canveten.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistandakı yerli azərbaycanlılar, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib. Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “İstiqlaliyyətə gedən yol” adlı kitab və rəsm sərgisi təşkil olunub. Mədəniyyət Mərkəzinin nəzdindəki rəsm dərnəyinin uşaqları qəhrəmanlıq və vətənpərvərlik rəmzi günü olan 20 yanvara dair düşüncələrini rəsmlərdə yaradıblar. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev 20 yanvar tarixinin yalnız faciə kimi deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günü olduğunu deyib. O, xalqımızın istiqlal tarixində şanlı səhifə yaradan şəhidlərin xatirəsinin xalqımız, dövlətimiz tərəfindən daim əziz tutulduğunu qeyd edərək, şəhidlərin vətən üçün tökdükləri qanın hədər getmədiyini, ölkəmizin öz müstəqilliyinə qovuşduğunu söyləyib. Çıxış edən digər natiqlər Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, azərbaycanlı alim Almaz Məcidova, ziyalı, əməkdar müəllim Şərqiyyə Şıxəliyeva və başqaları bu hadisələr zamanı uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz azadlıq səsini ucaltdığını, suverenliyi, vətən torpaqları üçün cəsarət nümayiş etdirdiyini qeyd ediblər və 20 yanvar hadisələrindən sonra Azərbaycan xalqının ictimai şüurunda, azadlıq ideyalarında ciddi dəyişikliklərin baş verdiyini vurğuladılar, müstəqillik mübarizəsinin dönüş nöqtəsi olan məhz o dəhşətli günlərdə xalqın bir yumruq kimi vahid bir ideya ətrafında birləşdiyini qeyd etdilər. Mərkəzin Azərbaycan dili kurslarının şagirdləri 20 yanvar, Vətən məhəbbəti, şəhidlər haqqında şeirlər söyləmiş, şəhidlərə həsr olunmuş rekviem təqdim edilib. Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universiteti, Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının hazırladığı bədii proqram nümayiş etdirilib. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024