəviyyat həyatındakı seçkin simalardan olmuş, Təbriz məhkəməsinin ilk sədri, İranın Baş prokuroru və daha sonra ədliyyə naziri işləmişdi.
Təsəvvür edin Mirzə Əli Heyət hansı savada və səviyyəyə malik imiş ki, dünyanın hər üzünü, alim və müəllimlərin hər cürünü görmüş Cavad Heyət lap ixtiyar çağlarında da atasını ömrü boyu tanımış olduğu müəllim və alimlərin ən kamili hesab edirdi. Onun adını çəkəndə kövrəlirdi, boynuna alırdı ki, atasını hər insandan, öz övladlarından, hətta doğmaca anası Məsumə Sultandan da artıq sevmişdir.
“10 bacı-qardaş idik. Amma anam məni bütün uşaqlardan çox istəyirdi. Bir gün mənə şikayətləndi ki, oğul, sən özün şahidsən ki, mənim sənə məhəbbətim o biri uşaqlara olan sevgimdən qat-qat çoxdur. Bəs sən niyə atanı məndən çox istəyirsən? Dedim ki, ay ana, axı bunun ixtiyarı mənim əlimdə deyil...”
Bir dəfə Cavad Heyətdən bunu da xəbər aldım ki, bəs ən böyük müəllim saydığınız atanızın hansı nəsihətini ən vacib bilir, ömrünüzün əsas düsturu sayırsınız? Söylədi ki, atam həmişə nəsihət edərdi: nə iş görsən, ehsasatın (duyğuların – R.H.) səninlə olsun, amma ağlı da unutma.
Doktor bütün yolu boyunca bu düsturdan kənara çıxmadı. Nə etdisə sevərək, ürəkdən, eşqlə etdi, ancaq heç vaxt da emosiyaların tam əsirinə çevrilmədi, soyuq dərrakəsi, hər xırdalığı nəzərə alan fəhmi həmişə sərvaxt dayandı. Ona görə də mürəkkəb siyasi və ictimai dövrlərin burulğanlarından keçib irəlilədiyi uzun onillərdə heç vaxt yıxılmadı, bürdəmədi, yanılmadı.
Bəs Doktorun da daşıdığı “Heyət” soyadının kökü haradan gəlir?
Mirzə Əli artıq cavanlığından el-oba arasında da, ali dövlət dairələrində də savadına, dünyagörüşünə, ədalətliliyinə, doğruculluğuna görə sözükeçən, sayğı bəslənən ziyalı idi. O qədər mötəbər ki, İranda – ölkədaxili və xarici vacib səfərlər üçün təşkil olunan mühüm nümayəndə heyətlərinə mütəmadi başçı təyin edilərmiş. Bunlardan birincisi vaqe olubmuş 1906-cı ildə. 
Məhəmmədəli şahın dövlət çevrilişindən sonra Nəcəfdə ilahiyyat tələbələrindən ibarət bir heyət qurulur. Əvvəlcə Bəsrəyə, sonra İrana Məşrutiyyət fərmanını aparan üç böyük din böyüyü – Ayətullah Tehrani, Ayətullah Mazandarani və Axund Molla Kazım Xorasani, eləcə də digər nüfuzlu, bişkin şəxsiyyətlərin daxil edildiyi heyətə onlardan xeyli gənc Mirzə Əli rəhbər seçilmişdi.
Gedir, danışıqlar aparır və Məşrutiyyətin bərpasına nail olur.
1919-cu ildə ermənilər Naxçıvanda zavallı insanları olmazın zülmlərə məruz qoyanda, şiddətli təzyiqləri ilə bu bölgəni Azərbaycan Xalq Cümhuriyyətindən qopararaq Ermənistana qatmaqçün canfəşanlıqlar edəndə naçar qalan əhali Qacar vəliəhdi Məhəmmədhəsən Mirzədən kömək diləmişdi və o da Tehranın “hə”sini alaraq Mirzə Əlini bir yardım heyəti və rəsmi məktubla Naxçıvana yola salmışdı... 
Bu minvalla hələ cavankən ağsaqqal ehtiramına sahib olan Mirzə Əli "Heyət" təxəllüsünü qazanıbmış və sonra həmin kəlmə çevrilir ailənin soyadına.
Mirzə Əli Heyət on övladının onuna da yaxşı tərbiyə və təhsil verməyə səy etmişdi, amma nədirsə, elə yeniyetməlik çağlarından Cavada bəslədiyi ümidlər daha məxsusi imiş.
Tehranda ali tibb təhsili alan Cavadı atası üçüncü kursdan sonra oxumağını davam etdirmək üçün Türkiyəyə göndərməyi qət edir. O zaman İranla Türkiyə arasında 100 tələbə mübadiləsi haqda bir anlaşma imzalanıbmış. Lakin müəyyən səbəblərdən bu layihənin gerçəkləşməsi ləngiyirmiş və Cavad atasına müraciət edir ki, tələbə dostlarımdan təhsili davam etdirmək üçün Beyruta gedənlər var, bəlkə, icazə verəsiniz, mən də gözləməyim, elə onlara qoşulub gedim.
Atası etiraz edir ki, oğlum, gün gələcək, sən Parisə də gedəcəksən, Amerikaya da. Mənim imkanım olsaydı, səni Türkiyəyə yox, Bakıya göndərərdim. Amma arada dəmir pərdə var. Türkiyəyə getməyini ona görə arzulayıram ki, yalnız tibb təhsili almayasan, həm də gedib öz dilini, mədəniyyətini, tarixini bir az da dərindən öyrənəsən.
Ömrün ixtiyar mərhələsində bütün nail olduqlarına vaxtın hündürlüyündən baxan Cavad Heyət atasının bu strateji məqsədli addımına görə ona sonsuz dərəcədə borclu olduğunu rəhmətlərlə dilə gətirirdi. Şükranlıqla anırdı ki, məhz Türkiyədəki təhsil dövründə axarında olduğu elmi ab-hava, oxuduğu kitablar, oturub-durduğu alimlər, təmas bağladığı ziyalılar, təbib olduğu halda, onun həm də bir türkoloqa, azərbaycanşünasa çevrilməsinə möhkəm, sağlam özül yaratdı.
"Atam davranışlarında, danışığında, insanlara münasibətlərində, əməllərində istisnasız olaraq həmişə səbirli, nəzakətli, düzlüksevər, ölçü gözləyən, səliqəli bir kişi idi. Yalnız camaat arasında olanda deyil, lap evdə, otaqda tək qalanda da belə idi. Bu onun təbiəti idi".
Gecə saatlarında doktor Cavad Heyətin artıq yadigara çevrilmiş, 2008-ci ildə lentə aldığım söhbətini dinləyirəm, aramla ömür hekayətini söyləyir, məni ayrı bir aləmə aparır və dinləyə-dinləyə fikirləşirəm ki, axı o da bu baxımdan atası ilə eyni idi.
Kübarlığın, alicənablığın, nazikliyin qüsursuz nümunəsi idi. Haçağ evinə görüşünə getdimsə, lap sağlığının son aylarınacan – hərdən xəstə, üzgün, yorğun olduğu vaxtda da məni səliqə ilə geyinmiş halda, kostyumda, qalstukda, beretdə, sifətinin mehriban ifadəsi ilə qarşıladı.
Məni və hər kəsi.
Cavad bəy yüksək daxili mədəniyyətə malik idi, əsl centlmen idi. 
2010-cu ildə yoldaşım Tehranda əməliyyat olunmuşdu. Cavad bəy mütəmadi olaraq gündə bir neçə dəfə bizimlə, həkimlərlə telefon əlaqəsi saxlayırdı. Xəstəxanadan buraxılandan sonra isə şəhərin o başından durub gəlmişdi mehmanxanada yoluxmağa. Qınadım ki, axı niyə əziyyət çəkmisiniz! 
Çünki o günlərdə Doktorun özü də bir qədər nasaz idi, sağ ayağının barmaqlarında yara əmələ gəlmişdi, müxtəlif məlhəmlər yaxırdı və hərəkət etməsi də çətin idi. 
Həmin gəlişi vaxtı çəkilmiş fotolarımız da qalır: ayaqqabılarının tayları fərqlidir. Yaralı, sarıqlı, buna görə çəkməyə girməyən sağ ayağına dabansız, burunsuz yüngül başmaq keçirib, sol ayağında isə qara çəkmə...
Cavad Heyət böyük alim olmaqla bərabər, böyük də insan idi, tərbiyəliliyin, əsilzadəliyin ibrət alınası örnəyi idi. Elə bir örnək ki, ona oxşamağa çalışmaq olur, lakin tam o cür olmağa heç də həmişə, ən azı, səbrin çatmır. Tam o cür ola bilməkçün gərək həmin keyfiyyətləri, yerinə yetirməli olduğun şərtləri sadəcə qəbul etməyəsən, onları doktor kimi, onun atası sayaq məhz öz təbiətinə çevirəsən.
"Atam müasir düşünən, açıq fikirli bir şəxs idi. Amma eyni zamanda etiqadlı, imanlı bir insan idi, əxlaqən ruhani idi, namaz qılardı, içki içməzdi. Hər kəs də bunu bilirdi. Bir dəfə İranın Baş naziri doktor Əli Əmini bizə qonaq gəlmişdi. Atam da, qardaşlarım da bizdə idilər. Süfrə açılmışdı. Bilirdik ki, Əli Əmini içkiyə biganə deyil. Yaxınlaşıb qulağına pıçıldadım ki, atamızın yanında sizə içki təklif edə bilmərik. Amma qonşu otaqda viski hazırlamışıq, istəyirsinizsə, buyurub keçin, orada nuş edin. O da qayıtdı ki, yox, mən də ağa-yi Heyətin yanında içmərəm.
Atamın bu qədər hörmətini saxlardılar".
Bunlar da doktor Cavad Heyətin xatirələrindəndir və onun hansı ailə məktəbindən keçərək yetişməsinin daha bir cizgisidir.
Orta məktəbdən sonra Cavad bəy hərbi liseyə daxil olubmuş və öz hekayətincə, orada da birinciymiş. Di gəl, hiss edir ki, hərb onun tutub gedəcəyi yol deyil, səmtini təbabətə dəyişir.
Lakin ailə tərbiyəsindən və həmin ilk hərbi təhsilindən gələn sərt daxili intizam sonacan Cavad Heyətlə qaldı.
Axır illəri əsasən Bakıda yaşayırdı, arada Tehrana gedib-gəlirdi.
Hər gedəndə mütləq zəng vururdu ki, filan gün yola düşürəm, hər qayıdanda mütləq telefon açırdı ki, geri dönmüşəm. Bunlar elə xüsusiyyətlərdir ki, onları öyrətmək olmur, gərək belə bir intizam, dəqiqlik, sahman, davranış səliqəsi canında ola. Daxilində belə bir dəqiqlik və intizam nəbz kimi vurduğundandır ki, Cavad Heyət bu qədər çox, bu qədər xeyirli və bir-birinə bənzəməyən ciddi işlər görməyə müvəffəq olub.

* * *
1946-cı ildə İstanbulda tibb təhsilini başa vurduqdan sonra üç il cərrahlıq üzrə təcrübə, daha sonra isə Parisdə daha üç il bu yöndə təkmilləşmə keçmişdi. İrana qayıdıb işə başlamışdı, amma daha çox öyrənmək, bir az da kamilləşmək istəyi onu yeni yolçuluqlara səfərbər etmişdi. Amerikada müxtəlif klinikalarda çalışmışdı, Danimarkada, Kopenhagendə işləmişdi.
İranda bir sıra iri xəstəxanaları quran, böyrək dəyişdirilməsi, açıq ürək əməliyyatları və sair möcüzə kimi görünən bir çox başqa təbabət hünərlərini ilk dəfə göstərən Cavad Heyət olub. 
Onun“Tromboflebit və müalicəsi” (1957), "Ümumi cərrahlıq" (1965), "Cərrahiyyə dərslikləri" (1997) kitabları, təbabətin müxtəlif çətin məsələlərinə aid bolluca təcrübə və təhlillər əsasında qələmə alınmış 100-dək araşdırma-məqaləsi sərrast müşahidələriylə, elmdə yeni söz olan tapıntılarıyla seçilir.
Naturasında naşirliyə, elmi kütləviləşdirməyə meyil olduğundan elə həmin çağlarda “Daneş-e pezeşki” (“Təbabət elmi”) adlı dərgi buraxmağa başlamış və həmin jurnal 1964-1976-cı illərdə işıq üzü görmüşdür. Bir çox tibb araşdırmaçısı üçün münasib elmi laboratoriyaya, özünüifadə meydanına dönən həmin dərgidə Cavad Heyətin özünün 60-dan artıq dəyərli məqaləsi dərc edilmişdir.

* * *
Ensiklopediklik, universallıq orta əsr alimlərinə xas keyfiyyətlərdən imiş. Həm Şərqdə, həm Qərbdə. Bizim dövrdə isə nəinki müxtəlif elm sahələrində, hətta bir elm sahəsinin daxilində belə onun müxtəlif istiqamətlərinə hərtərəfli bələd olan mütəxəssislərə seyrək rast gəlinir.
Cavad Heyətsə həm də bir tarixçi, ədəbiyyatşünas, folklorçu, dilçi, filosof, mədəniyyətşünas, ilahiyyatçı idi. 
Bu istiqamətlərin də hər birinə aid köhnəlməz, masaüstü olmağa yaraşan əsərlərin müəllifidir.
O, həmin elm sahələrinin heç birində peşəkar deyildi və ona görə də araşdırmaları akademik biçim daşımır. Lakin biliklərinin geniş çevrəsi, problemləri çox üstdən, panoramda seyr edə bilməsi və güzəştsiz milli mövqeyi ona imkan verib ki, dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz haqqında ən peşəkar araşdırıcıların ən akademik tədqiqlərindən geri qalmayan faydalı əsərlər doğursun. Həm də o əsərlərin hər birində qəlib, model olmaq siqləti var. Yəni məhz o dəst-xətlə, o yanaşma ilə, o qeyrətlə yazmağı təlqin və təşviq edən ülgü!

* * *
Cavad Heyətin bir üstünlüyü də onun nəyi necə deməyin üsullarına məharətlə yiyələnməsi, mətləbləri hər kəsin qavraya bilməsindən ötrü hansı sadəlikdə yazmağın gizlinclərinə bələd olması, bir də, ən lazımlısı, fikirlərini siyasi incəlik və nazik sərhədləri nəzərdə tutaraq, xəfif pərdəni aradan itirməyərək, heç bir tərəfi incitmədən ustalıqla ifadə etməsi idi. 
“Varlıq”ın nübar sayında, birinci buraxılışında Həmid Nitqinin “Ana dili – sevgili dil” adlı uzun şeirini dərc etmişdi. Həmin mənzumənin misralarında tamam tariximiz, yolumuz, dərdlərimiz, qayğılarımız, ümidlərimiz əks olunub. Həm də bütün bunların yanında bir redaktor məharəti sezilir (söz yox, Cavad bəy əski dostu ilə bu proqram xarakterli şeirin nə təhər olmasını, hansı nöqtələrə vurmasını da dönə-dönə müzakirə etmişdi), mühiti, ətrafı, münasibətləri nəzərdə saxlamaq, həddi aşmamaq taktı da duyulur:

 

İranı abad, bizləri şad istəməyənlər,
Öz nəfi üçün hər zadı bərbad eləyənlər,
Bu ölkədə əqvam ara hər haqqı dananlar
Öz niyyətini eylədilər beyləcə izhar:
“Bu irqin o bir irqlərə üstünlüyü varmış,
“Arya”dan olan olmayana fəxr satarmış.
“Türki” deyə bir dil nə gəzər, “azəri” varmış,
Milyonla o dildə danışansa xatakarmış”.
Lakin bu qaranlıq da, nəhayət, sona ərdi,
Buzlar əridi, yel də bahar müjdəsi verdi.
Gəl, qardaşım, ey fars danışan yar ü bəradər,
Qoy mazidə qalsın qara günlər, ağır illər.
...Qoy bədxahımız bizdəki birlikdən üzülsün,
Qoy ölkədə həm türk üzü, həm fars üzü gülsün.

 

XV yüzildə Əlişir Nəvai bütün türk dünyasında sonrakı əsrlər ərzində həmişə qələm şücaəti kimi dəyərləndiriləcək “Mühakimət ül-lüğəteyn” risaləsini yazdı. XX əsrdə isə Cavad Heyət fars dilində “Müqayisət ül-lüğəteyn” (1991) kitabını doğuraraq ulu sələfin türkcənin üstünlüklərini nümayiş etdirən əsərindən geri qalmayan bir hünərə imza atdı.
Tutuşdurun: Nəvai öz risaləsində fars dilində qarşılığı olmayan 100 türk kəlməsini gətirərək təhlillərini aparmışdı. Cavad Heyət isə “Müqayisət ül-lüğəteyn”də 1700 belə sözü tədqiqata cəlb edir, kitabın yaranmasının ümdə səbəblərindən birini isə belə nişan verirdi: “Kitabı farsca yazdım ki, onu bütün iranlılar oxuya bilsin. Türk olub öz dilini və onun əhəmiyyətini yaxşı bilməyənlər, ya da asimilə olunmuşlar gerçəkləri öyrənib təqdir etsinlər”.
Orta əsr Şərq şairinə, aliminə çoxdillilik də xas olub. Şairlərimizin, filosoflarımızın əksəri orta əsrlərdə üçdilli olub, farsca, ərəbcə, türkcə yazıb-yaradıb. Cavad Heyət bu baxımdan da klassik babaların müasir zamana uyğun davamçısı idi. Azərbaycan dilini, Türkiyə türkcəsini, farscanı, ərəbcəni ana dili kimi bilirdi, eyni zamanda, fransızcası, ingiliscəsi sərbəst idi. Və danışdığı dillərin hər birində də əsərləri var.
Beləcə, bir yığın Şərq və Qərb dilləri ilə aşinalığı Cavad Heyətə ana dilinin, bütövlükdə türkcənin üstünlüklərini bariz şəkildə əyan etməyə imkan yaradırdı.
Cəsarətlə, əminliklə yazırdı ki, feil sisteminin zənginliyinə və çevikliyinə, yeni sözyaratma keyfiyyətinin hüdudsuzluğuna görə türkcə istənilən dillə yarışa çıxıb qalib gələr. Verdiyi bircə nümunə bu həqiqəti anındaca danışıqsız isbat edirdi: “Oxumaq” feilindən görün cüzi dəyişikliklə nə qədər yeni feillər törəyə bilir: oxutmaq, oxunmaq, oxutdurmaq. Amma bircə bu sonuncu feili farsca ifadə etmək üçün iri bir cümlə yazmaq lazımdır: “Qozaştən-e kəsi be mədrəse ta be u xandən yad bedəhənd” (Bir kəsi ona oxumağı öyrətməkdən ötrü məktəbə qoymaq – R.H.).
Eynən rusca, ingiliscə və sair br çox dillərdə də həmin təhərdir.
Cavad Heyət insan bədənini, insan ürəyini, böyrəyini yarıb içərisində əlləşə, çarələr qıla bildiyi kimi, elə bir cərrah kimi cümlələrin, sözlərin də adi gözlərə görünməyən diblərinə, dərinlərinə daxil olaraq naməlumları aşkara çıxarmaq iqtidarında idi.

* * *
...Onun necə qabil bir cərrah olması haqqında çoxları yazıb, söyləyib. Lakin həmin rəylər arasında ikisi mənimçün ən mötəbəridir. Onlardan biri məşhur amerikan cərrahı, 1967-ci ildə dünyada ilk ürəkdəyişmə əməliyyatını aparmış Kristian Barnarda, digəri isə müasir İranın Amerika və Avropada da yetərincə məşhur, oralarda da çox işləmiş cərrahlarından biri Məhəmmədhüseyn Mandeqara məxsusdur.
Birincini professor Barnardın əlyazmasından oxumuşam, ikincini şəxsən professor Mandeqarın özündən eşitmişəm.
K.Barnard Keyptaunda onun yanında təcrübə keçmiş Cavad Heyətə Vətənə yola düşməyə hazırlaşarkən İranda gələcəkdə ürək cərrahiyyəsi işinin daha yaxşı qurulması üçün köməkliklər göstərməsindən ötrü şaha bir məktub göndərmək istəyir. Cavad Heyətə deyir ki, özün haqqında mənim adımdan bir zəmanət məktubu yaz, imzalayım.
Cavad Heyət xəsis cümlələrlə çox təvazökar bir mətn yazır. K.Barnard alıb baxır, başını bulayır, bəyənmir. Qələmi götürüb özü təzədən yazır. Məktubun surəti doktor Heyətdə qalmışdı: "İran iftixar edə bilər ki, onun belə istedadlı, qeyri-adi intuisiyalı, əsl qızıl əlli, dünya səviyyəli cərrahı var".
M.Mandeqar isə Tehranda öz iş otağında Cavad Heyətin rəfdəki fotosunu göstərərək gülümsündü: “Doktor İrandakı ürək cərrahlığının atası olmaqdan daha artıq bizim mürşidimizdir, daimi ustadımızdır. Bəlkə, mindən çox ürək əməliyyatı etmişəm, yenə, yeri gələndə, onun məsləhətinə ehtiyacımız var".
Cavad Heyətin mahir cərrah barmaqları çox ürəklərə çox tikişlər vurdu. Bununla ayrı-ayrı insanların ömrü uzandı, ayrı-ayrı şəxslər nicat tapdı. Ancaq o, bir millətşünas kimi xalqının yaralarına tikiş vururdu, onun mədəniyyətinin, ədəbiyyatının, dilinin, tarixinin dünənindəki cüda düşmüş tikələri, parçaları bərpa edir, bir-birinə calayır, tikişlər vurur və bu yolla bütöv millətin mərəzlərini sağaltmağa çalışırdı.
2011-ci ildə Cavad Heyət seçmə əsərlərindən ibarət növbəti kitabını nəşrə hazırlayırdı. Əlyazmanı verdi ki, gözdən keçirim və kitabın adı barədə düşünməyimi də təvəqqe etdi. Müxtəlif illərin məhsulu olan bir-birindən qiymətli həmin məqalələri oxuyandan sonra təklif etdim ki, kitabın ünvanı "Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda" olsun. Doktor razılaşdı.
Əslində, həmin sərlövhə tək o kitabın yox, Cavad Heyətin bütün yaradıcı və ictimai fəaliyyətlərinin devizi sayıla bilərdi.
(Cavad Heyətin çoxyönlü araşdırmalarının ümumi səmtini nişan verən bu başlığın onun özünə də çox ləzzət verməsini mənə Doktorun həyatının son 15 ilində ona lap yaxın olmuş, bir növ, şəxsi katibi vəzifəsini yerinə yetirmiş, ustadın son günlərində də xüsusi sədaqəti, fədakarlıqları ilə seçilmiş Baxşəli Zülfi söylədi. Mən həmin başlığı təklif edəndə Cavad Heyətin mənzilində üçümüz birgəydik. Mən dedim, Doktor dəftərinə qeyd etdi. 
B.Zülfi danışır ki, Doktorgilə az sonra növbəti gəlişimdə, görünür, mənim də o adın təklif edilməsi söhbətində iştirakımı unudaraq sevincək söylədi: “Bax gör nə gözəl addır! Ömrüm boyu ürəyimdən nə keçib, hamısı var bu adda”.

* * *
...Doktorun bir dəfə mənə gənclik illəri ilə bağlı nağıl etdiyi xatirəsi təsdiqləyir ki, ondakı coşqun milli qeyrət duyğusu təfəkkürünün şəkilləndiyi, biliklərinin artdığı, millətçi qayəsinin başlıca istiqamətlərinin müəyyənləşdiyi yetkinlik çağlarından xeyli əvvəl də varmış, bu elə onun iliyinədək hopmuş bir məziyyətmiş. 
Hadisə vaqe olanda Cavad bəy 19 yaşındaymış.
Əslən Qafqaz türklərindən olan, sonralar Məşhəddə yaşayaraq xeyli dəyişmiş, neçə illər də Tehranda məskun olaraq təhsil aldıqdan sonra öz gerçək milli kökündən lap aralanmış bir cavan türklərin ünvanına həqarətli sözlər danışıbmış. Cavad bəy bunu eşidincə tapır həmin oğlanı, "filan qələti eləmisən" deyir. 
Tanınan idmançı, güləşçi olan həmin şəxs bir az da gücünə qürrələnərək bu ucaboy, arıq oğlanın qarşısından qaçmır, "demişəm, əcəb eləmişəm" söyləyir. Cavad bəy söz elə oğlanın ağzından çıxan kimi onu götürüb çırpır yerə, çökür sinəsinə, başlayır döyməyə. 
Ətrafdakılar adi bir adamın kəlləmayallaq elədiyi pəhləvanı, hamının gözü qarşısında biabır olmuş çempionu Cavadın əlindən zorla alıb ayırırlar onları.
Yaşı səksəni ötmüş Cavad Heyət yada salır və təəccüblənirdi:"Gəncliyimdə güclü olmağına güclü idim. Amma o, peşəkar idmançı idi, fənd, yol bilirdi, məndən də canlı idi, bilmirəm necə oldu onun öhdəsindən gəldim".
Necə yəni necə! Bu həmin vulkan kimi püskürə bilən millət eşqidir ki, lazım gələndə insanı yalın əllə tankın da üstünə şığıda bilir!
Və o təpər, o qırım, o sevda ömrü boyu Cavad Heyəti tərk etmədi.

* * *
XX əsrdə o taylı-bu taylı Azərbaycanın 4 dərgisi olub ki, onlar milli düşüncənin formalaşmasında, bütövlükdə millət quruculuğunda möhtəşəm izlər buraxmışdır.
XX əsrin əvvəllərində Mirzə Cəlillə Ömər Faiq Nemanzadənin "Molla Nəsrəddin"i, Əli bəy Hüseynzadənin “Füyuzat"ı, XX yüzilin yetmiş-səksəninci illərində Anarın “Qobustan"ı və Cavad Heyətin1979-cu ilin aprelindən üzü bu yana sıralanan“Varlıq”ı.
Bu misraları Məhəmmədhüseyn Şəhriyar elə "Varlıq" dərgisinin ilk sayları oxucuyla görüşəndə riqqətə gələrək yazıb:

 

Hərçənd, qurtulmaq hələ yox darlığımızdan,
Amma bir azadlıq doğulub varlığımızdan.
"Varlıq" nə bizim təkcə azadlıq quşumuzdur,
Bir müjdə də vermiş bizə həmkarlığımızdan.
Dil açmada lallıq da gedər, karlığımız da,
Çün lallığımız doğmuş idi karlığımızdan.
Düşmən bizi əlbir görə təslim olu naçar,
Təslim oluruq düşmənə naçarlığımızdan.
Birlik yaradan söz bir olur biz kişilərdə,
Yoxluqlarımız bitdirəcək "Varlıq"ımızdan.

 

Artıq 36 ildir ki, "Varlıq" İranda ana dilində nəşr edilir. Orada dərc edilən yazıların məzmunu, elmi səviyyəsi hələ bir kənara qoyularsa, yalnız məcmuənin belə uzun müddətdə milyonlarla insan arasında apardığı dil tərbiyəsi, əyani məktəb olmaq qüdrəti oxşarı olmayan qəhrəmanlıq kimi dəyərləndirilməyə layiqdir və bütün başqa xidmətləri olmasa belə, elə bircə bu dərginin 36 illik yoluna görə Cavad Heyətə millətin könlündə və tarixin bağrında əbədi abidə yapılması haqqı halaldır.
Həm də bu dərginin fasilələr vermədən, yarı yolda qalmadan belə sürəkli zaman məsafəsində ayaq üstə olması, təbii ki, ən əvvəl batılmaz Cavad Heyət zirehi, onun qeyri-adi dərəcədə güclü nüfuzu, sözükeçərliyi ilə əlaqədardır.
Necə bəsirətli, necə uzaqgörənmiş ustad!
İran İslam inqilabı baş verəndən sonra açılan azadlıq pəncərəsi, ölkəni bürüyən yenilik havasının dalğasında ayrı-ayrı təşəbbüskarlar ana dilində yeni-yeni qəzet-jurnal buraxmağa başladılar. 
Ömrü bir neçə həftə olanı da oldu, bir neçə ay sürəni də, bir neçə il çəkəni də. Ahəstə-ahəstə hamısı susdu, itib-batdı. 
Meydanda sabit əzəməti ilə dikələn yeganə "Varlıq" oldu. Çünki tədbirli Cavad Heyət əvvəldən işini düzgün qurmuşdu. Yolunu başlayanda ətrafına ən sabitqədəm, ən qabaqcıl yazarları, sözü və qələmi bütöv milli düşüncə daşıyıcılarını toplamışdı – Həmid Nitqini, Savalanı, Səhəndi, Sönməzi (Kərim Məşrutəçi), Fərzanəni...
Geridəki 36 il boyunca Doktor dərgini sadiq köməkçilərinin, dəstəyə yeni qoşulan silahdaşlarının dəstəyi ilə buraxdı. Lakin bir baş redaktor və dəmir intizam sahibi kimi sonacan da özü jurnalın hər sayını əvvəldən-axıracan mütaliə edərək redaktələrini apardı.
Çünki Cavad Heyət bu işə sadəcə naşirlik, jurnal buraxmaq kimi baxmırdı.
Bunu öz həyat amalının, millət quruculuğuna, türklüyə, azərbaycançılığa xidmətinin ümdə halqalarından biri kimi qavrayırdı.
Lakin o həm də müəlliflərdən biri idi. Yeri düşdükcə xalq üçün taleyüklü məna kəsb edən və qələmə alınması özəl qətiyyət tələb edən məsələlərlə bağlı “Varlıq”a yazırdı.
36 illik silsilədə belə yazılar onlarcadır, səciyyəvi olan bircəsinə diqqət yönəltsək yetər. 
“Varlıq”ın 1998-ci il qış buraxılışında Cavad Heyət qərəzli, yanlış mülahizələr irəli sürən Məhəmmədhüseyn Füruğinin “İttilaat” qəzetinin bəhmən ayının 2-də (yəni 22 yanvarda. Bəhmən İran və Əfqanıstanın rəsmi təqvimində on birinci aydır. Qışın ikincı ayı olan bəhmən 21 yanvarda başlayıb 19 fevralda bitir) çıxmış sayındakı “Fars dilini qoruyaq” adlı məqaləsinə cavab olaraq dərhal ötkəm bir məqalə ortaya qoydu: “Fars dilini qoruyaq, lakin İranın türk və ərəblərinin də ana dilini əzməyək!”
Doktor həmin müəllifin bütün yersiz iddialarını tutarlı elmi dəlillərlə rədd edəndən sonra ittihamlı məqaləsini belə yekunlaşdırırdı: “İran, islam və insaniyyət adına sizdən xahiş edirəm. Özünüz dediyinizə görə, “vətənin hifzi və müdafiəsində müqəddəs niyyət və məqsədiniz var”. Çalışın öz milli fikir və əqidələrinizi bir daha nəzərdən keçirin ki, islami vətənimizin bütün insanlarını yekdil (birdilli yox) və həmrəy edəsiniz. Vəssalam!”
Doktor Cavad Heyət doğulub boya-başa çatdığı İranı sevirdi, bu ölkəni güclü görmək istəyirdi, hər dürlü bölücülüyün əleyhdarı idi: “Biz İranda otuz neçə faizik, həmişə də ikinci yox, birinci dərəcəli vətəndaşlar olmuşuq”, – deyirdi.
Ona görə də öz dürüst vətəndaş və alim qənaətlərinə güvənən, sabaha baxan (və həm də sabahı görən) Cavad Heyət kimin onun mövqeyinə necə reaksiya verəcəyinə bənd olmadan saxta millətçilərin, dayaz siyasətçilərin ayı xidməti göstərərək İranın bütövlüyünə, birlik gücünə xələl gətirə biləcək bu qəbil sayıqlamalarına soyuqqanlı ayıq cavabını heç vaxt gecikdirmirdi.
Şəhriyar milli düşüncədə zəlzələ qoparan, fırtınalar yaradan“Heydərbabaya salam"ı doğurdu.
Həm fars, həm türkdilli ədəbiyyatın tarixini ayrıntıları ilə bilən Cavad Heyət haqlı olaraq təsdiqləyirdi ki, bizim iki və üçdilli şairlərimiz az olmayıb. Tutalım, Nəsimi, yaxud Füzuli, ya Seyid Əzim hər üç dildə yazmışlar. Onların farsca və ərəbcədə yazdıqları yaxşıdır, lakin türkcədə olan yadigarları şah əsərlərdir. Şəhriyarın isə həm ana dilində, həm farsca qələmə aldıqları şah əsərlərdir.
Şəhriyarla ilk gənclik illərindən, hələ 1941-ci ildə Tehranda birlikdə ali tibb təhsili aldığı vaxtlardan rəfiq olan və bu simsarlığı şair dünyadan köçənədək kəsməyən Cavad Heyət ona yalnız bənzərsiz söz ustası kimi baxmırdı. Şəhriyar Cavad Heyətdən ötrü həm də Doktorun ömrünün mənası olan azərbaycançılıq axınının, türkçülük cərəyanının gurlaşmasına qida verəcək güclü nəhrlərdən idi.
Şəhriyarsa "Heydərbaba"nı doğurandan sonra səngimişdi, Təbrizdə yaşayırdı, elə ara-sıra farsca yazıb-yaradırdı.
Bir dəfə Cavad bəy bu nisgili barədə o dövrdə İrana tez-tez gedib-gələn görkəmli şərqşünas Rüstəm Əliyevə gileylənir.
Doktor etiraf edirdi: “Rüstəm dedi ki, bunun təqsiri sizdədir.
Şəhriyar qalıb orada tək, ətrafında sizin kimi aydınlar yoxdur ki, onu coşdursun, istiqamətləndirsin. Gətirin onu Tehrana, qoy sizin, dostlarınızın əhatəsində olsun, təsirinizlə yenə başlayacaq ana dilində təzə şeirlərini yazmağa.
Ağlıma batdı bu fikir. Getdim Təbrizə, Şəhriyarı ailəsilə birgə gətirdim Tehrana. Mənim üçmərtəbəli evim vardı, bir mərtəbəsini verdim ona, elə onun təşrifiylə evimizdə öz-özünə bir ədəbi məhfil əmələ gəldi. Asta-asta Şəhriyarın anadilli qələminin də pası açıldı, şirin dilimizdə yeni-yeni şeirləri doğuldu".
(Şəhriyarın həmin şeirlərini oxuyanda müdam səbəbkarı, nəcib Cavad Heyəti də anın!).
Cavad Heyət bunu da xatırlayırdı ki, bir gün şahın həyat yoldaşı Fərəh xanım xəbər yollayır ki, Şəhriyar izn versin, Tehranda ona bir ev alaq, rahat yaşasın.
Şəhriyarın müdrik cavabını Doktor mənə illər fasiləsiylə müxtəlif məqamlarda bir neçə dəfə ərz edib və hər dəfə də qəhərlənib:"Şəhriyar qayıtdı ki, çox təşəkkür edirəm diqqətinizə görə. Mənim hələ burada yerim çox rahatdır. Amma mənə nəsə yaxşılıq etmək istəyirsinizsə, türkcə şeirlərimi ayrıca kitab halında buraxın, elə özüm onun puluna ev də alaram".
...Şahlıq zamanı idi və təbii ki, həmin arzulanan kitab buraxılmadı.

* * *
Cavad Heyətin insanlara, şəxsiyyətlərə münasibətinin əsas məhək daşı, başlıca ülgüsü Azərbaycana, onun tarixinə, dilinə, ədəbiyyatına, mədəniyyətinə, mənəviyyatına sevginin dərəcəsi idi. 
Unudulmaz Heydər Əliyevi çox sevirdi və ulu öndərin də ona xüsusi ehtiramı vardı.
Onillər ərzində neçə-neçə dövlət başçısı tərəfindən dəfələrlə səmimi qəbul edilmiş, müsahib olmuş Doktor yeri düşdükcə dilə gətirirdi ki, ədəbiyyata, mədəniyyətə, mənəvi sərvətlərə həssas, xeyirxah münasibətdə və bütün bunları peşəkarcasına bilməkdə Heydər Əliyevə tay ola biləcək ikinci dövlət rəhbəri ilə rastlaşmayıb. 
“Hər görüşəndə onun zəkasından, mütəfəkkirliyindən, nitqindən zövq alırdım, onun Azərbaycan eşqinə heyran olurdum, ayrılmaq istəmirdim və hiss eləyirdim ki, Heydər Əliyev də bu görüşlərin tez başa çatmasını istəmir. Elə oğlu da əsl ona layiq, eynən onun xəttinin, yolunun yolçusudu.
Bir neçə dəfə mən Heydər Əliyevlə görüşəndə İlham Əliyev də yanımızda olmuşdu. Amma sakitcə dinləyir, kəlmə kəsmirdi. Üstündən xeyli müddət keçdi.
İlham Əliyev Prezident oldu, onun bir-birindən çəkici, elə atasınınkı kimi cazibədar nitqlərini eşidəndə mat qaldım ki, bu qabiliyyətlər harada gizlənibmiş. Növbəti dəfə görüşəndə özündən xəbər aldım ki, İlham bəy, atanızın yanında Sizi həmişə dinləyən gördüm, nədən bir dəfə də səsinizi eşitmirdim? Cavab verdi ki, bizdə adətdir, böyük danışanda söhbətə müdaxilə etməzlər, qulaq asarlar, yadda saxlayarlar, öyrənərlər".
Bu davranış tərzi, belə cavab özü də klassik kübar tərbiyəsi ənənələri olan ailədə böyümüş Cavad Heyəti son dərəcə məmnun qoymuşdu.
Məni isə dövlət başçımızın Cavad Heyəti daha çox bakılı etməsi, buralara hərdən qonaq kimi deyil, elə gələrək uzun müddət də qalması, insanlarımızla, ziyalılarımızla daha çox ünsiyyətdə olması üçün ona paytaxtımızın mərkəzi hissəsində qəşəng mənzil hədiyyə etməsi çox məmnun qoymuşdu.
Amma Prezident İlham Əliyevlə doktor Cavad Heyətin təmaslarının bir millətəxeyir saxlancı da var.
Doktor ölkə başçısına farsca yazdığı, İranda 1986-cı ildə nəşr edilmiş fundamental "Türk dilləri və ləhcələrinin tarixi" əsərindən bəhs etmişdi, Prezident İlham Əliyev də dərhal əsərin milli çəkisini, faydalılığını tutmuş və bir iradını da bildirmişdi: “Farsca yazıb nəşr etmisiniz, çox yaxşı. Amma türk dillərinin müqayisəli təhlili haqda belə sanballı kitab gərək Azərbaycan dilində də buraxılsın".
Cavad Heyət dəqiqləşdirirdi: “İlham bəyin bir tövsiyəsi də oldu. Kitab çox qalın idi. Cənab Prezident söylədi ki, bu, dərslik kimi bir mənbədir. Yaxşı olardı ki, rahat oxunsun deyə siz onu çox qalın bir kitab kimi yox, iki cilddə buraxasınız".
Bu arzu da nəzərə alındı, kitab çıxdı, Azərbaycanın və türk dünyasının elmi ictimaiyyəti arasında geniş əks-səda da doğurdu.
(Həmin əsərin ölçüyəsığmaz qiymətliliyini anlamaqçün dünyaca məşhur bir dilçinin şəhadəti yetər. Türk dillərinin görkəmli tədqiqatçısı, Göttingen Universitetinin Türkologiya və altayşünaslıq kafedrasının müdiri olmuş professor Gerhard Dörfer (1920-2003) 1987-ci ilin 21 noyabrında Cavad Heyətə məktubunda yazırdı: “Ankarada möhtərəm yoldaşım Həsən Ərən Sizin son dərəcə böyük əhəmiyyətə malik “Tarix-e zəban o ləhceha-ye torki” kitabınızı mənə göstərdi. Bu kitab mənə çox xoş gəldi. Əzəmətli bir əsərdir”).
Və Prezident İlham Əliyevin xeyir-duası ilə böyük alim Cavad Heyətin ana dilində iki cilddə nəfis şəkildə işıq üzü görmüş həmin şah əsərinin ilk səhifəsində bir ithaf da var: “Bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnızlığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sevgili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm".
Əziz ustad, vəfalı ömür yoldaşınız, fars qızı Fəridə xanımın da, 5 qızınızın da, Sizi sevən, çox əziz bilən dostlarınızın da, millətimizin də Sizsizliyin yalnızlığına daha saatlarla deyil, əbədi dözmək növbəsi gəlib çatdı.
Nə qısa imiş 90 il!
İndi ilğım kimi əlçatmaz, ünyetməz vaxt uzaqlarında qalan 1936-cı ildə, başlanğıc məktəbi bitirərkən İran Azərbaycanındakı yaşıdlarınız arasında Sizi üç ən güclü öyrəncidən biri kimi qiymətləndirmişdilər və mükafat olaraq Sizə dahi Hafizin “Divan”ını hədiyyə etmişdilər.
O kitabdakı şeirlər əzbərinizdə və həmin kitab onillərcə yanınızda oldu. 
Və o şeirlər, o kitab kimi qatar-qatar göyçək qoşqular, sıra-sıra həmişədiri cildlər daimi hayanınıza, həmsöhbətinizə, məhrəminizə çevrildi.
2009-cu ildə təmir və yenidənqurmadan sonra yenidən açılmış Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə, mənim iş yerimə qonaq gəlmişdiniz. Tamaşa etdiniz və axırda Yaddaşlar kitabında unudulmaz cümlələr yazdınız: “Bura tamaşa etmək yox, burada yaşamaq lazımdır”.
Siz elə bütün həyatınızı o söz nəhəngləri ilə birgə yaşamadınızmı?
Sizin üçün əsl cənnət gözəl sözlərin əsrarəngiz, füsunkar aləmi, Sizdən ötrü gerçək behişt xalqın qəlbi idi.
Həmişə həm orada, həm buradasınız.
Sağlığınızda da belə idi, cismən Sizsiz qalacağımız illərin hamısında da belə olacaq.
...Bir neçə gün öncə xəstəxanada yanınızdaydım. İlk dəfə kostyumsuz, qalstuksuz, beretsiz görürdüm Sizi. Yataqdaydınız.
Ömür tükənirdi. Damarlarınıza tibb qurğuları qoşulmuşdu.
Əllərinizi sığallayırdım, danışırdım Sizinlə. Eşidirdiniz, həyəcanınızı hiss edirdim. Nəsə deyirdiniz, amma səsiniz çox dərində idi, zəif idi, eşidilmirdi.
Cavad Heyət həqiqəti isə başqadır axı!
Millət iftixarının ucadan-uca səsi eşidilməyə bilərmi heç!
Sizin doğma səsiniz həmişə bizimlə olacaq. Bizə və bizdən sonra gələn çox-çox nəsillərə eşidiləcək!
...Yaşı 70-i, lap 80-i aşandan sonra belə Cavad Heyət hərdən əllərini yuxarı qaldırıb irəli uzadaraq 10, 20, 30 dəqiqə heykəl kimi hərəkətsiz saxlaya bilirdi və vurğulayırdı: “Gərək cərrahın əlləri titrəməsin”.
Ömrü boyu doktor Cavad Heyət qorxmaz oldu, məğrur oldu, mərd oldu, mübariz oldu və heç vaxt əlləri titrəmədi. 
Nə o əllər cərrah bıçağı tutanda, nə də alim, yazıçı qələmindən yapışanda.
Heç vaxt heç kimə əyilmədi, həmişə düz sözünü, haqq sözünü deməyi bacardı.
Amma bir cüt əl vardı ki, hərdən loğman Cavad Heyət sayğıyla, məhəbbətlə, minnətdarlıqla onları öpdü.
“Hərdən uğurlu cərrahiyyə əməliyyatı aparıb bir insanın həyatını xilas edəndə, bəzən yüksək əhəmiyyətinə inandığım bir yaxşı yazı yazanda öz əllərimdən öpmüşəm. Axı onların da şəfqətə, nəvazişə, təşəkkürə ehiyacı var”.
Bu, doktor Cavad Heyətin sözləridir.
Vətən və millət yolunda can qoymuş qüdrətli övladlara da, əlbəttə ki, daim minnətdarlıq ifadə etməli, onlara yurdun borcunu qaytarmaq haqqında hər zaman düşünməliyik.
Cavad Heyətlə bağlı ilk belə etibar, vəfa məqamı 2014-cü ilin qızmar avqust günlərində yarandı.
...Azərbaycanın Məkkəsi və Mədinəsi bildiyimiz Təbrizdə və Bakıda and yeri sayılası müqəddəs məkanlarımız var: Təbrizdə "Məqbərət üş-şüəra", Bakıda Fəxri xiyaban.
Bu ziyarətgahlarda bəxtinə əbədi sönməzlik düşmüş Azərbaycan ulduzları uyuyur.
"Heyət" sözünün də daha bir anlamı "nücum", "ulduzlar elmi"dir.
Yurdumuzun ən elmli ulduzlarından olan böyük azərbaycanlı Cavad Heyətin əsl yeri həmin kəhkəşanlardır. Elə özünün də son arzusu bunlardan birində rahatlıq tapmaq idi. Neyləyək ki, umduğu sonacan alınmadı. Üç nigaran gün yaşadıq. Təbrizi ona qıymadılar. Bakı Cavad Heyətə ağuşunu açdı...
Amma sevimli Doktor, haçan Sizə çox layiq olan Birinci Fəxri xiyabana getsəm, nə vaxt "Məqbərət üş-şüəra"ya yolum düşsə, mehriban surətinizi onların ikisində də ruh qardaşlarınızın arasında görəcəyəm.
Və bir də, sevimli millətimizin indikindən də qat-qat məsud olacağı daha parlaq gələcəklərin qoynunda.
Əsərləriniz, əməlləriniz yaşayacaq, daim yurddaşlarımıza vətənçilik dərsləri, millətçilik öyüdləri verəcək, həmişə qanı təzələyəcək, ruhu duruldacaq, Sizi də bitməz sevgilərə ünvan edəcək.
VARLIĞınız yenilməz milli ruhun rəmzlərindən biri, VARLIĞınızın qovuşduğu yaşarı əsərlərinizin hamısı birbaşa xalqın qan damarına qoşulu.
Azərbaycanla birgə sonsuzadək diri qalmaqçün başqa nə lazımdır ki?!
...Sizi torpağa tapşıracağımız 15 avqustdan əvvəlki gecə mənə bağışladığınız kitablarınızı yenə vərəqləyirdim, hansısa səhifələrdə xeyli dayanmalı olurdum, oxuyurdum, düşünürdüm, yenə fəxr edirdim, yenə heyran qalırdım.
Və bu ölməz səhifələri yaratmış, daha heç vaxt toxuna bilməyəcəyim əlləri xiffətlə xəyalən öpürdüm.
Əziz ustad, bir vaxtlar Sizin də öpdüyünüz əlləri.
Doktor Cavad Heyətin qadir əllərini!..

***
İranın Qulamhüseyn Bənan adlı məşhur bir müğənnisi vardı. Onun məlahət dolu, insanın qəlbini ilk eşidilişdən ələ alan, ovsunlayan avazı 1960-70-ci illərdə xüsusən çox məşhur idi. Xatırlayıram ki, 1970-ci illərdə, Bakı Dövlət Universitetinin tələbəsi ikən Tehran radiosundan yayımlanan, indi də hər lent yazısı klassik inci kimi dəyərləndirilən “Qolha-ye rəngarəng” musiqi proqramında Bənanın ifalarını necə həvəslə dinləyərdik. Və həmin oxular o silsilədə səslənən, hamısı da gözəl olan başqa ifalardan daha parlaqlığı ilə seçilərdi.
Bu səsi sevməmək mümkün deyildi və Cavad Heyət də Bənan avazının məftunlarından idi.
Bənanla Cavad Heyət bir-biri haqda uzaqdan-uzağa çox eşidiblərmiş və axırı ki, izahsız cazibə günlərin birində onları yaxınlaşdırır, sadiq, etibarlı dostlara çevirir.
Cavad Heyət hər görüşəndə Bənana “Sən sehrkarsan, oxularının hər biri möcüzədir!” deyirmiş və Bənan da bir dəfə ondan xahiş edir ki, apardığı cərrahiyyə əməliyyatlarından birində seyrçi kimi iştirakına izn versin. Doktor əvvəlcə tərəddüd etmişdi ki, siz sənət adamısınız, zərif hissiyyatınız var, kəsib-doğramaqla, ağrıyla-qanla dolu cərrahiyyə əməliyyatını izləmək sizə ağır təsir buraxar. Bənan israr etmişdi, Doktor razılaşmışdı. Gördüklərini görəndən sonra Bənan etiraf etmişdi ki, əsl möcüzəni siz göstərirsiniz, siz insanı sanki yenidən yaradırsınız.
2014-cü ilin yayı. Doktor Cavad Heyət daha qalxa bilmədiyi xəstəxana çarpayılarında ömrünün son günlərini yaşayırdı.
Və o qəmli günlərində xəstəxananın reanimasiya bölməsində tək qaldığı palatada maqnitofondan asta səslə fasiləsiz olaraq musiqi səslənirdi.
Ömrü uzunu Cavad Heyətlə olmuş bal kimi şirin səs – Bənanın avazı həyatla vidalaşdığı axırıncı günlərində də Doktorla idi.
Hər gedən saatını, hər ötən dəqiqəsini müşayiət edirdi.
Cavad Heyət uzun bir ömür yaşamışdı. İnsanlarla, çöhrələrlə dolu bir ömür. İndi ömrün bitəcəyi idi və onun xəyal aynasında həyatından keçib getmiş insanların hamısı bircə-bircə yenidən canlanırdı. 
Amma bir surət də vardı ki, bu son günlərində Doktor onu bəlkə də daha çox yad edirdi.
Bənan oxuyurdu:
“Kocayi, ey pəri?” – “Ey pəri, hardasan?”
Və əslində, o nəğmə elə Cavad Heyətin öz həyatı ilə bağlı idi. Gəncliyində sevdiyi bir qız olmuşdu. O qız da həkimmiş, Doktorun assistenti imiş və milliyyətcə yəhudi imiş
Bizə son Məktubunda – “Xatirələr”ində Cavad Heyət öz ailə həyatından, əslindən-kökündən, bacı-qardaşlarından, övladlarından bəhs etdiyi kimi, baş tutmuş və alınmamış izdivaclarından da bəhs edib. Təkcə həmin sonacan içərisində bir nisgil kimi göynəyə-göynəyə qalan sevdası barədə susur.
Həmin qızla evlənməkdə israrlı imiş. Heç bir maneə onu yolundan, niyyətindən saxlamaq gücündə deyilmiş.
Ancaq Cavad Heyət üçün atası Əli Heyət müqəddəslər kimi qavradığı ali varlıq idi və onun səmavi hökm kimi qəbul etdiyi sözündən keçə bilmir. 
Qızla yolları ayrılır.
...Bənan oxuyurdu, “Hardasan, ey pəri?” deyirdi, Cavad Heyət gözləri yumulu dinləyirdi, xəyal aynasından ömür kadrları keçirdi.
Və o qızın surəti...
“Cavad, gəlmişəm, burdayam, yanındayam!..”
Bu, o Pərinin səsi idi və xəyal-filan da deyildi.
O Pəri, təbii ki, artıq ixtiyarlaşmış qadın, indi yaşadığı Amerika Birləşmiş Ştatlarından Bakıya təşrif gətirmişdi, vidalaşmağa, nakam məhəbbəti ilə son vüsala gəlmişdi.
İnternetdə Cavad Heyətin səhhətinin pisləşməsi, xəstəxanaya yerləşdirilməsi haqda xəbərlər onun vəfatından bir ay qabaqdan yayılmağa başlamışdı. 
Xanım xəbər tutunca ailəsindən icazə istəmişdi və Bakıya uçmuşdu.
Və günlərlə Cavadının yastığının başında oldu, vəfa borcunu yerinə yetirdi.
Cavad Heyət ölüm ayağında olanda, son günlərini yaşayanda sanki elə Bənanın ilahi səsi Doktorun Pərisini yoxluq aləmindən qopararaq həyatı ərzində etdiyi bütün yaxşılıqların əvəzi kimi ona ərməğan göndərmişdi...

“Xatirələr”ində Cavad Heyət ilk gənclik çağlarının, hərbi məktəbdə oxuduğu illərin bir anını da bölüşür bizimlə.
Fransada oxuyaraq İrana qayıtmış müəllimi Qulamhüseyn Sədiqi dərslərini, adətən, söhbət və mükalimə şəklində apararmış və sinifdə ən hazırlıqlı olduğundan əksər sualları da dərhal Cavad cavablandırarmış. Bir gün angina olması səbəbiylə Cavad klinikaya müraciət edir, ona dərmanlar yazıb iki günlüyə dərsdən azad edirlər, evdən bayıra çıxmamaqla müalicə almasını tövsiyə edirlər. Lakin dərsdən qalmaq istəməyən Cavad elə boğazı sarıqlı halda məktəbə gedir. Fəqət adətən əyləşdiyi birinci sıra əvəzinə axırıncı cərgədə oturur. 
Yenə adəti üzrə doktor Sədiqi tez-tez auditoriyaya suallarla müraciət edir və şagirdlərin kirimişcə dayandığını gördükcə Cavad yenə həmişəki qaydada həmin sualları cavablandırmağa başlayır. Bu vəziyyət bir neçə dəfə təkrarlanandan sonra müəllim əsəbiləşən kimi olur: “Nədir? Məgər bu sinifdə bircə nəfər öyrənci var?”
Zənnimcə, bu həyat qırpımı çox rəmzidir.
Doktor Cavad Heyət həyatı boyu çoxların arasında Tək, Seçilən, Üstün olmağı daim bacardı!

...2015-in qızmar avqust günlərində Bakıda, dəfn olunduğu İkinci Fəxri xiyabanda doktor Cavad Heyətlə ayrılığın 1 ilinin tamamında onun məzarı başına sevənləri toplaşmışdı. Həyat yoldaşı ilə mən məzarın yuxarı başında ucalan abidənin üstündəki örtüyü çəkdik.
İstedadlı sənətkarımız, böyük hekəltəraşımız Natiq Əliyevin yaratdığı Cavad Heyət abidəsi onu ilk dəfə görənləri həm heyran etdi, həm heyrətləndirdi. Sanki canlı Doktor bütün əzəməti ilə canlı olaraq onların qarşısında idi.
Doktor Cavad Heyətin vəfatından sonra da çox qayğılarını çəkmiş və həmin abidənin araya-ərsəyə gəlməsi, Ustadın qəbrinin üstünün onun böyüklüyünə layiq şəkildə götürülməsi üçün çox zəhmətlər çəkmiş Zülfi Baxşəli həmin açılışdan bir neçə həftə əvvəl məndən xahiş etmişdi ki, sinədaşıda həkk edilməkdən ötrü bir bəndlik şeir yazım. Elə bir şeir ki, yığcam halda doktor Cavad Heyətin bir şəxsiyyət olaraq mahiyyətini, keçdiyi yolu, yaşamış olduğu həyatı əks etdirsin. Mən də bu sətirləri yazıb vermişdim:

 

Son mənzili Bakı, ilk evi Təbriz,
Böyük Azərbaycan eşqi, məramı.
Varlığı – milləti qovuşduran yol, 
Məzarı – o bitməz yolun davamı.

 

Müstəsna azərbaycanlı, bu millətin tarixində bizlərə saxlanc qoyub getdikləri ilə həmişə yaşayacaq Cavad Heyət, əslində, elə sağlığında da bir abidə idi, Vətən Dərsliyi idi.
Ömrü boyu başlıca amalı olmuş yurdçuluq, millətpərvərlik diləkləri hətta taleyin hökmü ilə son yuvasında – məzarında da əks olunmuş o unudulmaz insan dəsrlərini verməkdə davam edir: Elə yaşamalı ki, olmadığın illər də yaşamının davamına çevrilsin!
Cavad Heyət bunu bacardı və belə olmağı da soydaşlarına ömrünün başlıca təcrübəsi kimi bir dərs olaraq qoyub getdi.
Dərs almaq bizim vəzifəmiz!.. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə