canveten.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu ölkənin Nukus Dövlət Pedaqoji İnstitutunun rektoru, professor Bayrambay Otamuratov arasında görüş keçirilmişdir. Görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması, Azərbaycan ali məktəbləri ilə elmi mübadilənin həyata keçirilməsi, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, tarixinin və Azərbaycan-Özbəkistan arasında dostluq əlaqələrinin təbliği məqsədi ilə Nukus Dövlət Pedaqoji İnstitutunda “Azərbaycan ocağı”nın yaradılması razılaşdırılmışdır. Nukus Dövlət Pedaqoji İnstitutunun rektoru, professor Bayrambay Otamuratov qardaş xalq olan Azərbaycana daim Özbəkistanda böyük maraq olduğunu qeyd etmiş, ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafından danışıb. O, İnstitutda yaradılacaq “Azərbaycan ocağı” üçün müvafiq zalın ayrılması, habelə Mərkəzin müvafiq inventar və avadanlıqla təmin edilməsi və digər məsələlər barədə işlərin İnstitut tərəfindən həyata keçiriləcəyinin mümkün olduğunu qeyd edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan-Azərbaycan arasında yüksək səviyyəli münasibətlər, son illər mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışıb. Diplomat İnstitutda fəaliyyətə başlayacaq Mərkəz üçün müvafiq nəşrlərin, milli mədəniyyətimizə dair suvenirlərin, milli geyimlərin, foto və rəsmlərin, bədii və sənədli filmlərin, musiqi diskləri, not əsərlərinin rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi tərəfindən təşkil ediləcəyini bildirib. O, gələcəkdə Nukusdakı Azərbaycan Mərkəzində dostluq əlaqələrimizi təbliği ilə məşğul olan kitabxana, kiçik tədbirlərin, sərgilərin, azərbaycanlı alimlərin iştirakı ilə elmi mühazirələrin, açıq dərslərin keçirilməsini təklif etmişdir. Tərəflər cari ilin sentyabr-oktyabr ayında Özbəkistanın Nukus şəhərində “Azərbaycan mədəniyyət və ədəbiyyat günləri”nin keçirilməsi, bu tədbirlər çərçivəsində Nukus Dövlət Pedaqoji İnstitutunda “İki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair elmi konfransın keçirilməsi, “Azərbaycan ocağı”nın açılışı, şəhərin Mərkəzi parklarında Azərbaycan mədəniyyəti, musiqisi, rəqslərindən ibarət konsert proqramı və sərginin təşkili və s. tədbirlərin həyata keçirilməsi üzərində işləməyə dair razılığa gəliblər. Görüşdə Özbək tarixçi-tədqiqatçı Şuxrat Salamov da iştirak edib. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024