canveten.az xəbər verir ki, yanvarın 28-də Bakı Slavyan Universitetində (BSU) Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenkonun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar vida tədbiri keçirilib. BSU rektoru, professor Nurlana Əliyeva Aleksandr Mişşekonun ölkəmizdəki fəaliyyəti dövründə Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb. O, son illər Bakı Slavyan Universitetinin Ukraynanın tanınmış ali təhsil ocaqları ilə sıx əməkdaşlıq qurmasında səfirin rolunu yüksək qiymətləndirib. BSU-da keçirilən beynəlxalq konfranslarda səfir A.Mişşenkonun fəal iştirak etdiyini deyən rektor BSU-ya göstərdiyi diqqətə görə səfirə minnətdarlığını bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb Səfir A. Mişşenko öz növbəsində uzun illər Azərbaycanda fəaliyyət göstərməkdən məmnun olduğunu deyərək buradakı dostlarını heç vaxt unutmayacağını dilə gətirib. O, tarixi və ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan - Ukrayna arasında müasir dövrdə əməkdaşlığın hərtərəfli inkişafı üçün əlindən gələni etdiyini bildirib. Səfir həmçinin Bakı Slavyan Universitetinin Ukrayna dilinin tədrisi, bu ölkənin mədəniyyətinin Azərbaycanda təbliği sahəsində gördüyü işləri yüksək dəyərləndirib. BSU-dakı Ukrayna tədris-mədəniyyət mərkəzinin uğurlu inkişafına görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. A.Mişşenko eyni zamanda ölkəmizdəki diplomatik fəaliyyəti dövründə xalqımızın dini, irqi ayrı-seçkiliyə yol vermədiyinin şahidi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda hökm sürən tolerant mühiti Prezident İlham Əliyevin qabaqcıl siyasətinin müsbət nəticəsi kimi qiymətləndirib. Görüşdə iştirak edən tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərmin Quliyeva, Ukrayna tədris-mədəniyyət mərkəzinin müdiri Lesya Kərimova öz növbələrində BSU-ya göstərdiyi diqqətə görə səfirə minnətdarlıq ediblər və gələcək işlərində ona uğurlar diləyiblər. Səmimi keçən görüşün sonunda BSU rəhbəri, professor Nurlana Əliyeva səfir A.Mişşenkoya xatirə hədiyyəsi bağışlayıb. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024