Təqvim
Medianın “qadın” dərdi: Peşəkarlıq stereotiplərə qurban gedir
30 oktyabr 2018 - 20:20

Medianın “qadın” dərdi: Peşəkarlıq stereotiplərə qurban gedir

 

Bu günlərdə Azərbaycanın nüfuzlu xəbər agentliyi belə bir xəbərlə gündəmin müzakirə mövzusunu dəyişməyə nail oldu: “Azərbaycanda dəhşət: Gənc qadın anası ilə birgə körpəsini öldürdü” – xəbər bu başlıqla verilib. Ardınca oxuyuruq:

“Sumqayıtda gənc qadın anası ilə əlbir olaraq körpəsini öldürüb. “Report”un xəbərinə görə, şəhərin H.Z.Tağıyev qəsəbəsində 22 yaşlı Səbinə İsmayılova yeni dünyaya gətirdiyi oğlan uşağını anası 56 yaşlı anası Nigar Salmanova ilə birlikdə öldürərək həmin qəsəbədə yerləşən qəbiristanlıqda basdırıb. Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.  Körpənin meyiti basdırıldığı yerdən çıxarılıb” (Xəbər mənbəyi: https://report.az/hadise/sumqayitda-genc-qadin-anasi-ile-elbir-olaraq-korpesini-oldurub-ve-basdirib/).

İlk baxışda adi kriminal xəbər və bir az da zorakılıqla müşaiyət olunan hadisə  təsiri  bağışlayır. Ancaq bu xəbərə gender eynəkləri ilə baxsaq, burada insan haqları və etik normalar baxımından bir xeyli pozuntular, cəmiyyətə gizli mesajlar tapmaq mümkündür. Kriminal hadisəni hər kəs törədə bilər, uşağı hər kəs öldürə bilər və.s. Burada icraçının məhz qadın olmasını vurğulamaq medianın qeyri-peşəkarlığından, gender balansının gözlənilməməsindən xəbər verir.

Digər tərəfdən, burada jurnalist araşdırması görünmür, hadisənin hansı şəraitdə, kimin  və niyə törətməsi məlum deyil. Halbuki, bu xəbər yayılandan bir gün sonra uşağın qəsdən öldürülmədiyi, ananın səhhətində isə problemlərin olduğu barədə məlumat verilib. Təbii ki, digər təfərrüatlar da istisna edilmir. Media problemin dərinliyinə varmadan hansısa qadının etdiyi deyilən bir hadisəni qabartmağa üstünlük verir və bununla cəmiyyətə şüuraltı mənfi mesaj verir.   

Evimizi yıxan stereotiplər

Bu cür problemlər az qala bütün media orqanlarında, xüsusilə, cəmiyyətdə daha populyar olan onlayn xəbər saytlarında mövcuddur. Biz hər gün “Azərbaycanlı qadın sürücü qanunu elə pozdu ki...” (https://sputnik.az/incidents/20181016/417440132/qadin-surucu-qanunu-ele-pozduki.html), “Qərb bölgəsindəki dəhşətli qəzada 7 yaşlı qız həlak oldu” (https://sputnik.az/incidents/20181028/417631168/semkirde-7-yasli-qizi-masin-vuraraq-oldurub.html), “Bakıda qadının “Audi”sini qaçırdılar” (https://axar.az/news/toplum/319370.html), “Bakıda qadının avtomobilini qaçıran şəxs saxlanılıb” (https://report.az/hadise/bakida-qadinin-avtomobilini-qaciran-sexs-saxlanilib/ ), başlıqlı yazıları oxumağa məcburuq. Çünki qadınlarla bağlı hər hansı hadisə cəmiyyətdə sensasiya doğurur. Media da bunun xətrinə peşəkar davranışları bir kənara qoyaraq cəmiyyətdəki stereotiplərin ardınca gedir. Çünki həmin qurumlarda çalışan insanlar da eyni cəmiyyətdə, eyni stereotiplərlə yaşayırlar. Ancaq burada problemin digər tərəfləri də mövcuddur.

“Bakıda maskalı şəxs marketə basqın edib” başlıqlı başqa bir xəbərdə  (https://report.az/hadise/bakida-maskali-sexs-markete-basqin-edib/) isə oxuyuruq: “Araşdırmalarla məlum olub ki, saat 22 radələrində mağazaya girən maskalı şəxs kassadakı pulları açıq talama yolu ilə aparmağa cəhd göstərib. Lakin kassir qadın onunla əlbəyaxa olduğundan və səs-küy saldığından istəyinə nail ola bilməyib və oranı tərk edib”.

Yenə də heç bir zərurət olmadan kassirin  məhz qadın olması vurğulanıb. Səbəbi isə çox sadədir – Azərbaycan cəmiyyətində peşəsindən asılı olmayaraq qadınların iş  həyatında olması arzuolunmaz hal sayılır. Bu stereotiplərlə yaşayan jurnalistlərin istehsal etdiyi məhsul da bu cür qeyri-peşəkar nəticələrə gətirib çıxarır. Təhlillər də onu göstərir ki,  hazırlanan xəbərlərdə insanların cins mənsubiyyətinin yersiz olaraq qabardılması yalnız stereotiplərlə bağlıdır. Yəni, Azərbaycan Konstitusiyası və qanunvericiliyi, o cümlədən,  Əmək Məcəlləsi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar qadınlar və kişilər arasında bərabərliyə şərait yaradır. Problem sadəcə mental dəyərlərdə və idarəetmədəki boşluqlardadır.

Media birlikləri balansı belə pozur 

Yeri gəlmişkən, bu stereotiplərin dağıdılmasına mediada çalışanların və idarəedicilərin arasında gender balansının təmin edilməsi ilə başlamaq olar. Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı hesablamalara görə, hazırda Azərbaycan mediasında çalışanların təqribən 45%-ə qədəri qadınlardır. Dünyanın aparıcı ölkələrində bu göstərici 30-35%, bəzən 40%-ə çatır və qənaətbxş hesab olunur. Ancaq  media sahibkarlığı və media idarəçiliyi sahəsində qadınların sayı çox azdır. JuHİ ən yaxşı halda bu rəqəmin 15% ətrafında olduğunu açıqlayıb. Buraya KİV-lərin baş reaktorları, təsisçiləri və s. daxildir. Eyni zamanda jurnalistlərin və media qurumlarının idarə edilməsi məqsədilə yaradılan təşkilatlarda da qadınların təmsilçiliyi həddən artıq aşağı səviyyədədir. Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasında (cəmi 9 nəfərdən ibarətdir) 1 nəfər də olsun qadın yoxdur. Mətbuat Şurasının 23 nəfərdən ibarət olan İdarə heyətində isə cəmi 2 qadın yer alıb. Bunlar ən aşağı göstəricilərdir. Problemin kökü həm də idarəetmədəki sadalanan mənfi nüanslara dayanır. Ancaq hər bir  çətinlikdən çıxış yolu olduğu kimi, Azərbaycan mediasında da gender balansının qorunmasına və bunun stimullaşdırılmasına nail olmaq üçün yolları vardır. Bəs  mütəxəssislər, media ekspertləri nə düşünür?

 

Şəkillər də danışır

 

BMT Əhali Fondunun Gender üzrə proqram müşaviri Bəhicə Əliyeva da mediada gender məsələlərinə həssas yanaşmanın tətbiq edilməsini çox vacib sayır.  Xüsusilə, gender əsaslı zorakılıq, selektiv abortlar və s. kimi mövzularda bu çox önəmlidir:

“Əfsuslar olsun ki, jurnalistlər daha çox bu məlumatları sensasiyalı xəbər kimi təqdim etməyi xoşlayırlar. Və biz orada araşdırmanı, rəqəmləri, bütün aidiyyatı tərəflərin fikirlərini almaq cəhdlərini görmürük. Ona görə də Biz BMT-nin Əhali Fondu olaraq  daim müxtəlif layihələr çərçivəsində mediaya məlumat çatdırmağa çalışırıq. Jurnalstlərin gender mövzusunda maariflənməsi baxımından işlər görürük. Bu sahədə gündəlik yeniliklər baş verir. Media da bundan xəbərdar olmalıdır. Xüsusilə, Azərbaycan üçün həssas olan mövzular adekvat formada işıqlandırılmalıdır. Əsas məsələ budur”.

 

B.Əliyeva yaranan situasiyadan çıxış yolu kimi ardıcıl monitorinqlərin aparılması və mənfi tendensiyaların izlənərək maariflənmənin gücləndirilməsini göstərib:

“Bu sahədə müstəqil media monitorinqlərin aparılmasını hələ ki, müşahidə etmirik. Bu monitorinqlər davamlı şəkildə aparılmaldır. Həm məzmun, həm də istifadə edilən  fotolarda gender balansının  nə dərəcədə qorunduğunu izləmək lazımdır. Məsələn, idarəçiliklə bağlı bir məqalədə yalnız kişiləri görürük. Bu artıq cəmiyyətə mənfi mesaj ötürür ki, yüksək vəzifələrdə idarəçilik qabiliyyətinə malik olan şəxslər əsasən kişilərdir. Yəni, ilk baxışda neytral görünən bir xəbər və ya məqaləyə  belə biz gender balansının qorunması yönündən baxsaq görərik ki, bu fotolar insanlara şüuraltı hansısa mesaj verir. Ona görə də media monitorinqlər davamlı şəkildə aparılmalıdır ki, biz tendensiyaları izləyə, inkişafın və ya geriləmənin baş verdiyini görə bilək”.

 

Medianı nümunəyə çevirməyin yolu

Gender məsələsi üzrə media eksperti Müşfiq Ələsgərli də xəbərlərdə insanların cins mənsubiyyətinin qabardılmasına lüzum görmür: “Cinayət törətmək, avtoqəzaya düşmək, xuliqanlıq etmək və s. bu kimi hallar ümumi hadisələrdir. Burada həmin hadisələrin iştirakçılarının cins mənsubiyyətini vurğulamağın yeri yoxdur”.

Mediada geniş yayılan bu problemlərin aradan qaldırılmasına gəlincə, ekspert məsələyə yeni yanaşmaların ortaya qoyulmasına ehtiyac olduğunu bildirib: “Mediada gender balansının təmin edilməsi ilə bağlı beynəlxalq təşkilatlar – BMT, Davos Forumu, Avropa Şurası, Avropa Birliyi ciddi proqramlar həyata keçirirlər. Burada maraqlı bir nüans var. Avropa Şurası 2018-25-ci illəri əhatə edən gender balansının təmin edilməsinə yardım etmək məqsədilə strategiya qəbul edib. Həmin sənəddə bu işi görəcək komponentlər müəyyən edilib. Məsələn, hökumətlər, parlamentlər və s. Həmin komponentlərdən biri də məhz kütləvi informasiya vasitələridir. Yəni, media gender bərabərliyi strategiyasının uğurla başa çatdırması üçün rol alan əsas komponentlərdən biri kimi göstərilib. Çünki media cəmiyyətin öndə gedən təbəqələrindən biridir. Onlar hər gün cəmiyyətlə ünsiyyətdədirlər, cəmiyyət mediaya baxıb nümunə götürür. Ona görə də mütəxəssislər hesab edirlər ki, bu sektorda balansın təmin edilməsi, sonradan cəmiyyətə bir nümunə olaraq göstərilməsi yaxşı olar”.

Balansın qurulmasında yeni prinsiplər

Avropa Şurası və digər beynəlxalq təşkilatlar hesab edirlər ki, gender balansının qurulmasında medianın rolunun  təmin edilməsi üçün 2 istiqamətdə ciddi fəaliyyət aparılmalıdır:

  1. Medianın özündə çalışanlar səviyyəsində gender balansının təmin olunması,

  2. Medianın  funksional baxımdan gender balansının təmin olunmasına təsirini artırmaq.

M.Ələsgərlinin fikrincə,  media hazırladığı və yaydığı materiallarda elə davranmalıdır ki, həmin məhsul cəmiyyətdə gender stereotiplərini təşviq etməsin, əksinə onun əleyhinə olsun. Digər tərəfdən, jurnalistlər  gender stereotiplərinin mənfi təzahürü barədə xəbərlər yaymaqla cəmiyyətin bu stereotipləri yaşadığı müddətdə necə ziyan çəkdiyini göstərməlidir.

Bəs bunu  təmin etmək üçün nə etmək lazımdır? M.Ələsgərli bildirib ki, hazırda Jurnalsitlərin Etik Davranış Kodeksi üzərində yenilənmə gedir. Yeni layihəyə xüsusi bir prinsip əlavə olunması təklif edilib. Bu da gender balanslı  yazıları hazırlamağın qaydalarını ehtiva edir.

“Həmin prinsipə görə, jurnalist xəbər hazırlayarkən, yayarkən  xəbərin məzmunu birbaşa tələb etmirsə, orada şəxsin cinsi mənsubiyyətinə toxunmamalı, onu qabartmamalıdır. Yəni, insan qəza törədibsə, burada onun səbəbləri göstərilməlidir. Bunu törədənin qadın və ya kişi olmasını vurğulamağa ehtiyac yoxdur. Baş verən hadisə və ya cinayət əməli birbaşa cinsi mənsubiyyətlə bağlıdırsa, orada bu barədə məlumat vermək olar. Amma xəbərin məzmunu bunu tələb etmirsə, verilməməlidir. Biz hesab edirik ki, bu təkliflər reallaşarsa, jurnalistlərin etik kodeksinə yeni prinsip əlavə olunacaq. Həmin prinsip mediada gender məsələləri barədə jurnalsitlərə istiqamət verəcək”.

Qanun Konstitusiyaya ziddir

Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu da həmin yeniliyin mediada cinsi ayrıseçkiliyi qabarıq göstərən yazıların sıradan çıxmasına şərait yaradacağını vurğulayıb: “Bir sıra xəbərlərdə hadisə iştirakçılarının qadın olduğu önə çəkilərək ciddi şəkildə bir ayrıseçkiliyə yol verilir. Bunun bir səbəbi stereotiplər və mental davranışlardır. Amma media belə məqamlarda peşəkar davranmalıdır. Hər hansı bir ayrışeçkiliyə, o cümlədən cinsiyyətçi ayrışeçkiliyə yol verməməlidir. Mən bir necə dəfə medianı 1 ay ərzində sistemli monitorinq etmişəm. Bəzən ay ərzində 20-30 bu tipli pozuntular üzə çıxıb. Bunlar bilavasitə gender məsələlərinə yanaşmanı bilməməklə bağlıdır”.

Hüquqşünas hesab edir ki, mediada gender balansının pozulmasına qanunvericilikdəki müəyyən uyğunsuzluqlar da rəvac verir: “Bununla bağlı hüquqi infrastrukturda da məsuliyyət və məhdudlaşdırma normaları aydın olmadığı üçün jurnalistlər hüquqda çəkindiriciliyi də bilmirlər. Bu da onların belə mövzularda daha rahat davranmasına imkan yaradır. Ancaq Konstitusiyanın 25-ci maddəsində cinsi zəmində ayrıseçkiliyin yolverilməz olduğu qeyd edilib.  “KİV haqqında” qanunun 10-cu maddəsində göstərilir ki, insanların hər hansı bir formada siyasi, dini ayrıseçkiliyə məruz qala bilməz. Amma bu maddədə cinsi ayrıseçkilik məsələsi qeyd edilməyib. Halbuki, 2001-ci ilə qədər qanunda bu məqam var idi.  İndi belə  məhdudiyyət yoxdur. Bu da jurnalistləri məsuliyyətdən uzaqlaşdırır. Ona görə “KİV haqqında”, “Teleradio Yayımı haqqında” və “Reklam haqqında” qanunlarda cinsi ayrışeçkiliyin yolverilməz olduğu qeyd edilməli və onlar Konstitusiyaya uyğunlaşdırılmalıdır. Yalnız bundan sonra mediada gedən qeyri-etik yazılar həm də məhkəmələrdə mübahisələndirilə bilər”.

Pul, pul, pul!

Ə.Əhmədoğlu  bu ilin sonuna qədər qanunvericilikdə dəyişiklik məsələsinin gündəmə gələcəyinə inanır. “Mən bu məsələni Mətbuat Şurasının rəhbərliyi ilə görüşdə səsləndirdim və müsbət reaksiya verildi.  Bu istiqamətdə işlər davam etdiriləcək”.

Mediada gender balansının stimullaşdırılmasında etik və hüquqi yanaşmalarla yanaşı iqtisadi amillər də vacibdir. Hər bir yeniliyin həyata keçirilməsi maliyyə dayanıqlığı tələb edir.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Elgün Səfərov da hesab edir ki, bu sahədə dönüş yaratmaq üçün  bütün qurumların, o cümlədən media şirkətlərinin ayrıca gender büdcəsi olmalıdır. Əks halda təcrübə mübadiləsi və ya qanunların sərtləşdirilməsi, etik yanaşmalarla ciddi dəyişikliyə nail olmaq çətinləşəcək.

P.S. Yəqin bu yazıda da gender balansını tapa bilmədiz. Rəyi bildirən ekspertlərin əksəriyyəti kişilərdir. Belə anlaşılmasın ki, iş mühiti ancaq onlar üçündür. Sadəcə, bu sahələrdə çalışan peşəkar qadın ekspertlər çox azdır və ya mediaya çox az çıxırlar. Demək ki, medianın həm də peşəkar qadın ekspertlərə də ehtiyacı var.

 

Fərqanə Allahverdiqızı

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
Həyat tərzi
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin hesabat-seçki konfransı 19:18, 25 aprel 2024
“Yaşıl dünya boyalarda” – Masallıda tədbir 17:53, 25 aprel 2024
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə